Azərbaycanda elektroşokdan kimlər istifadə edə biləcək? – AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda elektroşokdan kimlər istifadə edə biləcək? – AÇIQLAMA

Xəbər verildiyi kimi, Azərbaycanda polis əməkdaşlarının elektroşok cihazından istifadəsi yalnız daxili işlər nazirinin əmri ilə mümkün olacaq.

Artıq bununla bağlı “Polis haqqında” qanuna bir sıra əlavə və dəyişikliklər edilməsi təklif olunur.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və ilk iclasda müzakirəyə çıxarılacaq.

Sözügedən məsələyə münasibət bildirən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov Publika.az-a açıqlamasında sözügedən dəyişiklikdən danışıb.

Deputat R.Cəbrayılov deyib ki, sözügedən dəyişikliyin edilməsi əslində cəmiyyət tərəfindən çox müsbət və pozitiv qəbul edilməlidir:

“2008-ci ildə azadlıqdan məhrum etmə cəzası çəkilən yerlərdə içəri buraxılması qadağan olunan əşyaların siyahısını tərtib edəndə, müxalifət başladı ki, içəri mobil telefon da buraxılsın və sairə. Mən isə onlara dedim ki, dünyada elə bir ölkə göstərin ki, orada mövcud olan həbs yerlərində məhkumun mobil telefon gəzdirməsi icazəli olsun.

İndi də dünyada elə bir həbsxana göstərin ki, oranı mühafizə edən hüquq-mühafizə orqanları əməkdaşları elektroşok cihazından istifadə etmir. Dünyanın bütün dövlətlərində mövcuddur. Bilirsiniz, qanuna edilən bu əlavəni bəzi insanlar bunu doğru anlamır. Yəni, indiyədək onsuz da elektroşok cihazı xüsusi xidmət orqanları əməkdaşlarında var idi. Sadəcə burada əlavə və dəyişiklik ondan ibarətdir ki, polis əməkdaşları arasında bu elektroşok cihazını kimlər gəzdirəcəksə, həmin adamların siyahısı daxili işlər nazirinin əmri ilə müəyyən olunacaq.

Misal üçün, indiyədək belə idi ki, polis komandiri elektroşok cihazını istifadə etmək və ya gəzdirmək üçün istədiyi polis nəfərinə verirdi. Ancaq bundan sonra bu belə olmayacaq. Yəni, bunda sonra elektroşok cihazı gəzdirəcək şəxslərin siyahısını və dairəsini daxili işlər naziri müəyyən edəcək. Əksinə, buna sevinmək lazımdır ki, artıq elektroşok cihazını istənilən çavuş deyil, əvvəlcədən müəyyən olunacaq təcrübəli polis nəfərləri istifadə edəcəklər. Bu, çox müsbət dəyişiklikdir. Nəzərə alaq ki, elektroşok cihazı hər hansı polis dəyənəyi deyil. Burada insan bədəninə yüngül də olsa elektrik cərəyanının buraxılmasından gedir. Ona görə də bu cihazı peşəkar, normal davranış göstərən və düşünən polis əməkdaşları üzərində gəzdirməlidir. Təsəvvür edin ki, bundan sonra həmin elektroşok cihazını gəzdirəcək şəxslər nazir səviyyəsində müəyyən olunacaq. Yəni, rota komandiri kimə gəldi deyə bilməyəcək ki, ala bu elektroşok cihazını sən götür. Bu gün bu cür qərarlar dünyanın bir çox aparıcı dövlətlərində, o cümədən ABŞ, Fransa, Almaniya və sairə ölkələrdə var”.

Deputat əlavə edib ki, sözügedən layihə Mili Məclisə Azərbaycan Prezidentindən daxil olub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm