Vaksinasiya bizi "delta" ştamından qoruyacaq?
Bizi izləyin

Sağlamlıq

Vaksinasiya bizi "delta" ştamından qoruyacaq?

Allerqoloq-pulmonoloq Ramin Nərimanın sözlərinə görə, koronavirusun "delta" ştamı ölkəmizdə ciddi qapanmalara və ağırlaşmalara gətirib çıxarmayacaq. Buna səbəb kimi, Azərbaycanda vaksinasiya işlərinin bir çox ölkələrlə müqayisədə yüksək səviyyədə olmasını göstərib.

Həkimin Publika.az-a müsahibəsini təqdim edirik:

- "Delta" ştamı ölkədə epidemioloji vəziyyəti nəzarətdən çıxaracaq?

- "Delta" ştamı dünya ölkərində olduğu kimi, Azərbaycana da təsirsiz ötüşməyə bilər. Lakin dünya ölkələri ilə müqayisədə Azərbaycanda peyvəndləmə yüksək səviyyədədir. Bu səbəbdən də hesab edirəm ki, "delta" ştamı ölkəmizdə sürətlə yayılmayacaq. Vaksinasiya sayəsində vəziyyəti nəzarət altına almaq mümkün olacaq. Xəstə sayında ciddi artım müşahidə olunmayacaq, xəstəlik nəzarətdən çıxmayacaq.

- Bəzi ekspertlər qapanmaların olacağını proqnozlaşdırır.

- Düşünmürəm ki, təkrar qapanmalara gedilsin, ümumiyyətlə karantin tədbirlərinin yenidən tətbiqini doğru addım hesab etmirəm. Şahidi olduq ki, qapanmalar yetəri qədər effekt vermir. Məsələn, Vətən müharibəsi dövründə çox ciddi karantin rejimi, eyni zamanda komendant saatı tətbiq olundu. Bu qadağaların həyata keçirilməsinə çox ciddi polis nəzarəti olundu. Bununla belə, xəstəliyin yayılmasında hər hansı fərq müşahidə olunmadı, əksinə, xəstəlik öz axarı ilə sürətlə yayıldı və ağır nəticələrə səbəb oldu. Dünya miqyasında da görürük ki, artıq qapanmalardan istifadə etmirlər. Daha çox sanitar-gigiyena və fərdi qoruyucu vasitələrdən istifadə etməklə vəziyyəti nəzarətdə saxlamağa çalışırlar.

- Koronavirus əleyhinə qazanılmış immunitet "delta" ştamına qarşı nə qədər effektiv ola biləcək?

- İstər xəstələnmə hesabına, istərsə də koronavirus əleyhinə vaksinasiyadan sonra qazanılmış immunitetin xəstəliyin yayılma sürətinin idarə olunmasında və zəiflədilməsində böyük rolu var. Biz bunu əhalisinin böyük əksəriyyəti vaksinasiya olunan ölkələrdəki vəziyyətə baxanda da görürük. Xəstələnmələrin sayı əvvəlki dalğalarda olduğu kimi kritik səviyyəyə gəlib çatmır, idarəolunan formada olur.

Koronavirusa yoluxub sağalan insanları hər hansı fərdi təhlükə gözləmir. Əksinə, sağaldıqları və vaksinasiya olunduqları üçün virus əleyhinə müəyyən dərəcədə immunitetləri var. Odur ki, həmin şəxslər daha çox sığorta olunublar. Onlar daha az xəstələnirlər və xəstələndikləri halda belə, xəstəliyi yüngül keçirirlər və ölüm halları az müşahidə olunur.

- Yeni ştamın uşaqlar və yeniyetmələr arasında sürətlə yayıldığı haqqında nə demək olar?

- Koronavirusun yeni ştamı aşkarlananda deyirlər ki, bu, yeniyetmə və uşaqlarda daha ciddi fəsadlar yaradır və s. Amma bu günə qədər hər hansı bir ölkədə koronavirusun ştamlarının uşaqlarda və yeniyetmələrdə fəsad yaratdığı haqqında məlumat yoxdur. Belə bir hal müşahidə olunmayıb. Odur ki, "delta" ştamı digər ştamlar kimi uşaqlara və yeniyetmələrə ciddi problem yaratmayacaq.

- Vəziyyətin stabilləşməsi bizə hər dəfə pandemiyanın bitdiyinə dair ümidlər verir. Amma ortaya çıxan yeni ştamlar yenidən gərginliyə səbəb olur. Doktor, bu proses nə vaxta kimi davam edəcək?

- İnsan hər hansı infeksion xəstəliyə yenidən yoluxursa, bu o deməkdir ki, həmin xəstəliyə dəfələrlə yoluxa bilər. Bu da onu deməyə əsas verir ki, koronavirus infeksiyası dalğavari şəkildə təkrarlana bilər.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm