Postkoronavirus sindromunun yaratdığı təhlükə
Bizi izləyin

Sağlamlıq

Postkoronavirus sindromunun yaratdığı təhlükə

Lester Universitetinin alimləri apardıqları tədqiqat nəticəsində bu qənaətə gəlib ki, qadınların koronavirusdan tam sağalma ehtimalı 33% aşağıdır. Bu rəqəm obez insanlarda 2 dəfə, süni nəfəs aparatına ehtiyacı olanlarda isə 58% daha azdır. Mütəxəssislər klinikalarda COVID-19-dan müalicə olunan 2320 nəfərin məlumatlarını təhlil ediblər. Onların vəziyyəti xəstəxanadan buraxıldıqdan dərhal sonra, 5 ay və 1 ildən sonra qiymətləndirilib. Tədqiqat nəticəsində məlum olub ki, 6 aydan az müddətdə xəstələnənlərin yalnız dörddə biri özünü infeksiyadan əvvəlki kimi hiss etməyə başlayır. İngilis həkimləri qeyd edib ki, effektiv müalicə olmadan uzanan COVID-19 çox yayılmış yeni uzunmüddətli vəziyyətə çevrilə bilər.

Koronavirusa yoluxduqdan sonra meydana gələn post-koronavirus sindromunun nadir təzahürlərindən danışan rusiyalı allerqoloq-immunoloq Vladimir Bolibok isə bildirib ki, limfa sisteminin zədələnməsi və onun iltihabı nəticəsində ciddi problemlər ortaya çıxa bilər.

Delta gərginliyilə xəstələr bağırsağın mezenteriyasının limfa düyünlərinin iltihabı ilə əlaqədar qarın nahiyələrində şiddətli ağrılardan şikayətlənirdi, “omikron”da isə limfa düyünlərinin iltihabı səbəbindən boyun və boğazda şiddətli ağrılar yaşayırlar”, - immunoloq qeyd edib.

Alimlərin gəldiyi yekun nəticələrdən biri də odur ki, postkoronavirus sindromu bütün insanlar üçün ümumi bir hal deyil. O, müxtəlif sindromların çox sadə bir prinsiplə birləşdirilmiş kompleksidir. Bu prinsipsə ondan ibarətdir ki, bu əlamətlər həmin insanlarda əvvəldən olmayıb, COVID-dən sonra meydana gəlib. Yorğunluq, baş ağrısı, əzələ ağrıları, unutqanlıq, depressiya, uzunmüddətli öskürək, tənəffüs çətinlikləri, ürək döyüntülərinin tezləşməsi, ishal, qarın ağrısı, səpki, qızdırma.

Bəs postkoronavirus sindromunu necə müalicə etməli?

Publika.az mövzu ilə bağlı mütəxəssislərin fikirlərini öyrənib.

Professor Adil Qeybulla bildirib ki, pandemiyanın səhhətimizdə qoyduğu izlər və sonrakı nəticələri barədə araşdırmalar davam edir:

“Pandemiya hələ bitməyib, karantin qaydaları sadəcə olaraq epidemioloji şəraitə görə yumşaldılıb. Yoluxma sayı artarsa, karantin istənilən halda sərtləşdirilə bilər. Omikronmutasiya edən ən sonuncu ştam deyil, mutasiya hələ davam edir. Əlbəttə, gözlənilən proqnozlar odur ki, pandemiya belə də sona çatacaq. Buna baxmayaraq, hər cür sürprizlə qarşılaşa biləcəyimiz istisna olunmur. Odur ki, tam arxayın olmağa dəyməz.

src="/storage/files/upload/65e85fb19cfd6ae8985bc777254ded96d790862b.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

Ölkəmizdə antibiotiklərdən yeri gəldi-gəlmədi həddən artıq istifadə olunduğunu nəzərə alsaq, xəstəlik dövründə qəbul edilən dərmanların, antiviral və antibiotiklərin yan təsirlərindən də xüsusi söhbət gedə bilər. Bunlar araşdırılacaq. Postkoronavirus və Long-COVID anlayışları var. Postkoronavirusda ağırlaşmaların və immun sisteminin zəifləməsi fonunda ortaya çıxan simptom kompleksi nəzərdə tutulur. Long-COVID isə zəif şəkildə prosesin əlamətlərinin davam etməsidir. Postkoronavirus dövründə də bu məsələlər üzərində tədqiqatlar aparılacaq, hər halda bu faktlar var. Yəqin ki, bir çox məsələlər aydınlaşacaq, xüsusilə də orqanizmdə virusun buraxdığı izlər üzə çıxacaq. Çünki onkoloji, autoimmun xəstəliklərin COVID-19-dan sonra əmələ gəlməsi xeyli narahatlıq doğurur. Odur ki, bu məsələlər araşdırma mövzularında prioritetdir. Ümumiyyətlə, görünən odur ki, xəstələrin çoxunda öskürək, zəiflik əlamətləri omikrondan, hətta delta ştamından sonra da qalmaqdadır. Bunlar iltihabın davam etməsi, orqanizmdə müqavimətin, immun sisteminin zəifləməsi ilə bağlıdır. Biz bilirik ki, limfa sisteminin xroniki xəstəlikləri gələcəkdə limfa sisteminin onkoloji xəstəliklərinə də yol aça bilər.

Koronavirusun 4 forması daim mövsümi soyuqdəymə xəstəliyi törədir. İnsanlarda 7 xəstəlik törədir ki, bunlardan dördünə hər il rast gəlinir. SARS1, MERS və COVID-19 pandemiyasını törədən SARS-COV-2 isə bir az ağır formalardır. SARS-COV-2 virusu ya yoxa çıxacaq, ya da 4 formadan biri kimi hər il mövsümi soyuqdəymə xəstəliklərinin yaranmasında iştirak edə bilər. Hələlik proqnoz vermək çox çətindir”.

İnfeksionist Mərdan Əliyev qeyd edib ki, bir çox xəstəlikdən sonra müəyyən simptomlar az və ya çox dərəcədə qala bilir:

src="/storage/files/upload/415fa718ea948a3d22c9a87cefa3af1e05b4a47f.jpg" style="width: 300px;" class="fr-fic fr-dib">

“Koronavirus isə orqanizm üçün yeni bir infeksiya idi. Odur ki, xəstəliyə yoluxduqdan sonra bədən ona tamam fərqli reaksiya göstərir və ağır keçir. COVID-19-u yüngül keçirənlərdə ciddi fəsadlar qalmır, bəzən miyozit kimi əzələ və sinir ağrıları uzun müddət qala bilər. Amma ağır keçirənlərdə bəzi postkoronavirus simptomları həqiqətən də uzun müddət qalır. Halsızlıq, əzələ ağrıları müşayiət olunur, eyni zamanda ağciyərdə pnevmoniya yaranıbsa, onun fəsadları olur. Bu xəstələrdə uzun müddət tənginəfəslik və boğulma halları olur. Amma bunların bir müddət sonra orqanizmdə bərpa olunması mümkündür. Sinir sisteminin zədələnməsindən sonra uzun müddət iybilmənin itməsi müşahidə olunur. Şəxsi təcrübəmdən deyə bilərəm ki, 2 ildən artıqdır iybilmə duyğusu tam bərpa olunmayan xəstələrimiz var.

Qripi də ağır keçiririksə, ondan sonra öskürək uzun müddət qala bilir. Qrip də nadir hallarda ağciyərdə pnevmoniya verə bilir və müəyyən fəsadları qala bilir. O cümlədən bu, koronavirusa da aiddir. Təbii ki, koronavirusda digərlərindən dediyim səbəblərə görə daha artıq post xəstəlik simptomları müşahidə edilir.

Xəstəlik dövründə biz antibiotikdən əksər hallarda səbəbsiz yerə istifadə olunduğunu müşahidə edirik. Ümumiyyətlə, həm xəstələrdə, həm də həkimlərdə antibiotiklərin yersiz istifadəsinə, yazılmasına meyillilik var. Bu, təəssüfverici haldır. Sovet dövrünün psixologiyasıdır, ya nədir bilmirəm... Antibiotiklərin istifadəsi müəyyən fəsadlar yarada bilər, bakterial disbalansı poza, müəyyən göbələk infeksiyalarının yaranmasına səbəb ola bilir, həm də qaraciyərə və böyrəklərə də təsiri olur. Bu təsirlər isə koronavirusdan sonra çox uzun müddət qalır, orqanizmin immun sistemi pozulur. Digər tərəfdən, vitaminlərdən çox istifadə olunanda da hipervitaminoz deyilən vitamin çoxluğu yarana bilir. Xoşbəxtlikdən bunların orqanizmə antibiotiklər qədər ciddi mənfi təsiri olmur”.

Qadınların koronavirusdan tam sağalma ehtimalının 33% aşağı olması barədə yayılan xəbərlərə isə Mərdan Əliyev belə şərh verib:

“İnandırıcı deyil, belə bir faktla rastlaşmamışam. Çünki biz mükəmməl immun sisteminə malikik və bu, bizi koronavirus kimi çox yeni və təhlükəli virusdan qorudu. Əlbəttə ki, immun sisteminiz normaldırsa! İmmun sistemi sağaldıqdan sonra orqanizmin tam bərpa olmasından məsuldur. Amma ola bilər ki, xəstəlik xroniki formaya keçsin, bax bu zaman xəstəliyin sağalmadığını deyə bilərik”.

Həkim koronavirusdan sonra limfa düyünlərinin şişməsi və iltihablanması səbəblərinə də aydınlıq gətirib:

“Limfalar immun sistemimizin bir hissəsidir. O, qoruyucu funksiya daşıyır. Bütün infeksion xəstəliklərdə onun funksiyası mikrob, virus və bakteriyaları zərərsizləşdirməkdir. Odur ki, xəstəlik vaxtı onların funksiyası və yükü daha çox artır. Funksiyasının artması da onun böyüməsi ilə əlaqədar baş verir. Ona görə böyüyür ki, daha çox funksiya yerinə yetirə bilsin. Limfa düyünlərinin böyüməsi infeksion xəstəliklərdə məhz bu səbəbdən baş verir. Əslində, limfa düyünlərinin böyüməsi təhlükəli deyil, əksinə, yaxşı haldır, immun sisteminin daha güclü işlədiyindən xəbər verir.

Bir növ qızdırma qalxması kimi. Qızdırma da ona görə qalxır ki, immun sistemini yaxşılaşdırsın, həm də infeksiyanın və mikrobların öldürülməsi sürətlənsin. Çünki mikroblar yuxarı temperaturda tez ölürlər. Limfa düyünlərinin böyüməsi daha sürətli fəaliyyət göstərdiyi üçündür. Onun müalicəsi aparılmır, səbəblərinin müalicəsi aparılır. Limfa düyünlərinin böyüməsinə səbəb olan hansı infeksiya varsa, bu infeksiya tapılır və onun əsasında müalicə aparılır. İnfeksiya aradan qalxdıqdan sonra təbii ki, immun sistemində də bərpa olunma gedir və ölçüləri yenidən normallaşa bilir.

src="/storage/files/upload/maxresdefault.jpg" alt="Limfa düyünləri niyə böyüyür? - Foto - Video" class="fr-fic fr-dii">

Limfa sisteminin ayrı bir xəstəliyi var, bunlar limfa sistemində əsasən onkoloji proseslərlə bağlı olur və limfa sistemində böyümə baş verir. İrsi faktorlarla əlaqəlidir və daha çox uşaq yaşlarda müşahidə edilir. Amma bu, artıq infeksion xəstəlik deyil. Bu proses limfa sisteminin xəstələnməsi ilə bağlıdır, funksiyanın yerinə yetirilməsi və reaktiv böyüməsi ilə bağlı deyil”.

“Omikron hansı təhlükə yaradır” sualına hələ ki, aparılan araşdırmalar konkret cavab vermir və dünyada bununla bağlı tövsiyələr mövcud deyil.

Rusiyalı immunoloq Nikolay Kryuçkovun sözlərinə görə, bir-iki ildən sonra indikindən xeyli çox şey biləndə, ola bilsin ki, postkoronavirus sindromunun ayrı-ayrı tipləri üçün spesifik bir müalicə üsulu yaranacaq. Ancaq bunun üçün vaxt lazımdır. Hələliksə həkimlər və alimlər postkoronavirus sindromunu öyrənməklə məşğuldur. Həkimlər xəstələrə öz bədənlərini və simptomlarını yaxından izləməyi tövsiyə edirlər. Postkoronavirus sindromu uzun müddət davam edərsə, simptomlardan asılı olaraq müvafiq profil həkiminə müraciət etmək lazımdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm