Ön cəbhənin ağ xalatlı qəhrəmanları: Bəla onlardan yan keçmir - Səbəb nədir?
Bizi izləyin

Səhiyyə

Ön cəbhənin ağ xalatlı qəhrəmanları: Bəla onlardan yan keçmir - Səbəb nədir?

Koronavirusla ön cəbhədə mübarizə aparan həkimlərimizdir. Ancaq son günlər onların da virusa yoluxma sayında artım var. Ağ xalatlı qəhrəmanlarımız qoruyucu vasitələrdən istifadə edərək özlərini qorumağa çalışsalar da reanimasiyalarda vəziyyəti ağır olan xəstələrlə təmasda olduqları üçün bu bəla onlardan da yan keçmir. Azərbaycan Tibb Universitetinin (ATU) reanimasiya şöbəsində çalışan 21 həkimi koronavirusa yoluxub. Bu isə onu deməyə əsasə verir ki, yoluxanların əksəriyyəti reanimasiyada çalışanlardır.

Bəs onlar özlərini necə qorumalıdırlar?

Azərbaycan Tibb Universitetinin (ATU) dosenti Ədalət Rüstəm Publika.az-a açıqlamasında bildirib ki, həkimlər xəstəxanlardan daha çox, qaldıqları otellərdə virusa yoluxurlar:

“Koronavirusla mübarizə aparan həkimlər xəstəxalarda qoruyucu geyimlərdən istifadə edirlər. Onların əksəriyyəti qaldıqları yerdə yoluxurlar. Çünki indi otellərin düzgün havalandırma sistemi yoxdur. Döşəmələr də xalça olduğu üçün düzgün şəkildə dezinfeksiya işləri aparıla bilmir. Karantin müddətində həkimlərin qaldığı yerlərdə döşəmələr kafel və ya metlax olmalıdır ki, hər gün yumaq, təmizləmək mümkün olsun. Xalçanı isə tozsoranla təmizləyirlər. Bu zaman viruslar havaya qalxır. Yeriyəndə də virus damcıları yuxarı qalxır və bu koronanın hava-damcı infeksiyası olduğu üçün yoluxdurma ehtimalı da yüksək olur”.

Ə.Rüstəm əsas yoluxma mənbəyi kimi həkimlərin bir-birləri ilə ünsiyyətdə olmasını da qeyd edib. Onun sözlərinə görə, yemək növbəsinə dayananda da virusu ötürə bilirlər. Xəstəxanlarda yoluxma ehtimalı isə azdır: “Əsas yoluxanlar reanimasiya şöbəsinin işçiləridir. Onların da işi çox gərgin olur və orada müalicə alan xəstələrin virus yükü çox olur. O xəstələrin ağız və üz hissələri, burunu və bədənlərinin müəyyən hissəsi təmizlənir. Bu zaman həkimlərin eynəyi tərləyir və görmədikləri üçün məcbur olub onu çıxarırlar və təkrar taxırlar. Oftalmoloqlar də iddia edirlər ki, belə olan halda da həkimlərin yoluxma ehtimalı var”.

Həkimin sözlərinə görə, əksər otellərdə pəncərələr yoxdur. Belə olan halda isə normal havalandırma olmur: “Xəstəxanadan bir nəfər yoluxub qaldıqları məkana gələrsə, onlarla həkimi yoluxdura bilir. Onlarda əvvəldən virus əlamətləri hiss olunmur və yoluxduqlarını bilmirlər. Sonradan temperaturları qalxır və diaqnoz qoyulur. Onda isə artıq gec olur. Yaxşı olardı ki, həkimlər üçün məktəb tipli bir yataqxana təşkil olunsun. Döşəmələr də xalça olmasın. Belə olarsa, yoluxanların da sayı azalar. Hazırda məktəblər boşdur. Bu tip məkanlardan istifadə etmək olar”.

Qeyd edək ki, koronaviruslu xəstələrin müalicəsində iştirak edən tibb işçiləri “Boulevard Hotel”də qalırlar.

Bundan əlavə, Azərbaycan Tibb Universitetinin (ATU) 57 həkimi koronavirusa yoluxub. Onlardan 33-ü Tədris Cərrahiyyə Klinikasında, 24-ü isə Tədris-Terapevtik Klinikasında çalışan həkimlərdir.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm