Səhiyyə
Tanınmış psixoloq: "Bu uşaqlarda stress, şiddətə meyillilik müşahidə olunur" - MÜSAHİBƏ
Son 2 ildir həyatımızda qlobal dəyişikliklərə səbəb olan pandemiya psixologiyamıza da təsirsiz ötüşmür. İnsanların sağlamlığının təməl sütunu olan psixoloji durumu həyatımızda baş verən bu dəyişikliklər fonunda kifayət qədər dəyişikliyə məruz qaldı. Nəticədə belə qənaətə gəlmək olar ki, hazırda insanların psixoloji vəziyyəti heç də pandemiyadan əvvəlki vəziyyətdə deyil. Bütün bu hallar və digər gündəm mövzuları ilə əlaqədar tanınmış psixoloq, “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayevaya müraciət etdik. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri kimi çoxsaylı pasiyentlərlə qarşılaşan və real mənzərəni yaxından bilən Təranə Paşayeva Publika.az-ın suallarını cavablandırdı və əhaliyə, xüsusilə həssas kəsimdən olan insanlara vacib məsləhətlər verdi.
- Yeni tədris ili başlayıb, xeyli vaxt məktəbdən uzaq düşmüş şagirdlər üçün üzbəüz təhsilə uyğunlaşmaqda hansı çətinliklər ola bilər?
- Bildiyimiz kimi 2020-ci il mart ayından etibarən şagird, tələbə və müəllimlərin sağlamlığının qorunmasını təmin etmək, kütləvi yoluxmaların qarşısını almaq məqsədilə ölkə ərazisində ənənəvi təhsil prosesinə fasilə verilib, təhsil müəssisələrinin fəaliyyəti dayandırılıb. Təhsilin davamlılığının təmin edilməsi istiqamətində operativ tədbirlər görülüb, təhsil müəssisələrində dərslər distant formada davam etdirilib. Uzun müddətdən sonra sentyabrın 22-dən etibarən orta məktəblərin ibtidai siniflərində, 29 sentyabrdan etibarən isə yuxarı siniflərdə, o cümlədən kollec və universitetlərdə ənənəvi tədris prosesi bərpa edildi.
Distant təhsil bəzi müəllim və şagirdlərdə adaptasiya problemi yaratdı, müəyyən çətinliklər səbəbindən onların təhsil prosesinə marağının azalmasına gətirib çıxardı və motivasiyalarına təsir etdi. Şagirdlərin də qapalı məkanlarda uzun müddət qalması, dostları və sinif yoldaşlarından ayrı düşmələri onların sosial-psixoloji inkişafına öz təsirini göstərdi.
Aparılan araşdırma və sorğuların nəticələri də sübut edir ki, uzun müddət ənənəvi tədrisdən kənar qalan uşaq və yeniyetmələrdə müxtəlif psixoloji çətinliklər üzə çıxıb. Onlarda adaptasiya, stress, aqressiya, özünütəcrid, diqqət yayınıqlığı, assosiallıq, özünəgüvən çatışmazlığı və digər psixoloji pozuntular müşahidə olunub. Təbii ki, uzun müddətdən sonra ənənəvi təhsilə qayıdan şagird və tələbələrdə çətinliklərin yaranamsı qaçılmaz olacaq. Burada da ən əsas öhdəliklərdən biri müəllimlərdə olacaqdır. Şagird və tələbələrin vahid məkanda toplanması və onların idarə olunması asan olmayacaq. Bu səbəbdən psixoloq kimi onlara əsas tövsiyələrim budur ki, mümkün qədər şagirdlərlə təmkinli davranmaq, yarana biləcək xoşagəlməz davranışlara qarşı sərt reaksiyaya verməmək, onların dərslərinə yenidən əvvəlki formada adaptasiya olunmaları üçün lazımi dəstək göstərmək, motivasiya vermək lazımdır. O cümlədən dərs zamanı qrup çalışmaları həyata keçirmək, ilk vaxtlarda daha az və yüngül tapşırıqlar vermək, mükafatlandırma metodlarından istifadə etməklə onların ənənəvi tədris metodlarına adaptasiyasını daha da sürətləndirmək olar.
- Bu müddətdə valideynlərin üzərinə hansı vəzifələr düşür? Valideynlər məktəbli övladları ilə münasibətdə əsasən nələrə diqqət göstərməlidir?
- Bəzi valideynlərin bu məsələyə laqeyd yanaşsa da anlamalıdırlar ki, valideynlərin də üzərinə böyük öhdəliklər düşür. Nəzərə almaq lazımdır ki, övladları yalnız günün 6-8 saatını təhsil müəssisələrində keçirirlər, qalan vaxtı daha çox ev şəraitində və ya digər məkanlarda olurlar. Bu səbəbdən övladları ilə münasibətə xüsusi diqqət ayırmalıdırlar. Unutmamalıyıq ki, bütün dünyada olduğu kimi ölkəmizdə də koronavirus pandemiyası bizə kifayət qədər itkilər və fəsadlarla üzləşdirdi. Psixoloq kimi valideynlərimizə bir sıra tövsiyələrim vardır. Övladları ilə daha çox vaxt keçirmək, onlar üçün gündəlik fəaliyyəti planı qurmaq, yuxu, qida rejimlərinə xüsusi diqqət etmək, verilən tapşırıqları birgə yerinə yetirmək və digər vasitələrlə uşaqların təhsilə adaptasiyasına yardımçı olmaq lazımdır. Beləliklə, onlarda yenidən özgüvən səviyyəsi artacaq, ənənəvi tədrisə və fəaliyyətlərinə müsbət təsirlərini göstərəcəkdir.
- Son vaxtlara pandemiya səbəbindən bir sıra mədəni-kütləvi tədbirlərin keçirildiyi yerlər uzun müddət bağlı oldu. Xüsusilə teatrlar, kinoteatrlar, əyləncə mərkəzlərinin bağlı olması gənc nəslin sosiallaşmasında durğunluq yaratdı. Bu hansı psixoloji təsirlərə gətirib çıxara bilər?
- Pandemiya həyatımızın bütün istiqamətlərinə birbaşa və ya dolayısı yolla təsir etdi. Xüsusilə əksəriyyət insanlar həftəsonlarını müxtəlif məkanlarda keçirir, dost-tanışları ilə əylənir, zamanlarını dəyərləndirirdilər. Təəssüf ki, pandemiya uzun müddət ərzində bir sıra məkanların qapanmasına gətirib çıxardı. Demək olar ki, əksər kütləvi tədbirlər ya ləğv edildi, ya da məhdud sayda şəxslərlə təşkil edildi, onlayn formalarda keçirildi. O cümlədən, mütəmadi üz tutduğumuz kafe, restoran, konsert zalları, kinoteatrlar, teatrların fəaliyyətini məhdudlaşdırdı. Doğrudur, mövcud epidemioloji vəziyyətin stabilləşməsi və vaksinasiya prosesində əldə olunan nəticələrə görə artıq əksər məkanlar müvafiq tələblərə əsasən fəaliyyətini bərpa edib. Buna baxmayaraq uzun müddət bu qadağalar insanların həyatına təsirsiz ötüşməyib. Daha çox ev şəraitində olmaq nəticəsində həmin şəxslərdə özünəqapanmalar, aqressiya, stress, asosiallıq və digər xoşagəlməz hallar müşahidə olunub, aktiv həyatdan passiv həyata keçid baş verib. Bu fəsadları zamanla aradan qaldırmaq üçün onları mümkün qədər rahatlıq verən fəaliyyətlərlə məşğul olmağa, dostları, sevdikləri insanlarla daha çox vaxt keçirməyi tövsiyə edərdim.
- Bir neçə gün əvvələdək davam edən isti hava şəraiti qəfil dəyişdi. Sanki bir gün içində fəsil dəyişdi. Payız-qış mövsümünün qəfil başlaması insanlarda hansı neqativ halları yarada bilər və buna qarşı nə etmək lazımdır?
- Gündəlik həyatımızda qarşılaşdığımız məqamlardan biri də hava dəyişkənliyi və onun nəticəsində üzləşdiyimiz narahatlıqlardır. Xüsusilə qış fəslindən yaz fəslinə və ya yay fəslindən payız fəslinə keçirilən zaman bu narahatlıqlar artır. Fəsil keçidləri, hava şəraitinin dəyişməsi nəticəsində insanlarda xəstələnmək riski artır. Təsadüfi deyil ki, ən çox mövsümi xəstəliklər məhz bu aralıqlarda baş verir. İstəməsək belə, pandemiyanın həyatımıza daxil olmasından bu risk ikiqat artıb. Bu dəyişkənliklər bəzi insanların həyatında da öz təsirini göstərir. Bu zaman həmin şəxslərdə aktivlik aşağı düşür, özünəqapanma, depressiya, xəstələnmə həyəcanı, yorğunluq, yuxu və qida rejimlərində dəyişikliklər baş verir. Belə çətinliklərlə qarşılaşmamaq üçün mümkün qədər aktiv həyatınızı davam etdirməyə çalışın, neqativ mühitdən uzaq olmağa çalışın, qida və yuxu rejiminizə diqqət edin, gün ərzində müəyyən vaxt təyin edib gəzin, təmiz hava qəbul edin.
- Son illərdə əksər uşaqların körpəlikdən etibarən mobil telefon, komputer, planşet və sair bu kimi elektron cihazlardan asılılığı artır. Bu sonradan hansı problemlər yarada bilər və valideynlər nə etməlidir?
- Bugün bir çox valideynlər müxtəlif səbəb və bəhanələr gətirərək övladlarına telefon, planşet, komputer və digər cihazlar alaraq özləri belə fərqinə varmadan gələcəkləri üçün təhlükə yaradırlar. Doğrudur, müasir dövrün tələblərinə uyğun olaraq texnoloji avadanlıqlarsız həyatımızda bir çox məsələləri həll etmək mümkün deyil. Pandemiya zamanı məktəb və universitetlərin bağlanması fonunda ənənəvi tədrisdən distant təhsilə keçid zamanı bu avadanlıqlar mühüm rol oynadı. Lakin hər şeydən normadan çox istifadə etmək fəsadlar yaratdığı kimi, texnoloji avadanlıqların da hansı problemlər ortaya çıxardığını unutmamalıyıq. Həm erkən yaşda olanlar, həmdə yeniyetmə və gənclərdə mütəmadi bu cihazlardan istifadə edilməsi nəticəsində bir sıra fiziki və psixoloji çətinliklər meydana gəlir. Onlarda həmin avadanlıqlara bağlılıq yaranır, qida, yuxu rejimləri pozulur, gündəlik həyat fəaliyyətləri tamamilə dəyişir. Bu da daha sonra onlarda həm nitq, həm də zehni inkişaflarında fəsadlar yaradır. Xüsusilə körpə yaşlarında olan uşaqlarda nitq geriliyi, ümumi inkişafda ləngimə, kəkələmə və digər psixoloji narahatlıqlar müşahidə edilir. Bu da əsassız deyil, valideynlər ağlamaması, digər işlərini görmək üçün uşaqlara həmin texnoloji avadanlıqlarda oyun, video yükləyib verirlər. Uşaqlar da vaxtlarını bu yolla keçirir, ünsiyyət, inkişaf prosesindən təcrid olunur, fikirlərini ancaq bu vasitələrə cəmləyirlər. İlk öncə bu adi, fəsadsız görünsə də, qısa müddət sonra artıq nəticələrini göstərir. Belə ki, həmin uşaqlarda aqressiya, stress, şiddətə meyilli davranışlar, təkliyə qapanma və digər psixoloji hallar müşahidə olunur. Gələcəkdə belə anlarla qarşılaşmamaq üçün valideynlər daha çox övladları ilə zaman keçirməli, birgə səmərəli fəaliyyətlə məşğul olmalı, texnoloji avadanlıqlardan gün ərzində yalnız müəyyən müddət ərzində istifadə etməsinə şərait yaratmalıdır.
- Cəmiyyətimizdə qadına şiddətlə bağlı informasiyalara tez-tez rast gəlinir. Bəzi hallarda bu hadisələr mental dəyərlərlə əlaqələndirilsə də, heç şübhəsiz ki, ağır psixoloji durumun nəticəsidir. Ailədaxili şiddət əsasən nədən qaynaqlanır və daha çox hansı məqamlara diqqət yetirməliyik?
- Son günlər sosial şəbəkələrdə, saytlarda və kütləvi informasiya vasitələrində sürətlə yayılan, cəmiyyət tərəfindən ajiotajla qarşılanan, digər tərəfdən isə həssas yanaşılmalı məsələlərdən biri ailədaxili şiddət və onun yaratdığı fəsadlardır. Ailədaxili şiddətlə bağlı xəbərlərin çoxalması əslində həyəcan siqnalıdır və bu məsələyə diqqətin artırılmasını tələb edir.
Belə xoşagəlməz hallarının artmasının səbəbləri müxtəlifdir. Sosial, iqtisadi, psixoloji və digər səbəblərdən yaranan bu anlaşılmazlıqlar daha sonra gərginliklərin artmasına, şiddət və zorakılığa və sonda dəhşətli nəticələrə gətirib çıxarır.
Ən çox qarşılaşdığımız səbəblər sırasında ailə üzvlərinin uzun müddət çalışması, istirahətə zaman ayırmaması, iş mühitində yaranan stress, tərəflərdən birinin digərinə qarşı qısqanclıq hissi, zərərli vərdişlərə aludəçilik, o cümlədən ailə üzvlərindən birinin fiziki və psixoloji pozuntularının olması və digər halları göstərə bilərik. Həmin insanlarda baş verən hadisələrdən dolayı qorxu, günah hissi, “qoruya bilmədim, bacarmadım” kimi ifadələrlə əks olunan həyəcan, stress, aqressiya, intiqam almaq duyğuları, diqqət əksikliyi, tək qalmaq arzusu, özgüvən əksikliyi kimi psixoloji narahatlıq və problemlər ortaya çıxır. Bununla yanaşı müxtəlif dərəcəli xəsarət almalar, ölüm, sağlamlıq problemləri, qidalanma və yuxusuzluq pozuntuları və digər fiziki narahatlıqların olması həmin insanların gələcək həyatlarında fəsadlarını göstərir.
Hansı formada olmasından asılı olmayaraq zorakılıq ailə dəyərlərinə, ümumiyyətlə münasibətlərə yarası çətin sağalan zərbə vurur. Belə zorakılıq halları baş verdikdə ailənin üzvləri bir-birinin düşməninə çevrilir, çox zaman ailə dağılır, cütlüklər və onların uşaqları psixoloji travma alır.
Ailə daxilində zorakılıqların azaldılması və aradan qaldırılması məsələsi uzun vaxt istəyən, birgə fəaliyyət tələb edir. Burada ailə üzvlərinin də üzərinə böyük yük düşür. Həyat yoldaşları və digər ailə üzvlərində hiss olunan narahatlıqları ört-basdır etmək yox, problemin ən qısa zamanda həll olunması üçün müvafiq sahənin mütəxəssislərinə müraciət etmək, ehtiyac yaranarsa psixoloji, tibbi və digər formalarda dəstək almaq lazımdır.
Nizam
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO