Tənha qalmaq istəyən uşaqlarla nə etməli? - Psixoloq tövsiyəsi
Bizi izləyin

Səhiyyə

Tənha qalmaq istəyən uşaqlarla nə etməli? - Psixoloq tövsiyəsi

Bəzən uşaqlar da böyüklər kimi tənha qalmaq, müəyyən vaxt ərzində yalnız qalmağa çalışırlar.

Əlbəttə ki, bu hal adətən böyüklərə xas olan bir istək olsa da, uşaqlar da hərdən tək qalmağa can atırlar. Xüsusilə, şəxsiyyətin inkişafı baxımından körpələr, uşaqlar və yeniyetmələr üçün tək qalmaq çox vacibdir.

Biz tez-tez düşünürük ki, körpələr və uşaqlar daimi nəzarətə ehtiyac duyurlar. Bəli, uşaqların nəzarətə ehtiyacı var, amma uşaqların da təkliyə ehtiyacı var. Uşaqların özbaşına vaxt keçirmə qabiliyyəti onların müstəqil xarakterindən tutmuş impuls nəzarətinə qədər bir çox cəhətdən inkişafına kömək edir.

Mövzu ilə bağlı uzman-klinik psixoloq Narınc Rüstəmova Publika.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, uşaqları tək qoymaq onları nəzarətsiz qoymaq analmına gəlməməlidir. Uşaqların müəyyən yaş dönəmində oyuna, oyuncaqlara qarşı olan tələbatları müxtəlif formada dəyişir.

“Xüsusi qeyd etmək lazımdır ki, 3 yaşa qədər olan uşaqlar tək oynamağa üstünlük verirlər. 3 yaşdan sonra isə “paralel oyun” dediyimiz kollektiv oyunlara maraq göstərirlər. Bunlar da belə dönəmdə uşağın inkişafında müəyyən rol oynayır. 3 yaşına qədər uşaqlar oyuncağı hissələrə bölərək, həmin hissələrə ayırdıqları oyuncaqları yenidən düşünüb birləşdirərək, əşyaları böyükdən-kiçiyə sıralayaraq, rənglərini öyrənərək birtərəfli oyunlar oynayırlar. Bilirik ki, bağçanın uşaqların sosiallaşmasında, yeni biliklər öyrənməsində rolu əvəzsizdir. Bu dönəmdə artıq uşaqlar öz yaşıdlarına, onlarla müxtəlif oyunlar oynamağa maraq göstərir".

Bu antisosiallığın əlaməti kimi götürülə bilər

Psixoloq qeyd edib ki, əgər biz bağçaya gedib kiçik yaş qrupundakı, yəni 3 yaşa qədər olan uşaqlara nəzər yetirsək azyaşlıların fərdi şəkildə məşğələ otağında hərəsinin bir yanda oynadığını görərik. O, bu vəziyyətə belə aydınlıq gətirib:

"Bəzən bu hala bir çox valideynlər təəccüb edir və uşağının antisosial olduğunu bildirir. Ancaq bildirdiyim kimi, bu təbii bir prosesdir və bu dönəmdə onların ətrafda həmyaşıdları ilə oynamaq tələbatı olmur. Artıq 3 yaşdan sonra uşaqlar yenə ayrıca oyunlar oynayırsa, həmçinin həmyaşıdları ilə kontakta girmirsə bu antisosiallığın əlaməti kimi götürülə bilər. Bu zaman artıq valideynlərin narahat olması və təəccüblənməsi normal haldır. Bu xüsusiyyətlər uşaqlarda özgüvənsizliyin, sosial sferada problemlər yaşadığının, çəkingənliyinin xəbərçisi sayılır".

Ünsiyyət problemi yarana bilər

Narınc Rüstəmova vurğulayıb ki, 3 yaşdan etibarən uşaqların sosiallaşmasında bağçanın olduğu kimi, valideynlərin də rolu böyükdür:

"Valideyn uşağı oyunlara, xüsusən digər uşaqlarla, yaşıdları ilə oynamağa cəlb etməlidir. Hətta lazım gəlsə bir müddət, uşaq öyrəşənə qədər özü də oyun zamanı uşaqla birgə fəaliyyətdə olmalıdır. Çünki, oyun uşaqların ən ciddi məşğuliyyətidir, belə ki, bununla uşaq yeni şeylər öyrənir, ətrafını müşahidə edir və anlamağa çalışır. Oynadıqca onlar həm zehni, həm psixi, həm də fiziki cəhətdən inkişaf edir. Ancaq valideynlər uşaqları təkbaşına oynamağa çox da meyilləndirməməlidir, belə ki, zaman keçdikcə bu proses uşaqlarda yalnızlıq hissini artırır. Nəticədə uşaqların kollektiv oyunlara marağı azalır və bu da ünsiyyət probleminin yaranmasına gətirib çıxarır. Valideynlər yaxşı olar ki, oyunu hissələrə bölsün və bu hissələr aralığında uşaqlara müəyyən mənada sərbəstlik versin, məsələn: valideyn övladına oyunun qaydalarını izah etməli və uşağın oradakı qaydaları özü müstəqil şəkildə etməsini gözləməlidir, hətta kiçik bir qum saatı qoyub həmin oyunu daha da əyləncəli hala gətirə bilər. Uşaq da həmin zaman müddətində valideynin tapşırıqlarını müstəqil şəkildə yerinə yetirməlidir".

Valideynlər bunu edərsə, uşağın psixologiyasına mənfi təsir

Belə bir oyun var. Uşaq rəngli kağızlar olan hissədə rəngləri tapır və sıralayır. Həkim deyir ki, uşaq valideyninin bu şəkildə köməyi olmadan, sərbəst şəkildə “başını işlədərək” tapır, yəni məcburiyyətdən kəşf etməyi öyrənir:

"Buna psixoloqlar bəzən “yapon üsulu” da deyirlər. Belə ki, yaponlarda belə bir qayda olur ki, onlar 2 gün çalışması üçün əvvəlcədən uşaqlara tapşırıqlar verir və müstəqil şəkildə heç kimin köməyi olmadan onların çalışması üçün şərait yaradırlar. Uşaq əgər tapşırığı vaxtında yerinə yetirmirsə ona əlavə olaraq vaxt verilir. Bu zaman uşaq düşünərək bu tapşırığı həll etməyin yollarını axtarır. Tapşırıqların öhdəsindən gəldikcə onda həm də, məsuliyyət hissi də formalaşmağa başlayır. Beləcə bu oyunlar sonrakı yaşlarda uşağın cəmiyyətdəki, sosial sferadakı roluna müsbət mənada təsir edir. Lakin valideyn davamlı şəkildə oyun zamanı uşağa müdaxilə edərsə, sərbəstlik verməzsə onu yalnızca oyunu qazanmağa kökləyərsə, oyunu özü bitirməyə çalışarsa bu doğru hal deyil. Belə vəziyyət uşağın psixologiyasına mənfi təsir etdiyi kimi, eyni zamanda onlarda tənbəllik də yaradır və davamlı valideyn dəstəyinə ehtiyac duyurlar".

Həkim sonda əlavə edib ki, uşaqlara etablı şəkildə tapşırıqlar vermək və bu tapşırıqları yerinə yetirərkən onlara sərbəstlik vermək, tək buraxmaq və müəyyən dərəcədə məsuliyyət yükləmək normal hal sayılır və bu uşaqların gələcək inkişafına fayda verir.

Aydan Beydullayeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm