461 nəfər əlilliyi olan şəxs işlə təmin edildi - RƏSMİ
Bizi izləyin

Sosial

461 nəfər əlilliyi olan şəxs işlə təmin edildi - RƏSMİ

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən il əlavə olaraq 461 nəfər əlilliyi olan şəxsi münasib işlərlə təmin edib, daha 432 nəfər əlilliyi olan şəxs isə peşə hazırlığına cəlb edilib".

Bu barədə Publika.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Bu istiqamətdə aparılan işlərin davamı olaraq, 2017-ci ildə nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 461 nəfər əlilliyi olan şəxs münasib işlərlə təmin edilib. Onlardan bir hissəsinin Nazirlər Kabinetinin "Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydası" əsasında müəssisələrdə kvota üzrə ayrılmış iş yerlərində işlə təminatı həyata keçirilib. Həmçinin ödənişli ictimai işlərə cəlb olunan vətəndaşlardan 45 nəfərini əlilliyi olan şəxslər təşkil edib:

"Özünüməşğulluq proqramının icrası çərçivəsində ötən il 1172 nəfər işsiz və işaxtaran şəxsə aktivlər (mal və materiallar) verilməklə onların kiçik ailə təsərrüfatları yaradılıb ki, onlardan 60 nəfəri əlilliyi olan şəxslərdir. Qeyd olunan insanların məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılmasında onların peşə reabilitasiyası xüsusi əhəmiyyətə malikdir. Bu məqsədlə son 1 il ərzində nazirliyin xətti ilə 432 nəfər əlilliyi olan şəxs peşə hazırlığına cəlb olunub və daha 82 nəfəri üçün Xidmət tərəfindən əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib"

Məlumatda qeyd olunur ki, 350 nəfər nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığına cəlb edilib. Ölkəmizin müxtəlif bölgələrindən mərkəzə peşə hazırlığına qəbul olunmuş gənclər burada peşə təlimində olduqları müddətdə dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunublar. Həmçinin Mərkəz tərəfindən onlar cəmiyyətə fəal şəkildə inteqrasiya olunmalarına yönələn müxtəlif reabilitasiya tədbirlərinə cəlb ediliblər. Burada kursları başa çatdıranlara peşə sertifikatları verilib, yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün müvafiq işlər görülüb.

Xatırladaq ki, 2017-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 47,9 min nəfər işsiz və işaxtaran vətəndaş münasib işlərlə təmin edilib, Dövlət Məşğulluq Xidməti (3560 nəfər) və Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzi (350) tərəfindən 3910 nəfər şəxs üçün peşə hazırlığı kursları təşkil olunub.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm