Sosial
Homoseksualizmin "müalicə üsulu" - “Gey”lərdə ata, ”lezbiyan”larda ana diqqətsizliyi varsa...
Bir neçə gün öncə iki gözəllik kraliçasının evlənməsi xəbəri trend oldu. Eynicinsli evliliklərin leqal olduğu ölkələrdə belə xəbərlər qulaq üçün adi səslənsə də, homofobların üstünlük təşkil etdiyi ölkələrdə birmənalı qarşılanmır. Ümumiyyətlə, fobiya sözünün mənası qorxu deməkdir. İnsan niyə qorxmalıdır ki? Səbəbi budur: homofoblar, homoseksuallıq ideologiyalarının ailə strukturunu zədələdiyini düşünürlər. Son zamanlar netflix filmlərində demək olar ki, hər 5 baş roldan biri homodur. Homofoblar bunu çox ciddi bir problem olaraq qiymətləndirirlər. Ona görə də , haqqında danışdığımız mövzu aktual olması ilə yanaşı, həm də müzakirəyə açıqdır, yəni bununla bağlı birmənalı fikir yoxdur.
Homoseksuallıq nədir?
Homoseksuallıq - eyni cinsdən olan insanların bir-birlərinə qarşı bəslədikləri emosional, romantik və seksual cəzbetmə, ya da seksual davranışının davamlı nümunəsidir.
Mediada özünü gey, lezbiyan, biseksual kimi tanıdan əhalinin faizi şişirdilir. Onların sayının 10% olduğu bildirilir. Əslində, sadəcə 2-3 və ya ən çoxu 4%-dir. CDC (ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri) və LGBT təşkilatları da daxil olmaqla, bir çox mənbələr bu təxminləri təsdiqləyir. Hətta CDC-in 2014-cü il hesabatı ən etibarlı statistika hesab oluna bilər. 2013-də NHIS (National Health Interview Survey) 57 illik tarixində ilk dəfə olaraq hesabatına cinsi oriyentasiya şkalası əlavə etdi: ABŞ-da 18 yaşdan yuxarı insanların 97,7% heteroseksual, 1,6% gey və ya lezbiyan, 0,7% biseksualdır.
“Heç bir gey və lesbiyan geni yoxdur”
Alimlər uzun müddətdir ki, insanın geninin cinsi oriyentasiyasına qismən təsir etdiyini düşünürlər. Təxminən yarım milyon genomu araşdıran tədqiqatçılar, cinsi davranışla əlaqəli beş DNT markerini müəyyən ediblər. Amma onların heç biri fərdin cinsiyyətini proqnozlaşdırmaq gücünə malik deyil. Belə görünür ki, homoseksuallıq üçün xüsusi bir gen yoxdur. “Science” jurnalında dərc edilən və təxminən 500.000 insan genomlarına əsaslanan araşdırma da əvvəlki kiçik tədqiqatların nəticələrini dəstəkləyir və bir çox elm adamının şübhələrini təsdiqləyir: Cinsi üstünlüklərin genetik komponenti olsa da, heç bir genin cinsi davranışa böyük təsiri yoxdur.
Həkim-genetik Jalə Əliyeva “Publika.az”-a açıqlamasında bildirir: “Burda birbaşa kənar faktorlar, yaşadığı mühit, böyümə tərzi və hormonal pozğunluqlar rol oynayır. Yəni genlərdən daha çox, amillər rol oynayır. Buna sübut olaraq iki eyni yumurta əkizləri üzərində ayrı mühit şəraitində araşdırma aparılıb. DNT-si yüzdə-yüz eyni olan bu əkizlərdən biri homoseksual, digəri isə heteroseksual genotipə malik olub. Göründüyü kimi, gen təsir etsəydi, mutasiya hər ikisinə şamil olunardı”.
Həkim, həmçinin vurğulayıb ki, xüsusi bir gen olmadığı üçün homoseksuallıq genetik olaraq ötürülə bilməz..
“Müalicə”si - qarşı cinsə olan qorxunu məhv et...
Homoseksuallığın təbiətini başa düşmək üçün əsas iki kateqoriyada elmi izah irəli sürülüb: bioloji və psixoloji. XIX əsrdə homoseksuallığın bioloji əsasının olub-olmaması sualı onun “xəstəlik, yoxsa günah” olması və buna görə də ona tolerant davranılıb-davranılmaması ilə bağlı idi. Bu səbəbdən də homoseksuallıq əvvəlcə dəlilik, sonra isə “anadangəlmə anomaliya” hesab edilirdi. XX əsrin əvvəllərində Hirşfeld cinsi yönümlülüyü dəyişməyin mümkün olub-olmadığını və potensial olaraq “müalicə” edilib-edilə bilməyəcəyi məsələsini mübahisələndirən “hormonal dəyişən cins” anlayışını irəli sürdü. Cinsi yönümlülüyün dəyişkənliyi ilə bağlı Hirşfeldin aşkarladığı dəlillər, məsələni əxlaqi məsuliyyət mövzusuna çevirərək, onu yenidən günahlar siyahısına əlavə etdi və homoseksuallara qarşı müalicənin məcbur tətbiq edilməsi üçün əsaslar yaratdı. Homoseksualizm Ümumdünya Səhiyyə Təşkilatının diaqnozları arasında xəstəlik siyahısından çıxarılıb. 1992-ci ildən etibarən homoseksualizm xəstəlik yox, həyat tərzi hesab edilir.
1900-cü illərdə Alter Alfred (Ziqmund Freydin davamçısı hesab olunur) öz homo pasientlərini müalicə edəndə, sadəcə bir şey üzərində fokuslanırmış: qarşı cinsə qarşı olan qorxunu məhv etmək.
Psixoloq Samirə Bağırova deyir ki, homoseksualizm uşaq vaxtı düzgün tərbiyə olunmamağın, ata-ananın öz obrazlarını normal təqdim etməməsinin nəticəsidir:
“Homoseksuallıq xəstəlik deyil, amma xəstə düşüncələr, təbii ki, beyni xəstə edər, sonra davranışa, həyat tərzinə təsirini göstərər ki, burada əsas rol ailədən gəlir.
Dünyaya gələn uşaq özünün kişi, yaxud qadın cinsinə aid olduğunu dərk etmir. Onunla davranış, ailənin danışıq tərzi, uşağa geyim seçmək, ailənin çevrə tərzi, uşağın yanında danışılan, yanında izlənilən xəbər, yaxud mövzular, tətbiq olunan tərbiyə növü onun kimliyinin formalaşmasına səbəb olan amillərdir. Təcrübələrim əsasında görürəm ki, tərbiyənin kökündə “gey”lərdə ata diqqətsizliyi, ”lezbiyan”larda ana diqqətsizliyi və sevgisizliyi var.
Bir oğlan uşağının həyatında atanın rolu, uşaqla söhbəti, əl-ələ tutub gəzməsi başına tumar çəkməsi, dəstəkedici sözlər deməsi çox vacibdir. Eləcə də anaların qızlarına münasibətində bu diqqət tələb olunur. Çünki eynicinsli münasibət yaşayan şəxslərin bir qismi həmcinsinə cinsi əlaqədən çox, emosional bağlılıq duyur. Biz hamımız xərçəng virusunun daşıyıcısıyıq, amma hamımız xərçəngə tutulmuruq.
Homoseksualizm də eynilə buna bənzəyir. Uşaq oğlan doğulub, amma tərbiyəsi ilə bacılar məşğul olursa, yaxud anaya hədsiz bağlıdırsa, qadın, qeybətlərini oğlu ilə edirsə, rəfiqələr ilə söhbət edərkən oğlu da qadına aid müxtəlif mövzuları dinləyirsə və atanın rolu da az olduğu üçün meyillənmə baş verir. Valideynlər cəmiyyəti, zəmanəni, təhsili, çevrəni günahlandırırlar. Düzgün tərbiyədə təsirə düşmək olmur”.
Göründüyü kimi, insan dünyaya homoseksual olaraq gəlmir. Simon de Bivonun sözünə qüvvət “Qadın doğulmursan, qadın olursan”.
Ayşən Rəhim
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA
-
Dünya12:18
Əsəd tərəfdarları qiyam qaldırdı: Əməliyyat başladı - Komendant saatı tətbiq edildi
-
Sosial11:57
Pilotların səs yazısı yayıldı - “Təyyarəyə güclü zərbə dəydi”