XVI Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırıldı - FOTO
Bizi izləyin

Sosial

XVI Beynəlxalq Film Festivalının qalibləri mükafatlandırıldı - FOTO

Dekabrın 9-da Nizami Kino Mərkəzində XVI Bakı Beynəlxalq Film Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib.

Publika.az xəbər verir ki, bağlanış mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbirdə tanınmış rejissor, aktrisa Niki Kərimi dünya kinematoqrafına verdiyi töhfələrə görə "Qızıl Nar" mükafatına layiq görülüb.

Bakı Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev builki festivalın bir sıra məqamlarla yadda qaldığını qeyd edib.

O bildirib ki, layihəyə maraq ildən-ilə artmaqdadır: “Kinoya bu qədər sevginizi görmək bizi çox sevindirir. Biz komanda olaraq bu sevgidən enerji alırıq. Bilirsiniz ki, festival təşkil etmək çətin prosesdir. Biz də beş gün ərzində bu prosesi keçdik. Festivalın komandasına təşəkkür edirəm”.

Sonra qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif olunublar.

Mərasimdə qalib filmlərdən ikisi "İki bəhanə ilə", "Erkən hisslər" nümayiş olunub.

Qeyd edək ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Kino Agentliyi tərəfindən təşkil edilən “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində reallaşır.

Bu il festivalın dəstəkçiləri Azərbaycan Kinematoqrafçılar İttifaqı, Nizami Kino Mərkəzi, “British Council”, “Şahdağfilm”, Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, “Cinelab”, “DOST TV”, Yunis Əmrə İnstitutudur.

Trend İnformasiya Agentliyi, Teleqraf Media Holdinq, “Kinoyazar” saytı, “KinoBiz” platforması festivalın media tərəfdaşlarıdır.

XVI Bakı Beynəlxalq Film Festivalının qalibləri:

Beynəlxalq Debüt Tammetrajlı Bədii Film müsabiqəsi: Ən yaxşı film – “Öyrənilən dərs” / Rejissor: Balint Szimler / Macarıstan Ən yaxşı rejissor – “Karst” / Rejissor: Suiyi Yang / Çin

Ən yaxşı ssenari – “Bağlar, köklər, ehtiraslar” / Ssenarist: Ferit Karahan. Rejissor: Sunay Tərzioğlu / Türkiyə Ən yaxşı təsvir rejissoru – “Sahə gözətçisi” / Təsvir rejissoru: Morteza Gafouri. Rejissor: Seyed Mohamad Reza Xeradmandan/ İran Münsiflər heyətinin xüsusi mükafatı – “Çəyirtkənin öpüşü” / Rejissor: Elmar Imanov / Almaniya, İtaliya, Lüksemburq Beynəlxalq Qısametrajlı Film müsabiqəsi:

Ən yaxşı bədii film - İki bəhanə ilə / Rejissor: Samah El Kadi /Livan

Ən yaxşı sənədli film - Yer qaçanda / Rejissor: Frederico Lobo / Portuqaliya Ən yaxşı animasiya filmi - Gəlirli yer / Rejissor: Aleks Maximov / Belarus

Ən yaxşı bədii film rejissoru - Performans / Rejissor: Balint Kenyeres / Macarıstan, Fransa Münsiflər heyətinin xüsusi qeydi: Mayın son bazar günü / Rejissor: Alexandro Bordie / Lüksemburq Balet rəqqaslarının kəndi / Rejissor: Fatih Diren / Türkiyə "Asiya istedadları" müsabiqəsi:

Ən yaxşı film – Qəlib / Rejissor: Məhəmməd Rza Nurmandipur/ İran Münsiflər heyətinin mükafatı - Maral dişi / Rejissor: SaifHammaş / Fələstin Münsiflər heyətinin xüsusi qeydi - Həyatda bir gün / Rejissor: Ye Ouyang / Çin Yerli müsabiqənin qalibləri:

Ən yaxşı bədii film - “Erkən hisslər” / Rejissor: Nurlan Həsənli Ən yaxşı rejissor- “Dərədə” / Rejissor: Əbülfəz İskəndərov

Ən yaxşı sənədli film - “Yaddaş sarayları” / Rejissor: Mətləb Muxtarov Ən yaxşı tələbə filmi- “Məhkəmə” / Rejissor: Orxan Babayev

Münsiflər heyətinin diplomu – “Loca Tacentia” / Rejissor: Rəna Əhmədova Münsiflər heyətinin xüsusi qeydi - Vüsalə Qasımova “Qayıtdım” filminin təsvir rejissoru / Rejissor: Məhəmməd Məmmədov Münsiflər heyətinin xüsusi qeydi - Nigar Süleyman “Orijinal musiqisi və kino sahəsində məhsuldar fəaliyyətinə görə”

Türkiyəli prodüser və XVI Bakı Beynəlxalq Film Festivalının münsiflər heyətinin üzvü Faruk Güvən Publika.az-a açıqlamasında bildirib ki, fərqli kateqoriyalarda fərqli filmlər izlənilib.

“Bu, bir yarışmadır, burada qazanan və uduzan yoxdur. Ən idealı seçməyə çalışdıq. Burada olan hər layihəni təqdir edirəm, hamısı qiymətlidir. Ya çox yaxşı, ya da bir az yaxşı layihə var idi. Həqiqətən də pis deyə biləcəyim nə isə yoxdur. Bütün rejissorlara bu cür həvəslə davam etmələrini arzulayıram”.

Türkiyəli prodüser Emre Akkılıç isə qeyd edib ki, Azərbaycan - Türkiyə kino əməkdaşlığı son illər xüsusilə intensiv inkişaf edir.

Onun sözlərinə görə, birlikdə həyata keçirilən layihələr uğurlu nəticələr verib:

“Bu, yeni ortaq filmlərin yaranmasına stimul yaradır. Bakı Beynəlxalq Film Festivalı isə həm sənət adamlarının bir araya gəlməsi, həm də yeni tərəfdaşlıqların qurulması üçün mühüm platformadır.

Bakı Beynəlxalq Film Festivalında artıq dördüncü dəfə iştirak edirəm. Hətta ötən illərdə münsiflər heyətinin üzvü kimi də festivala qatılmışam. Həmçinin, Azərbaycan və Türkiyənin ortaq istehsalı olan iki filmi ərsəyə gətirmişik. Bunlar rejissor Hilal Baydarovun “Balıqlara xütbə” və rejissor Türkan Hüseynin “Ölü Həsən” filmləridir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm