ABŞ-ın ən məşhur AZƏRBAYCANLISI: "Hər dəfə ölümlə üz-üzə qalıram" - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

ABŞ-ın ən məşhur AZƏRBAYCANLISI: "Hər dəfə ölümlə üz-üzə qalıram" - MÜSAHİBƏ

İnəcəsənətin ən qədim və olduqca təhlükəli növlərindən biri də sirk sahəsi sayılır. Rəngarəng sirk proqramlarını ən çox uşaqlar sevsə də, tarix boyu dünya liderləri də bu sahəyə dərin maraq göstəriblər. Bu gün sirk ustaları ən çox tələb olunan incəsənət nümayəndələri hesab olunurlar. Təəssüf ki, ölkəmizdə vəziyyət o qədər də ürəkaçan deyil. Lakin xaricdə yaşayın, ölkəmizi kifayət qədər tanıdan dünyaşöhrətli sirk ustalarımız da var. Çoxumuzun "America's Got Talent" televiziya layihəsindən tanıdığımız Üzeyir Novruzov kimi. Müsahibim "Azərbaycanın Çarli Çaplini" Üzeyir Novruzovdur.

Похожее изображение

- Üzeyir, ənənəvi sualdan başlamaq istəyirəm, sirk karyeranız nə vaxt başladı?

- 1999-cu ildə Rumyantsev Karadaş adına Moskva Sirk Məktəbini bitirdim. Elə bundan sonra da sirk artisti kimi çalışmağa başladım. Karyeram Böyük Moskva Sirkinin səhnəsindən start götürdü. Elə bu günədək sirkin truppası ilə və tək şəkildə qastrol səfərlərinə çıxıram.

- Moska Sirk Məktəbinin güclü yetirmələri var. Siz də bu təhsil ocağının məzunusunuz. Amma təəssüf ki, Azərbaycanda bu sahənin inkişafı zəif gedir. Nə vaxtsa ölkəmizdə sirk məktəbi açıb, master-klass keçmək istəmirsiniz?

- Azərbaycanda sirk məktəbi açmaq çox maraqlı olardı. Əgər belə bir təşəbbüs irəli sürülsə, mən də məmnuniyyətlə gəlib, öz təcrübəmi bölüşərəm. Uşaqların, yeniyetmələrin bu sahəyə yönlədirilməsi çox vacibdir. Bu milli mədəniyyətimizin inkişafı baxımından çox önəmlidir. Bu gün sirk sənəti dünyanın bütün qabaqcıl ölkələrində inkişaf edib. Bizdə niyə olmasın?!

- Qardaşlarınız da sirk fəaliyyətlərini Rusiyada davam etdirirlər. Buna ailə məsləyi deyə bilərik. Bəs sirkə kim yönəldib sizi?

- Doğru deyirsiniz. İki qardaşım var, onlar da bu sahədədirlər. Rusiyada televiziya şoularına dəvət alıblar. Tam ailə peşəsi deməzdim, incəsənətə sevgi qanımızdadır. Bunu da bizə atamız aşılayıb. O çox istəyirdi ki, övladları bu sənəti hiss etsinlər, peşəkar şəkildə öyrənsinlər.

- Hər kəs sizi “America Got Talent” layihəsindən tanıdı. Bu layihəyə, ümumilikdə Amerikaya gedişiniz necə oldu?

- Bildiyiniz kimi istənilən artist üçün televiziya layihələrinə qatılmaq böyük reklamdır. Xüsusən də milyonların izlədiyi “America’s got talent” fantastik uğurdur. Şouya məni özləri dəvət etdilər və qısa zamanda məşhurlaşdım. Layihədən bir müddət öncə Amerikaya qastrola getmişdim. Tale belə gətirdi ki, orada qalası oldum. Hələ də bu ölkədə yaşayıb, sənətimlə məşğul oluram.

- Ginnes rekordmenisiniz. Bu haqda danışaqmı?

- 2016-cı ildə Ginnesin yeni rekordunu təyin etmək üçün Çinə dəvət aldım. Qərara gəldim ki, bunu nərdivan üzərində gerçəkləşdirim. Dünyanın 6 metrlik ən hündür nərdivanının üzərində 7 dəqiqə 15 saniyə ərzində durdum. Beləcə rekordu yeniləyib, Ginnesin rekordmeni oldum.

- Ümumiyyətlə, Amerika öz sirk ustalarını nə dərəcədə dəyərləndirir?

- Amerika elə ölkədir ki, burada istedadı olan hər kəs layiqli dəyərini alır. Nəinki sirk ustası, bütün sənətkarlar yüksək dəyərləndirilirlər. Sirk artistlərinə xüsusi hörmət və ən əsası tələbat var. Ona görə burada mənə rahatdır.

- Digər ölkələrdən yaşayıb, çalışmaq təklifi alırsınız?

- Təkliflər çoxdur, xüsusən də işimlə bağlı dəvətlər gəlir, amma dediyim kimi, hələ ki, Amerika məni sözün hər mənasında qane edir.

- Rusiyada da kifayət qədər tanınırsınız? Hətta son səfərinizdə məşhur rus ulduzları ilə də görüşdünüz. Səfərin məqsədi nə idi?

- Dünyanın hər yerindən gələn məşhurlarla birgə Yeni il tədbirində çıxış etmək üçün dəvət almışdım. Tədbirə incəsənətin bütün sahələrindən olan ulduzlar gəlmişdi. Mən də Amerikadan dəvət olunmuşdum.

- Qardaşlarınız Rusiyada uğurla karyeralarına davam edirlər.

- Onlar da mənim kimi ilin çox vaxtını qastrol səfərlərində keçirirlər. Sadəcə, məndən fərqli olaraq, onlar Rusiyada yaşayırlar.

- Çarli Çaplinlə aranızda hansı bağ var? Bu sevgi hardan qaynaqlanır?

- Çarli Çaplin hər zaman ilham qaynağım olub. Səhnədə onu təlqin etməyim dahiliyinə, sonsuz istedadına olan sevgimdən irəli gəlir.

- Bəs gözləriniz niyə belə kədərlidir?

- Yəqin ki, bunun da əsas səbəbi Çarlı Çaplinin lirik obrazlarıdır.

- Peşəniz çox risklidir. Hər dəfə səhnəyə çıxanda həyatınızı təhlükəyə atırsınız. Bəs ailə üzvləriniz bunu necə qəbul edirlər?

- Doğru deyirsiniz, peşəm kifayət qədər risklidir, hər dəfə ölümlə, təhlükə ilə üz-üzəsən. Amma nə edə bilərəm, mən bu işi sevirəm. Ailə üzvlərim təbii ki, narahat olurlar, lakin seçimimlə barışmaq məcburiyyətindədirlər.

Похожее изображение

- Deyirlər sirk zədələnməmiş incəsənətin son növüdür. Razısınız?

- Bu mövzuda sizinlə razılaşa bilərəm. Çünki tamaşaçının qarşısında öz istedadını, bacarığını çılpaq şəkildə göstərmək məcburiyyətindəsən. Alın təri ilə, bayaq da dediyimiz kimi həyatını təhlükəyə ataraq insanların sevgisini qazanırsan. Bu baxımdan bəli sirk ən təmiz, toxunulmamış incəsənət növüdür.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm