Azərbaycanda diş xəstəlikləri ilə bağlı İNANILMAZ FAKTLAR: Baş stomatoloq açıqladı
Bizi izləyin

Xüsusi

Azərbaycanda diş xəstəlikləri ilə bağlı İNANILMAZ FAKTLAR: Baş stomatoloq açıqladı

Son illər texnologiyanın sürətlə inkişaf etdiyi sahələrdən biri də tibbdir. Ancaq bu qədər ağlasığımaz inkişaf tempinə baxmayaraq, yenə də bir çox xəstəliklərin kütləvi şəkildə yayılmasının qarşısını almaq mümkün olmur. Əsas da diş xəstəliklərinin. Stomotologiya bu gün Azərbaycanda çox yüksək səviyyədə inkişaf edib. Azərbaycanda peşəkar stomotoloqların, yüksək keyfiyyətli xidmət göstərən tibb müəssisələrinin, stomotoloji klinikaların sayının artması da bu inkişafın göstəricisidir. Lakin bütün bunların qarşılığında diş xəstəlikləri çoxalır.

Bəs bu xəstəliklər niyə yaranır, niyə çoxalır? Bu cür mənfi hallarla qarşılaşmamaq üçün hansı prosedurlara əməl etməliyik?

Publika.az olaraq bütün bu suallara cavab tapmaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş stomatoloqu, Respublika Stomatoloji Mərkəzinin direktoru, əməkdar həkim, tibb elmləri namizədi Kamran Aslanovla söhbətləşdik:

- Son zamanlar azyaşlı uşaqlardan tutmuş, böyüklərə qədər insanlarda diş xəstəliklərinin sayı artıb. Bunun əsas səbəbləri nələrdir?

- Çünki insanlar dişlərinə düzgün qulluq edə bilmirlər. İllərlə həkimə müraciət etmirlər. Belə olan halda təbii ki, diş ağrıları da qaçılmazdır, ağız boşluğunun müxtəlif xəstəlikləri də. Xəstələr müxtəlif ağrı və problemlərlə bizə müraciətlər edirlər. Əsas səbəb odur ki, əvvəllər insanlar kobud qida qəbul edirdilər. Məsələn, alma. Almanın və digər bərk qidaların, meyvə-tərəvəzlərin dişlənərək istehlak edilməsi dişləri mexaniki təmizləyirdi. Amma indi tam əksinədir. İstər uşaq, istərsə də böyüklər meyvəni şirəçəkənə atır və onun hazır sıxılmış suyunu içir. Belə olan halda əlbəttə ki, diş və diş ətlərində müxtəlif problemlər yaranır. Sizə maraqlı bir misal çəkim, Binədəki hava limanında çalışan işçilərin yarısı kənd təsərrüfatı ilə məşğul olan Binə camaatıdır. Onların yaxın qohumları, ailə üzvləri arasında isə bəziləri stüardessa kimi çalışır. Bax bu insanlar arasında müşahidə aparıblar. Kənd təsərrüfatı sahəsində çalışan insanların dişlərində kariyes miqdarı, digərlərindən fərqli olaraq çox az olub. Niyə? Çünki onlar bərk qidalar - turpdan, almadan və s. yeməyə üstünlük verdiyi halda, o biri təyyarədə çalışan insanlar müxtəlif ölkələrdən gətirdikləri şirniyyatları yeməyə üstünlük verir. Bu isə təbii olaraq, kariyes yaranmasına şərait yardır.

- Bəs uşaqlarda ən çox hansı diş xəstəlikləri yayılıb?

- Diş-çənə anomaliyaları. Azərbaycanda bir məsələyə xüsusi diqqətin ayrılması yaxşıdır ki, uşaq konsultasiyaları hələ ana bətnində olduğu dövrlərdən başlayır. Hələ uşaq ana bətnində olduğu dövrdə onların stomotoloji statusunun müəyyən müayinəsi aparılır. Qadın məsləhətxanasına müraciət edən hamilə xanımlar mərkəzin stomotoloji kabinetində yoxlanılırlar. Burada stomotoloq ana bətnində olan uşaqların gələcəkdə ağız boşluğunun sağlam olması üçün müəyyən profilaktiv tədbirlər görür. Təbii ki, bu proses bütövlükdə pediatrların sahəsini əhatə edir. Lakin, stomotoloq müdaxiləsi də məsələnin daha da dərindən izlənməsinə səbəb olur. Təxminən 3 uşaqdan ikisində buna rast gəlinir. Bu, bütün dünyada yayılmış prosesdir. Buna səbəb ekologiya, qida xarakterinin dəyişməsi, yumşaq qidalara üstünlük verilməsi, uşaq ana bətində olanda hamiləliyin problemli keçməsi və s. kimi məsələlərdir ki, əvvəl-axır uşaqda diş-çənə anomaliyasına gətirib çıxarır. Süd dişlərinin vaxtından öncə çəkilməsi də buna səbəb olur. Vaxtında müraciət olunarsa, bu problemləri bərpa etmək olur. Bəzən xəstələr 100 faizlik nəticə gözləyir. Lakin bu mümkün deyil. Ümumiyyətlə, tibbdə 100 faiz bərpa prosesi mümkün deyil. Müraciət edən xəstənin vəziyyətindən asılı olaraq, 90 faiz bərpaolma gedir.

- Dişə düzgün qulluq üsulları nələrdir? Bəzi həkimlər deyir yeməkdən sonra dərhal dişləri fırçalamaq lazımdır, bəziləri də deyir əksinə diş fırçalamaq o qədər də vacib deyil. Ümumiyyətlə, gün ərzində dişlər neçə dəfə fırçalanmalıdır?

- Dişlərinin vaxtından əvvəl sıradan çıxmasını, çürüməsini, ağrımasını istəməyən insan hər 3 aydan bir stomotoloqa müraciət etməlidir. Stomotoloq xəstənin ağız boşluğunu müayinə edib, hazırda mövcud olan və gələcəkdə yaranacaq, hər hansı formada patoloji hala çevrilə biləcək vəziyyətin qarşısını almaq məqsədilə tədbirlər görməlidir. Dişlərin təmizlənməsi, daha doğrusu doğru formada təmizlənməsi də stomotoloq tövsiyələrinə daxildir. Həkimlər məsləhət görür ki, dişlər gün ərzində 2 dəfə təmizlənməlidir. Bu xüsusilə yeməkdən 1 saat sonra icra olunmalıdır. Amma son 10 gündə amerikalı stomotoloqlar müəyyən ediblər ki, turşuluğu çox olan qidaların qəbulundan həmən sonra dişlər fırçalandıqda mina qatı yumuşalır. Bu isə dişlərin vaxtından tez məhv olmasına gətirib çıxarır. Ona görə də, dünya stomotoloqları tövsiyə edirlər ki, yeməkdən ən azı 2 saat sonra dişlər fırçalanmalıdır. Xəstələrin çoxu istini-soyuğu qarışdırır ki, bu da dişlərin ən böyük düşmənidir. İsti çay, qida üstündən dərhal soyuq su ilə ağız boşluğunun yaxalanması mina qatlarını partladır.

- Fırça seçərkən nəyə diqqət etmək lazımdır? Diş saplarından, diş çöplərindən istifadə zərərli deyil ki? Hansı aralıqda fırçalar dəyişdirilməlidir?

- Diş fırçaları fərdi olaraq hər kəsin diş ətinə uyğun həkim məsləhəti ilə seçilməlidir. Diş əti fərqliliyinə görə, yumşaq, orta və sərt fırçalar seçilə bilər. Ağızda diş daşı çoxdursa və yumşaq fırçadan istifadə edəriksə, bunun heç bir faydası olmaz. Diş təmizlənməz və dişin üzərində zamanla toplanan ərp dişlərin kontakt hissəsinə yığılar və rənglənmə əmələ gətirər. Bu da diş əti çəkilmələrinə səbəb olar. Bu gün insanlar əksər hallarda sintetik fırçalardan istifadə edirlər. Belə fırçalar isə öz keyfiyyətini tez itirir. Dişləri yuduqdan sonra diş fırçaları da yaxşı təmizlənməli və xüsusi qablarda saxlanmalıdır. Açıq şəraitdə qalan fırçaların üzərinə çoxsaylı mikroblar toplanır ki, bu da ciddi problemlər yaşada bilər. Hər 2 aydan bir diş fırçaları dəyişdirilsə, yaxşı olar. Diş çöpləri və diş saplarından istifadəyə qaldıqda isə bu məsələdə də ehtiyatlı olmaq lazımdır. Əks təqdirdə damağın yumşaq toxumaları zədələnə bilər. Əsasən ağız boşluğunda diş fırçasının daxil ola bilmədiyi yerləri təmizləmək üçün istifadə edilir. Bəzən diş sapları diş ətinə sürtülür və cızıqlar əmələ gətirir. Daha sonra isə qida qalıqları burada müəyyən problemlər yarada bilir. Eləcə də diş çöplərindən kobud istifadə diş əti toxumalarını zədələyir.

- Həkim, bəzən insanlar çay içən kimi dişlərinin saraldığını düşünüb dərhal yuyurlar. Ümumiyyətlə, dişlərin normal rəngi necə olmalıdır?

- Bilirsiz, insanlar dünyaya gələndə dərilərinin rəngi müxtəlif olduğu kimi, yeni çıxan dişlərin rəngi də fərqli ola bilər. Yəni, bəzi insanlarda yeni çıxan dişlər sarı rəngdə olur. Bu həmin dişlərin sağlam olmadığı anlamına gəlməz. Amma təbii ki, sonradan müəyyən xəstəliklər nəticəsində də dişlərin rənginin dəyişməsi mümkündür. Bu daha çox içməli suyun tərkibindəki flüor miqdarının çox olmasından irəli gəlir. Siqaret çəkənlərdə, həddən artıq rəngli maye qəbul edənlərdə də bu cür hallar müşahidə olunur. Dişlərin üzərində nazik ərp təbəqəsi yaranır. Bunlar da dişin rənginin dəyişməsi ilə nəticələnir. Amma bu gün stomotologiyanın inkişafı nəticəsində dişlərin rənginin dəyişdirilməsi çox asanlaşıb.

- Diş çəkilməsi prosesi hər yerdə fərqli qiymətlərədir. Çəkiləcək diş, aparılacaq əməliyyat eynidirsə, niyə qiymət 10-50 manat arası dəyişsin ki?

- Bu gün ölkədə diş çəkilməsinin bu qədər fərqli qiymətlərə təklif edilməsinin səbəbi çoxsaylı stomotoloji klinikaların açılmasıdır. Bu isə rəqabət cəhətdən yaxşıdır. Amma təbii ki, gigiyenik standartlara da riayət edilməlidir. Məsələn, klinikalardan biri dişi 10 manata çəkir, o biri 5 manata. Rəqabət xətrinə 3-cü klinika da bu prosesi 3 manata təklif edir və beləcə insanların diqqətini çəkərək özünə xəstə toplayır. Hazırda respublikada dövlət stomotoloji klinikaları o qədər də çox deyil. Yalnız sahə üzrə fəaliyyət göstərən poliklinikalarda diş bölmələri saxlanılıb. Bakıda yalnız Tibb Universitetinin Stomotoloji Klinikası dövlət büdcəsindən maliyyələşir. Digər bütün stomotoloji kabinetlər fərdi fəaliyyət göstərir. Lakin buna baxmayaraq, stomotoloji klinikaların əksəriyyəti çox yüksək səviyyədə lazımi avadanlıqlarla təchiz edilib. Orada çalışan həkimlərin bir çoxu İngiltərə, Amerika, Türkiyə, Almaniya kimi ölkələrdə xüsusi seminar keçmiş və sertifikat almış şəxslərdir.

- Klinikalarda strelizasiyası nə vəziyyətdədir? Lazımı səviyyədə təmin olunurmu?

- Strelizasiya birbaşa Səhiyyə Nazirliyi tərəfindən diqqətdə saxlanılır. Sahəsi böyük olan və içərisində 3-4 diş kreslosu olan kabinetlərin çoxu mərkəzləşdirilmiş strelizasiya otaqlarına malikdirlər. Burada ağız boşluğunda istifadə olunan, içərisində 20-40 xırda diş alətlərindən ibarət qutular olur. Hər istifadədən sonra onlar strelizasiya kabinetinə verilir. Həkim özü öz otağında strelizasiya prosesi ilə məşğul ola bilməz.

- Bakıda, Sumqayıtda, eləcə də digər bölgələrdə gizli şəkildə fəaliyyət göstərən stomotoloji mərkəzlər var. İnsanlar bura tanıdıqları həkimə görə və ya qiymətlərin ucuz olmasına görə müraciət edirlər. Amma orada proses zamanı xəstələrdən biri ölsə, kim cavabdehlik daşıyacaq?

- Baxın, insanlar ilk növbədə özləri sağlamlıqlarını düşünməlidirlər. Belə bir məqam var ki, ali təhsilli, dünya görüşü olan, ümumiyyətlə, tibb sahəsindən azacıq anlayışı olan şəxs dediyiniz lisenziyasız fəaliyyət göstərən müəssisələrə müraciət etmirlər. İnsan öz həyatını 20-40 manatla ölçürsə, buna biz nə deyək?! Digər bir tərəfdən isə özünə, sənətinə, adına hörmət edən həkimlərimiz nə üçün üzərində stomotoloji xidmətlərin verildiyinə dair heç bir məlumat olmayan obyektlərdə çalışsınlar? Niyə peşəkar həkim hansısa binanın birinci mərtəbəsində gizli xidmət göstərsin? Ona görə də, yaxşı olardı ki, həm həkimlər özlərinə, peşələrinə hörmətlə yanaşsınlar, həm də əhali öz canına qayğı göstərsin.

- Stomotologiyada istifadə edilən dərmanlar, avadanlıqlar əsasən haradan gətirilir? Ölkə daxilində istehsal edilən dərmanlar varmı?

- Xeyr, əksəriyyəti demək olar ki, xaricdən gətirilir. Həm dərmanlar, həm də stomotoloji avadanlıqlar. Azərbaycanda təəssüflər olsun ki, stomotoloji avadanlıqlar emal edən şirkətlər yoxdur. Əsasən, avadanlıqları Türkiyə və Çindən alırıq. Hətta ən kiçik alətlər belə xaricdən gətirilir.

- İsveçrəli stomotoloqlar deyir ki, qızıl və paslanmayan metaldan olan dişlər zəhərlənməyə səbəb ola bilir. Bizim cəmiyyətdə son dövrlərə nisbətən əvvəllər qızıl dişə maraq böyük olub. Bu nə dərəcədə doğrudur?

- Azərbaycanlıları, ümumiyyətlə, Qafqazda yaşayanları digərlərindən fərqləndirən faktorlardan biri də məhz qızıl diş olub. Bu artıq adət halı almışdı. İnsanlar bunu göstəriş xətrinə edirdi. Düşünürdülər ki, ağızda qızıl dişlərin olması imkan göstəricisidir. İstər qadın, istərsə də kişilərdə bu adət var idi. Qızıl o vaxt zəhərlənmə verə bilir ki, ağız boşluğunda bimetallar olsun. Bimetal deyərkən, onu nəzərdə tuturuq ki, qızıl və ya paslanmayan poladdan hazırlanmış dişlər və onların arasındakı fərq ağız boşluğundakı toxumalara mənfi təsir göstərir. Ona görə yaxşı olar ki, hazırlananda yalnız bir metaldan hazırlansın. Amma dövr dəyişir, inkişaf gedir. Artıq insanlar keramika, vinir və bu günün tələbatına uyğun olan implantasiyaya üstünlük verirlər. Klinikalarda ən geniş istifadə olunan məhz implantasiyadır.

- Ölkə əhalisinin 90 faizində, dünya əhalisinin isə 15-20 fazində kariyes problemləri, damaq xəstəlikləri yayılıb.

- Dişlərin yumşaq toxumalarının xəstəlikləri çox yayılıb. Əsasən bölgələrə görə dəyişir. Məsələn, siz Şəkidən olan insanların ağız boşluğu ilə digər bölgələrin sakinlərinin ağız boşluğu arasında müqayisə aparsaz, görərsiz ki, fərq çoxdur. Daha çox şirin qidalar istehlak edən insanlarda kariyes müşahidə olunur. Daha bir misal, Şüvəlanda quyu suyu içən insanların dişlərində sarı ləkələrin sayı çox olur. Bunun səbəbi də suyun tərkibində ftor miqdarının faizinin çoxluğudur.

- Stomotologiyada genetik faktor özünü nə qədər göstərir?

- Bütün xəstəliklərdə olduğu kimi, stomotoloji xəstəliklərdə də genetik faktor özünü büruzə verir. Lakin, deyə bilmərik ki, bunu əsas faktor hesab etmək olar.

- Diş əyriliklərinin əsas səbəbləri nələrdir?

- Bunun ən önəmli səbəbi uşaqlara diş çıxan aylarda əmzik verilməsidir. Daha sonra barmaqlarını sormaları. Biz tibbdə buna diş kəsilən zaman deyirik. Belə olan halda diş öz istiqamətini dəyişir və əyriliklər yaranmağa başlayır. Zamanında müalicə alınmadıqda isə müəyyən yaşdan sonra sümüklər bərkiyir və bərpa üçün aparılan müalicə prosesi nəticə vermir. Bununla ortodontlar məşğul olur. Zamanında tədbir görülürsə, müalicə sona qədər ciddi aparılırsa, nəticə olur.

- Bəs dişlərin ağardılması məsləhətdirmi?

- Bu proses müxtəlif üsullarla bütün dünyada aparılır. Onun dişlərin mina qatına heç bir ziyanı olmur.

- Hamilə qadınlarda ağız boşluğunda yaranan problemlər necə həll olunur? Vəziyyətlə əlaqədar dərman qəbuluna imkan olurmu?

- Hamilə qadınların ağız boşluğunda yaranan problemlərinin həlli üçün qadın məsləhətxanalarında xüsusi stomotoloji kabinetlər fəaliyyət göstərir. Hamiləliyin dövründən asılı olaraq stomotoloqlar xanımlara xüsusi müalicə planı hazırlayır və qeyd edir ki, hansı dərmanı hansı dövrdə qəbul etməlidirlər. 9 ay müddətində proses bu yolla tənzimlənir.

- Dişlərin çəkilməsi məsələsində yaş faktoru varmı? Bəzən müalicə ilə bərpa edilə biləcək dişləri həkimlər çıxardır. Dişlərin yerinə isə diş gəlmir.

- Burada yaş faktoru yoxdur. Çünki süd dişləri də çəkilir, daimi dişlər də çəkilir. Əvvəlcə rentgen olunur. O dişin altından gələn diş hansıdır, çünki daimi dişlərin xüsusi çıxma intervalı var. Həkim bütün bunları nəzərə alır və buna uyğun müalicə üsulu tətbiq edir.

- Deyirlər ki, “ağıl dişi” ancaq dövlət xəstəxanalarında çıxarılmalıdır. Nə üçün belə bir fikir formalaşıb?

- 8-ci dişə el arasında “ağıl dişi” deyirik. Onun çıxma müddəti fərqlidir. Dişin çəkilmə müddəti isə ağır prosesdir. Biz tibbdə ona “fəsadla çəkilən diş” deyirik. Çünki ağız boşluğunda bütün dişlər vertikal vəziyyətdə yerləşdiyi halda, ağıl dişləri şaquli istiqamətdə çıxa bilir. Onların çıxma vəziyyəti müxtəlif olduğuna görə, çəkilməsi ağır prosesdir. Belə bir qanun yoxdur ki, ağıl dişi özəl klinikalarda çəkilə bilməz. Sadəcə mütəxəssislər arasında bu riski gözə ala bilməyənlər olur və dişi çəkməkdən imtina edirlər. Xəstələri dövlət xəstəxanalarına, xüsusi ixtisaslı klinikalara göndərirlər.

- Dişə qoyulan plombların müəyyən müddəti varmı?

- Bu birbaşa plombun keyfiyyətindən və həkimin peşəkarlığından asılıdır. Daha sonra insanın dişə qulluğundan da çox şey asılıdır.

- Oxucularımıza nə kimi tövsiyələriniz var?

- Bərk qidalardan istifadə edin. Vaxtı-vaxtında həkimə müraciət edib müayinədən keçsinlər. Minimum 3-6 aydan bir stomotoloji müayinədən keçsinlər ki, pataloji hallar yaranmasın. Həkimlərlə dost olsunlar. Nəzərə alsınlar ki, ilkin müayinə zamanı aşkarlanan və qarşısı alınan problem daha asan, ucuz başa gəlir.

Könül Cəfərli

FOTO: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm