Məşhur türk xanımlarını bəzəyən vizajist: Bu xüsusiyyət qadını çirkinləşdirir - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Məşhur türk xanımlarını bəzəyən vizajist: Bu xüsusiyyət qadını çirkinləşdirir - MÜSAHİBƏ

Bu yaxınlarda Bakının qonağı olan Türkiyənin tanınmış vizajisti Rıfat Yuzuak Publika.az-a müsahibə verib.

- Rıfat bəy, Bakının daimi qonaqlarından birsiniz. Şəhər haqqında təəssüratlarınız necədir?

- Bakı gözəl, modern və maraqlı şəhərdir. Bu şəhəri sevirəm. Yaxın dostum Müge Boz Azərbaycanda bir filmə çəkilirdi. O, burada qaldığı müddətdə Azərbaycanın gəzməli-görməli yerlərini ziyarət edib və çox bəyənib. Mənimsə şəhərdən kənara çıxmağa vaxtım olmayıb, fürsət olarsa, gələcəkdə bölgələrinizi görmək istərdim.

- Bu səfərinizin məqsədi nədir?

- Kosmetika şirkətlərindən biri ilə anlaşma imzalamışıq. Onun tanıtımı və blogerlərə ustad dərsləri keçmək üçün burdayam.

- Azərbaycanlı qadınlarla dil tapmaq asandır?

- Xanımlarınız çox istiqanlı və gözəldir. Bir-birimizi sevdik və anlaşdıq.

- Sizcə, qadınlar makiyajda adətən hansı xətalara yol verir?

- Bir çox hallarda həddi aşırlar, rəngləri yanlış seçirlər və makiyajı çox qabardırlar. Bu gün dünyada ərəb makiyajları geniş yayılıb. Kosmetika şirkətləri və gözəllik blogerləri qadınları çox sayda məhsul istifadə etməyə yönləndirir. Təəssüf ki, trendə ayaq uydurmaq istəyərkən səhvə yol verirlər. Makiyajı səhv tətbiq etmək, səhv seçilmiş rənglər qadını fərqli və pis görkəmə bürüyür.

- Payız-qış aylarında dəbə minən gözəllik tendensiyaları haqqında nə deyə bilərsiniz?

- Daha təbii makiyajlar dəbə gəlir. Fikir vermisinizsə, dünya şöhrətli modellər gündəlik həyatda minimum makiyajla kifayətlənir, tonal kremlə dəri rəngini bərabərləşdirməklə, sadəcə bronz kirşanla üzlərini konturlamaqla cizgilərini ortaya çıxarırlar. Onlar təbii gözəlliyi təbliğ edirlər. Artıq qadınlar dərk etməyə başlayıb ki, həddən çox makiyaj effektli görünmür, əksinə pis nəticə verir. Beləliklə, qarşıdakı aylarda təbii makiyajlar trend olacaq. Payız aylarında bir qayda olaraq tünd rənglər aktual olur, lakin bu il makiyajda lap tünd rənglər gözə çarpmayacaq. Mövsüm trendlərinə parıltılı, şəffaf, aydın göz kölgələri də daxil olub.

- Türkiyənin bütün ulduzlarını bəzəyən makiyaj ustasınız. Artıq şəxsi kosmetika brendinizi yaratmağı planlaşdırırsınız?

- Belə təkliflər gəlsə də, qəbul etmirəm. Düşünürəm ki, hələ çox tezdir. Çox sürətlə məhsul istehsal edən markalar var ki, ulduzlar onlarla müqavilə imzalayaraq adlarına olan hər hansı məhsul çıxarır. Mənim üçün marka, ya məhsul buraxmaq çox ciddi və məsuliyyətli işdir. Buna hazır deyiləm. Hər hansı məhsulun üzərinə adını qeyd edib satışa çıxarmaq məntiqli deyil. Qazandığım etibarı itirmək istəmərəm. Ancaq çox keyfiyyətli məhsul hazırladıqdan sonra onun üzərinə adımı yazdıra bilərəm.

- Kişilər üçün qadınlarla çalışmaq məşəqqətli işdir. Bəzən nə istədiyimizi özümüz də bilmirik. Necə oldu ki, bütün bunları gözə alıb makiyaj ustası olmağa qərar verdiniz?

- Karyerama 10 il əvvəl kosmetika mağazalarında çalışaraq başladım, eyni zamanda, dəb həftələrində modelləri bəzəyirdim. Dəfilələrdə modellərə etdiyim makiyajlar diqqət çəkməyə başladı. Beləliklə populyar aktrisa və müğənnilər arasında ad-sanım yayıldı. Ebru Gündeş, Fahriye Evcen, Neslihan Atagül, Aslı Enver, Gülben Ergen, Seda Sayan, Serenay Sarıkaya, Özge Ulusoy, Ajda Pekkan və digər səhnə ulduzları ilə işləmişəm.

- Onlar kaprizləri ilə sizi yorurlar, yoxsa ünlü insanları gözəlləşdirməkdən zövq alırsınız?

- Adlarını çəkdiyim məşhurların çoxu ilə dostam, aramızda heç bir problem olmayıb. Ulduzlardan sərt münasibət görməmişəm. Bütün diqqətimi hər zaman işimə cəmləşdirirəm.

Əgər işini yaxşı görmüsənsə, müştəri səndən məmnun qalır. Əlbəttə ki, yaxşı makiyaj etməsən, qarşındakı məmnun qalmayacaq. Bunu kapriz yox, məmnuniyyətsizlik adlandırsaq, daha doğru olar. İnsanlar məmnuniyyətsizliyini bəlli etməlidir.

- Məşhurlar sizdən nə cür makiyajlar tələb edir?

- Bəzi ulduzların özünə xas tərzi var. Bu barədə söhbət edib onların nə istədiklərinə ortaq qərar veririk. Əgər çox önəmli layihə, reklam çəkilişi və ya qırmızı xalça mərasimlər olarsa, öncədən nümunə üçün bir neçə makiyaj edilir. Makiyajın nə cür olmasına sadəcə ulduz özü qərar vermir. Böyük bir reklam çəkilişidirsə, şirkət özü nümunə üçün edilən makiyajlar arasından birini seçir. Hər bir iş xırdalıqlarına qədər düşünülür və peşəkar səviyyədə aparılır. Reklam çəkilişində ulduzun ixtiyarı yoxdur ki, makiyajı özü təyin etsin.

- Bella və Cici Hadid bacıları dünyada gözəlliyi ilə yanaşı, mükəmməl dərisi ilə məşhurdur. Bəs türkiyəli ulduzlardan hansının dərisi qüsursuzdur?

- A klass sənətçilərlə çalışıram. Hamısı öz gözəlliyinin qeydinə qalır, sağlam qidalanır və sağlam həyat tərzi sürməyə çalışırlar. Əslində bütün insanlar bilməlidir ki, sağlam həyat tərzi birbaşa dəriyə təsir göstərir. Adını saydığım məşhurların dərisi problemsizdir, bu səbəbdən də onların həddən artıq makiyaja ehtiyacı qalmır. Hər biri mələk kimidir, həqiqətən də çox gözəldirlər. Mənim öhdəmə isə onların gözəlliyini vurğulamaq düşür.

- Bizim məşhurlardan kimi gözəlləşdirmisiniz?

- Bir neçə ay əvvəl Röya ilə çalışmışam, şirin xanımdır.

- Makiyaj etmək istədiyiniz məşhur xanımın adını açıqlaya bilərsiniz?

- Öz ölkəmdə bəzəmək istədiyim hər kəsə makiyaj etdim. Əslində dünya şöhrətli bir neçə sənətçi ilə çalışmaq fürsətim də olub. Yəqin ki, Beyons və Rihanna kimi ulduzları makiyaj etmək hər bir vizajistin ən böyük arzusudur.

- Avropa və ya Amerikadan iş təklifləri gəlir?

- Karyeramda yavaş-yavaş irəliləyirəm. Milanda, Madriddə, Afinada və bir çox şəhərlərdə baş tutan reklam çəkilişlərində iştirak etmişəm.

2 il əvvəl Parisdə keçirilən “Victorias Secret” dəfiləsində modellərə makiyaj etmək üçün məni dəvət etmişdilər. Təəssüf ki, ingiliscəm axıcı olmadığından təklifi qəbul etmədim. Bununla belə onlar məni dəfiləni izləməyə dəvət etdilər.

- Uğur formulunuzu bizə açıqlaya bilərsiniz?

- Çox işləmək. 10 ildən çoxdur ki, makyaj sektorundayam. Peşəmlə bağlı çox araşdırma aparır və makiyaj texnikalarına diqqət edirəm. İşimdə uğur qazana bilməyimin başlıca səbəbi odur ki, qadınları heç bir zaman başqa bir adama bənzətmirəm, üz cizgilərini dəyişdirməyə çalışmıram. Hesab edirəm ki, insanların üz cizgiləri, üz xətləri sahib olduğu ən qiymətli özəllikdir.

- Buna nail olmaq mürəkkəb işdir?

- Əslində çətin deyil. Sadəcə insanların bunu dərk etməsi çətindir. Qadınlar elə bilirlər ki, başqasına bənzəməyə çalışmaq gözəlləşmək deməkdir, aynada özlərini tapmağa çalışmırlar. Tanınmış insanlarla belə problemlərim olmayıb. Çünki onlar zatən özləri kimi olmaq istəyirlər.

Adi xanımların başqasına və ya hər hansı sənət adamına bənzəmək istəyi özünün çirkin olduğunu qəbul etməsi deməkdir. Çirkin olduğunu qəbul edən insan çoxlu makiyaj etdikdə özünü yenə pis hiss edəcək. Nəticə etibarilə özünü pis hiss edən, əhval-ruhiyyəsi aşağı olan insanın üz xətləri gözəl görünmür, simasından gərginlik yağır. Gözəllik başqasını təqlid etməklə yaranmır.

- Yəni, qadının gözəlliyin əsas şərti özünə güvən hissidir?

- Mütləq! Özünə güvənməyən, özünü rahat hiss etməyən qadın nə qədər qüsursuz makiyaj etsə də, insanların diqqətini cəlb edə bilməyəcək. Özünü rahat, sağlam, özünə inamlı və gümrah hiss etməlidir ki, ətrafına işıq saça bilsin.

Fahriye Evcen, Aslı Enver və ya Neslihan Atagül kimi ulduzların üzlərindən rahat, xoşbəxt və sağlam hiss etdiklərini oxumaq olur. Simalarından həmişə xoşbəxtlik yağır, öz tamaşaçılarına müsbət enerji ötürə bilirlər.

- Bütün dünya qadınlarının sizi eşitmək şansı olsaydı, onlara nə deyərdiniz?

- Yalnız qadınlara deyil, bütün insanlara özünü tapmağı məsləhət görərdim. Öz potensialımızı tapmaq və onu tamamlamaq dünyaya gəlmə səbəblərimizdən biridir. Hər kəsin dünyaya gəlməsinin bir məqsədi var. Məhz bu məqsədi tapdıqdan sonra parıldamağa, gözəlləşməyə və böyüməyə başlayırıq.

- Qocalma prosesini ləngitmək üçün nə etməliyik?

- Sağlam qidalanın, məşq edin və vücudun ehtiyacı olduğu qədər su için. Hər birini vaxtlı vaxtında tətbiq etmək lazımdır. Sağlam həyat yaşayan insanlar daha gec qocalır və daha sağlam şəkildə yaşa dolur. Gənc ikən orqanizmi zərərli vərdişlərlə yorsanız, əlbəttə ki, bədən çox sürətlə yaşlayanmağa başlayacaq və həyat keyfiyyəti aşağı düşəcək. Dolayısı ilə gənc yaşlardan başlayaraq bədənin qeydinə qalmalıyıq ki, gənc görünək.

- Gözəllik standartları artıq eyniləşib, qızlar bir-birinə çox bənzəyir. Burun balaca, dodaqlar dolğun, gözlər isə badamı olmalıdır. Hər 5 qadından 3-ü dodaqlarını kosmetoloji müdaxilələr sayəsində böyüdür və ya burnunu əməliyyatla kəsdirir. Estetik əməliyyatların bu qədər dəbə minməsinə münasibətiniz necədir?

- Əslində bu, insanın özünü sevməsi və özünü kəşf etməsi ilə əlaqəlidir. Üzdə ciddi qüsurları aradan qaldıran plastik və ya estetik əməliyyatlara qarşı deyiləm. Həkimlər əməliyyat edərkən üzün ölçülərini nəzərə almalıdır.

Normal olaraq insan özünü xoşbəxt hiss etmək üçün estetik cərrahiyyə üz tutur. Lakin biz bu gün dodaqlarını böyüdüb burnunu kəsdirən qadınların üzündə xoşbəxtlik ifadəsi görmürük. Onların simasında sadəcə axtarış görə bilirik.

Mütəmadi olaraq üzlərində yanlış müdaxilələr edərək üz cizgilərini pozurlar. Bu, xoşbəxtlik gətirmir, əksinə qalıcı fəsadlar yarada bilər. Özünü sevməyən qadın gözəllik adı altında özündən işgəncələrlə intiqama alır. Əgər çox ciddi problem yoxdursa, özünü tapan insan heç vaxt gedib burnunu kəsdirməz, kimi qəbul edər.

- Qadını gözəl göstərən ən effektli makiyaj sevgidir deyirlər. Razısınız?

- Razıyam, sevgi qadına özünə inam hissini artırır. Qeyri-sağlam qidalanan qadın sürətlə kökəlir. Bu zaman dəri sümüyə oturmur. Nəticədə o, özünü bəyənməməyə başlayacaq və kədərli olacaq. Hər şey zəncirvaridir. Aydın məsələdir ki, kədərli qadın insanlara mənfi enerji ötürəcək. Ümumiyyətlə, kədər qadını çirkinləşməyə doğru aparır. Bu baxımdan daxili harmoniyanın qorunub saxlanmaq və ya öz xoşbəxtliyini tapmaq vacibdir.

- Stilini dəyişmək istəyən xanım nədən başlamalıdır?

- Özünü tanımalı, nə istədiyini bilməlidir. Çox sayda xanım dəyişiklik edərkən ətraf-mühitin fikirlərini düşünərək hərəkət edir.

- Dünyanın ən gözəl qadınları harada yaşayır?

- Konkret ad çəkə bilməyəcəm. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, özgüvənini, mənəvi rahatlığını və xoşbəxtliyini tapan insanları çox bəyənirəm.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm