Həyat yoldaşından Elnarə Xəlilovaya irad: “Sənə demişəm ki...” - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Həyat yoldaşından Elnarə Xəlilovaya irad: “Sənə demişəm ki...” - MÜSAHİBƏ

Tanınmış müğənni və 4 uşaq anası olan Elnarə Xəlilova bu gün 38 yaşını qeyd edir. Sənətçi doğum günündə Publika.az-a müsahibə verib.

- Elnarə xanım, doğum gününüz münasibətiylə təbrik edirəm.

- Çox sağ olun.

- Deyirlər ki, qadının 3 cür yaşı olur: biri həqiqi, biri görünən yaşı, digəri də özünə verdiyi yaş. Maraqlıdır ki, siz özünüzə neçə yaş verərdiniz?

- 40-a az qalsa da, özümü 27 yaşında hiss edirəm.

- Heç demək olmaz ki, 38 yaşınız var. Gəncliyinizi nəyə borclusunuz?

- Xoşbəxt qadınam ki, sevilirəm, ətrafımda məni sevən övladlarım, həyat yoldaşım, ailəm, qohumlarım və tələbələrim var. Sevildiyini hiss edən insan həyatdan zövq almağı və yaşamağı bacarır. Sözsüz ki, bütün bunlar onun zahiri görkəminə təsir edir. İnsanlara ötürdüyüm pozitivi hər zaman tamaşaçılardan ala bilirəm. Sevilməyən qadın sıfırdır, heç nədir...

- Uşaqlıqda doğum günlərini necə qeyd edirdiniz?

- Hər kəs kimi evdə ailəmlə birlikdə keçirirdim, onda dövr başqa idi, bəzən darıxıram, o illər üçün. 20 illiyimi və 33 yaşımı restoranda çox təmtəraqlı şəkildə qeyd etmişəm. Dünənsə tələbələrim yığışıb mənə elə gözəl sürpriz hazırlamışdılar ki, sevinc və məmnunluq hissi məni hələ də tərk etməyib... Yəqin ki, ən yaddaqalan ad günü partilərindən birini yaşadım.

- Övladları analarını necə təbrik edir?

- Uşaqlar ilin bütün xüsusi günlərində məni diqqətdən kənar qoymurlar. Məktəbdə onlara öz əlləriylə açıqca hazırlamağı öyrədirlər. Onlar da üzərində kələ-kötür xətləriylə “Ana, sən mənim ürəyimsən” yazdığı açıqcanı gətirib mənə təqdim edir. Bu açıqcaları əzizləyərək saxlayıram.

- Elnarə Xəlilova yaşadığı həyatından razıdır? Layiq oldğunuz ömrü yaşaya bilirsiniz?

- Bəli, adımın mənası həyatıma təsir edib. Elnarə alov, odlu qız mənasındadır. Günlərim qaynar və şən keçir. Elnarə elə bu cür olmalı idi.

- Deyirlər ki, gənclərin görə bilmədiyi səhvləri insanlar yaşa dolduqca aynada daha aydın görürlər. Bu fikirlə razısınız?

- Bəli, özüm də beləyəm. Bəlkə də səhvlər onların təcrübəsizliyindən irəli gəlir. Amma insan yaşa dolduqca özü özünə hakimlik edir. Hamımız keçmişdə baş verən səhvləri təkrar-təkrar xatırlayaraq nəticə çıxarırıq. Həyata başqa gözlə baxmağa başlayırıq, kamilləşirik, fikirlərimiz və həyata olan münasibətimiz dəyişirik. Bir sözlə, böyüyürük.

- Sizcə, hər yaşa dolan insan müdrikləşə bilir?

- Nə yazıq ki, yox. Allah hərəyə bir cür qəlb, ağıl və ömür biçib. Tez-tez özüm və hamı üçün dua edirəm ki, Allah ağlımızı əlimizdən almasın.

- Bəziləri üçün doğum günləri ona yaşlandığı xatırladan kədərli bir gündən başqa heç nə ifadə etmir. Sizdə necədir?

- Qocalıq məni qorxutmur, həyatın bəxş etdiyi hər ili böyük məmnuniyyətlə qarşılayıram. Yaş kompleksindən uzağam.

- Qadınlar otuz yaşa qədər sübut edir ki, artıq böyüyüb, otuzdan sonra isə hələ də gənc olduğunu göstərməyə çalışır. Sizcə, bu, nədən irəli gəlir?

- İnsan təbiəti elədir ki, qocalmaq, ölmək və bu həyatdan əlini üzmək istəmir. Əsl müsəlman indiki dəqiqəsi ilə yaşamalıdır. Mən də indi ilə yaşayıram, hər an ölümümü gözümün önünə gətirən adamam. Odur ki, qoca və ya cavan olmağımın əhəmiyyəti yoxdur.

- Keçmiş və ya gələcək üçün darıxırsınız?

- İstər uşaqlıq, istərsə də gənclik illərimi doya-doya yaşamışam. Gənc olanda şıltaq qız, gəlin köçəndə gəlin kimi, ana olandan sonra öz məsuliyyətini duyan qadın kimi yaşamışam. Dörd uşaq anasıyam, həm səhnədə, həm də geyimdə özümü o statusa uyğun aparıram.

- Pisi yaxşıdan ayırmağı öyrənmisiniz, yoxsa insanlar sizi heyrətləndirməyə davam edir?

- Şüurum imkan verir ki, pisi yaxşıdan seçə bilim. Buna baxmayaraq, həyat daim məni təəccübləndirir. Çox rahatlıqla aldanıram, yalan danışmadığım üçün hər kəsi özüm kimi bilirəm.

- Elnarə Xəlilovanı hamımız deyib-gülən xanım kimi tanıyırıq. Ola bilməz ki, şən ovqatı çətin günlərdə də qoruyub saxlayasınız...

- Çətin məqamlarda övladlarımdan və həyat yoldaşımdan güc alıram. Bütün sirlərimi bilən, ən böyük və ən yaxın dostum həyat yoldaşımdır. Digər ailə üzvlərim ondan sonra gəlir. Övlad qadına sonsuz güc verir.

Qarşılaşdığı problemlər yaradıcı bir kəsə daha çox təsir edir, tez həvəsdən düşürsən... Keyfiyyətsiz mahnıya milyonlar, sənin əziyyətlə tapıb oxuduğun mahnılara, klassik sənət əsərlərinə isə 2000-3000 adam güclə qulaq asır. Bu, məni bəzən ciddi-ciddi ruhdan salır. Övladlarım ruhdan düşməyə qoymur, bütün ailəm öz dəstəyini məndən əsirgəmir. Onların mənəvi dayağı və dəstəyi sayəsində ayaqda dura bilirəm.

- Övladlardan söz düşmüşkən, sizi dinləyirlər?

- Yox (gülür). Məni heç saymırlar, yaxşı ki, ataları var. Yoxsa onların əllərində qalardım. Rövşəndən (Həyat yoldaşı - red.) qorxub çəkinirlər, mən uşaqların dostu, sirdaşı mövqeyindəyəm.

- Bu yaxınlarda köhnə mahnılarınızı instaqramda paylaşaraq izləyicilər arasında sorğu keçirmişdiniz. Bu sorğunu keçirməkdə məqsəd nə idi?

- Hesabat idi. Köhnə repertuarı ilk növbədə özüm-özümün yadına salırdım və öyrənmək istəyirdim ki, görəsən, insanlar mahnılarımı xatırlayır.

- İstədiyiniz nəticəni əldə etdiniz?

- Bəli. Birdən-birə hər şey üstümə gəldi, hətta mahnılar yazdırmadığım üçün məni qınayan jurnalistlər oldu. Özümdən şübhələnməyə başladım ki, bəlkə doğurdan da heç bir iş görmürəm. Odur ki, repertuarımda olan bütün mahnıları instaqramda paylaşıb sorğu apardım. Heç bir araşdırma aparmadan Elnarəni ittiham edirlər... Deyirlər ki, məhsuldar deyiləm. Araşdırdım və gördüm ki, kifayət qədər iş görmüşəm.

- Musiqi tarixində iz qoymaq üçün tez-tez mahnı yazdırmaq şərtdir? Məsələn, Akif İslamzadə illərdir ki, oxumur...

- Əlbəttə ki, yox. Maraqlı deyil ki, Akif bəyin fəxri adı var, ya yox. O, bu gün mənim üçün ən yuxarılarda dayanan dəyərli sənətkarlarından biridir.

Sadəcə gündəmdə qalmaqdan ötrü müğənni borcludur ki, dinləyicilərini ildə ən azı bir mahnı ilə sevindirsin. O, vurhavurda, o basabasda bunu etmişəm. Vallah 4 uşaq anası olsam da, hər il mahnı yazmdırmışam.

- Yeni mövsümdə pərəstişkarlarınızı nə ilə sevindirməyi düşünürsünüz?

- Yeni mahnılar yazdırıram, məhərrəmlikdən sonra alınsa, konsert verməyi planlaşdırıram, həmçinin albom buraxmaq fikrim var. Sağlıq olsun, hər birini həyata keçirəcəyəm.

- Yayda Röya ilə aranızda ciddi qalmaqal baş verdi, çoxlu xəbərlər yazıldı. Bu olaylara həyat yoldaşınız nə cür reaksiya verdi?

- Hər zamankı kimi dediyini dedi... “Sənə demişəm ki, işinlə məşğul ol, heç kimlə danışma, heç kimə cavab vermə”, - deyə irad bildirdi. Ümumiyyətlə, Rövşən məni qalmaqallarda görməyi sevmir, bəyənmir. İstəmir ki, belə xəbərlərə cavab verim. İstəməsək də, elə vəziyyətlər yaranır ki, cavab verməsən, olmur. Halbuki, konflikt adamı deyiləm.

- Röya ilə barışacaqsınız?

- Mənə görə hava xoşdur, heç kimlə problemim yoxdur. Bu dəqiqə qapıdan içəri girsə, normal insanlar kimi salamlaşaram. Heç bir neqativim və ya küskünlüyüm yoxdur.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm