Elektron medianın 5 yaşlı qocamanı – REPORTAJ/FOTO
Bizi izləyin

Xüsusi

Elektron medianın 5 yaşlı qocamanı – REPORTAJ/FOTO

Azərbaycanın yerli media orqanları arasında operativliyi ilə seçilən Axar.az saytının 5 yaşı tamam olur.

Publika.az olaraq “Teleqraf Holdinq” Media Qurumunun tərkibinə daxil olan qardaş sayta baş çəkərək, yubileyləri münasibətilə onları təbrik etdik.

Bu gün qonşumuzda ikiqat bayram ab-havası var idi. Qapıdan içəri daxil olan zaman orada “Səni deyirlər” mahnısı ilə son günlərin gündəminə oturan İbrahim Əlizadə bizi qarşıladı. Musiqiçi saytın 5 yaşını özünəməxsus şəkildə məhz elə “Səni deyirlər”i canlı səsləndirərək təbrik etdi.

Müsahibəyə mane olmamaq üçün öncə Axar.az-ın baş redaktoru Anar Niftəliyevlə görüşüb, özəl gün münasibətilə onu təbrik etdik. Sayta öz övladı kimi yanaşan, onun ön sıralarda dayanması üçün gecə-gündüz çalışan baş redaktor təəssüratlarını bizimlə bölüşdü:

“Mənim üçün Axar.az-ın ilk yaşını və bir də bu günü, yəni yubiley yaşımızı qeyd etməyimiz çox önəmli tarixlərdir. Digər yaşlarımızı demək olar ki, ayaq üstə qeyd etmişik. Təsadüfdən bu gün ofisimizə dəvətli qonaqlarımız da sevincimizi bizimlə bölüşdülər. Bu gün kollektivimiz çox sevinclidir. Bu bir tərəfdən bizim işimizə azacıq ziyan vursa da, onların əməyi və Aynur xanımın dəstəyi nəticəsində bu gün beş yaşımızı qeyd edirik. Mən bu kollektivin uşaqlarının hər birini çox istəyirəm. İl boyu gecə-gündüz çalışırlar, zəhmət çəkirlər təbii ki, bir neçə saat əylənmələrinə, bayramlaşmalarına şərait yaratmaq lazımdır”.

Axar.az-ın xüsusi oxucu kütləsinin olduğunu deyən baş redaktor onların maarifləndirici materiallar tələb etdiyini vurğulayır: “Biz də hər zaman çalışırıq ki, oxucularımızın maraq dairəsini diqqətdə saxlayaq və intellektual səviyyəni qoruyaraq sanballı iş ərsəyə gətirək. Ümumilikdə isə mən “Teleqraf” Holdinqin rəhbəri Aynur xanımdan, Axar.az-ın bütün əməkdaşlarından çox razıyam. Eyni zamanda bizimlə birgə fəaliyyət göstərən Publika.az və Teleqraf.com saytlarından da razıyam. Bizim hər birimizin məqsədi, amalı birdir. Ümid edirəm ki, birlikdə holdinqimizin gələcəkdə daha da yaxşı yerlərdə olmasına çalışacağıq. Bir də onu deyim ki, mənim Axar.az-a arzum budur ki, gələn yaşına qədər “AXAR TV” öz fəaliyyətinə başlasın. Hazırda kiçik süjetlərlə fəaliyyət göstərsə də, bu tam olaraq biz istəyən deyil. Çox arzu edirəm ki, bu və digər bütün arzularımızı gələn yaşımıza qədər həyata keçirək”.

Anar müəllimi bir daha təbrik edib yollanırıq saytın Azərbaycan bölməsi üçün çalışıb-vuruşan gənc jurnalistlərin otağına.

Saytın sütunlarından olan redaktor Anar Əhmədova yaxınlaşırıq. Saytın ən qocaman əməkdaşı olan A. Əhmədov bunları deyir:

“Beş ildir Axar.az-da çalışıram. Təbii ki, beş il bir redaksiyada çalışmaq sevindiricidir. Bu illər ərzində ola bilməz ki, iradlarımız olmasın. Amma arzularımız, xoş günlərimiz o qədər çox və yadda qalandır ki, bu bütün kiçik iradları üstələyir. İş yoldaşlarımızı çox istəyirik. Onlarla eyni yerdə çalışmaq gözəldir. Arzu edirəm hər zaman belə birlikdə olaq”.

Turanə Məmmədli də Axar.az-ın sütunlarından biridir və hər gün ofisə hər kəsdən öncə gəlir:

“Hər gün ofisə pozitiv enerji ilə gəlirəm. Bura mənim üçün sadəcə iş yeri deyil, çünki sözün həqiqi mənasında Axar.az-ı ailəm kimi görürəm. Buna görə onun məndə dəyəri çox böyükdür. Bu qədər peşəkar insanların arasında olduğum üçün özümü çox şanslı hesab edirəm. Məndən sonra ofisə dünya siyasətindən yazan əməkdaşımız İlkin gəlir. Gəlib otağa çatmamış dəhlizin o başından “çay var?” deyə soruşur. Axar.az mənə bu dərəcə şirin, şıltaq, mehriban dostlar qazandırıb. Ona arzularım sonsuzdur. Hər zaman oxunaq, onlayn yüksək olsun ki, bizim də kefimiz yaxşı olsun”.

Anar Əhmədovla Turanə Məmmədli otaq yoldaşları olduğu üçün, təxmin edirik ki, çayların çoxunu Anar içir (gülürük).

“Çekirdek ailə” olan Axar.az-ın digər əməkdaşlarını da təbrik edib, ürək sözlərini dinlədik:

“Axar”ın sevimli redaktor sütunlarından bir digəri şair Aqşin Evrən deyir ki, arzu edirəm ki, bu kameralar işləsin və bizim hər günümüz tarixə düşsün:

“Hər gün işdə müxtəlif hadisələr baş verir. İş prosesində bəlkə də digər saytların əməkdaşları yorulur, amma biz əylənirik. İşimizi zövq alaraq edirik. Məsələn, bir neçə il bundan əvvəl bizim bir əməkdaşımızın maraqlı telefon danışığına şahid olmuşduq. Hər zaman qulağımız öyrəşib ki, zəng edib hansısa ictimai siyasi xadimin, gündəmdə olan insanların hal-əhvalını öyrənək. Amma bu dəfə telefonda belə bir dialoqa şahid olduq:

“Müəllim, bəs timsah necədir?”, “Heyvanlar niyə belə pis vəziyyətdədir?”, “Dəvəni gördüm, elə bir vəziyyəti pis idi” və s. Bunları eşidəndə aləm dəydi bir-birinə. O qədər gülmüşdük ki. Sonradan bilmişik ki, əməkdaşımız Zooparkla bağlı mövzu işləyir və danışdığı da oradakı nümayəndələrdən biridir. Təbii ki, zarafat bir yana, istərdim ki, mənə gələn mətnlərdə hərf səhvləri olmasın (gülür). Az çalışmaqla çox iş görə bilək. Günün çoxunu istirahət edə bilək. Amma kapitalizm dövründə bu, mümkün deyil, başa düşürük. Sovet dövrünü yaşamış insanlar həmişə deyirdilər ki, bilirsiniz biz gündüz oxuyub axşam işləyirdik. Kaş biz də gələcək nəsillərə deyə bilək ki, biz gündüz həm işləyib, həm əylənirdik. Doğrudan da gün ərzində bir-birimizlə etdiyimiz zarafatları rahatlıqla televiziyaya çıxarıb camaatı güldürmək olar (gülür). Zarafatımız öz yerində, ciddiyyətimiz və işimiz öz yerində”.

Saytın siyasi xəbərlər üzrə əməkdaşı İlkin Həsənov isə işi ilə əlaqədar olaraq hər gün müxtəlif ölkələrdə olduğunu deyir:

“Dünyanın siyasət xəbərlərini yazıram. Odur ki, gündəmə uyğun olaraq gün ərzində dünyanın müxtəlif ölkələrini "gəzirəm". Arzum budur ki, mənə hər gün dörd saat ayrı otaqda, dörd saat da burada işləməyə izn versinlər (gülür). Arzum budur ki, ofisdə həm analitik, həm də siyasət yazan jurnalistlərin şirin, balaca bir otağı olsun. Daha yaradıcı olmaq üçün hətta bu istiqamətdə səhifə və ya saytın bir qolunu yazmaq olar. Aqşinin və digər əməkdaşlarımızın dediklərinə qoşuluram. Buradan keçmiş axarçıları da təbrik edirik. Yolu Axar.az-dan düşən bütün jurnalistlərin beş yaşı mübarək. Buradan sizin vasitənizlə keçmiş əməkdaşımız Ülkərə salam göndərirəm (gülür)”.

Bayan Nigar isə kollektivin hər zaman belə mehriban qalmasını, ofisin isə şəhərin mərkəzinə köçürülməsini arzu edir:

“İstərdim ki, redaksiyamız mərkəzə daha yaxın yerlərə köçürülsün. Mən keçmiş Azərbaycan Beynəlxalq Universitetində təhsil almışam, daha sonra da bu təhsil ocağına yaxın yerləşən yerə işə gəlmişəm. Ömrüm bu yollarda keçib (gülür). Yolumuz uzaqdır, ictimai nəqliyyatın qiyməti qalxıb deyə, bir az sərf eləmir. Axar.az-ı çox sevirəm. Anar müəllim əməyimizi dəyərləndirir. Hər zaman layihələrimizi dinləyib, bizə dəstək olur. Biz də çalışırıq ki, daim onun gözləntilərinə cavab verək. Kollektivimizin köhnə üzvlərini qeyd etməsəm, yaxşı olmaz: Nilufər, İsmi, Tural, Şəmsəddin, Natiqin adını çəkməyi özümə borc bilirəm. Çünki onlarla birgə çox əyləncəli günlərimiz keçib. Bura mənim üçün ikinci ev kimidir”.

Aygün Yusubova gələcəkdə Axar.az-ın Norveçdəki xüsusi müxbiri olacaq, demədi deməyin:

“Axar.az-a illərdir əmək verirəm. Hər birimiz burada çiyin-çiyinə çalışırıq ki, saytımız daha da böyüsün, təkmilləşsin. Hətta gələcəkdə Azərbaycan mediasında öz sözünü demiş bir agentlik olsun. İmkan olsa, Axar.az-ın Norveçdə nümayəndəliyi açılsın və məni ora ezam etsinlər (gülür). Bu ən böyük arzularımdan biridir”.

Firuzə Vahidqızı saytın gənc əməkdaşlarından biri olsa da, ən sevimlilərindəndir:

“Jurnalist kimi ilk dəfə Axar.az saytında fəaliyyətə başlamışam. Uşaqlarla çox yaxşı yola gedirik. Bir-birimizə dəstək oluruq. İlkin üçün bunu deyə bilməyəcəm, çünki həmişə bir şey olan kimi deyir “Firuzənin də adın yazın, bir yerdə “pazor” olaq” (gülür)”.

Nərmin Əkbərli hədiyyələri bol olan jurnalistlərdən biridir:

“Bizim üçün yaradılan şəraitə görə rəhbərliyimizə çox sağ olun deyirəm. Bu günə qədər hər kəs bir-birindən razı olub. Ümid edirəm ki, bu, belə də davam edəcək. Uğurlarımız da adımız kimi axarlı olacaq”.

Orxan Tağıyev özünü hər kəsin işinə yarayan unikal jurnalist hesab edir:

“Mən bu gördüyünüz uşaqların bütün əziyyətini çəkirəm. Bu redaksiyaya mənim qədər əlidolu gələn ikinci insan yoxdur. Çox çörəkverən insanam. Hətta yaxınlıqdakı mağazada məni “kuryer” kimi tanıyırlar. Hər gün bu uşaqların qidalanmasına mən cavabdehəm”.

Saytın ərəb əlifbası ilə dərc olunan bölməsində çalışan Əlirza Zamani Axar.az-ın dəyərindən danışdı:

“Ərəb əlifbası ilə Azərbaycan dilində yazılan xəbərlərin ilk müəllifi məhz Axar.az saytıdır. Bu sayt ona görə mənə əzizdir ki, mənim bütün ailəm, yaşadığım və gəzdiyim şəhərdəki insanlar, qohumlarım, dostlarım məhz bu sayt vasitəsilə yazdıqlarımı oxuyur. Hazırda 4 əməkdaşla fəaliyyət göstəririk. Arzu edirəm kollektivimiz böyüsün. 10, 20, 50 illiyimizi qeyd edək. Bu bölmə sayəsində indi ən az 40 milyon azərbaycanlı da vətəni ilə bağ qura bilir. Bu uğura görə Axar.az-ı təbrik edirəm”.

Axarın ərəb əlifbası üzrə çalışan gənc əməkdaşlarından biri də Aytac Araz ilk iş yerində bir neçə gün sonra 3 ilini qeyd edəcək:

“Mən burada doğmalıq gördüm. Ailə, kollektiv olmağı öyrəndim. Bura başqa dünyadır”.

Daha bir əməkdaş Aynurə xanımdır. O da Ərəb əlifbası ilə hər gün oxuculara maraqlı informasiyalar yazır:

“Güney Azərbaycan əhalisi üçün yazılar hazırlayırıq. Hazırda mənə Axar.az-ın ən gənc əməkdaşı deyirlər. Birlikdə çalışırıq ki, oxucularımız üçün faydalı ola biləcək yazılar yazaq. Maarifləndirici məqalələr olsun. Bu gün əski əlifba ilə yalnız bizim saytda yazılar gedir. Bu özü də çox böyük uğurdur”.

Saytın Rus və İngilis versiyaları da fəaliyyət göstərir. İngilis bölməsində çalışan uşaqların sevimli redaktoru Rəfiqə Məmmədzadə hər kəsi təbrik edərək başda ingilis versiyası olmaqla Axar.az saytına uğurlar arzulayır:

“Saytın ingilis versiyası hələ çox yenidir. Qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, özünün oxucu kütləsi var. Arzu edirəm ki, Azərbaycan mediasında Axar.az-ın qazandığı uğurlar qədər ingilis versiyası da uğurlu olacaq. Maraqlı layihələr, uğurlar hələ qabaqdadır”.

Rus versiyasının redaktoru Ruslan Qasımov 4 ildir ki, Axar.az-da çalışdığını deyir:

“Rus versiyası dörd ildir fəaliyyət göstərir. Mən başqa saytda çalışırdım. Axar.az-ın rus versiyası açılan gündən buradayam və işimə həqiqətən can yandırıram. Mən ona öz balam kimi yanaşıram. Təklif edirəm ki, Axar-ın bütün versiyaları genişlənsin. Böyük ailə kimi birlikdə bol-bol uğurlar qazanaq”.

Axar Tv üçün dəvət olunan xanım-xatın Sevinc Xanqızı isə bu sayt sayəsində vətəndə qaldığını deyir:

“Mənim bu şirkətdə işə başlamağımın altı ayı tamam olsa da, bu, həyatımın dönüm nöqtəsi oldu. Çamadanım dəhlizdə gözləyirdim ki, maşın gələcək və mən ölkədən getmək üzrə yola düşəcəyəm. Lakin zəng gəldi və belə bir layihə təklif edildi. Mən də razılaşdım və buraya gəldim. Süjetlər, köşələr, maraqlı layihələr və televiziya aparıcısı olaraq çalışmağa başladım. Belə-belə davam edirik. Mən də təbriklərə qoşuluram, bizi təbrik edirəm. Uğurlarımız bol olsun”.

Biz də Axar.az kollektivini təbrik edir, daha böyük uğurlar arzulayırıq!

Könül Cəfərli,

Foto: Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm