Çinarə Məlikzadə məşhur aktyorla filmə çəkildi: "Ad günümdə mənə..." - MÜSAHİBƏ\FOTO
Bizi izləyin

Xüsusi

Çinarə Məlikzadə məşhur aktyorla filmə çəkildi: "Ad günümdə mənə..." - MÜSAHİBƏ\FOTO

Müğənni Çinarə Məlikzadə Mehrdad Qafarzadənin rejissorluğu ilə “Bana bir aşk şarkısı söyle” adlı Türkiyə və İran ortaq istehsalı olan filmdə çəkilir. Layihədə Türkiyənin məşhur aktyorlarından Yusuf Çim, Ali Burak Ceylan, Hazal Türesan, Ayşen İnci, Semra Dinçer, iranlı aktyorlardan isə Məcid Müzzəffəri, Pejman Bazegi, Bahareh Afşar və başqaları rol alır.

Filmdə “Ada” obrazını canlandıran Çinarə Məlikzadə layihə haqqında təəssüratlarını Publika.az-a bölüşüb. Müğənni bildirib ki, "Kara Sevda" serialından sonra böyük populyarlıq qazanan Ali Burak Ceylan filmdə onun tərəf müqabili olacaq.

- Necə oldu ki, sizə belə bir təklif gəldi?

- Əslində bu, il ərzində iştirak etdiyim ikinci filmdir. Rejissoru İlham Qasımov olan ilk film komediya janrındadır. Elməddin Cəfərov, Kəmalə Piriyeva və Ziya Ağa tərəf müqabillərim oldu. Tezliklə izləyicilərimiz bu maraqlı filmə baxa biləcək.

Məhz həmin filmin çəkilişləri zamanı Bakıda məni kəşf edən iranlı prodüserlər ikinci bir filmdə də çəkilməyi təklif etdilər. Ssenari ilə tanış olduqdan sonra məmnuniyyətlə razılaşdım.



- Film nədən bəhs edir? Rolunuz haqqında qısa məlumat verərdiniz.

- "Bana bir aşk şarkısı söyle" adlanan film sevgi-melodram janrındadır. İran-Türkiyə ortaq istehsalı olan bu filmdə hər iki ölkənin məşhur aktyorları rol alır. Azərbaycandan təkcə mən çəkilirəm. Film iki dostun - Hakan və Emrenin çətinliklərlə mübarizəsindən danışır. Burada Hakanın öz sevgilisi Ada ilə yaxşı səsi olan Emreni videoya çəkib televiziya kanallarından birindəki yarışmaya göndərmələri nəticəsində onların birdən-birə tanınması və həyatlarının dəyişməsi təsvir olunub. Lakin bu məşhurluq Emreye ağır xəstəlikdən əziyyət çəkən anasını xilas etməyə kömək olmur. Emrenin anası konserti zamanı dünyasını dəyişir.

Mən baş rollardan biri olan Ada rolunu ifa edirəm. Ada da Hakan və Emreyle birlikdə Emrenin anasının sağalması üçün ona baxır və əlindən gələni edir. Ada eyni zamanda gözəl səsi olan bir qızdır. Qalanı izləyicilərimiz üçün sürpriz olaraq qalsın...

- Belə bir layihədə iştirak etdiyiniz üçün həyəcan hiss edirsiniz?

- Bəli, çox həyəcanlıyam. Məncə, insan istənilən işi yerinə yetirəndə müəyyən dərəcədə həyəcanlı olur. Bu, məsuliyyət əlamətidir. Əslində İncəsənət Universitetinin aktrisalıq fakültəsini bitirdiyim üçün filmlərdə rol almağı çox sevirəm. İndiyə kimi bir çox filmdən təklif alsam da, ssenarini oxuduğum zaman həyəcanlanmırdım. Odur ki, razılıq vermirdim. Bu filmin ssenarisi və bütün heyəti məni həyəcanlandırdı.



- Rejissor sizi hansı xüsusiyyətinizə görə seçib?

- Rejissorun dediyinə əsasən ssenari yazılanda artıq məni çəkməyi düşünürmüşlər. Deyim ki, Ada obrazı gözəl səsi olan xanımdır. Mən isə musiqiçiyəm, şübhəsiz ki, bu amilin payı var. İlham Qasımovun filmində oynadığım rol iranlı prodüserlərə müsbət təsir edib. Yeri gəlmişkən, yaradıcı heyət İranda mənə və sənətimə qarşı böyük bir sevginin olduğunu bildirdilər. Bunlar hamısı onların seçimlərinə təsir göstərib.

- Aktrisa kimi ilk böyük işinizdir?

- Xeyr, ilk işim deyil. Yuxarıda da qeyd etdiyim kimi bir çox filmlərdən təklif gəlirdi, ancaq mən ikisini seçmişəm. İlk filmim Azərbaycanda İlham Qasımovun rejissorluğuyla, eləcə də Elməddin Cəfərov, Kəmalə Piriyeva, Ziya Ağa və mənim baş rollarını paylaşdığımız film idi. Komediya janrında olan o filmin çəkilişləri Bakıda və İranda baş tutub. Bu film inşallah tezliklə izləyicilərimizə təqdim olunacaq. Səbirsizliklə təqdimat gününü gözləyirəm.

- “Bana bir aşk şarkısı söyle” filminin çəkilişləri başlayıbmı? Qazandığınız təcrübəni bizimlə bölüşərdiniz.

- Bəli, çəkilişlər İstanbul şəhərində başlayıb. Burada hər şey çox peşəkarcasına ölçülüb, biçilib və planlaşdırılıb. İstanbul çəkilişləri bir ay davam edəcək. Daha sonra İrandakı çəkilişlər başlayacaq. Filmin setində böyük heyət çalışır. Hər kəs öz işinin öhdəsindən məharətlə gəlir. Hamı çox mehribandır. Azərbaycandan təkcə mənim olmağıma baxmayaraq, burada darıxmıram. Bütün heyət tərəfindən çox hörmətlə qarşılandım. Hətta oktyabrın 11-də ad günümdə mənə setdə sürpriz etdilər, tortu bütün aktyorlarla birlikdə kəsdik. Bir sözlə, hər şey əladır.

- Bildiyim qədəriylə tərəf müqabiliniz "Kara Sevda" serialından tanıdığımız xarizmatik aktyor Ali Burak Ceylandır.

- Bəli, onunla sevgili rollarını ifa edirik. Ali çox istedadlı aktyor və və istiqanlı insandır.



- Layihənin Bakıda qala gecəsi baş tutacaqmı?

- Bəli. İstanbulda və Bakıda bir, İranda isə üç qala gecəsi nəzərdə tutulub. Məşhur aktyorlar Yusuf Çim, Ali Burak Ceylan, Hazal Türesan, Ayşen İnci, Semra Dinçer, Məcid Müzəffəri, Pejman Bazegi, Bahareh Afşar və digər tanınmış sənətkarlar Bakının qonağı olacaq. Həyəcanlı olsam da, inanıram ki, həm iranlı, həm türk, həm də azərbaycanlı tamaşaçılar filmi böyük maraqla izləyəcək.

- Çinarə xanım, müsahibə üçün minnətdaram. Daha böyük uğurlarınızdan yazmaq ümidiylə...

- Sizə də çox təşəkkürlər. Dəstək olan hər kəsə, bu işləri işıqlandıran bütün dostlarımıza minnətdaram. Sağ olun.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm