Everesti fəth edən ilk azərbaycanlı İNANILMAZ FAKTLARI AÇDI: Dağın zirvəsində cinlər və ruhlar...
Bizi izləyin

Xüsusi

Everesti fəth edən ilk azərbaycanlı İNANILMAZ FAKTLARI AÇDI: Dağın zirvəsində cinlər və ruhlar...

Publika.az-ın müsahibi uzun müddət Azərbaycan Alpinizm Federasiyasının prezidenti olmuş, dünyanın ən yüksək zirvəsi sayılan Everesti və Şimal qütbünü fəth edən ilk azərbaycanlı alpinist İsrafil Aşurlıdır.

- İsrafil bəy, bildiyimə görə, Everest ətrafında Şerp adlı azsaylı xalq yaşayır. Genetik cəhətdən dağ şəraitinə alışdıqları üçün hündürlüyə bizdən daha rahat qalxırlar. Və Everesti fəth etmək istəyənlərin ən sadiq yol yoldaşıdırlar. Bəs siz zirvəyə qalxarkən yerli xalqın yardımından yararlanırdınız?

- Şerplər Nepalın dağlıq ərazilərində yaşayan xalqlardan biridir. Onların kəndləri 3000 metrdən 5000 metrədək yüksəkliklərdə yerləşir. Yaşayış məntəqələri arasında istifadə olunan nəqliyyat vasitələri və yollar bizim tanış olduğumuz, öyrəşdiyimiz kimi deyil. Misal üçün Katmandudan çox da böyük olmayan təyyarə ilə kiçik şəhər olan Luklaya (2860 m) çatmaq olar və Lukladan sonrakı bütün qəsəbə və kəndlər Everestin ətəyinə qədər yalnız dağ cığırları ilə bir-birinə bağlıdır. Bu yaşayış məntəqələri arasında yükləri ya yaklar, ya da şerplərin köməyi ilə daşıyırlar. Şerplərin qadınlarına şerpani, kişilərinə isə şerpa deyilir, onlar cinsindən asılı olmayaraq uşaqlıqdan ağır işlər görməyi öyrəşdiriliblər. Dağ cığırları ilə gedən zaman siz kəndlər arası yük daşımaqla məşğul olan müxtəlif yaşlarda uşaqlara, qocalara, kişi və qadınlara rast gələ bilərsiniz. Dağlarda uzun müddət yaşadıqları üçün çətin şəraitdə, aşağı atmosfer təzyiqi, oksigen çatışmazlığında da fiziki iş görən şerplər, tez adaptasiya və hündürlükdə yüksək əmək qabiliyyətinə malik olmaq kimi unikal keyfiyyət əldə ediblər. Adi insana saatlarla vaxt ehtiyac olduğu yerlərdə, şerplərə dəqiqələr kifayət edir. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Avropadan olan alpinizim ekspedisiyalarının təşkilatçıları şerplərdən yalnız yük daşıyan kimi istifadə edirdilər. Onların zirvə yürüşlərində iştirak edib dağlara dırmanmaq bacarıqları, bundan əlavə zirvəyə çıxmaq arzuları da yox idi. Şerplərin böyük hissəsi mistisizm və şamanizm elementləri ilə tibet buddizminə ibadət edirlər. Onlar dağların zirvələrində ruhların, cinlərin və ya tanrıların yaşadığına inanırlar. Buna görə də uzun müddət dağ zirvələrinin rahatlığını pozmağa cəsarət etmirdilər. Amma bir çox gənc şerp üçün ekspedisiyalarda iştirak etmək bütün ailənin yeganə qazanc mənbəyi olduğuna görə, məcbur olub ekspedisiya yüklərini dağın ətəyinə yalnız gətirməklə deyil, həmçinin yükləri hündürlükdəki düşərgələrə daşımaqla, marşrutu qurmaqda, açmaqda və başqa işlərdə alpinistlərə yardım edirdilər. Bu minvalla şerplər dağ zirvəsinə qalxan alpinistlərin bələdçisinə çevrildilər.

- Dediniz ki, onlar dağ zirvələrində cinlərin, ruhların yaşadıqlarına inandıqları üçün tam yüksəkliyə qalxmırdılar. Bəs bununla dini inanclarına qarşı çıxdılar?

- Buna görə də şerplər dağa çıxmazdan öncə “Puca” dini mərasimini icra edirlər. Bunun üçün düşərgəyə lamanı, yəni o ayini gerçəkləşdirən insanı dəvət edirlər. 2014-cü ildə Kxumbu buzlağında dağıntı baş verdi və orada alpinistlər üçün marşrut hazırlayan 16 şerp həlak oldu. Bu, böyük bir faciə idi. Həmin il bu faciəyə görə Nepal hökuməti bütün Everest yürüşlərini ləğv etdi. Şerplər danışırdılar ki, bu, onların Comolunqma yəni “Dünya Anası”, “İlahə Ana” adlandırdıqları müqəddəs dağın rahatlığını pozduqlarına görə bir cəza idi. 2007-ci ildə Everest zirvəsinə çıxan zaman, mən süni oksigendən istifadə etdim və bizim beynəlxalq ekspedisiyamızın hər bir üzvü kimi mənim də, şerp bələdçim var idi. Şerplər bizə aralıqda olan düşərgələrin qurulmasında yardım edir və bizim üçün marşrutda yol açırdılar. Bütün sonrakı Himalay ekspedisiyalarımı mən şerplərdən istifadə etmədən təşkil edib həyata keçirdim. Belə ekspedisiyaları biz idman üsulunda olan qısaca idman ekspedisiyası adlandırırıq. Bu, o deməkdir ki, alpinistlər heç bir əlavə kömək olmadan marşrutu qururlar, yol açırlar və adətən yürüş zamanı əlavə oksigen istifadə etmədən dırmanırlar. 2011-ci ildə hündürlüyünə görə dünyanın 3-cü ən yüksək zirvəsi Kançencanqaya (8586 metr) yürüş zamanı, bizim idman ekspedisiyamız marşrutda lider idi. Biz mövsümdə zirvəyə birinci marşrutu açdıq və kəndirləri asdıq ki, yuxarı dırmanmaq üçün şerplər və arxamızca gələn kommersiya ekspedisiyalarının iştirakçıları da istifadə etsinlər.

- Alpinistin karyerası neçə il davam etməlidir?

- Alpinizmdə karyeranın müddəti tamamilə alpinistin özündən asılıdır və burada iki şey vacibdir: sağlamlıq və arzu. Karyerası çox uzun sürən alpinistlər də az deyil. Misal üçün yaponiyalı Yuiçiro Miura 80 yaşında Everest zirvəsinə qalxıb. Onun hazırda 86 yaşı var. Cənubi Amerikanın ən hündür zirvəsi olan Akonkaqua (6960m) yürüşünə hazırlaşır, ispaniyalı Karlos Soria tarixdə ən yaşlı insan kimi 60 yaşından sonra bu səkkizminlik zirvələrə: K2 (65 yaşında), Broud Pik (68 yaş), Makalu (69 yaş), Qaşerbrum 1 (70 yaş), Kançencanqua (75 yaş), Annapurna (77 yaş) qalxıb. Bu məsələdə ruslar da geridə qalmır. Boris Korşunov (83 yaş) hansı ki, hər il Elbrus (5642m) və Lenin (7134m) zirvəsində keçirilən zirvəyə sürətlə qalxma yarışlarında iştirak edir və hətta gənc alpinistləri geridə qoyur. Mənim birinci müəllimim Vladimir Nikolayeviç Şatayev bu il həm Nepalda, həm də Elbrusun zirvəsində olub.

- Necə düşünürsünüz, bu peşədə də gender bərabərliyi pozulur?

- Təbii ki, kişi alpinistlərin sayı qadınlara nisbətən daha çoxdur. Lakin planetin ən yüksək zirvələrinə çıxan alpinistlər arasında qadınlarda az deyil. Əgər yüksəklik alpinizmi – hündürlüyü 7000 metrdən yuxarı olan zirvəyə qalxmaq barədə danışırıqsa, o zaman qadın orqanizminin oksigen çatışmazlığı şəraitində aşağı temperaturla mübarizə aparması daha çətindir. Şəxsən mən yüksək dağlara ciddi gedən və güclü motivasiyalı, əla fiziki idman hazırlığına malik bir neçə qadınla tanışam. Amma obyektiv olsaq, dağlarda ən çətin və təhlükəli işləri kişi alpinist yerinə yetirir.

- Maraqlıdır, ən uğurlu karyera quran alpinistlər hansı ölkələrdən çıxır?

- Müxtəlif dövrlərdə fərqli ölkələrdən olan alpinistlər yüksək nailiyyətlər göstəriblər. Ənənəvi güclü alpinistlər Alp dağlarına yaxın olan ölkələrdən çıxıblar, eləcə də Böyük Britaniya, Polşa, Sloveniya, İspaniyanı göstərmək olar. Ən güclülərsə, keçmiş SSRİ alpinistləri sayılırdılar ki, onlar da hazırkı ruslar, qazaxlar, qırğızlar və ukraynalılardır. Okeanın o tayında isə ABŞ və Kanada alpinistlərini sadalaya bilərik.

- Yüksəklik, sazaqlı dağ havası hansı xəstəliklərə yol açır?

- Ekstremal yüksəkliklərdə alpinistlər ağciyərlərin ödəmi (ağciyərlərə maye yığılır), beyin ödəmi (beyinə maye yığılır), ürək çatışmazlığı xəstəliklərinə tutula bilərlər. Bütün bu xəstəliklər yüksəklikdə çox tez baş verir. Qısa bir zamanda onların əlamətlərini müəyyən edib lazımi tədbirlər görülməsə, adətən alpinistlər həlak olurlar.

- Bəs yatmaq, qidalanmaq, ən təbii ehtiyacları ödəmək necə? Bu haqda danışaqmı?

- Dağlarda həyat çox ağırdır. Marşrutda işləyən zaman sizin rahatlığınız və qidanız məhduddur. Siz soyuğa, yüksəkliyin təsirinə, oksigen çatışmazlığına dözməli və dırmandığınız marşrut üzrə işləməlisiniz. Bu, elə də asan deyil. Mən yeni başlayan alpinistləri öyrədən zaman tez-tez onlara deyirəm ki, alpinizm ilk növbədə dözüm və səbir etmək bacarığıdır. Marşrutun çətinliyinə, ağır fiziki fəaliyyətə, narahatlığa, komanda yoldaşları ilə ünsiyyətin psixoloji aspektlərinə dözməkdən danışıram. Dırmanma zamanı siz bir döyüş tapşırığında olursunuz və səhv buraxmamalısınız. Dağlarda xırda bir səhv insana çox baha başa gəlir.

- Alpinistin adi günü necə başlayır?

- Zirvə yürüşlərinə adətən çox erkən, bəzən isə gecə çıxmaq məcburiyyətində oluruq. Bu müxtəlif səbəblərlə bağlı ola bilər. Məsələn, marşrut zamanı daş və ya qar uçqunlarına düşməmək üçün günəş doğmamışdan öncə çıxmaq daha təhlükəsizdir. Bu, həmçinin qaranlıq düşənə qədər zirvədən qayıtmaq baxımından da doğru addımdır.

- Peşənizi Tanrıya uzanan yol adlandıra bilərik?

- Dağlar mənə çox şey verdi. Onlar insanın özünü inkişaf etdirmək, qabiliyyət və bacarığına inamını artırmaq üçün əvəzsizdir. Hətta dağlar məni imana gətirdi, etibarlı və sadiq dostlar qazandım. Dağlar mənə heç bir şeylə müqayisə olunmayan azadlıq hissi verdi. Dağlar mənə dözümlü olmağı və çətinliklərin öhdəsindən gəlməyi öyrətdi. Dağlar məndən daim bilik almağı və təcrübəmlə bölüşməyi tələb edir. Dağlar məni mükəmməlləşdirdi. Dağlar mənim həyatımın böyük bir hissəsidir.

- Dağların sizi ölümlə üz-üzə qoyduğu anlar da oldu, elə deyil?

- Əlbəttə, mən həqiqətən də bir neçə dəfə çox təhlükəli vəziyyətdə olmuşam. Amma əksi də olub. 2013-cü ildə Nanqa Parbat ekspedisiyası zamanı bizim ana düşərgəmiz terrorçular tərəfindən hücuma məruz qaldı. 10 alpinist və 1 yerli sakin güllələnib qətlə yetirildi. Gecə hücum zamanı, bizim yuxarıdakı düşərgələrdən birində 6200 metrdə olmağımız məni və ekspedisiya yoldaşlarımı xilas etdi. Həmin an dağ bizi qaçılmaz ölümdən qurtardı. Bakıya qayıdanda dostlarımdan biri mənə dedi ki, Tanrı səni bu həyatda daha böyük işlər görmək üçün saxladı. Bunu unutma! 2014-cü ildə digər səkkizminlik olan Şişapanqmaya yürüş zamanı 6800 metr yüksəklikdə məndə ağciyərin sətəlcəmi başladı və qısa zamanda ağciyərlərin ödəminə keçdi. Əsas o idi ki, vaxtında xəstəliyin diaqnozu qoyuldu. Kritik duruma və çoxlu güc itkisinə baxmayaraq sağ qaldım. Belə hallar baş verən zaman, xəstə təcili şəkildə aşağı evakuasiya edilməlidir. Təəssüf ki, bizim ekspedisiyanın ərazisində heç bir helikopter yox idi və enməni özümüz həyata keçirməli olduq. Dağ yoldaşım Firuz Dadaşov daim yanımda idi. Digər dostum Azərbaycan mənşəli İran alpinisti Əzim Qeyçisaz düşərgədə mənə lazımi tibbi yardım göstərməyi bacardı. Evə qayıtdıqdan sonra elə həmin vaxt Himalayda Ama Dablam zirvəsinə yürüş zamanı rusiyalı alpinistlər İvanitskiy və İqolkinin daha aşağı hündürlükdə eyni xəstəlikdən, ağciyərlərin ödəmindən həlak olduqlarını öyrəndim. Bəlkə də onlara kifayət qədər vaxt və gücü çatmadı ki, xilas olsunlar. Mənim üçün ekspedisiyalardakı olan uğursuzluqlarım heç də qazandığım qələbələrdən az əhəmiyyətli deyil. Məhz mən sağ qaldımsa, deməli bu, mənim üçün gələcəkdə faciədən qaçmağa imkan verəcək əvəzolunmaz təcrübədir. Yaxınlarımızı və dostlarımızı itirmək ağırdır. Təəssüf ki, bu da qaçılmazdır.

- Ötən il üç gənc alpinistimizin başına gələn faciə hamımızı sarsıtdı...

- Bir daha həlak olan uşaqların yaxınlarına və ailələrinə başsağlığı diləyirəm. Təəssüf ki, alpinizmdə hərdən ölüm hadisələri olur. Yeni başlayanlar da, peşəkarlar da həlak olur. Dağlara gedən hər kəs yadda saxlamalıdır ki, dağlar sakitliyinə baxmayaraq elə yerdir ki, orada istənilən an faciə baş verə bilər. İnsanların dağlara getməyinə və dırmanmalarına qadağa qoymaq olmaz. Belə halların yenidən təkrarlanmaması üçün nə edilməli olduğuna diqqət yetirmək lazımdır. Faciənin qarşısını almaq üçün elə etmək lazımdır ki, bir neçə dəqiqə ərzində yardım göstərilsin. Asan deyil, lakin bunu etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, baş verən faciələrin kökündə əksər zaman insan amili durur. Texniki və fiziki hazırlığın yetərli olmaması, səhv qərarların qəbul edilməsi, dağlara dırmanan zaman alpinizm qaydalarının pozulması, xəstəliklər və digər halları sadalaya bilərəm. Alpinistin hazırlıq səviyyəsi onun dağlarda qarşısına qoyduğu tapşırıqlara, məqsədlərə uyğun olmalıdır. Zəif təlim keçmiş və hazırlıq səviyyəsi aşağı olan insanlar həm özləri, həm də digərləri üçün təhlükəli vəziyyət yarada bilərlər. Belə vəziyyətə düşməmək üçün davamlı olaraq hazırlıq səviyyəsini artırmaq lazımdır.

- Bu hallar baş verməsin deyə hansı tədbirlər görülməlidir? Yoxsa həyat təhlükəsi işinizin ayrılmaz parçasıdır?

- Həmin alpinistlərin hazırlığı düzgün və sistemli deyildi. Baş verən hadisə, mən və dostum Firuz Dadaşov üçün öz alpinizm klubumuzu yaratmaq barədə qərar verməkdə başlanğıc nöqtəsi oldu. Biz bu klubda uşaqlarla təlim-məşqlər keçirib, alpinizmlə məşğul olduğumuz və uzun illər ərzində qazandığımız təcrübəni bölüşə biləcəyik. İlk addımımız Rusiyada alpinizm üzrə Mərkəzi Təlimatçılar Məktəbində (MTM) təhsil almaq oldu. Rusiya alpinizm üzrə təlimatçıların hazırlanmasında liderdir və rus alpinistləri çox güman ki, dünyada ən güclü alpinistlərdəndir. MTM kökü ilə SSRİ dövründə tətbiq olunan məşqçi-müəllim kadr hazırlığı olan unikal bir sistemə söykənir və hazırda alpinizm üzrə təlimatçı hazırlığında ən yaxşı proqramları özündə biləşdirir. Bu məktəb Beynəlxalq Alpinizm Federasiyası UIAA tərəfindən təsdiqlənib. Dediyim kimi, kimisə öyrətməzdən əvvəl biz öz təhsilimizdən başladıq. 2018-ci ilin iyun ayında müsahibədən keçərək MTM-nə kursant kimi daxil olduq. Bir ay ərzində müasir dövrümüzün ən güclü alpinistlərindən biri, əməkdar idman ustası Andrey Mariyev və MTM-nin kanadalı kuratoru Ronald Uaythedin rəhbərliyi altında intensiv təlimlər keçdik. Buraxılış imtahanlarını uğurla verib, sonrakı iki ay ərzində alpinist-təhsil idman bazası “Bezenqi”də tərübəçi-təlimatçı kimi çalışdıq. Bu təcrübənin sonunda 38 nəfər “Rusiya Alpinisti” proqramını yerinə yetirdi. Tələbələrimizin bir çoxu 2019-cu ildə rəhbərliyimiz altında təhsillərini davam etmək istəyirlər. Sentyabr ayında bizə alpinist təlimatçı adı verildi. Firuz ilə bizim üçün əsas məqsəd peşəkar Azərbaycan alpinistləri yetişdirməkdir. Fevral ayında bizim Azərbaycan Alpinizm Klubumuz ilkin təlim qruplarına qəbulu başlayır. Ümid edirik ki, təlimlərdə maksimum məhsuldarlıqla paylaşacağımız biliklər və dağlarda qazandığımız şəxsi təcrübəmizi bölüşməklə, istəyən hər kəsin alpinizmdə öz yoluna başlamasına yardım edəcək.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm