Xüsusi
"Şaban"ın oğlu atası ilə bağlı bunları ilk dəfə açdı: Azərbaycanda gördüyüm qəlbimə çox toxundu - Özəl MÜSAHİBƏ
Azərbaycan və Türkiyə aktyorları növbəti layihədə bir araya gəlirlər. “Hərəkət səkkiz” adlanan filmdə bir sıra sevilən aktyorları görə biləcəyik. Ali Yongançıioğlunun rejissorluğu ilə baş tutacaq filmi DADA Vision ekranlara çıxaracaq. Filmin Azərbaycan tərəfdaşı “Aranfilm” yaradıcılıq mərkəzinin komandası, xüsusilə bədii rəhbəri Tahir Tahiroviçdir.
Çəkilişləri Bakıda davam edən filmin Türkiyədən təşrif buyurmuş aktyorları arasında Əli Sunal da var.
Gərgin çəkiliş qrafikinə rəğmən, Türkiyənin sevimli komiki Publika.az-a müsahibə verməkdən çəkinmədi.
- Biz uşaq ikən türk serialları bu qədər geniş vüsət almamışdı. Amma TRT kanalından seriallar izləyirdik. Onlardan biri də “Ən son babalar duyar” adlanırdı. Sizi o dizidən tanıdım. “Şaban”ın oğlu olduğunuzu öyrənəndən sonra isə ikiqat doğma oldunuz mənə... bizə... hamıya...
- Məncə, iki yox, beş, on, hətta daha artıq...
- Əlbəttə.
- Əvvəllər sosial media bu qədər həyatımıza girməmişdi. Amma artıq azərbaycanlı doğmalarımdan o qədər gözəl mesajlar alıram ki, Bakıya çəkilişə gələcəyimizi öyrənəndə çox sevindim. Burada özümə qarşı böyük sevgi hiss edirəm. Qarşılıq vermək borcumdur. Bu marağa, diqqətə layiq olmaq gərəkdir.
- Söylədiyiniz kimi, sizi sevirik, amma atanız Kamal Sunal bizim qəlbimizdə taxt qurub. Baxmayaraq ki, rus kanalları, nağıl və film qəhrəmanlarını daha çox izləyirdik, Şaban bizim üçün toxunulmaz bir obraz idi...
- Bu yaxınlarda bir şey öyrəndim. Mənə dedilər ki, Azərbaycan televiziya kanallarında yayımlanan bütün türk filmləri dublyaj olunur. Yalnız atamın səsinin üzərinə dublyaj etmirlər.
- Doğru eşitmisiniz.
- Demək ki, atam xalqınıza o qədər doğma, yaxındır ki, onun səsini orijinaldan, özündən dinləmək istəyirsiniz. Bu, yaxşı mənada, mənim qəlbimə çox toxundu.
- Atanız bizim saf, təmiz duyğularımızın səsidir. Yəqin, bu saflığa zərər gəlməsin deyə dublyaja ehtiyac duymamışıq.
- İnanın mənə, o, mələk idi.
- Əli bəy, sizi şəxsən tanımıram. Amma gözlərinizdən atanızdan miras qalan məsumluq var. Özünüzü məsum sayırsınız?
- Bəzən əsəbiləşirəm, ətrafımla anlaşılmazlıqlar olur. Amma atamdan aldıqlarım məni doğru yola yönəldir.
- Atanızdan nələr almısınız?
- Maraqlı sualdır. Ən əsası ailəyə, işimə sayğı. Ən xırda işin də böyük məsuliyyətini dərk etməyi, bütün canlılara qayğı, şəfqət göstərməyi...
- Çox vaxt səhnə insanları ailədə sərt olurlar. "Atalar və oğullar" problemilə üzləşirdiniz?
- Adətən küçədə gəzəndə çox ciddi görkəm alırdı, amma evə girən kimi dönüb uşaq olurdu. Şən, zarafatcıl, bir az da nadinc uşaq idi sanki... Amma başqa yerlərdə əsl Kamalı üzə çıxrmaqdan çəkinib ciddiləşirdi. Çünki insanlar onsuz da atama xüsusi diqqət göstərirdilər, bir də yumşaq xarakterini görsəydilər, sevgi ikiqat artardı. O isə utancaq insan idi. Bütün marağı üzərinə çəkməkdən ehtiyat edərdi. Amma biz ata-oğul yox, dost idik və mən ən yaxın dostumu 23 yaşımda itirdim. Halbuki, daha gözəl günlərimiz olacaqdı...
- Və bir gün ən yaxın dostunuza "mən də sənin yolunla gedəcəm" dediniz. Ümumiyyətlə, peşə seçiminizə necə reaksiya verdi?
- Heç yönləndirmədi. Dediyim kimi, insanlara, onların qərarlarına sayğı ilə yanaşardı. "Aktyor olmaq istəyirsən, doğru edirsən, yaxud yox, get həkim ol, mühəndis ol" demədi. Öz yolumu tapmağımı istəyirdi. Seçmimə də hörmətlə yanaşdı. Kömək etdi...
- Atanızla bağlı ilk dəfə bizimlə paylaşmaq istədiyiniz xatirəniz varmı?
- İlk film təklifi gəlmişdi. Rolumdan bir neçə cümlə əzbərləyib səhnəyə çıxdım. Çox bərbad performans göstərdim. Rejissor ümdsiz halda “sabah gəl, danışarıq” dedi. Gecə olanları atama danışdım. Məni cəsarətləndirdi: “Gəl, məşq edək, bu dəfə mütləq alınacaq”. O gecə yatmayıb obraz üzərində birgə çalışdıq. Ertəsi gün rejissordan bir şans da istəyib səhnəyə çıxdım. Hər kəs çox bəyəndi. Bu, mənim ilk triumfum, aktyorluğa ilk addımım idi, ustadım isə Kamal Sunal...
- Özünüzü rejissor kimi də sınamısınız? Sənətinizin bu məcrası aktyorluqdan aldığınız həzzə bərabərdir?
- Sınadım, amma hər kəs öz peşəsi ilə məşğul olsa yaxşıdır. Məncə, aktyorluğumla özümə və cəmiyyətə daha çox fayda verirəm.
- Aktyor öz sənətini təkmilləşdirmək üçün mütləq film izləməlidir. Hansi janrda olan filmlərə maraq göstərirsiniz?
- Ən böyük hobbim, zövqüm, sevgim film seyr etməkdir. Seriallara da baxıram. Qorxu, macəra, hər janrı sevirəm. Ən zəif, sıxıcı filmləri də izləyirəm. Çünki uğursuz filmə baxıb nə edib-etməməyinə daha aydın qərar verirsən. Yəni bax, mən belə oynasam, izləyicini tez yoraram, yaxud özümdən uzaqlaşdıraram kimi seçimlərim olur. Bu baxımdan, ən maraqsız filmin də faydası var. Ümumi düşünəndə isə əmək, sevgi olan bütün ekran işlərinə hörmətlə yanaşmaq lazımdır.
- Maraqlıdır, lap elə Hollivudun özündə atanızın ruhuna yaxın obrazlar, aktyorlar varmı? Heç "bu aktyor atama bənzəyir" demsiniz?
- Bu mövzuda obyektiv ola bilməyəcəm. Mənə görə atam bənzərsiz idi, heç kim ona bənzəmir. Amma bir çox tənqidçilər onu Fernandellə Jan Pol Belmondonun qarışımı adlandırırlar.
- Həqqətən gözəl tapıntıdır.
- Hətta bir filmində bu haqda bir dialoq da var. Amma əcnəbi filmlər sırasında üçü vardı ki, "mən də bunu çox gözəl oynayardım" deyirdi. Biri “Poçtalyon”, ikincisi, “Həyat gözəldir”, digəri isə “Forrest Qamp” filmləridir. Hər üçünü çox seyr edirdi. Hər dəfə də "mən bu obrazın öhdəsindən çox gözəl gələrdim" deyə, ah çəkirdi. Ən çox qısqandığı rollar bunlar idi.
- Bəs sizin qısqandığınız obrazlar var?
- Mən bu baxımdan çox acgözəm. Çəkilən bütün gözəl filmlərin baş qəhrəmanı özüm olmaq istərdim. Birini qısqanıb, "kaş ki, onun yerində mən olsaydım", demək əvəzinə, gözəl hekayələr tapıb maraqlı layihələr çəkmək olar. İnanın ki, öz rolundan aldığın ləzzəti heç nə əvəz etmir. Çünki üzülmək, qısqanclıq insanı uğurdan bir addım uzaq salır, qocaldır. Amma “Rokki”, “Rembo”nu oynayardım...
(gülürük)
- Əminəm, sizə çox yaraşardı...
- Hə, yaraşardı, vallah...
- İzləyicini güldürmək, yoxsa ağlatmaq... Hansını seçirsiniz?
- Dünyanın durumu çox acıncaqlıdır. Hara baxırsan, üzülürsən. İnsanların kədəri gözlərinin içində gizlənib. Azca səy göstərmək bəs edir ki, o yaşlar yanağımızdan axsın. Bu baxımdan ağlatmaq asandır. Həm də ağır filmlərə tələbat da böyükdür. Bilirsən ki, publika buna dəyər verəcək. Amma sənin öhdənə qoyulan vaxt kəsiyi boyu gülümsətmək hər kəsin işi deyil. Özünüz düşünün, insanları gülümsətməkdən gözəl bu dünyada nə var?
- İnsanları güldürmək...
- Hətta qəhqəhə çəkdirmək. Tamaşaçı sənə baxır və gözləri parlayırsa, demək xoşbəxtsən. Demək bu gözəlliyin memarısan. Gözəl olan hər şey də çətindir, əziyyətlidir.
- Brüs Uillis, Marlon Brando və digər çox sevdiyimiz dünya aktyorları var ki, biz onların obrazlarına aşiq oluruq. Amma insani cəhətləri çox eybəcərdir. Ən eybəcər yönünüz varmı və özünüz bunun fərqindəsiniz?
- Təbii ki, bu, hər birimizdə var. Bir anda alışıb-sönən insanam. Özüm 15 dəqiqdən sonra unuduram, amma ətrafımdakıların könlünü almaq vaxt aparır. Məni Marlon Brandonun gəncliyinə çox bənzədirlər. Bu mövzuya toxunmağınız təsadüfən olmadı yəqin ki...
- O hissəsi də mənə qalsın.
- (gülür) Qoy, yaxşı aktyor olsun, kaprizlərini də görməzdən gələk. Əsl faciə həm zəif, həm disiplinsiz aktyor olmaqdır. Onun nazı heç çəkilməzdir.
- Əsas odur sevdiklərimiz bizi olduğumuz kimi qəbul etsin və növbəti sualım: xanımınız azərbaycanlıdır?
- Həyat yoldaşım İran azərisidir. Azərbaycanlı qardaşlarımız sahibləndi, biz də sevindik.
- Əli bəy, İran azərisi dediyimiz Cənub Azərbaycanda yaşayan öz həmvətnlərimizdir. Odur ki, sahiblənməyimizdən təbii heç nə yoxdur.
- Haqlısınız. Mən sadəcə demək istəyirəm ki, biz doğulduğumuz ərazini seçmirik. Önəmli olan bir-birimizə duyduğumuz istilik, doğmalıqdır. Azərbaycan xalqı da məni və ailəmi bu doğmalığa layiq gördüsə, nə mutlu mənə...
- Sonda azərbaycanlı doğmalarınıza mesaj vermək istərdinizmi?
- İnsan mənəvi aclığını mütləq gözəl yazılarla doyurmağa çalışmalıdır. Odur ki, sizin kimi jurnalistlərin mənim kimi maraqlı insanlarla etdkləri müsahibələri oxumalarını tövsiyə edərdim.
Mən Ali Sunalla sağollaşıb Gürgen Özlə söhbətləşməyə gedirəm. Növbəti müsahibəmizi gözləyin...
Leyla Sarabi
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO