Məşhur yazıçı: "Sufizmin məqsədi içimizdəki şeytanı öldürmək deyil" - FOTO
Bizi izləyin

Xüsusi

Məşhur yazıçı: "Sufizmin məqsədi içimizdəki şeytanı öldürmək deyil" - FOTO

“Ben neyim”, “Kalbin temizse, hikayen temiz biter” kitablarının müəllifi, sufizm fəlsəfə və ideologiyasının dünyanın bir çox ölkələrində təbliği ilə məşğul olan Hakan Mengüç bir neçə gün əvvəl Bakıda konsert proqramı ilə çıxış edib.

"Nəsimi ili" ilə əlaqədar olaraq Bakının qonağı olan yazıçı Publika.az-a müsahibə verib.

- Hakan bəy, gözlənilməz gəlişinizin səbəbi Azərbaycanda bu il keçirilən "Nəsimi ili" ilə bağlıdır. Söhbətimizə elə Nəsimi ilə başlamaq istərdim. Onun zəngin irsi sizin həyatınızda necə bir iz qoyub?

- Leyla Əliyevanın dəvəti ilə gəlmişdik. Qala tarixi Muzeyində "Nəsimi ili" ilə bağlı keçirilən tədbirdə də çıxışım oldu. Tədbir çox gözəl keçdi.

Elə zənn edirlər ki, sufilər sakit-səssiz fağır adamlardır, heç bir məsələyə qarışmır. Əslində sufilər ölüm təhdidlərindən qorxmadan öz doğrularını dilə gətirmiş dövrünün ən cəsarətli insanları olub, əsla öz doğrularından vaz keçməyiblər. Bundan örnək almalıyıq. Nəsimi özü də bilirdi ki, hürifiliyi yaymağa davam edərsə, sonu edam olacaq. O, həyatı bahasına olsa belə yolundan dönmədi...

“Səni bu hüsni-camal ilə, bu lütf ilə görən,

Qorхdular həq dеməyə, döndülər insan dеdilər”.

Bu qəzəldə şair ideologiyasını qorxmadan qələmə alıb. Nəsimi və onun bir çox davamçısı ölüm-qalım savaşı aparıb. Bu şairlərin həyat hekayələrini yaşatmalıyıq.

- Bəs siz Nəsimi qədər cəsarətli davranıb öz doğrularınızı hər kəsin qarşısında bəyan edə bilərsiniz?

- Özümü sufilərlə müqayisə etməyə haqqım olmadığını düşünürəm, mində biri deyiləm. Onların çatdığı ilahi eşqə hələ çatmamışam. Bəlkə də nə zamansa ilahi eşqin o mərtəbəsinə yüksəlsəm, bu gücü özümdə taparam. Bütün səmimiyyətimlə deyirəm ki, insanlara sufizmi çatdırmaq üçün həm mən, həm də komanda olaraq əlimizdən gələni edirik. Sufilərin şeirləri ilə musiqinin ideal vəhdət və sintezini axtarırıq ki, dövrümüzün insanı üçün daha anlaşılan olsun. İnşallah bir gün onlar qədər cəsarətli və aşiq ola bilərik...

- Demək istəyirsiniz ki, yaşımız artdıqca ilahi eşqin mərtəbəsinə bir addım daha yaxın oluruq?

- Yaşla əlaqəsi yoxdur, zaman insanları yox, armudları yetişdirir.

- Bəzən də deyirlər ki, insan dünyanın ən gec yetişən meyvəsidir.

- Məncə, əzmkarlıqla əlaqəlidir. Biri bəlkə limon, digəri alma ağacı, başqa biri də çiyələk ləki ola bilər. Biri iki həftəyə, o biri on beş ilə böyüyür. Heç bir halda özünü başqaları ilə müqayisə etməyə dəyməz. Sufizmə başladıqdan sonra kitab yazmaq istəsəm də, düz 15 ildən sonra bitirdim. Bəzi işlər dərhal yerinə yetmir. Bunu qəbul etməyi bacarmaq lazımdır.

- Həm yazar, həm musiqiçi, həm də sufi fəlsəfəsini araşdıran natiqsiniz. Bunlardan sizə hansı daha yaxındır?

- Üçü də duyğuların fərqli ifadə üsuludur. Bəzi duyğuları sözə çevirmək çətindir, bu zaman musiqi dili ilə danışıram. Əslində musiqiçi idim, sonra natiq oldum, daha sonra yazıçılığa başladım.

- Sufizm aləminə yolunuz necə başladı?

- Bir gün ney səsi eşitdim və aşiq oldum. Öyrənməyə qərar verdim. Ney müəllimim eyni zamanda sufi müəllimim oldu. Başqa sufilərdən də dərs almışam. 19 ildir ki, sufi fəlsəfəsinə inanır və onu yaymağa çalışıram.

Ney çalmağa başlayanda özümü sufi fəlsəfəsinin içində tapdım. Piano, gitara və digərlərindən fərqli olaraq ney öz fəlsəfəsi olan musiqi alətidir. İstər-istəməz bu fəlsəfə məni sufizmə gətirdi. Seminarlarda həmişə ney çalıram və insanların ney dinləyərkən necə dincəldiyini və istirahət etdiyini müşahidə edirəm. Ney səsinin xüsusiyyətlərindən biri də budur ki, bizi alfa dalğasına aparır. Alfa - oyaq ikən ağıl və bədənin ən rahat olduğu dalğadır.

- Ney əfsanəsini danışa bilərsiniz?

- Qamışın neyə çevrilməsi 3 il çəkir. Bir qamış kəsildikdən sonra bir çox mərhələdən keçir. Əvvəlcə qamışı torpaqdan, öz vətənindən ayırırlar, həyatımızdakı ayrılıqlar kimi... Yalnız ayrılıq acısında insan özü ilə üzləşə bilər. Sufilər deyir ki, Leylidən keçmədən, Mövlanı tapa bilməzsən. Qarşındakı insan sənə güzgü tutur. Hər hansı formada səni sənə göstərir, özünlə üzləşdirir. Gərginliyi, narahatlıqları, itirmək qorxusunu, qəzəbi, kini və küdürəti təkbaşına görə bilməzsən. Həyatına kimsə daxil olduğu zaman hər şey üzə çıxmağa başlayır. Ayrılıq və itkinin təsiriylə böyük dəyişikliklər baş verir.

Neyin hekayəsi ayrılıq ağrısı ilə başlayır. Qopardılması və vətənindən ayrı düşməsi... Biz də bu dünyaya gələndə ruhdan ayrılırıq. Sonra üstünü qabıq bağlamış neyin qabıq soyuruq. Neyin qabıqlarından soyulmasına insan eqosunun soyunması deyilir. Qamışın qabıqlarını soymasaq, ondan nəfis bir musiqi aləti hazırlaya bilmərik. İnsan da bir işi öyrənmək üçün eqoları ilə vidalaşmağı bacarmalıdır.

Qabığı soyulduqdan sonra qamış bir il saxlanılır. Qamışların içindəki suyun quruması üçün gözləmək lazımdır. Buna da sufizmdə səbir mərhələsi deyilir. Həyatda hər gözəl arzunun reallaşma müddəti var və o vaxta qədər səbir etməliyik. Səbir anlayışını qədər-qismətə boyun əyməklə qarışdırmaq olmaz. Mövlanə deyir ki, səbir boyun əymək deyil, mübarizədir.

Ney bir il saxlandıqdan sonra içi ovulur. Sonra ocaqda düzəldilir. Buna da bütün qamışlar tab gətirmir. Bəziləri qırılır. Maraqlıdır ki, 100 qamışın içindən sadəcə 5-i son mərhələyə çata bilir. Eynilə insan kimi, 100 adam bir işə həvəslə başlaya bilər, amma hər kəs sona qədər mübarizə aparmır. Sonra aralarını dəlirik.

Üçüncü ilin sonunda hazır olmuş neyə başlığı taxırıq. Və bu qamış qəlbimizi inlədən səsə çevrilir. İnsan da ana qarnından dünyaya gələndə ney kimi içi bomboş olur. Qəzavü-qədərin gətirdiyi maneələrdən düzgün çıxış yolu tapmağa və daha güclü bir insan olmağa çalışırıq. Peyğəmbərlərimiz eyniylə bir ney qamışı kimi çox acılar çəkib, tənqidlərə və qadağalara məruz qalıb. Onlar yurd-yuvasından qovulmaq bahasına olsa belə dünyaya sevgi və sülh qanunlarını yaya bilib. Odur ki, bizim bu dünyadakı səyahətimiz də ney qamışına bənzəyir.

- Sufizm təriqətinin əsas məqsədi insanları mənəvi kamilliyə və inkişafa dəvət etməkdir. Necə düşünürsünüz mənəvi zənginliyə yüksəlməyən insan hər yerdə büdrəyəcək?

- Sufizm eşqdir... Ürəyinlə və eşqlə yaradana qovuşmaq və toxunmaqdır. Sufizmə görə hər bir insan yaradanın bir parçasıdır. Bunu qəbul etdiyiniz anda əxlaqi keyfiyyətlər öz-özünə formalaşır. Hər kəsi yaradanın bir parçası kimi görür və incitmirsən.

- Sufizm fəlsəfəsi və tarixi çox qədim olsa da, populyarlıq baxımından yoqa və digər təlimlərdən geri qalır. Sizcə, səbəb nədir?

- Yenilənməməsi və çağdaş dövrümüzlə ayaqlaşa bilməməsində. İstər Mövlanə, istərsə də Nəsiminin illər əvvəl yazdığı kəlmələri günümüzün insanı anlamaya bilər. Onları çağdaş dilimizə çevirməliyik. Daha modern musiqi alətləri ilə sintez edib tanıtmağa ehtiyac var. Gənclərin diqqətini cəlb edə biləcək formaya salmalıyıq. Nəsiminin şeir və qəzəlləri məna baxımdan dərindir, onların hikmətli fikirləri hələ də aktualdır. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Sözsüz ki, onun yaradıcılığı həmişə aktual və bəşəri olmağa davam edəcək. Sadəcə bunu müasir insanın anlaya biləcəyi formada təqdim etməliyik. Yoqa təlimçiləri bunu öz təcrübəsində edə bildiyi üçün daha populyardır.

Kitablarımın ikisi də sufizm fəlsəfəsini izah edir. Onların satışı Türkiyədə 100 mini keçib. Bu, bizim üçün təbii ki, müsbət irəliləyişdir. Türkiyədə sufizmə maraq azalmışdı, onu xeyli artıra bildik. Ola bilsin ki, sözümüzü böyük auditoriyaya hələ çatdıra bilməmişik, ən azından satışın 100 mini keçməsi bizi zirvəyə aparan başlanğıcdır.

- İstər çıxışlarınız, istər kitablar, istərsə də yutubda paylaşdığınız videolar sayəsində həyatımıza bu və ya digər şəkildə təsir edirsiniz. Bu təsir müsbət yönədir. Sizin üçün başqalarının həyatına yön vermək daha məsuliyyətlidir, yoxsa şəxsi problemlərinin öhdəsindən gəlmək?

- Qarışıq, amma gözəl bir sualdır. Ümumilikdə bizim üçün başqalarına məsləhət vermək həmişə asan görünüb, öz ürəyinə asanlıqla söz keçirə bilmirsən. Hələ də özümü dəyişdirməyə çalışıram. Əmin olun ki, yazdıqlarımı öz üzərimdə sınaqdan keçirtmişəm və bəlli səviyyədə uğura aparıb. Əvvəlcə həyatın bütün acı və zəhərlərini içirsən, bir çox sınaqlardan keçirsən və yalnız bundan sonra harmoniyaya nail olursan. Məsələn, kokosun qabığı çox sərt olsa da, onu qıranda içindən yumşaq, ləzzətli bir meyvəsi çıxır. Həyat da belədir. Əgər problemlərdən qaçsan, içində mərhəmət və ədalət duyğusu cücərməyəcək.

- Bəs nə zamansa həyatın ağrıları altında əzildiyini hiss etmisiniz?

- Əlbəttə, çox olub. Kədər dənizinin dalğaları arasında qalıb o qədər çabalamışam ki...

- Sufizmin digər təlim və cərəyanlardən üstün tərəfləri nələrdir?

- Sufizm bir çox sualların cavablarını eşqlə tapmağa çalışıb. Hər şeyə sevgi və məhəbbətlə yaxınlaşıb. Sufizm eşq səyahətidir, ağıl yox. Odur ki, bələdçiniz daima ürəyiniz olsun.

- Sufizmin elm və sənətin inkişafında rolu haqqında nə deyə bilərsiniz?

- Onun əsas üstünlüyü odur ki, sufilər özünü sənət vasitəsilə ifadə edib. Buraya həm musiqi, həm ədəbiyyat, həm də rəssamlıq daxildir. Sufizmdə məni özünə cəlb edən məqamlardan biri də budur.

- Tarix boyu İslam dinin tərəfdarları sufilərə qarşı çıxıb və sufizmi rədd edib. Elmin inkişaf etdiyi indiki şəraitdə sufizmin rolu və gələcəyi nə olacaq?

- Sufizm sevgini musiqi və incəsənət dili ilə izah edir, onun rolu daha da artacaq. Bred Pit qoluna Mövlanənin döyməsini etdirib, Jey Zi və Beyons isə oğullarına Rumi adını verib. 2018-ci ildə Amerikada ən çox satılan kitab Mövlanə Cəlaləddin Ruminin məsnəvisi oldu. Görürük ki, insanlığın bu gün sufizmə, sevgiyə, sülhə və hüzura ehtiyac var.

- Bəs sufizmin bizdən bu qədər uzaqlaşmasının səbəblərini nədə görürsünüz?

- Günümüzün insanı köklərindən qopmuş bir ağacdır. Həm özünə yadlaşıb, həm təbiətə. Qərbə meyilli olmaq, onun özəlliklərini mənimsəmək cəhdlərimiz bizi ondan ayırdı. Mövlanə deyir ki, dəfinə xəzinə sandığının üstündə oturub dilənçilik edirsən... Biz də tam olaraq o xəzinənin üstündə oturmuşuq. İnsanlıq hər 100 ildən bir sufizmin yaydığı ideyaları unutsa da, onu yaşatmağa və xatırlatmağa çalışan biri mütləq tapılıb. İnanıram ki, insanlar sufizm fəlsəfəsinə yenidən qayıdacaq.

- Mövlanə həm öz dövründə, həm də müasir dövrdə ruhumuzu işıqlandıra bilən əvəzolunmaz şəxsiyyətdir. Sizcə, ona hansı yanaşma düzgün olar: dini təbliğatçı və ya ölümü olduğu kimi qəbul edən bir filosof?

- Mənim üçün Mövlanə sevgini, hüzuru və yaradana qovuşmağı anladan bir filosofdur.

- İlk sufi qurucularının yaydığı bütün ideyalar bu günə qədər qorunub saxlana bilib?

- Onlar bir çox qadağa və təhdidlərə məruz qaldığı üçün özünü açıq şəkildə ifadə edə bilməyib. Bu cərəyanı açıq şəkildə yaymaq istəyənlərin aqibəti Nəsimi kimi həzin nəticələnib... Onun şeirləri hələ də üzə çıxmayan sirlər xəzinəsidir.

- Yutubda “Vaz keçilməz qadın olmaq” videonuzun baxış sayı üç milyonu keçib. Bu qədər izlənmənin səbəbi nədir? Sizcə qadınlarımız sevgi və qayğıya bu qədər acdırmı? Məsələn, kişilər üçün belə bir video çəksəydiniz, bəlkə də bu qədər izlənməzdi.

- Çəkdim və həqiqətən izlənmədi. Qadın və kişi beyni fərqlidir. Bu müxtəlifliklər bizi ayırmır, əksinə birləşdirir. Çağımızda qadınlara yetəri qədər nəvaziş göstərilmədiyini hamımız bilirik. Qadın və kişi münasibətlərinin böyük hissəsi rəvan deyil. İnsanlar aralarındakı problemləri düzəltməyə çalışır, odur ki, bu mövzular daha çox diqqət çəkir və izlənir.

- Səhv etmədən öyrənmək və böyümək mümkündürmü? Hansı səhvlər bizi uçuruma aparır və hansı ağrılar bizi işığa aparır və dəyişdirir?

- Bir ustada sual veriblər ki, necə belə müdrik ola bilirsən? O da cavab verib ki, təcrübə sayəsində. Daha sonra soruşublar ki, bəs təcrübəni necə əldə etmisən? Deyib ki, səhv qərar və xətalarla.

İnsanlar xətalardan qaçmamalıdır. Əgər velosiped sürmək istəyirsənsə, yıxılmağa da hazır olmalısan. Səhv etmək bizi uçuruma aparmır. Eyni səhvə mübtəla olmaqdan qorxun, bax bu həqiqətən təhlükəlidir.

- Hakan Mengüçün özünə bağışlamadığı xətası olub?

- Əlbəttə, xüsusilə tənbəlliyimə görə tez-tez özümə qəzəblənirəm. Biz böyük bir komandayıq, onları incitdiyim anlar olur, sonra üzr istəyirəm. Səhvsiz insan deyiləm, başqalarından fərqli olaraq xətamı çox tez çözür və yenisinə keçirəm.

- İçimizdəki şeytanı öldürmək üçün nədən başlamalıyıq? Sufizm bu mövzuda nə deyir?

- Ona şeytan da demirəm. Ziddiyyətli qanunların hökm sürdüyü bir dünyada yaşayırıq: Gecə ilə gündüz, qaranlıq ilə işıq, isti ilə soyuq. Sufizm deyir ki, bu ziddiyyətlər içində yaşamağı öyrən! Xeyir də, şər də var. Hansına tərəf getsən, onu görəcəksən. Sufizmin içimizdəki şeytanı və ya ziddiyyəti öldürmək kimi bir məqsədi yoxdur. Bu ikisi həmişə var olacaq və biz onu idarə etməyi öyrənməliyik.

- Haqsızlığa uğradığımızda qəlbimizlə ilahi eşq arasındakı bağlılıq soyuyur. Bu qarşıdurmanı nə cür bərpa edə bilərik?

- O an haqsızlığa məruz qaldığımızı düşünə bilərik, təbiidir. İki il sonra fikrimiz dəyişir. Deyirik ki, nə yaxşı ki, bu, baş verdi. Bəlkə o hadisə başımıza gəlməsəydi, həyatın axarı tamam başqa olardı. O qədər olub ki, təkliflərimi dinləmədən rədd ediblər. Yenə də işimə daha möhkəm sarılmışam.

- Günümüzün insanında daha çox nəzərə çarpan neqativ yönləri nələrdir?

- Səbirsizlik. Nəyəsə nail olmaq uğrunda heç bir bədəl ödəmək, əziyyət çəkmək istəmirlər. İstəyirlər ki, hər şeyi asan yolla əldə etsinlər. Məsələn, biri gəlib 3 günə musiqi alətini öyrənmək istəyir. Belə bir dünya yoxdur. Hər gözəlliyin bir bədəli var. Günümüzün insanı nə bədəl ödəmək, nə də səbir etmək istəmir.

Səbirsizlik hamıda var, buna baxmayaraq, səbirli davrana bilmək bizi daha güclü edir. Anam-atam mənə səbirli olmağı öyrətməyib, kitablardan oxuyub inkişaf etdirmişəm.

- Azərbaycan musiqiçilərindən kimi tanıyırsınız, kimin ifası sizi ilahi qatlara aparır?

- “Gəl ey Səhər”, “Nazəndə sevgilim” və başqa mahnılarınızı konsertlərimdə tez-tez oxuyuram. Melodiyalarınızı sevirəm, bizə çox yaxındır. Azərbaycanda keçirilən konsertdə səhnədə “Gəl ey səhər”i oxuyurdum, səhnəyə xanım bir müğənni çıxıb mənə qoşuldu. Onu tanımırdım, sonra bildim ki, Tünzalə Ağayevadır. Səsindən o qədər təsirləndim ki, indi mən onun dinləyicisiyəm.

- Hər bir insan bu dünyaya bir məqsədlə gəlir. Bizdə gizlənən o missiyanı necə tapmalıyıq?

- Bu sual qarşısında acizəm, insan özü hiss etməlidir, ən əvvəl bir yola çıxmalıdır. Mövlanə deyir ki, həqiqət yolu axtarmaqla tapılmaz o, amma tapanlar axtaranlardır. Səhih bir formulu yoxdur. “35 gün meditasiya ilə məşğul olsan və ya günlərlə ac qalsan, həyat missiyanı tapa biləcəksən” deyə bilmərəm. Əgər həyatdakı məqsədini axtarmağa başlasan, bir gün mütləq onu tapacaqsan, hiss edəcəksən ki, bax mənim missiyam budur.

- Bəs bizi üzən neqativ düşüncələrdən necə xilas ola bilərik?

- Bu günki düşüncələrimiz dünənin məhsuludur. Özünü və ya çevrəni bu gün dəyişdirməyə başlasan, sabahın da dəyişməyə başlayacaq.

İnsan istəmədiyi halda onu heç kim dəyişdirə bilməz. Dəyişiklik əvvəlcə şəxsin istəyi ilə başlayır. Heç vaxt “oldum” deməməlisiniz. Ney müəllimim mənə deyirdi ki, “Mən oldum" mən öldüm deməkdir". Şəms Təbrizi isə deyir ki, "Bu dünyada hər kəs bir şey olmağa çalışarkən sən heç ol".

- Görüşümüz İçərişəhərin qədim bir məhəlləsində baş tutdu. Buranın bambaşqa bir ruhu var, yəqin ki, siz də hiss etdiniz. Ümumiyyətlə, Bakını hansı duyğularla tərk edirsiniz?

- İçərişəhərə, o cümlədən Qobustana heyranam. Hər səfərimdə Qobustan muzeyinə getmək istəyirəm, gözəl enerjisi var. Sakinlər çox istiqanlıdır, Bakıda bu qədər tanındığımı təxmin etməzdim. Küçədə insanlardan xoş sözlər eşidirəm, kitablarımı oxuduqlarını deyirlər. Bakıdan müsbət təəssüratlarla ayrılırıq.

Aytən Məftun,

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm