“Atılmışlar”ın uşaq evində böyüyən qəhrəmanlarının QORXUNC TALEYİ: “Qayışla o qədər döyürdülər ki...” - FOTO
Bizi izləyin

Xüsusi

“Atılmışlar”ın uşaq evində böyüyən qəhrəmanlarının QORXUNC TALEYİ: “Qayışla o qədər döyürdülər ki...” - FOTO

Yeni mövsümdən etibarən ARB kanalında yayımlanan “Atılmışlar” serialı ilk bölümdən etibarən tamaşaçılarda böyük maraq doğura bilib. Dram janrında çəkilən serial istənilən dövlərdə aktual olan məsələləri əhatə edir. Ssenaridə baş verən hadisələr cəmiyyətə ayna tutaraq mövcud problemləri əks etdirir.

Vüqar Təhməzovun rəhbəri olduğu “Baku Art Lab"ın istehsalı ilə çəkilən ekran işində internatda böyümüş uşaqların ağır taleyi, onların cəmiyyətə adaptasiyası dövrünün çətinlikləri işıqlandırırılır.

Bu qəhrəmanların həyat hekayəsi ilə yaxından tanış olmaq və kadr arxasında nələr baş veridyini öyrənmək üçün çəkiliş meydançasına yollandıq. Layihənin bir çox qəhrəmanı Bakının Yasamal rayon ərazisində çox məşhur olan Qanlı göl ərazisində baş tutan çəkilişlərdə toplanmışdı. Söhbətə öz səhnəsinin növbəsini gözləyən Sevinc Əliyeva ilə başladıq. Layihədə Nazlı obrazına həyat verən aktrisanın sözlərinə görə, Nazlı digər rollarından xeyli fərqlənir:

“Ən azı ağlamıram, bu dəfə savadlı və güclü bir xanımı oynayıram. Nazlı çox imkanlı bir ailənin qızıdır, eyni zamanda haqq-ədalətin tərəfində dayanır. Elvin (rejissor - red.) sağ olsun, məni ağlatmır. Söylədi ki, bu serialda güləcəksən, kişi xarakterli qızı oynayacaqsan. Odur ki, razılaşdım:

“Atılmışlar” internat evində böyüyən 4 uşağın taleyindən danışır. Uşaq mövzusuna həssaslığım var. Bir ana kimi bu qəhrəmanların ömür yolu istər-istəməz mənə başqa cür təsir edir. Sevinc 3 uşaq anasıdır, narahatlıqla qarşılayıram, ssenari ilə tanış olduqca sarsılıram. Ümumiyyətlə, “Atılmışlar” başqa layihələrdən seçilir. Ailə-məişət problemlərini azaldaraq istiqaməti digər səmtə aparmışıq. Bu mövzuda serial Azərbaycanda işlənməyib. Hadisələr rezin kimi 50 seriya uzadılmır, problemlər tez çözülür, sonra başqa bir hadisəyə keçilir. Bu baxımdan tamaşaçını yormuruq, çalışırıq ki, ssenari üzrə bütün mövzular dinamik keçsin.

Mənfi obrazlar xüsusilə diqqətəlayiqdir. Bu qəhrəmanlar o dərəcədə maraqlıdır ki, səni özünə dərhal cəlb edir. Məsələn, Qavroşun (Asiman Ağa Rövşən - red.) oyununu entuziazmla izləyirəm. Öyrəşmişik ki, hər hansı bir mənfi obraz pislik edir və sonra kənara çəkilir. Qavroş belə deyil, ona baxanda müsbət keyfiyyətlər axtarmağa başlayırsan”.

Rejissor sarıdan bəxti gətirdiyini deyən ulduz sənət dostunun istedadını yerə-göyə sığdırmadı:

“Baxmayaraq ki, gündəlik serialdır, icraçı prodüser və rejissor sayəsində çəkilişlər sürətli və rahat gedir. Zaman itkisi yoxdur, aktyor truppası çox rahatdır. Elvinlə “Dalan” filmindən tanışıq, sonra da bu tanışlıq dostluğa çevrildi. Onunla işləmək ikimiz üçün də əlverişlidir. Aktyor və rejissor kimi aramızda bir bağlılıq var. Bir-birimizi dərhal anlayırıq. Ümumiyyətlə, hər bir aktyorun arzusudur ki, yaxşı rejissorla işləsin. Bu sarıdan bəxtim gətirib”.

Ekran işinin ən balaca qəhrəmanı “Can-bala” pop qrupunda çıxış edən Zeynəb Məmmədlidir. Lalə obrazını canlandıran azyaşlı bildirib ki, gələcəkdə aktrisa olmaq istəsə də, anası onu həkim kimi görməyi arzulayır. Yeri gəlmişkən, 2 yaşından modellik etməyə başlayan Zeynəb çəkiliş meydançasında ilk gündən bəri hamının məhəbbətini qazanıb. Bu məhəbbət və nəvaziş onu çəkilişlərdə darıxmağa qoymur:

“Reklamlarda çəkilmişəm, amma ilk dəfədir ki, serialda rol alıram. Laləni oynamaq mənim üçün asan deyil, gec öyrənirəm... Bura həm əyləncəlidir, həm də yorucu. Məni televiziyada göstərəndə sevinirəm. Böyüyəndə aktrisa olmaq istəsəm də, anamgil razı deyil, deyirlər ki, həkim ol”.

Layihədə baş rolda çəkilən İsmayıl Kərimov həyatda da Adəm kimi sakit və səssizdir. Bu səbəbdən də Adəm rolunun ona həvalə olunmasını təsdüf adlandırmaq olmaz:

“Elvin həm sima, həm də aktyor oyunuma əsaslanaraq məni Adəm roluna uyğun gördü. Hazırlıqlar bir ay əvvəlcədən başladı, obrazımdan məmnunam. Adəm aparıcı qəhrəmandır, internatda böyüyən digər uşaqlara himayədarlıq edir, onların məsuliyyətini öz üzərinə götürüb. Uşaqlar evində Adəmin bacısını övladlığa götürürlər, sonra onların yolları ayrılır. Adəm də özünə uşaq ikən söz verir ki, böyüyüb bacısını tapacaq, əsas missiyası bundan ibarətdir. Çəkilişlərdə döyüş səhnələri daha çox vaxt aparır, ümumilikdə işlərimiz rəvan gedir. Reytinqlərimiz bildiyim qədərilə ürəkaçandır”.

Utancaq həmkarının köməyinə gələn Sevinc Əliyeva bu yerdə müdaxiləyə ehtiyac olduğunu görüb öz əlavəsini edir:

“İsmayılı başqa bir serialda görüb tanımışam, ona baxanda həmişə deyirdim ki, nə yaraşıqlı oğlandır... (Gülürlər) Onunla birlikdə işləməyi çox istəyirdim, Elvin sayəsində qismət oldu”.

“Atılmışlar”ın ən təsirli səhnələri Fəridə Şahbazovanın çiyinlərinə düşür. Maraqlıdır ki, aktrisanın layihədəki adı da eynidir. Amma bu, nə xoşagələn, nə də sıradan bir təsadüfdür. Uşaqlığından söz düşəndə baxışlarında yuva qurmuş kədərini susdura bilməyən aktrisa çoxlarının bilmədiyi etiraflar etdi:

“Fəridə çox acınacaqlı tarixçəsi olan bir qızdır, uşaq evində böyüyüb. Obrazdan razıyam, yalan deməyəcəm, çətinlik çəkdiyim səhnə olmayıb. Hər halda əsas qiymətləndirmə rejissor və tamaşaçıların öhdəsinə düşür. Serial efirə yeni daxil olub, odur ki, fikir bildirmək hələ ki, tezdir. İstənilən halda müəyyən bir müddət sonra öz bəhrəsini verəcəyinə inanıram. Çünki bu serialın arxasında böyük bir əziyyət dayanır.

Təbii ki, hər layihənin öz fərqliliyi var ki, tamaşaçını özünə çəkir. “Atılmışlar”da bir və bir neçə insanın ağır həyat tarixçələri göstərilir. Uşaq evində böyüyən uşaqların hansı əziyyətlərdən keçdiyini çəkib göstəririk, bu da cəmiyyətə bir mesajdır ki, övladlarınızı belə vəziyyətə salmayın. Düşünmürəm ki, ciddi təsiri olacaq, ən azından bir çiynimizə düşəni yerinə yetiririk, heç olmasa 100 nəfərdən birinə nümunə olsun. Kasıb və ya varlı fərqi yoxdur, hansı problemlərlə qarşılaşmağınızdan asılı olmayaraq, dünyaya övlad gətirirsinizsə, onun qayğısına qalmağa borclusunuz”.

Atılmış uşaqların həyatından danışarkən sarsıntısını gizləməyə çalışan F.Şahbazova bu layihədə canlandırdığı obrazı ilə oxşar taleyi yaşadığını bildirib:

“Serialdakı Fəridə ilə oxşarlığımız var, amma bu özəldir, qoy şəxsi qalsın. Bəlkə də günlərin bir günü bu mövzuda müsahibə verməyə hazır olaram, amma bu dəqiqə bu barədə heç nə xatırlamaq istəmirəm. Rola hazırlaşarkən eyni taleyi yaşayan insanlarla tanış olmağa ehtiyac qalmadı. Özümdən də yola çıxaraq yaşadıqlarımı bu rola yatırdım. Bəzən kamera qarşısında hətta səhnədən sonra da özümü cilovlaya bilmədiyim anlar olur. Bu obrazı oynayarkən bütün yetim uşaqların simasında gördüyüm hüzün içimə dolur”.

Əsas mənfi obrazlardan birini canalndıran aktyor Əbdülqəni Əliyevin sözlərinə görə, tamaşaçılar üçün mənfi obrazlar daha cəlbedicidir:

“Mənfi rol tamaşaçı üçün daha maraqlıdır, amma pis adamı sıradan oynamaq olmaz. Onun dərinliyində özün üçün nə isə tapmalısan, mənfi personajın hansı səbəblərdən dolayı pis əməl sahibi olduğunu araşdırmalı və özündə ona müəyyən mənada bəraət qazandırmalısan”.

Xalq artisti Şamil Süleymanlı layihədəki rolu barədə təəssüratlarını belə ifadə edib:

“Serialda müsbət personaj deyiləm, Süleyman dayının görünməyən keçmişi var. Hərdənbir o keçmişə ştrix edir. Ümumiyyətlə, böyük kinodan sonra seriala çəkilməyə tövbəli olsam da, bu layihədə iştirak etdiyim üçün çox xoşbəxt və məmnunam ki, 65-i haqlamış bir kişi cavanların sırasındadır. Biz cavanları tənqid etməyə öyrəşmişik. Serialın ən gözəl cəhəti odur ki, burda qeyri-peşəkar aktyor yoxdur. Peşəkar görünən mələklər kimidir, onların gözəli, kifiri, işini bilməyəni olmaz. Burda bir qeyri-peşəkar var, o da nəvəmi oynayan Zeynəb balamızdır. “Atılmışlar”a baxmaq lazımdır, çünki o ləyaqətdən danışır. Ləyaqətsiz adamlar bizim serialda uduzurlar”.

Serialın tamaşaçıda buraxdığı təsirdən söz salan aktyor uşaqlığını yada salaraq maraqlı bir müqayisə aparıb:

“Riyaziyyatçı olum deyə evdə məni qayışla o qədər döyürdülər ki... Atam-anam mənim üçün ayrıca otaq da ayırmışdı, amma məndən riyaziyyatçı olmadı. Bir serialla bu dünya düzəlsəydi, onda həyatın mənası qalmazdı... Hər halda incəsənətin qüdrəti ondadır ki, milyonların içində 5 nəfər də olsa nəticə çıxarır və bu, bizə bəsdir”.

Nahar fasiləsində heyətlə çox səmimi zarafatlar etsə də, pult arxasında rejissor aktyorlara qarşı olduqca tələbkardır. Elvin Rüstəmzadənin sözlərinə görə, “Atılmışlar” ın üstün tərəfi odur ki, burada ailə-məişət mövzularına demək olar ki, yer verilmir:

“Efirdə gedən serialların bir neçəsinə nəzər yetirdim. Demək olar ki, 90, hətta 100 faizi ailə-məişət mövzusundadır. Bir şərtlə gündəlik serial çəkməyə razı oldum ki, ailə-məişət mövzusuna müraciət etməyəcəm. Çox sağ olsunlar ki, şərtimi anlayışla qarşıladılar və biz ailə-məişətdən kənara çıxdıq. Layihənin ssenari müəllifi Pərviz Seyidli ilə müzakirələrdən sonra qərara gəldik ki, insanımızın həssas olduğu məsələlərdən biri də kimsəsiz uşaqlardır. Və bu mövzunu üzərində işlərə başladıq.

Azərbaycan cəmiyyətində hər kəsin arxayın olduğu valideyni var, hər hansı problemlə üzləşəndə fikirləşir ki, anam-atam həll edər. Evdə dayaq hesab etdiyi iki nəfəri var - valideynləri. Bir də düşünün ki, valideynləriniz və yardım istəyə biləcəyiniz dayağınız yoxdur. Burada valideyni olmayanların bu çətinliklərin öhdəsindən necə gəldiyini göstərməyə çalışırıq.

Əslində bəzi aktyorlarımızın həyat hekayələri ssenari ilə bir qədər yaxındır. Biri valideynini erkən yaşda itirib, birinin atası ilə anası uşaq ikən ayrılıb, digərinin isə atası xaricdə işləyib və demək olar ki, onu görməyib. İstənilən halda bu personajları canlandıran aktyorlar validyenlərdən ayrı qalan insanlardır. Odur ki, bəzi səhnələri oynamaq onlar üçün müəyyən mənada çətin deyil.

Bizdə yetim ifadəsi var, çox işlədirik... Gözəl deyil! Bütün insanlar eynidir. Kiminsə yetim olub-olmamasının heç kimə maraqlı olmamalıdır, biz ona fərdi xüsusiyyət və keyfiyyətlərinə görə qiymət verməliyik. Azərbaycan cəmiyyəti qınayan cəmiyyətdir. Bəzi insanlar danışmağı, bəziləri baxmağı, bəziləri eşitməyi çox sevir. Hər millətdə bu, fərqlidir. Bizim millət danışıb və eşidib rahatlamağı sevir. Bu, psixoloji bir hadisədir. Danışan və eşitməyi çox sevən millətik”.

Serialın reytinqini qaldırmaq üçün heç bir üsula ehtiyac görməyən rejissor əmindir ki, “Atılmışlar” keyfiyyətli işdir və keyfiyyətli işin izləyicisi həmişə var:

“Tamaşaçılar əmin olsun ki, hadisələr get-gedə daha da qızışır, nəzərə alın ki, Fəridə, Adəm, Hafiz və Gəray kimsəsizdir. Növbəti seriyalarda valideynlərinin axtarışına çıxan qəhrəmanların bu yolda qarşılaşdığı hadisələri göstəriləcək. İntizarda qalmağa dəyər”.

Aytən Məftun,

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm