Dünya şöhrətli heykəltəraş: Kosmonavtlar açıq səmada olanda möcüzə baş verir
Bizi izləyin

Xüsusi

Dünya şöhrətli heykəltəraş: Kosmonavtlar açıq səmada olanda möcüzə baş verir

Bürünc sənətə çevrilməlidir, silaha yox. Bu qızıl sözlər YUNESKO-nun "Sülh artisti", xoşməramlı səfiri Amri Aminova məxsusdur. Dünyanın dörd bir yanını əsərləri ilə bəzəyən heykəltəraşla müsahibəmizi sənətsevər oxucularımıza təqdim edirik.

Publika.az-ın özəl müsahibi YUNESKO-nun xoşməramlı səfiri, "Sülh artisti" Amri Aminovdur.

- Əziz Amri, etiraf edim ki, şəxsən tanıdığım ilk taciksiniz.

- Mənimsə azərbaycanlı dostlarım çoxdur. Sevimli dostlarım, müəllimlərim sırasında Əlisəfa Əsgərov və Ömər Eldarov var. Hətta Parisdə də maraqlı görüşlərimiz baş tutub.

- Tacikistandan Fransaya uzanan yol...

- Məncə, Tacikistanda doğulmaqla sənətim üçün ən böyük sərmayəni yatırmışam. Qusar adlı mənzərəli kənddə, çoxuşaqlı ailədə dünyaya göz açmışam.

- Azərbaycanda da Qusar adlı rayon var.

- Maraqlıdır. Bilmirdim. Xatırlayıram ki, uşaq vaxtı qonşu kəndə gedərdik. Orada Məhəmməd peyğəmbər və silahdaşları haqda hədisləri qələmə alan Xoca Məhəmməd Başoronun məbədi vardı. Hər dəfə ora baxanda içimdə qəribə duyğular qaynayırdı. Mütləq böyüyüb daşlara şəkil verəcəyimi düşünürdüm. Anam Tacikistanın tanınmış ailələrindən idi. Atam isə Böyük Vətən müharibəsi veteranı. Ailədə 7 uşaq böyüyürdük. Uşaqlığımın hər bir fraqmenti incəsənətə olan sevgimi alovlandırıb. Yəni başqa şansım yox idi. Sankt-Peterburqda təhsil alanda YUNESKO üçün sifarişlər aldım. Dünyanın müxtəlif şəhərlərində sülhü təbliğ edən əsərlərim yayılmağa başladı. Artıq uzun müddətdir ki, YUNESKO-nun "Sülh artisti", xoşməramlı səfiri tituluna layiq görülmüşəm. Elə o vaxtdan da dünyanın Parisdəki sülh səsiyəm.

- Fransaya uyğunlaşmaq çətin idi?

- Əbəttə. Avropa mədəniyyəti, fransız dili, fərqli insanlar... Bütün bunlara alışmaq çox vaxtımı aldı.

- Amri, bir çox sənətkarlar etiraf edirlər ki, meditasiya vasitəsilə bağlı yaradıcılıq qapılarını açırlar.

- Mən belə hesab etmirəm. Təsəvvür edin, daşı yonub ona can verirsən. Ruh üfürürsən. Şüurunla, düşüncələrinlə, əlindəki alətlə ünsiyyətdə olursan. Əsl meditasiya budur. Sənəti doğursan. Rəhmətlik anam hər zaman dualarında deyirdi ki, qoy oğlumun əlinə aldığı hər ovuc torpaq qızıla dönsün. İndi anlayıram ki, bu dua özü də meditativ prosesin bir parçası idi. Gildən heykəl yapırsan, bürünclə, gümüşlə, yaxud elə qızılla cilalayırsan. Bütün bu mərhələlərin nəticəsi qızıl qədər dəyərlidir.

- Ananızın fiziki yoxluğu yaradıcılığınızda yeni mərhələyə keçid yaratdı?

- Nə qədər ki, anan sağdır, dünyanın bütün nöqtələrində evindəki qədər rahatsan, azadsan. Əminsən ki, onun varlığı səni bütün bəlalardan qoruyur. Elə ki, yer üzündən çıxıb gedir, öncə bir boşluq hakim kəsilir qəlbinə. O boşluq ananın hüceyrələri ilə dolduqca, yaradıcılığında da yeni cərəyan doğulur. Bütün əsərlərini öncə ona həsr edirsən. Onu düşünmədiyin, xəyalən ünsiyyətdə olmadığın bir saniyə də olmur. Anlayırsan ki, anan getməyib. Elə lap əvvəldən mənəvi varlığı ilə bütövləşmisən. Çox qəribədir, anan içində böyüdükcə qanadların çıxır.

- Və bu qanadlar sənətlə uçur?

- Haqlısınız. Anamın gedişindən sonra yaratdığım əsərlərimin hamısı qanadlıdır.

- Bir çox rəssamların ilham mənbəyi spirtli içkidir...

- Məndə əksinədir. Hətta iş prosesində tam sakitlik tələb edirəm. Zehnim iti düşünməlidir. Sərxoş ikən çalışmağın yanlış olduğunu düşünürəm. Xüsusən də mənim sahəmə sərxoşluq ən azı texniki cəhətdən təhlükəlidir (gülür).

- Can verdiyiniz daşlar yuxunuza girir? Yaxud öncədən yuxuda gördüyünüz obrazlardan ilhamlanırsınız?

- Əlbəttə olur. Amma oyanar-oyanmaz dəli kimi daşların üstünə qaçmırsan. Düşünərək, kompozisiya quraraq, təmkinlə yuxudakı qəhrəmanı xatırlamağa çalışırsan. Çox vacib yaradıcı və texniki məqamları ən çox yuxuda, yaxud trans halında görürsən təbii ki... Bu da normaldır. Çünki biz sənət adamları gecə-gündüz əsərlərimizin təsiri altında oluruq. Paralel dünyamızda onlarla yaşayırıq.

- Ağrılarınızı, kədərinizi, hətta nifrətinizi daşa çevirirsiniz?

- Maraqlı sualdır. Nifrət kimi mənfi duyğunu sənətimdən uzaq tutmağa çalışıram ki, əməyim hədər getməsin. Çünki bütün əsərlərim bədənimin, ruhumun bir parçasıdır. Xüsusən də qadın obrazları yaradarkən bol sevgi qatıram. Amma təbii ki, əsərlərin janrına uyğun kədərə də, üzüntüyə də rast gələ bilərsiniz.

- Deyim var ki, heykəltəraşlıq və sənət atılmış uşaqlardır. Anaları memarlıq çoxdan ölüb, övladlarını amansız taleyin ümidinə qoyub.

- Tamamilə razıyam. Ümumiyyətlə, heykəltəraşlıq sənət baxımından memarlığın bir parçasıdır. Daş yonulur, şəkildən şəklə düşür. Memarlıq anlayışı olmayan sənətkarın əsərləri sənət baxımından yüksək dəyərləndirilə bilməz.

- İş prosesində musiqi köməyinizə çatır? Ümumiyyətlə əsərlərinizin xüsusi melodiyası var?

- İşləyəndə tamamilə sükuta qərq olmalıyam. Bu prosesin sakitliyi özü notların rəqsidir. Musiqini ayrıca dinləyirəm. Mənim üçün hər bir heykəl növbəti musiqi əsərimdir, əvəzsiz sükut kompozisiyasıdır.

- Ruhunuza ən doğma sükut bəstəkarı kimdir?

- Yəqin ki, fransız heykəltəraş Bordel... Onun əsərlərinə tamaşa edəndə mükəmməl melodiya duyuram. Hətta deyərdim hər heykəli böyük bir simfoniyadır, alovdur. Rodinin musiqisi daha təlatümlüdür. Dalğa da var, fırtına da... Mayol sakit, təmkinli bəstəkardır. Bu 3 heykəltəraşı daha dərindən duyuram, sadəcə həmin məqama toxunmağı bacarmaq lazımdır.

- Tanıdığım bir rəssam deyirdi ki, əsərlərimdən məmnun qalmayanda üzümü divara çevirirəm...

- Mənim aləmimdə işindən razı qalmamaq doğru hal deyil. Bəli, istisnalar var. Məsələn, hansısa əsərimə dünyanın ən məşhur şəhərinin küçəsində rast gəlirəm. Kaş ki, zamanı geri çevirib müəyyən ştrixi dəyişərdim, daha mükəmməl edərdim deyirəm. Aydın görürəm ki, nə isə çatmır. Sankt-Peterburqda təhsil aldığım dövrdə bir müəllimim vardı. Piterin meydanlarını bəzəyən abidələrin, heykəllərin çoxunun müəllii idi. O deyirdi ki, iş prosesində mütləq gələcəyi görməyi bacarmalısınız. Əl işinizi böyük meydanda təsəvvür edin. Utanacaqsınızsa, heç üzə çıxarmayın. Bəzən yarımçıq, sənətdən uzaq bir işə baxırsan, müəllif deyir ki, bu, mənim nəzər nöqtəmdir. İnanın ki, vicdansızlıqdır, məsuliyyətsizlikdir. Sualınıza cavab - əsərlərimdən küsmürəm. Amma üzlərinə baxanda günahımı görə bilirəm.

- Məncə, çox ədalətli cavabdır. Bəşəriyyətin sərhədləri varmı? Varsa, harada bitir?

- Gözəl sualdır. Düşünürəm ki, ən layiqli cavabı Ömər Xəyyam, Firdovsi, Nizami Gəncəvi verə bilərdi. İbn Sina deyirdi ki, dünyann bütün sirlərindən agaham, təkcə ölümdən başqa. Kainat hüdudsuzdur. Açıq fəzaya çıxan ilk kosmonavt, dünyadan köçmüş Aleksey Leonov yaxın dostum idi. Bir dəfə ona sual verdim ki, duyğularını mənimlə bölüşə bilərsən? Dedi fəza o qədər hüdudsuz və sərhədsizdir ki, insan qorxuya düşür. Amma sivilizasiyalar mövcuddur. Yaxud elə Qaqarin kosmosdan qayıdandan sonra qoca nənə ona yaxınlaşıb oğlum, Tanrını gördünmü deyir. Qaqarinin cavab tapmadığı tək sual bu idi. Hesab edirəm ki, bu dünyada hər birimizin öz missiyası var. Mənim ali məqsədim isə bürüncü gülləyə yox, sənətə çevirməkdir.

Leyla Sarabi,

Fotolar: Maya Bağırova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm