Əfsanəvi rəssam dirildi... - FOTO
Bizi izləyin

Xüsusi

Əfsanəvi rəssam dirildi... - FOTO

Zənnimcə, fəlsəfədə Frida cərəyanı yaranmalıdır. Yaşamından küsənlər, daxili harmoniyasını itirənlər, qaranlıq quyuda işıq axtaranlar sənətə cəlb olunub ağrısını xəfiflətməlidir.

Çünki Frida dünya boyda acının bədənlə ruhu doğmalaşdıran vəhdət məqamıdır. Düz 12 il əvvəl Rusiyanın məşhur flamenko rəqqasəsi Natalya Zaytseva Frida haqqında kitab oxuyur. Özünün də dediyi kimi boğazına tıxanan enerji seli yeni sənət dalğasını yaradır.

Əfsanəvi meksikalı rəssamın həyatını rəqs dilinə tərcümə edir.

Elə dünən Natalyanın yaratdığı əfsanəvi “Fabrica de tabaco” flamenko Teatr truppası “Frida” tamaşası ilə paytaxtın Opera Studiyasının səhnəsini rəngləyirdi. Bu tablonu ərsəyə gətirən sehrbazlarla tanış olmaq mənim də qismətimdə varmış.

Rəqqasə Publika.az-a etiraf edir ki, Fridanın həyatını 1 saatlıq tamaşaya sığışdırmaq bir ömür zaman tələb edir.

- Fridanın qəzada aldığı zərbələr bədəninə zəhər kimi elə çökmüşdü ki, bir daha nəinki yüksək templə rəqs etmək, heç uzun məsafələrə piyada getmək gücünə də sahib deyildi. Onun ömür yolu ilə təmasdan sonra anladım ki, rəssamın ömrünü bədən dili ilə insanlara bir daha xatırlatmalıyam. Tamaşaya diqqətlə baxsanız, tale yolunun bütün cığırlarını rəqslərdə görəcəksiniz. Mən Fridanı çox sevirəm. Ona olan məhəbbətimi dünyaya rəqslə çatdırıram. Fridanın soyu qızıldərili qəbilələrdən gəlirdi. Yəqin fikir vermisiniz, əsərlərində mayya, astek tayfalarının cizgilərindən istifadə olunur. Tamaşada da bu naxışlardan yararlanmışıq.

- 12 illik Frida adlı çevrilmə həyatınızı hansı naxışlarla bəzədi?

- Fridanın halına girməklə həyat istiqamətimə yönəldim. Nə istədiyimi daha dərindən dərk etdim. 12 ildir ki, “Fabrica de tabaco” teatrımız fəaliyyət göstərir. Frida tamaşası ilə yanaşı bir sıra başqa əsərləri də rəqsə, mahnıya çeviririk. Deyə bilərəm ki, Fridanı axtara-axtara öz əksimi flamenkoda tapdım.

Truppanın oxuyan Fridası isə Tatyana Şişkovadır. Tatyana yenicə ana olub. Körpəsini də rənglərin izi ilə aparır. Bütün qastrollarda anasının qoynunda musiqidən qidalanır yarım illik oğlu.

- Oğluma hamilə olanda da fəaliyyətimə ara vermədim. O hələ bətnimdə ikən də birgə səhnəyə çıxırdıq.

- Fridanın vətənində qastrolda olmusunuz?

- Bu yaxınlarda tamaşamıza Meksikadan sənət adamları gəlmişdi. Sonda bizə yaxınlaşıb dedilər ki, Fridanı onun həmvətənlərindən də dərin hiss etməyi bacarırıq. Axı nə fərqi var, mən slavyanam, o, meksikalıdır, siz azərbaycanlısınız. Hamımız qadınıq. İçimizdə kainat boyda güc var və bu gücün irqi, yaşı, dini yoxdur.

- Əvvəllər onun adı gələndə göz önümdə nəhəng ifritə canlanırdı. İnsanların həyatını cəhənnəmə çevirən, özündən başqa heç kimi düşünməyən, kin və nifrət dolu qadın... İndi 35 yaşım var. Frida bu yaşda gözəl əsərlər yaradırdı. Bugünkü ağlımla dərk edirəm ki, o kifayət qədər güclü, ağıllı, yumor hissi ilə aşıb-daşan insan olub. Bəzimiz acılarla, ağrılarla üz-üzə qalanda, özümüzü didirik, bədənimizə tatu döydürürük, içkiyə qurşanırıq. O isə ağrısını incəsənətə transformasiya etdi. Az qalsın, bədəninin bütün tikələri yenidən bir-birinə yapışdırılmışdı. Həmişə onu Frankenşteynlə müqayisə edirəm. O, hər şeyi adi, bəlkə də lap olduğu kimi qarşılayırdı. Əsərlərinə baxanda onu həmişə hündürboylu, iri bədən ölçülü təsəvvür edirdim. Elə ki, sərgilərinə getdim, gördüm çox incə, zərif, bəstəboy qadın olub. Bu sısqa bədən kainatın ən ağır acılarına necə dözüb?! Çünki həyatı sevirdi.

- Demək o gücdən hamımızın bədənində gizlənib. Bəs Fridanı əyninizə geyinib yaşaya bilərdiniz?

- İnsanların xarakterini, həyatını əynimə geyinib yaşaya bilmərəm. Bəli tamaşa müddətində oxudum, həzz aldım, Fridanın səsinə çevrildim. Amma bu qədər... Səhnə ilə sağollaşan kimi Tanya olaraq həyata dönürəm. Gözəllik də bundadır. İnsan öz ömrünü yaşamalıdır.

Fridanın yer üzündə hələ də gəzən bədəni və səsini səhnəyə yola salıram. Əslində həyatımızın tərifidir Frida. Hamımız bir ovuc torpaqda, bir qarış səma altında rəqsimizi tamamlayıb səhnəni tərk edirik.

Qaranlıq otağı körpə hıçqırığı bürüyür.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm