Xüsusi
Türkiyədə yaşayan məşhur aktrisa pandemiya haqqında: “Sənətçilərin hər zaman B planı olmalıdır”
Türkiyədə yaşayan aktrisa Könül Nağıyeva karantin müddətində həyatında baş verən dəyişiklikləri bizimlə bölüşüb. Ssenari müəllifi olduğu və baş rolda çəkildiyi “Gerçek olamaz” filmi ilə festivallara qatılan və ilk uğurunu qazanan aktrisa Bakı üçün darıxdığını bildirib.
Publika.az Könül Nağıyeva ilə müsahibəni təqdim edir:
- Könül xanım, xüsusilə sənət adamları müsahibələrində bildirir ki, karantin rejimindən format olunmuş halda çıxıblar. Sizdə vəziyyət necə oldu? Evdə tək qaldığınız müddətdə iç dünyanızda hansı dəyişikliyi hiss etdiniz?
- Mənim üçün çətin olmadı, çünki evdə vaxt keçirməyi sevən biriyəm. Əlbəttə ki, çəkilişlərim olanda evdə daha az tapılıram. Amma ümumilikdə karantin müddətini daha çox öz içinə geri dönmək, qəlbinin dərinliklərinə baş vurmaq üçün gözəl fürsət kimi dəyərləndirirəm. Oğlumla daha çox vaxt keçirdik və keçirməyə davam edirik. Başa düşdüm ki, məgər biz bu zamana qədər birlikdə az vaxt keçirirdik.
Mənfi tərəfi odur ki, 4 aydır ailəmi - valideynlərimi, qardaşımı və onun ailəsini görmürəm. Bir daha anladıq ki, hər anın dəyərini bilmək lazımdır.
- Ümumiyyətlə bu günləri səmərəli keçirdiyinizi və öz xeyrinizə istifadə etdiyinizi demək olarmı?
- Maksimum səmərəli keçirdim. Biz xoşbəxtliyi çox zaman kənarda və ya başqalarında axtarırıq. Əslində insan xoşbəxt və rahat olmağı öz daxili gücünə bələd olanda, özünə qayıtdıqda, özü ilə baş-başa qaldıqda öyrənir. Özünüzlə bütöv olmağı bacarsanız, onda kainat sizə müsbət şəkildə cavab verəcək, ən vacibi isə həyatınızda bütün olanları, mənfi ya da müsbət heç fərq etməz, hər şeyi neytral şəkildə dərk etməyə başlayırsınız. Təəssüflər olsun ki, xoşbəxtliyi bəzən yüksək ambisiyalar, karyera və kimdəsə axtarmağa çalışırıq, bu yolda fərqində olmadan özümüzü fəda edirik. Bir də oyanırıq ki, illərimiz puç olub... Uzun müddətdir ki, bütün fikirlərimi daxili mənimdə gedən proseslərə cəmləmişəm, bütün radarları özümə çevirmişəm. Daxili harmoniyanı özümdə tapmışam. Bu daxili azadlığın sərhədlərini genişləndirir və sizə həyatda çox kömək edir.
- Təkliklə aranız necədir? Özünüzdən sıxıldığınız anlar olurmu?
- Maraqlıdır ki, heç bir zaman təklikdən sıxılmamışam. Yaradıcı fikir və ideyalar məhz tək olduğum anlarda gəlir, sonra bu fikirlər hər hansı qısa hekayəyə, mahnıya, ya da filmə çevrilə bilir. Misal üçün son oynadığım “Gerçek olamaz” filmi elə yarandı. Bir gecə təklikdə yazmağa başladım, iki il sonra filmi çəkdik.
Hətta deyərdim ki, tək qalmağı özləmişdim. Bəzən bir neçə günlük hər kəsdən uzaqlaşıb, telefonu söndürüb tək qalmaq istəyirəm. Pandemiyadan əvvəl belə imkan var idi, istədiyimiz vaxt təyyarəyə minib istənilən ölkəyə üz tuta bilirdik. Həyatımız boyu sosiallaşmaq məcburiyyətindəyik, karantinsə bu məcburiyyətləri bir qədər azaltdı.
- Daxili rahatlığı harda və ya kimdə axtarmaq lazımdır?
- Daxili rahatlığı sizə özünüzdən başqa heç kim verə bilməz. Onu birinci öz qəlbinizdə, ruhunuzda axtarmalısınız. Əksini düşünsəniz, xoşbəxtliyi başqalarında tapdığınızı zənn etsəniz, onlardan asılı vəziyyətə düşəcəksiniz. Bu düşüncələri özünüzdən kənarlaşdırın. Sadəcə qəlbinizin səsini dinləyin. Sizə və oxuculara da ilk olaraq özünü tapmağı arzu edirəm. Onda kainat sizə sonsuz rahatlığı hədiyyə edəcək. Bəlkə bir çox insan hazırda məni anlamaz, amma inanın, insan nə qədər az düşünsə bir o qədər xoşbəxtdir. Zəkadan danışmıram, bizim doğru-düzgün nəfəs almağımıza mane olan düşüncələrdən bəhs edirəm.
- Qaranlığın, yoxsa işığın gətirdiyi dincliyi sevirsiniz?
- Hər ikisi vacibdir, qaranlıq olmasa, işıq gəlməz, işıq olmasa qaranlıq düşməz. Bəzən səhərlər özümü daha rahat və enerjili hiss edirəm, bəzən də ən parlaq ideyalar gecə yarısı gəlir və mən nələrsə yazmağa başlayıram. Amma seçim etməli olsam, qaranlığı deyərdim.
- Kino və musiqi dünyası pandemiyanın ən çox zərər vurduğu sahələr arasında ilk yerdə dayanır. Bu amil sizin maddi durumunuza təsir etdi?
- Bəli, bütün layihələr dayandı. Mən də yeni layihəyə başlamaq üzrə idim, pandemiya səbəbilə yarımçıq qaldı. Əlbəttə ki, maddi tərəfdən narahatlıq oldu, amma sənətçilərin hər zaman bir B planı olmalıdır. Xüsusilə aktyorların. Əgər siz yüksək səviyyəli – “celebrity” kateqoriyalı ulduz deyilsinizsə, ikinci variantınız olmalıdır. Ümumiyyətlə həyatımda heç vaxt plan qurmuram. Bir planım var, o da heç zaman plan qurmamaq, yalnız özümü güvəndə hiss etmək üçün çalışıram tədbirli davranım.
- Hazırda Türkiyədə vəziyyət necədir? Məhdudiyyətlərin yumşaldılmasına əhalinin reaksiyası hansı formadadır?
- Türkiyədə həyat artıq normal vəziyyətə dönməyə başlayıb, xəstə sayı hər gün dəyişir, gah azalır, gah artır. Ümumiyyətlə, həyatı ciddi qəbul etməyən bir insanam. Əlbəttə ki, koronavirus pandemiyası deyilən gerçək var. Ona qarşı bütün tədbirləri görsəm də, o yoxmuş kimi davrandım. Psixoloji baxımdan bizi sarsıtmasına icazə vermədim. Bu dönəmdə “Life is beautiful” filmi mənə çox yaxşı təsir etdi, fikrimcə, izləməyənlər izləsin.
Bildiyim qədərilə Bakıda da yüksək səviyyədə tədbirlər həyata keçirilir və keçirilməkdə davam edir. Hətta bəzi məsələlərdə Bakı daha çevik davrandı, hadisələrə vaxtında reaksiya verdi. İstanbul böyük şəhərdir, burda bu qədər insanı idarə etmək asan məsələ deyil. Əlbəttə ki, xəstə və ölənlər oldu, amma yenə də böyük problem görmədim.
- Yoqa ilə məşğul olursunuz, instaqramda da paylaşdığınız videolar böyük marağa səbəb olur. Yoqanın həyatınızdakı rolundan danışa bilərsinizmi?
- Təxminən 10 ildir ki, yoqa ilə məşğulam. Müəyyən səbəblərdən dolayı fasilə verməli oldum, 2 il məşğul olmadım. Amma yoqa həyatımın ayrılmaz parçasıdır. Çünki yoqa bizi özümüzə, daxili dünyamızı daha dərindən tanımağa və araşdırmağa kömək edir. Meditasiyada elə anlar olur ki, bu dünyadan qopub başqa bir dünyaya gedirəm. Orda insana rahatlıq gətirən inanılmaz sakitlik var. Həm mənəvi, həm fiziki baxımdan bədənimiz üçün olduqca faydalıdır. Yoqa mənim üçün həm yorucu olmayan idman, həm də daxili mənini zənginləşdirməyin bir üsuludur. Odur ki, hamıya tövsiyə edirəm. Onu da unutmayın ki, nəyinsə fanatizmə qədər gəlib çıxması faydalı olmur.
- Könül xanım, işlərinizdə nə kimi yeniliklər var?
- Deyirlər ki, Könül, çoxdandır səsin-sorağın gəlmir. Əslində 2019-cu ildə iki layihədə rol aldım, amma onların kinoteatr ekranlarına çıxması 2020-ci ilin sonuna və 2021-ci ilin əvvəlinə planlaşdırılıb. “Gerçək olamaz” filmi hazırda festivallarda dolaşır. Artıq Sankt-Peterburq “Bəyaz Gecələr” festivalında “Ən yaxşı ssenari” nominasiyasında finalist olduq. Film oktyabr ayına qədər festivallarda nümayiş olunacaq.
Daha sonra Rusiyada çox böyük bir layihədə baş rollardan birini oynadım, yəqin ki, gələn ilin əvvəlində çıxacaq. “Diriliş Ərtoğrul” serialında yaddaqalan obraz oynadım, ondan sonra bir neçə təklif gəldi. Sırf ekranda görünüm və tanınım deyə istəmədiyim, könlümdən keçməyən rollarda oynamaq istəmirəm. Özümü oynadığım rola tamamilə həsr etməliyəm. Təəssüflər olsun ki, Azərbaycanda da, Türkiyədə də pul qazanmaq üçün hər rola razılaşmalı olurlar. Şükürlər olsun ki, belə bir problemim yoxdur, rol mövzusunda çox seçiciyəm. Əgər oynayıramsa, onu həqiqətən hiss etməliyəm.
Hazırda yeni layihənin danışıqları gedir. Açıqlaya bilmərəm, yalnız onu deyim ki, rolu bəyənmişəm və tam təsdiqlənməmişəm. Alınsa, çox maraqlı layihə olacaq. Uzun müddətdir ki, belə bir rol gözləyirdim. Şans məsələsidir, alınsa, ən qısa zamanda sevə-sevə ekranlara geri dönəcəm. Alınmazsa, arzuladığım rolumu gözləyəcəm.
- Bakı üçün darıxmısınız?
- Sərhədlər açılan kimi təyyarədə ilk əyləşən mən olacam, şəhər, valideynlərim və dostlarım üçün çox darıxmışam. Xüsusilə qardaşımın bir yaşlı qızı üçün darıxıram. İlk fürsətdə Bakıya qayıdacam. 6 ildir Türkiyədə yaşayıram, bura artıq ikinci vətənim sayılır, Bakının yeri isə ayrıdır, hər zaman doğma və gözəldir...
Pandemiya öyrətdi ki, istənilən vaxt səyahət edə bilmərik, odur ki, qarşıdakı Bakı səfərimi daha doya-doya keçirməyi planlaşdırıram.
Aytən Məftun
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO