Hacı Şahin: "Elə dərin yaralar var ki, ömrünün sonuna qədər adamı tərk etmir"
Bizi izləyin

Xüsusi

Hacı Şahin: "Elə dərin yaralar var ki, ömrünün sonuna qədər adamı tərk etmir"

Qafqaz Müsəlmanları İdarəsinin şöbə müdiri, ilahiyyatçı Hacı Şahin Həsənli bu yaxınlarda “Haradan başlamalı” adlı ilk kitabı ilə oxucuları sevindirib.

Publika.az-a müsahibəsində ilahiyyatçı həm yeni kitabından danışıb, həm də digər dini mövzulara toxunub.

- Yeni kitabınızın nəşr olunması münasibəti ilə təbrik edirəm. Gəlin söhbətə elə bundan başlayaq.

- Təşəkkür edirəm, buyurun.

- Kitabınız oxucular üçün hansı sualların cavablarını açacaq?

- Adətən din haqqında ümumi nəzəri mövzularda kitablara rast gəlirik. Bu kitabın özəlliyi odur ki, dini görüşlərdən deyil, insanların praktiki həyatından bəhs edir. İnsanın xoşbəxtliyə çatmağının yolları, kimliyinin dərk olunması və müasir dövrdə qarşılaşdığı mənəvi problemlərə toxunulub. Kitab əsasən bu mövzuları əhatə edir. Əlbəttə ki, dini mövzulara, “Qurani-Kərim”ə və hədislərə müraciət olunub, eyni zamanda dünya filosoflarının fikirlərinə istinad edərək könül dolusu yaşamağın yollarını öz baxışımdan izah etməyə çalışmışam.

- Oxucular xoşbəxt yaşamağın sirlərindən agah ola biləcək? Onların həyatında nə dəyişəcək?

- Ümid edirəm ki, müsbət nəticəsi olacaq. Sözsüz ki, bunu ən yaxşı oxucular dəyərləndirə bilərlər. Xüsusilə indiki dövrdə düşünürəm ki, insanların dini dəyərlərin praktiki tətbiqinə ehtiyacı var. Kitablarımızda universal mövzulara daha çox yer ayrılmalıdır, məhdud çevrəyə ünvanlanmamalıdır, daha geniş oxucu auditoriyası toplamalıdır. Çalışmışam ki, burada bəlli oxucu qrupuna müraciət etməyim, hər kəs üçün ortaq olan universal məsələlərə toxunum. Kitab həyatdan usanmış müasir insana yeni və pozitiv yanaşmalar təqdim edir. Nə dərəcədə müsbət təsiri olacağını isə qəti şəkildə deyə bilmərəm.

- Dinlərin, xüsusilə İslamın fəlsəfəsi xeyirxah əməllərin və mərhəmətin təbliğinə söykənir. Burada bağışlamaq və bağışlanmaq amili də başlıca rol oynayır. Bəzilərimizsə bağışlamağı zəiflik əlaməti kimi qəbul edirik. Sizcə, bağışlamaq həqiqətənmi insan təbiətinin ən həssas nöqtəsidir?

- Bağışlamaq Allaha xas xüsusiyyətdirsə, zəiflik əlaməti ola bilməz. “Qurani-Kərim”də birindən başqa bütün surələr mərhəmətli və rəhim olan Allahın adı ilə başlayır. Allah özünə bağışlayan deyir, əgər qüdrətli olan Allah bağışlayırsa, deməli, bağışlamaq zəiflik yox, əksinə böyüklük və qüdrət əlamətidir. Bağışlamağı böyük insanlar bacarır, cılız insanlar isə adətən kinli olur, başqalarının xətalarını bağışlaya bilmir. Bağışlamaq böyüklüyə xas olan əlamət olmaqla yanaşı, həm də həyatda xoşbəxt yaşamağımıza zəmin yaradır. Bağışlamaqdan ilk növbədə özümüz qazanırıq. Bağışlamağı bacarmayanda hamıdan çox özümüz narahat oluruq, bu da həyatın ləzzətini qaçırır. Depressiyalardan qurtulmaq və aram yaşamaq üçün bağışlamağa ehtiyacımız var. Bağışladıqca yüngülləşir, insanları daha da sevməyə başlayırıq. Heç birimiz qüsursuz deyilik, onsuz da kifayət qədər qüsurlarımız var, bu qüsurlarımızı qabartsaq, yaşamaq mümkün olmayacaq, bununla həm özümüzün, həm də başqasının həyatını çətinləşdiririk.

Hər bir halda hədislərimizdə də, Quran ayələrində də qeyd olunur ki, rəhm edin ki, rəhm olunasınız. Hər birimizin bağışlamağa, bağışlanmağa ehtiyacı var. Odur ki, həyatda ictimai münasibətlərin inkişaf etməsi, qaydasında olması üçün bir-birimizi bağışlamağı bacarmağı öyrənməliyik.

- Bəs zalımla zülmə dözən həmişə eyni günahı daşıyır?

- Bu, fərdi münasibətlərə aid olan fikir deyil. Daha çox ictimai məzmun və məna kəsb edir. Məsələn, xalqın torpağı işğal olunubsa, insanlarına zülm edilibsə, düşməni bağışlaya bilmərik. Hazırda biz bu taleyi yaşayırıq, sözsüz ki, bu halda bağışlamaqdan söhbət gedə bilməz, zülmə qarşı prinsipial mövqe tutmalıyıq. Əgər söhbət torpaqların sülh yolu ilə azad olunmasından gedirsə, belə bir şəraitdə zülmə təslim olmamalıyıq. Xalqımızın taleyini əhatə edən mövzularda və ictimai məsələlərdə, təcavüz qarşısında sakit dayanmamalıyıq.

İnsanlararası münasibətlərdə isə ehtiyatsızlıqdan müəyyən xətalara yol veririk. Belə məsələlərdə qətiyyət göstərməməliyik, güzəşt yolu tutmalıyıq.

- Bir çox yazıçı və alimlər hesab edir ki, dinlər cəmiyyəti idarə etmək, iqtisadi və siyasi hüquqlar uğrunda mübarizədən yayındırmaq üçün ən asan vasitədir. Bu, insanın ictimai laqeydliyinə və hərəkətsizliyə səbəb olur. Siz nə düşünürsünüz?

- Yanlış hesab edirəm, dinlərdən bu məqsədlər üçün zaman-zaman istifadə olunub. Amma bu, o demək deyil ki, dinin mahiyyəti bundan ibarətdir, din insanlara azadlıq bəxş etmək üçün göndərilib. Peyğəmbərimiz dəvətinə başlayarkən "La ilahə illəllah"la - azad olun deyə çağırış edərdi. O, cəhalət və zülmün əsarətində olan cəmiyyəti azadlığa çıxarmağa çalışırdı. Dinin mahiyyətində təslimçilik yoxdur, o insanlara təslim olmağı aşılamır, əksinə azad və məsuliyyətli yaşamı təbliğ edir, doğru seçim etməyi tövsiyə edir. Kor-koranə təslim olmağı, kiminsə fikirləri ilə oturub-durmağı qəbul etmir, insanın mənəviyyatını əsarət və zəncirlərindən azad edir.

Sadəcə hər imkandan sui-istifadə edildiyi kimi, dindən də sui-istifadə edilir, bəzən yanlış yozumlar, ayə və hədislərin kontekstdən çıxarılması nəticəsində fərqli düşüncələr yayılır. Xilafət dövründə, müsəlmanlar arasında alın yazısı kimi yanlış düşüncə yayılmışdı. Xilafətin rəsmi təbliğatının nəticəsində insanlar alın yazısına məhkum olurdu, odur ki, heç kəs öz taleyini dəyişməyə cəhd etmirdi. Kiminsə taleyində hakim olmaq, başqasında isə öz taleyinə və müqəddəratına təslim olmalıdır yazılırdı. Halbuki, din bunu demir, insan, o cümlədən hər bir xalq öz taleyindən məsuliyyət daşıyır. “Qurani-Kərim” ayəsində də qeyd olunur ki, bir xalq özünü dəyişməsə, Allah onun taleyini dəyişməz. Yəni din insanı dəyişikliyə, inkişafa və tərəqqiyə dəvət edir. Amma dinin yanlış yozumu müxtəlif dairələrin əlində alətə çevrilir ki, bu artıq tamam fərqli bir mövzudur.

- Dinlərin cəmiyyətdə rolu və təsiri zamanla dəyişirmi? Müasir dünyanın dinlərə ehtiyacı varmı və ya olacaqmı?

- Din həmişə aktualdır, o yaradan tərəfindən insanlara göndərilib, yaradan isə zamanın və məkanın fövqündə dayanıb. İnsan cəmiyyətinin inkişaf mərhələləri Allaha aydındır, din mahiyyət etibarı ilə ona uyğunlaşır. Bəzən düşüncə zamana uyğunlaşmır, zamandan geri qalır və bunun üçün islahatlara ehtiyac duyulur. Amma din mahiyyəti etibarı ilə islahatlara ehtiyac duymur, onun zamana uyğunlaşma mexanizmi var, zamandan geri qala bilmir. Zamandan geri qalırsa, o artıq din deyil, yanlış düşüncə və dini təfəkkürdür. Odur ki, din öz təbiətini və mahiyyətini itirməzsə, əksinə cəmiyyətin inkişafına təkan verir və hər bir zaman aktualdır. Dində insanı inkişafdan salmaq üçün hökm tapmaq olmaz. Dində bildirilir ki, hərəkət həyat, durğunluq isə ölüm deməkdir. Odur ki, hər gün inkişaf etməliyik, yerimizdə addımlamamalıyıq. Din sağa-sola sapmaların, mənəvi tənəzzülün qarşısını alır. Elmi-inkişafın, tərəqqinin nəinki qarşısını alır, əksinə onu stimullaşdırır və inkişaf etdirir. Əslində dinləri təhrif etməsək, həqiqi dinə istinad etsək, onların mahiyyəti yalnız və yalnız tərəqqiyə səsləyir. Din hər bir dövrün tələblərinə uyğunlaşır, sadəcə onu hər zamanın dilində təqdim etməyi bacarmaq lazımdır.

- Viktor Hüqo deyirdi ki, vicdan insanın içindəki tanrıdır. Heç bir inancı olmayan insanın qəlbində vicdan hissi cücərə bilərmi?

- Vicdan hissi insan daxilinə Allah tərəfindən göndərilir. “Qurani-Kərim”də də onun haqqında danışılır. “And olsun özünü qınayan nəfsə” deyə bir müraciət var. Özünü qınamaq dedikdə vicdan nəzərdə tutulur. İnsanın təklikdə özünü danlaması artıq Tanrının varlığının sübutudur. İnsan üçün yaxşı və ya pis anlayışlar varsa, yalan danışanda daxilən narahat olursa, bu artıq onu göstərir ki, həyat mənəvi meyarlar üzərində qurulub, insan maddi varlıq deyil, o, Allah tərəfindən yaradılıb. Mənəvi meyarlar Tanrı olmadan təsəvvür olunmur.

İnancı olmayan insanların daxilində Allahın qoyduğu vicdan var və onun vasitəsilə yaxşını pisdən ayıra bilir. Səhv iş gördükdə daxili narahatlıq keçirir. İnsan ağıla və ruha sahib olduğu üçün müəyyən meyarlar və dəyərlər var. Bu prinsipləri pozduqda, mənəvi dəyərləri tapdaladıqda daxilən əziyyət çəkməyə başlayır. Bu əziyyətin adına vicdan deyilir, o cümlədən vicdanı olmayan insanda da özünü müəyyən situasiyalarda göstərir.

- Tanrıya inanmaq asandır, ya onun inandığı insan olmaq? Ümumiyyətlə ruhumuz bizə, ya Tanrıya tabedir?

- Təbii ki, Allah tərəfindən yaradılmışıqsa, ruhumuz asılıdır. Bizə azadlıq verilsə də, öz qərarlarımıza tabe olsaq da, ruhumuz tam müstəqil deyil. Ümumiyyətlə bütün varlıq aləm Allahdan asılıdır. Amma Allahın bəxş etdiyi azadlıq vasitəsilə atdığımız addımlardan məsuliyyət daşıyırıq. Azadlıq insanların fərqləndirilməsi üçün verilən xüsusiyyətdir, insan azad iradəyə sahibdir və bu səbəbdən də digər canlılardan üstün sayılır. Quranda da qeyd olunur ki, insana doğru yol göstərdik. Müəyyən mənada onu bildirir ki, insan seçimlərinə və özünə hakim ola bilir.

İnsanın bəzən ehtiras və həvəslərinin əsarətinə düşməsi isə iradəsinin zəif olmasını göstərir ki, bu da onu uçuruma aparır. Ümumi olaraq bütün varlıq aləmi Tanrıya tabedir, amma yaradan bizə icazə azadlığı bəxş etməklə həm də özümüzə hakim olmaq potensialını təşviq edir.

- Qəlb ağrısı dualarla, inamla, ya zamanın təsiri ilə sağalır?

- Mənəvi yaralar nəzərdə tutulursa, zamanla da, dualarla da sağalanı var. Amma elə dərin yaralar var ki, ömrünün sonuna qədər insan ruhunu tərk etmir. Bununla belə özümüz toparlana bilirik, inamın, zamanın və duaların gücü ilə mənəviyyatı, yaraları sağalda bilirik. Həyata baxışımız dəyişdikcə, inkişaf etdikcə, əvvəllər bizi incidən məsələr daha yaralamır və ya daha tez sağalır. Böyüdükcə məsələlərə yanaşma tərzi də dəyişir və inam bu məsələdə bizə kömək edir.

Bəzi hadisələrin də təsiri zamanla sağalır. Amma çalışmalıyıq ki, tam zamanın ixtiyarında olmayaq. Zaman və məkana hakim olaq, ruhumuzu yaralanmaqdan qoruyaq. Bu, həm də öz ixtiyarımızda olan məsələdir. İnsan inkişaf etdikcə, kənardan az təsir qəbul edir və ya etmir. Çalışmalıyıq ki, belə bir dünyagörüşü və inama sahib olaq.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm