Ramin Bayramlının parodiyası ilə rekord qıran “Bu şəhərdə” bir ildir heç bir qazanc əldə etmir - MÜSAHİBƏ/VİDEO
Bizi izləyin

Xüsusi

Ramin Bayramlının parodiyası ilə rekord qıran “Bu şəhərdə” bir ildir heç bir qazanc əldə etmir - MÜSAHİBƏ/VİDEO

Video əlavə olunub.

xxx

“Bu şəhərdə” komandasının yutub üçün hazırladığı “Karantində toy” adlı videolayihə sosial şəbəkələrdə böyük maraqla izlənilir. Xüsusilə Ramin Bayramlının parodiyası günlərlə trenddə qala bildi.

Komandanın ssenaristi Müşfiq Abbasov Publika.az-a müsahibəsində bildirib ki, növbəti videolarda millət vəkili Siyavuş Novruzovun parodiyası olacaq. M.Abbasov etiraf edib ki, pandemiyadan dolayı mart ayının əvvəllərinə təyin olunan konsert proqramı bir neçə dəfə təxirə düşdüyü üçün komanda maddi sıxıntılar yaşayır.

- Yeni mövsümə adətən sənət adamları yeni yaradıcılıq planları ilə daxil olur. Sizdə vəziyyət necədir?

- İnşallah noyabrda konsertimiz olacaq. Pandemiyadan dolayı konserti ilk təxirə salan biz olduq. Martın 4-dən etibarən 5 gün konsert olmalı idi, tarixi əvvəlcə maya, sonra iyuna keçirməli olduq. Ümid edirik ki, noyabra kimi vəziyyət düzələr və konsert proqramlarının keçirilməsinə icazə verilər.

Konsertin necə olacağını bilmirəm, zalda qonaqlar ya bir nəfərdən bir əyləşəcək, ya da daha kiçik zallarda keçirilməsi nəzərdə tutula bilər. Konsertlərlə bağlı qaydalar hələ dəqiqləşməsə də, qanun çərçivəsində necə deyiləcəksə, elə də olacaq. Paralel olaraq yutub üçün gündəm olan mövzular ətrafında videolayihələr çəkmişik. 15 video çəkilib, bir neçəsi artıq yerləşdirilib, qalanları da mütəmadi olaraq izləyicilərə təqdim olunacaq. Əgər noyabra keçirilən konsertimiz təxirə salınsa, böyük ehtimalla konsert gələn ilin martında baş tutacaq.

- Konsertlərin təxirə salınması maddi durumunuza necə təsir edir?

- “Bu şəhərdə” kollektivinin qazancı birbaşa konsertlərdən idi, başqa heç bir gəlir mənbəyimiz yoxdur. İldə iki konsertimiz olurdu, indi isə pandemiya bizi onlardan da məhrum edib. Sonuncu konsertimiz noyabrda baş tutmuşdu, artıq bir ildir “Bu şəhərdə” kollektivi heç bir qazanc əldə etmir. Konsertlərin afişa və reklamına nə qədər xərcimiz boşa çıxıb. Proqramın təxirə salınması, üstəlik afişaların 3 dəfə çıxarılıb tullanılması bizə ikiqat maddi ziyan vurub. Ümid edirik ki, tezliklə köhnə rejimə qayıdarıq. Yeri gəlmişkən, bu il bizim üçün əlamətdardır. “Bu şəhərdə”nin 20 illiyi olacaq.

- Ötən il “Şabaş” filmini təqdim etmişdiniz. Planda yeni filmin çəkilməsi gözlənilirmi?

- “Şabaş” filminin də çəkilməsinə böyük xərclər çəkilmişdi. Bildiyimiz kimi, karantin olduğu üçün kinoteatrlar bağlandı, bütün filmlərin nümayişi dayandırıldı, o cümlədən “Şabaş”.

Payız və qış aylarında yeni film çəkməyi düşünmürük. Konsertlərimiz bitəndən sonra qismət olarsa, gələn il serial hazırlamağı planlaşdırırıq. “Bu şəhərdə”dən heç kimin gözləmədiyi bir tərzdə, qeyri-yumoristik bir ideya üzərində çalışırıq. Dramatik janrda serial olacaq, tamaşaçıların çoxu demək olar ki, Rafaellə Coşqunu ilk dəfə tamamilə fərqli ampluada görəcək.

- Rafael İsgəndərovla Coşqun Rəhimov bu boşluqdan istifadə edib seriallarda çəkilməyi düşünürmü?

- Karantindən əvvəl serialların 90 faizindən ilk növbədə bizə təklif gəlirdi. Dəfələrlə kanal rəhbərlərindən də serial və veriliş təklifləri gəlib. Rejissorlar layihələrdə Coşqunla Rafaeli görməyi çox istəyir. Onların heç bir serialda rol ala bilməməsinin səbəbi konsertlər, Azərbaycanın bir neçə şəhərinə və ölkədən kənar səfərləri ilə bağlı idi. Fiziki baxımdan çatdırmaq mümkün deyildi.

- Pandemiyanın insanlara vurduğu zərər davam edir. Baş verənlər hər kəsə bir dərs verdi. Bəs siz bütün bunlardan özünüz üçün hansı nəticə çıxardınız?

- İlk növbədə hər bir insan ürəyinin dərinliyində gözəl başa düşdü ki, vaxtı ilə nə qədər naşükür olmuşuq. Yayda insanların çoxu istirahət üçün başqa ölkələrə üz tuturdu, rayonlarımızı bəyənmirdi. Amma bu qadağalardan sonra Azərbaycanımızın, dostlarımızın, pulumuzun və azadlığın qədrini daha yaxşı bilməyə başladıq. Amma pandemiyanın müsbət tərəfləri də var. Bu ilin son 6 ayı ərzində avtomobil qəzalarının sayı qat-qat azalıb.

Eyni zamanda insanlar immuniteti gücləndirmək üçün daha sağlam qidalanmağa başladı ki, bu da onları avtomatik olaraq digər xəstəliklərdən qorumuş oldu. Koronavirusun vurduğu iqtisadi zərbənin əziyyətini dünya hələ tam hiss etməyə başlamayıb. Ehtiyatlar hələ var, ölkələr onları xərcləyir. Bu ehtiyatlar bitəndən sonra güclü iqtisadi zərər hiss olunacaq...

- “Karantində toy” sosial şəbəkələrdə böyük marağa səbəb oldu, günlərlə trenddə qaldı. Bu videolarda Ramin Bayramlı, İlqar Muradov, Elmar Məmmədyarov, Rəşid Mahmudov, Mirşahin Ağayev və başqa məşhurları parodiya etmisiniz. Zəng edib etirazını bildirənlər olub, ya bəyəniblər?

- Bu parodiya olunanlar arasında etirazını bildirən olmayıb. İlqar Muradovla Şəbnəm Tovuzlu zəng edib çox bəyəndiklərini qeyd etdilər. Ümumiyyətlə bu vaxta qədər konsertlərdə də etdiyimiz parodiyalarda heç vaxt heç kimi tənqid etməmişik. Bunu heç kim bizə irad tuta bilməz, nə parodiya olunan şəxsin özü, nə də onun pərəstişkarı və ya dostu. Kimisə alçaltmaq, şəxsiyyətinə toxunmaq “Bu şəhərdə”nin prinsiplərinə daxil deyil. Çalışırıq ki, ilk növbədə özünün xoşuna gəlsin. Bu videolar sırf pozitiv yumordur, sancmaq və iynələmək yoxdur. Həqiqətən xalq arasında olan söhbətləri ssenariləşdirmişik.

- Növbədə kimlər var?

- Elza Seyidcahan, Nura Suri, Siyavuş Novruzov, Nadir Qafarzadə, Ata Abdullayev və s. Heç kimin xətrinə dəymək fikrində deyilik, qəlb qırsaq günah etmiş olarıq.

- Ümumiyyətlə parodiyaları normal qarşılayan insan daha cəsarətlidir ki, onu qəbul edə bilir?

- Əgər hər hansı tanınmış bir simanı olduğu kimi parodiya etmişiksə, uğurlu alınıbsa və tamaşaçı alqışlayıbsa, dünyagörüşü və intellekti olan insan parodiyanı normal qəbul etməlidir. Yox əgər uğursuzdursa, obrazın adından yalan danışırsa və ya obraza şər atırsa, tamaşaçı onu alqışlamır, parodiya yaşamır, ölü doğulur. Hər insanı da parodiya etmək olmur, istər sözündə, istərsə də hərəkətlərində bir şarmı və özəlliyi olmalıdır ki, yumor şirin alınsın. Rəngi olmayan boz bir insanı parodiya edəndə gülməli alınmır. Yaxşı alınsa tamaşaçı tərəfindən yeyiləcək, pisdirsə ölüb gedəcək.

- Mir Şahin Ağayevi əksər şəxslər sərt rəhbər kimi tanıyır. Onun parodiyası xüsusilə effektli alınıb. Sizcə, videoya münasibəti necə olub?

- Obrazların üzərində 12-15 nəfərlik xüsusi komanda çalışır, qrimyor, kostyum rəssamı, vizajist və s. Hər bir detalı xırdalıqlarına qədər düşünürük.

Mir Şahin müəllimin sərt tərəfləri var, razıyam. Amma biz Mir Şahin Ağayevin dəsti-xəttini, danışıq dilini parodiya etməyə çalışmışıq. Obraz sırf onun üslubunda, dilində danışırdı. Yeri gəlmişkən, onun daha iki parodiyasını da etmişik, yaxınlarda təqdim olunacaq.

- Ötürmək istədiyiniz əsas mesajlar hansılardır?

- Gələn həftə yutub kanalımıza növbəti videonu yerləşdirəcəyik. Tamada monoloqunda deyir ki, Operativ Qərargah bəlkə də toylara icazə verərdi, amma bizim millətin toylarda marça-murç öpüşüb-görüşmək xüsusiyyətini nəzərə alaraq icazə vermir. Toyun bütün qonaqları bəylə-gəlini öpməsə, olmaz, and içmişik... Bu, həm qeyri-etikdir, qeyri-estetik, həm antisanitardır.

- Sizcə, pandemiya bu ənənələri yuyub apara biləcək?

- Məncə, təsir göstərəcək. Ən azından ona görə ki, pandemiyanın ilk həftələrində insanlar maska taxmaqdan imtina edirdi, inanmırdıq. İndi isə hər kəs könüllü olaraq maska taxır, qaydalara əməl edirik. Pandemiya çərçivəsində görülən tədbirlərin içində pis heç nə yoxdur. Sosial məsafə qaydalarının gözlənilməsi cəmiyyətimizdə vərdişə çevrilsə, çox gözəl olar.

- Yutub layihəsi konsertlərin yerini doldururmu?

- Maddi baxımdan xeyr, əksinə, əlavə xərcdir. Biz bunu tamaşaçılar və özümüzü formada saxlamaq üçün edirik. Yutub layihəsi konsert məşqinin yaxşı versiyasıdır. Böyük ehtimalla konsert toyumuzda Ramin Bayramlı da, Şəbnəm Tovuzlu da olacaq.

- “Bu şəhərdə”də biz adətən sosial yönümlü, ailə-məişət zarafatları görürdük. Siyasi xadimlərin və məmurların olması bir növ yenilikdir. Lakin bəzən izləyicilər irad tutur ki, hər hansı məmuru vəzifədən getdikdən sonra tənqid etmək və parodiyaya çevirmək doğru deyil.

- Heç kimi aşağılamamışıq. Konsertlərin birində Misir Mərdanovu parodiya etmişdik, özü də zalda oturub bizi izləyirdi, konsertdən sonra zəng vurub təşəkkür etdi ki, biz çox məsələni mənim adımdan deyə bilmisiniz. Elmar Məmmədyarov nəzərdə tutulubsa, ünvanına heç bir pis ifadə işlədilməyib.

Konsertlərimizə gələn qonaqlar yutub tamaşaçısı deyil. Onların yaşını nəzərə alsaq, ümumiyyətlə 80 faizi yutubu izləmir. O cümlədən yutub tamaşaçısının da tələbləri konsert tamaşaçısı ilə eyni deyil. Yutub tamaşaçısı gündəm mövzularını sevir. Konsertlərimizdə yenə ailə-məişət mövzularına aid zarafatlar olacaq, Heydər Əliyev Sarayına gələnlər bizdən onu gözləyir. Odur ki, tamaşaçımızı aldada bilmərik.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm