“Bəzən tale ağlımızdan keçməyən yerlərə gətirir bizi”
Bizi izləyin

Xüsusi

“Bəzən tale ağlımızdan keçməyən yerlərə gətirir bizi”

“Umay”ın bugünkü qonağı teleaparıcı Mətanət Ağamirlidir.

– Mətanət xanım, həmkarımız olduğunuz üçün söhbətimizə öncə peşəkar jurnalistikaya gəlişinizə qısa bir nəzər salmaqla başlamaq istərdim…

– Gənc yaşlarımda, institut illərində ölkədə tanınan, oxunan qəzet və jurnallarda yazılarımla, şeirlərimlə çıxış edirdim. Müstəqilliyimizin ilk illərində qəzetlərdə korrektor kimi fəaliyyətə başladım və 1999-cu ilə qədər müxtəlif KİV-də çalışdım. Daha sonra Media Holdinqə dəvət aldım (indiki Lider TV). Holdinqin tərkibində fəaliyyət göstərən “Bizim Əsr” qəzetində, Lider radiosunda çalışdım. 2000-ci ildə Lider TV yarananda burda davam etdim. Nə az, nə çox 20 ildən bir az da artıq müddətdə eyni Holdinqdə çalışdım. Uzun illər televiziya məkanda zövq alaraq yorulmadan işlədim. Burda böyük bir təcrübə keçdim, tanındım, ən müxtəlif layihələrdə, proqramlarda yer aldım, uğurlar qazandım, mükafatlandırıldım, təltif olundum,..

- Peşənizin həyatınızı, mühitinizi dəyişdirdiyi məqamları olubmu ?

– Əlbəttə. Zatən insan ruhən inkişaf etdikcə, sevdiyi işdə irəliləyərkən mütləq ki, həyatı da, mühiti də dəyişir.

– Qəlbinizi və sevginizi qoyaraq təmənnasız başladığınız bu sənət sizə maddi-mənəvi olaraq nələri qazandırdı ?

– Düşünürəm ki, insan gördüyü işə ürək verəndə, peşəsini sevərək çalışırsa İlahi qüvvə onu mütləq mükafatlandırır. Bu bir harmoniyadir. Bu baxımdan özümü şanslı sayıram. Bilirsiniz ki, 2016-cı ildə “Əməkdar Jurnalist” fəxri adına layiq görüldüm. Qiymətləndirilmək, dəyərləndirilmək çox gözəl hissdir. Seçdiyim peşə mənə çox şeylər verdi: uğurlu nəticələr, təltiflər, mükafatlar,.. Ən böyük qazancım isə yaxşı insanlar, sədaqətli dostlar, qırılmaz dostluqlar oldu. Bu illər boyunca tale məni ən gözəl insanlarla qarşılaşdırdı. Hər kəs mənə kömək etmək istədi, hər kəs mənə dəstək oldu, dəstəyimi qəbul etdi. Hər zaman mənə düzgün yol göstərdilər. Bütün bunlara görə şükran hissi ilə yaşayıram.

– Mətanət xanımı “Zəriflik” adlı jurnala hansı zərif duyğular bağladı ? Bu haqda nə deyə bilərsiniz ?

– Doğru, Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyevanın dəvəti ilə partiyanın qadın qolunun “Zəriflik” adlı jurnalının redaktoru işlədim. Bu mənə jurnal nəşrinin təcrübəsini qazandırdı, deyə bilərəm. Təbii ki, jurnalın hər nömrəsində intellektual səviyyəli, dövlətə-millətə bağlı, milli-mənəvi dəyərlərimizi yaşadan insanlarımızı tanıtmağa, təbliğ etməyə çalışdım. Nə qədər nail oldum, artıq bunu jurnalın oxucuları deyə bilər…

– Bu qədər uzun əmək sərf etdiyiniz işinizdən ayrılmağınızın səbəbləri də maraqlıdır…

– 2019-cu ilin noyabr ayında Lider televiziyası ilə yollarımız ayrıldı. Bəzən bəlli situasiyalarda düşünürsən ki, artıq orada işini bitirmisən, durğunluq, təkrarçılıq yorucu təsir bağışlayıq. Bir müddət ərzində qaçdı-qovlu, təlaşlı, dolu-dolu iş həyatından bir az uzaqlaşmağa qərar verdim. Evdə özüm üçün sakit bir həyat yaşayanda, buna nə qədər ehtiyacım olduğunu fərq etdim. Səssizliyin, sakitliyin hüzurunu yaşamaq da çox xoşdur…

– Bu gün mətbu orqanlarda və mediada sizi narahat edən məqamlar hansılardır?

– Gözəl şairimiz Qabilin əvəzsiz bir misrası var: “Heyf korşalırıq biz, səhv düşəndə yerimiz”. Bu gün jurnalistikada da yeri səhv düşənlər çoxdur. Və bu təəssüf ki, öz fəsadlarını verməkdədir. Unudulur ki, demokratiya, qloballaşma eybəcərliklərin təbliği demək deyil. Unudulur ki, hər bir toplumu var edən, yaşadan onun dəyərləridir. Bizi biz edən dəyərlərə sahib çıxmağı bacarmalıyıq. O zaman narahatçılıqlardan, çatışmazlıqlardan deyil, üstünlüklərimizdən, uğurlarımızdan danışa bilərik.

Sizcə, problemlər nə dərəcədə efirlərdə nümayiş etdirilməlidir, Məsələn, bir qadının probleminin efirdə işıqlandırılması məsələni köklü şəkildə həll edə bilərmi?

– Nəinki qadının, cəmiyyətin hər bir üzvünün hüququ, qayğısı diqqət mərkəzində olmalıdır. Amma efirlərdə qadını çarəsiz göstərmək, şüuraltı aşağılamaq əlbəttə ki, yolverilməzdir. Məncə hər kəs hazırladığı layihənin, proqramın, yazdığı sətirlərin məsuliyyətini dərk etməlidir. Bizim bu gün Azərbaycanın müxtəlif sahələrdə uğur qazanmış qadınlarından danışmağa kifayət qədər sözümüz, faktlarımız var. Amma problemlər də var. Biz fərd kimi deyil, toplum olaraq inkişafa çalışmalıyıq. Bunun üçün gənclər, yeniyetmə uşaqlar nümunəvi, müsbət qəhrəmanları tanımaqla böyüməlidir. Bu halda biz cəmiyyət olaraq qadınlara qarşı zorakılığın həllinə yardım etmiş olarıq. Azərbaycan qadınının uğur hekayəsini görərək böyüyən bugünkü yeniyetmə, uşaq, gənc təbii ki, gələcəkdə öz xanımını da, qız övladını da bu cür uğurlu, mübariz görmək istəyəcək. Bu baxımdan günümüzdə özünü ziyalı, ictimaiyyətçi sayan kəslərin qurduğu təbliğat, formalaşdırdığı ictimai rəy gələcəyimizə verdiyi fayda və ya zərərdir.

– “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” ilə yollarınızı necə birləşdirdiniz?

– AQSİA iki il əvvəl ölkə başçısının təşəbbüsü, Dövlət qurumlarının dəstəyi ilə yaranmış bir qurumdur. Mən jurnalist olaraq yarandığı ilk gündən bu qurumun yanında olmuşam. Bu ilin əvvəllərində Assosasiyadan dəvət aldım. Nizamnaməyə görə Assosasiyada iki ildən bir seçkilər keçirilr, İdarə Heyətinin üzvləri müəyyən olunur, səsvermə yolu ilə sədr yenilənir. Burda bir neçə ay çalışdıqdan sonra nizamnaməyə uyğun olaraq seçkilər keçirildi. İyun ayında gerçəkləşən bu seçimdə mənim namizədliyim də dəstəkləndi. Eyni zamanda AQSİA-nın İctimaiyyətlə Əlaqələr Komissiyasının rəhbəri vəzifəsi də mənə həvalə olundu. Beləliklə, iş həyatımın bir hissəsi də Assosasiya ilə bağlandı. Bəzən düşünürəm ki, hər kəsin öz seçimi var. Amma bəzən də tale obrazlı desək, heç vaxt arzusunda olmadığımız, seçmədiyimiz, heç ağlımızdan keçməyən yerlərdə görmək istəyir bizi. Bu baxımdan İlahi idarəetmə mexanizmini hiss etməmək mümkün deyil.

– Mətanət xanım, fəaliyyətinizin müəyyən hissəsi qadınlarla bağlıdır. Bunu xoş bir təsadüf adlandıra bilərikmi?

– Lider televiziyasında uzun illər yayımlanan “Gender” adlı proqramın müəllifi və aparıcısı olmuşam. Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasının “Zəriflik” adlı qadın jurnalının redaktoru işləmişəm. İllərlə onu nəşr etmək mənə nəsib oldu. İndi ölkəmizdə iqtisadi baxımdan yeganə qadın platforması olan AQSİA-da, yenə də qadınlarla bir aradayam. Cəmiyyət üçün işıq olan xanımları yaxından tanımaq mənəvi zövqdür, qazancdır. Bu istiqamətdə təbliğat daha da genişlənərdə, o zaman mayaklar çox olar. Maarifləndirmə hər kəsə öyrədər ki, əgər cəmiyyət üçün işıq ola bilmirsənsə, ən azından kiçik bir çevrə üçün işıq ol, insanlığa, xalqa faydalı ol, bu mütləqdir. Yeri gəlmişkən, çox xoşdur ki, müxtəlf sahələrdə uğur qazanan xanımlarımızın təbliğində mənim də müəyyən qədər rolum olub. Qadınlarımızın uğurları bizi sevindirməyə bilməz. Hər bir qadının uğuru, bütöv Azərbaycan qadınının uğurudur. Nüfuz sahibi, ekonomi baxımdan müstəqil qadınların, ziyalıların, lider xanımların uğurları bizi yalnız sevindirə bilər…

– Mətanət xanım, istərdik oxucularımızı“Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” nın fəaliyyəti ilə bir qədər ətraflı tanış edəsiniz…

– “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” iki il əvvəl dövlət dəstəyi ilə yaradılmış bir qurumdur. Azərbaycanda yeganə qadın iqtisadi platformasıdır. Düşünürəm ki, burda birləşən qadınlar iqtisadi baxımdan özü öz özgürlüyünü qazanmış sahibkar xanımlardır. Assossasiyanın sədri Bakı Tekstil Fabrikinin sahibi, tanınmış sahibkar, fəal ictimaiyyətçi, siyasi elmlər üzrə fəlsəfə doktoru Səkinə xanım Babayevadır. Sahibkarlıqda Səkinə xanımın uğurlu bir imici, günümüzün layiqli və işgüzar qadınları arasında öz imzası var. Onun işığına AQSİA ətrafında birləşən xanımların sayı gündən-günə artır. Səkinə Babayeva insanlara, xanımlara, faydalı işlə məşğul olmaq istəyən hər kəsə kifayət qədər açıq bir ictimaiyyətçidir. Düşünürəm ki, bu faktor sahibkarlıqda özünü sınamaq istəyən gənc qadınlarımıza çox böyük dəstəkdir. Qeyd etmək lazımdır ki, AQSİA-ya həm də sosial şəbəkələr vasitəsilə çox tez-tez müraciətlər daxil olur. Onlar xüsusilə gənclərdir. Hətta, bu gün Assosiasiyanın 18 yaşlı xidmət sahəsində fəaliyyət göstərən sahibkar üzvü var. Bir az öncə qeyd etdiyim kimi, sahibkar olmaq, bizimlə əməkdaşlıq etmək istəyən, quruma üzv olmaq istəyən çoxlu sayda xanımlar var. Sevindiricidir ki, qadınlar bir çatı altında birləşmək amalındadırlar. Assosiasiyanın hədəfi qadın inkişafı, qadınların savadlı olması, öz hüquqlarını bilməsi və bu hüquqlardan istifadə etməsi, qadının iqtisadi özgürlüyünü qazanmasıdır. AQSİA-nın hədəfi Azərbaycan qadınının daha dəyanətli, daha özgüvənli övlad yetişdirməsidir. Düşünürəm ki, Azərbaycan qadınının həyatında Assossasiyanın rolu, fəaliyyəti yeni bir mərhələdir. Və bu mərhələ öz missiyasını uğurla həyata keçirəcək.

– Mətanət xanım, “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” ona üzv olan qadınlara maddi olaraq necə dəstək olur ?

– Biznes həyatında özünü təsdiq edən qadınlara əlbəttə, sahibkarlığa kömək milli fondu tərəfindən cüzi faizlə və uzun müddətli kreditlər verilir. Bu Assosiasiyanın sahibkar olmaq istəyən xanımlara ən böyük avantajıdır. Onlar öz biznes layihələri əsasında fonddan kreditlər götürə bilirlər. Bundan başa inlişaf etməkdə olan sahibkarlar treninqlərə, biliklərinin artırılması üçün müxtəlif kurslara cəlb olunurlar. Sahibkar olmaq istəyənlərə AQSİA-nın təcrübəli üzvləri dəstək olur, lazım olan yardımı əsirgəmirlər. Bu baxımdan xüsusilə regionlarda sahibkar qadınlarla bağlı bir çox layihələr həyata keçirilib və davam etdirilir. Bir sözlə AQSİA-nın məqsədi milli iqtisadiyyatımızda qadın sahibkarlığının müxtəlif biznes sahələri üzrə iqtisadi təşəbbüskarlığının artırılması və potensiyalının gücləndirilməsi, onların maraqlarının qorunması, ən qabaqcıl təcrübələrin qadınlar arasaında yayılması, fəaliyyət və məşğul olduqları sahələrin davamlı inkişafının dəstəklənməsi xidmətlərinin göstərilməsində şəffaflığın və cavabdehliyin təminatı, səmərəli kollektiv fəaliyyətin formalaşmasına kömək etməkdən ibarətdir.

Assosiasiya məlum pandemiya dövrü ilə əlaqədar nə kimi işlər görə bildi?

– Assosasiyanın xətti ilə karantin dönəmində 5 minə yaxın aztəminatlı ailələrə maddi, tibbi, mənəvi yardımlar göstərildi. Ehtiyac içində Assosiasiyaya üz tutan insanlara dəstək olduq. Vətəndaş cəmiyyətinin üstünlüyü bundadır ki, qadınlar bir arada təşkilatlanaraq problemlərin öhdəsindən gəlirlər. AQSİA-nın təşkilatçılığı ilə Mərkəzi Qan bankı ilə birlikdə qanvermə aksiyası keçirildi. Bu prosesdə bir məqamı müşahidə etdim, onu siinlə bölüşmək istərdim. Yardım məqsədilə AQSİA-ya üz tutan bir qism qadının düşüncəsi ondan ibarətdir ki, “mən bir qadın kimi dünyaya uşaq gətirmişəm, mənə yardım olunmalıdır, mən işləmirəm, işləmək də istəmirəm, uşaqlarımı saxlamaq istəyirəm”. Sual çıxır ortaya, amma necə? Bu yanlış yanaşmanın səbəbləri nə iə bağlıdır? Savadsızlıqmı, mentalitetmi? Hansı ki, qadın özü ayaq üstə durmağı bacarmalı, övladlarını qoruyub saxlamalıdır. Seçim sənindir, ailə qurub dünyaya övladlar gətirmisənsə, öncədən məsuliyyətini də dərk etməlisən. Cəmiyyətə layiqli, sağlam ruhlu övladlar vermək lazımdır. Təəssüf ki, bəzən bunu unudanlar və ya heç anlamayanlar da var. Yardım aksiyası zamanı bir qadını tanıdım: evi, torpağı yox, qeydiyyatı Gəncə – Göygöl rayonunadır. Ancaq Bakıda üç övladı ilə vaqonda yaşayır. Ailə başçısı da yox idi və tək olduğu halda işləmirdi. Bu insan özü və övladlarını yardımlarla dolandırır. Acınacaqlı deyilmi? Bu baxımdan qadınların maariflənməsinə çox böyük ehtiyac var. O qadınları efirə çıxarıb biabır etmək lazım deyil, qadın ictimai qınağa çevrilməməlidir, o qadınları maarifləndirmək, bilgiləndirmək, stimul vermək lazımdır. Düşünən, aydın qadın savadlı övlad, yararlı vətəndaş yetişdirəcək. Amma özü hamıdan və hər şeydən asılı bir qadın gələcəyin asılı övladını yetişdirəcək. Bu yolverilməzdir, məncə bununla bağlı hələ də ciddi layihələrə ehtiyac var.

Qadın bəşəri varlıqdır, bəşəriyyətin anasıdır. Hansı tərəfdən baxsan qadın sevgidir, qadın seviləndir, qadın mütərəqqidir, qadın gücdür, güclüdür, qadın ədalətdir, qadın sülhdür, haqq səsidir, qadın mühafizəkardır. Ən əsası isə qadın cəmiyyətin aynasıdır. Bu baxımdan bizim dahilərimiz, ədiblərimiz klassik və müasirlərimiz, tarixin müxtəlif dönəmlərində yaşamış dühalarımız, siyasi və ictimai xadimlərin hamısı zaman-zaman Azərbaycan qadınına qiymət bildirib fikir söyləyiblər. Ən sonuncu qiyməti- fikri mən Ümummilli Liderimiz H.Əliyevdən və Cənab Prezidentimiz İlham Əliyevdən xatırladacağam. Ümummilli Liderimiz H.Əliyev hər zaman öz çıxışlarında belə deyirdi: “Dünyanın ən gözəl qadını Azərbaycan qadınıdır”. O gözəl sözü öz içində hər şeyi ehtiva edir. Ölkə başçımız İlham Əliyevin də qadınlarla bağlı belə bir fikri var: “Tarix boyu Azərbaycan qadını istedadlı şair, müdrik hökmdar, mehriban ana kimi şöhrət tapmışdır. Bütün bunlar milli adət-ənənələrimizin, ana dilimizin qorunmasında rol oynayıbdır”. Budur Azərbaycan qadını! Tarixin bütün mərhələlərində çoxlu sayda uğur simaları ilə tarixin dərinliklərində yaşaya-yaşaya günümüzədək gəlib çıxıb. Öz uğurlu fəaliyyəti, gözəl nümunələri ilə bu günün tarixini yazan qadınlarımız da var. Biz jurnalistlərin işi isə onları yazıb tanıdaraq gələcək nəsillərə çatdırmaqdır. Düzdür, bu gün dünyada olduğu kimi Azərbaycanda da qadınlar müəyyən qayğılar, problemlərlə üzləşir. Bu reallıqdır. Ancaq mən hər zaman müsbətə köklənən bir insanam. Əsas odur ki, bu problemləri həll etməyə çalışan, aradan qaldırılmasında mütəmadi, fasiləsiz layihələrlə rol oynayan Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva kimi bir nümunəmiz var. Bu gün parlamentdə 20%-ə yaxın azərbaycanlı qadınlar təmsil olunur, bu faizin getdikcə artacağına da inanıram. Hüquq mühafizə orqanlarında da çalışan çoxlu sayda qadınlar, idman sahəsində Azərbaycan bayrağını zirvələrə qaldıran qadınlarımız var. Bu gün ölkə və dünya müstəvisində böyük layihələrə imza atan, biznes sahəsində fabriklər, zavodlar quran-yaradan qadınlar var. Bütün bunlar Azərbaycan qadınının uğuru deyilmi?

Aynur Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm