Xüsusi
Türk generaldan SENSASİON MÜSAHİBƏ: “Erməni ordusunun 60 faizi yox edilib, Paşinyan “kukla” kimi...”
“Azərbaycan Ordusu hər şəhidinin, hər məsum körpənin qisasını alır. Tökülən hər damla qanın intiqamı alınmaqdadır. Bu da Ermənistan dövləti və ordusunu pərişan edib”.
Bunu Publika.az-a müsahibəsində Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
Generalla müsahibəni təqdim edirik.
- Dağlıq Qarabağ bölgəsində Ermənistan və Azərbaycan arasında şiddətli toqquşmalar 20 gündən çoxdur ki, davam edir. Durumu necə dəyərləndirirsiniz?
- Azərbaycan torpaqlarını işğaldan azad edərək Vətən müharibəsini qələbə ilə davam etdirməkdədir. Bu, can Azərbaycanın Böyük Vətən müharibəsi olaraq adlandırılacaq haqq və hüquqi mübarizəsidir.
1992-ci ildə demək olar ki, sıfırdan bir dövlət quruldu. Silahlı Qüvvələr texnika və avadanlıqlarla təchiz edildi. “Əsrin müqaviləsi” ilə dövlət siyasi, iqtisadi baxımdan güclü hala gətirildi. Nəticədə Azərbaycan dünya ölkələri arasında nüfuzlu yerini alıb və regional gücə çevrilib.
Həm hərbi, həm də diplomatik baxımdan düşmən məğlub edilib. Ermənistanın hərbi texnikasının demək olar ki, 60 faizi məhv edilib. Eyni zamanda, mübarizə əzmi qırılan düşmən iki dəfə humanitar atəşkəs istəmək məcburiyyətində qalıb.
- Humanitar atəşkəsi pozan Ermənistan ilk dəfə 11 oktyabrda döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket atdı. Türkiyə Milli Müdafiə Nazirliyinin məsələ ilə bağlı açıqlamasında “Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir” ifadələri yer aldı.
- Ermənistan rejimi “kukla”dır. Onun arxasında erməni lobbisi və böyük dövlətlərin maraqlarına xidmət etməsi üçün verilən maddi dəstək durur. Ermənistan bu bölgədə bu gün deyil, 200 ildir ki, terror törətməkdədir. Son 32 ildə Azərbaycan torpağı olan Dağlıq Qarabağda 20 mindən çox azərbaycanlını qətlə yetirib, 1 milyondan çox insanı yurdundan didərgin salıb.
Onların beynəlxalq hüquqa zidd əməllərinə dünya kor, kar qalıb. Lakin “dünyanın dəcəl uşağı” olan Ermənistanın özünü müdafiə edəcək tərəfi qalmayıb. Qardaşları onu terrordan vaz keçirmək üçün təzyiq göstərirlər.
- Tarix səhnəsində Ermənistanın adı soyqırımı ilə anılır. Xocalı soyqırımı bunun bariz nümunəsidir. Bir neçə gün öncə Gəncəyə gecəyarı ikinci dəfə raket atılması isə o deməkdir ki, ermənilər qəti dayanmaq istəmir.
- Bayaq da qeyd etdiyim kimi, Ermənistan terror dövlətidir. 31 Mart soyqırımı və Xocalı soyqırımında olduğu kimi, mülki ərazidə günahsız mülki insanlara qarşı gecə saatlarında qətliam törədib. Etdikləri cavabsız qalmayacaq. Bu tapşırığı verənlər və təşkil edənlər Hərbi Cinayət Məhkəməsində mühakimə olunacaqlar.
Ermənistanın bu cür terrora əl atmasının səbəbi döyüş meydanında qarşılıq verə bilməməsidir. Hərbi baxımdan tam məğlub olub. Erməni əsgərləri qaçmamaq üçün zəncirlə bağlanır.
Döyüş meydanında edə bilmədiklərini Ermənistan böyük qardaşlarının verdiyi silahlar ilə sivil insanlara qarşı öz ərazisindən atəş açmaqla reallaşdırır. Bu yolla Azərbaycanın ona qarşılıq verməsini, dolayısı ilə “Azərbaycan torpaqlarıma hücum etdi” deyərək beynəlxalq ictimaiyyəti ayağa qaldırmaqla Azərbaycanı günahkar vəziyyətə salmağı, Rusiyaya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində təcavüzə uğradığını əsas gətirərək Vətən Müharibəsini genişmiqyaslı Ermənistan-Azərbaycan müharibəsinə çevirmək məqsədi güdür. Baş nazir Nikol Paşinyana verilən təlimat bu istiqamətdədir. Müharibəni Ermənistan torpaqlarına keçirmək, ora sülhməramlılar adı altında qüvvələr gətirmək, eyni zamanda Türkiyə və Rusiyanı qarşı-qarşıya qoymaq. Başda Azərbaycan olmaqla Türkiyə və Rusiya bu oyuna düşməyib.
Azərbaycan terrora beynəlxalq hüquqla cavab vermə haqqı olmasına baxmayaraq, düşmənə qarşılıq verməməkdədir. Halbuki, o raketlərin haradan atıldığını bilmək və anında zərərsizləşdirmək qabiliyyətinə malikdir.
- Ordumuz Gəncənin intiqamını aldı: cəbhənin fərqli istiqamətlərində çox sayda düşmən qüvvəsi və hərbi texnikası məhv edildi.
- Azərbaycan Ordusu hər şəhidinin, hər məsum körpənin qisasını alır. Tökülən hər damla qanın intiqamı alınmaqdadır. Bu da Ermənistan dövləti və ordusunu pərişan edib.
Ermənistanın silah sisteminin 60 faizi, əsgərlərinin isə 30 faizi məhv edilib. Müharibəni davam etdirə bilməyəcək durumdadır. Bu səbəbdən yalvararaq humanitar atəşkəs istəyir. Bölgəyə yeni silah sistemləri, yeni terrorçular gətirməkdədir. Lakin həmin silahlar və terrorçular Azərbaycan Ordusu tərəfindən məhv edilir. İşğal altındakı hərbi hədəflər məhv edilib. Erməni əsgərləri döyüş postlarını atıb qaçır.
Ermənistan əsgərlərinin və xalqının qaçmaması üçün onları orada güclə saxlamaq məqsədilə tədbirlər görür. Bu yolla öz insanlarına, əsgərlərinə qarşı hərbi cinayət törədir.
- Mingəçevir də Ermənistanın əsas hədəfləri sırasındadır.
- Ermənistan müharibə meydanındakı məğlubiyyətinə cavab verə bilmədiyi üçün xalqda qorxu yaratmaq və strateji hədəflərə doğru (Mingəçevir, neft-qaz kəmərləri) raket hücumları edərək Azərbaycanın stabilliyinə təhdid yaratmağa çalışır.
Lakin bu da onda uğurlu alınmır. Ermənistan strateji hədəfləri vura bilməz, çünki qardaşlarının iqtisadi gəlirlərinə zərər vurmağa cəsarəti çatmaz. Sadəcə Azərbaycan dövləti və xalqı üzərində psixoloji təsir yaratmağa çalışır. Azərbaycan xalqına qarşı daha böyük qətliam törətsə, strateji hədəfləri məhv etsə, bilir ki, işğal etdiyi torpaqlarda bir erməni belə qalmayacaq.
Əgər buna cəsarət etsə, İrəvan adlı şəhər, Ermənistan adlı dövlət yox olar.
- Düşmənin Azərbaycana qarşı hərbi cinayətinə dur deyən olacaqmı? Dünya niyə susur? Ermənistandan fərqli olaraq Azərbaycan mülki şəxslərə hücum etmir.
- Dünya dünən də susurdu, bu gün də susur, sabah da susacaq.
Söhbət müsəlmanlardan, türk dünyasından gedirsə, dünya 32 ildir ki, Şərqi Türküstan, Şimali Kipr və Bosniya və Herseqovinada baş verənlərə olduğu kimi, burada da kor və kardır. Çünki Ermənistan qardaşlarının siyasi-iqtisadi hədəflərinə xidmət etməkdədir.
Qarabağda ilk şəhid 1988-ci ildə Ağdərə bölgəsindən olub. Ötən 32 ildə dünya baş verənlərə kor və kar qalıb.
Atəşkəslə bağlı görüşlər davam edərkən Ermənistan Xocalı qətliamını törədib, yeni ərazilər işğal edib. Bugünə qədər ölkə başçıları səviyyəsində 81 görüş keçirilib. Beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın haqlı olduğunu özündə ehtiva edən 640 səhifəlik qərar olmasına rəğmən, Ermənistan sülh və sabitliyə xələl gətirərək işğalı davam etdirib.
Bu gün baş verənlərə baxdığımız zaman bu korluq və karlığın davam etdiyini görürük.
- Demək olar ki, hər səhəri qələbə xəbəri ilə açırıq.
- Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz gücü ilə işğal altındakı torpaqları azad etməkdədir. Bu Vətən müharibəsi Humanitar Vətən müharibəsi kimi tarixə düşəcək.
Azərbaycan Ordusu 3 fərqli bölgədən hərbi əməliyyatları davam etdirməkdədir. Bu, çox çətin əməliyyatdır. 30 ildir orada yerləşən, döyüşdə iştirak etmək üçün terrorçular gətirən düşmən qaçır. Azərbaycan əsgəri Böyük Vətən müharibəsində tarix yazmaqdadır. 27 sentyabr Böyük Vətən müharibəsi günü kimi gələcək nəsillər tərəfindən qeyd ediləcək.
- Ali Baş Komandan İlham Əliyev Şuşa alınana qədər müharibənin davam edəcəyini bildirib.
- Şuşa tarixi Azərbaycan torpağıdır və önəmli mövqedədir. Oranın alınması Ermənistanın təslim olması, qondarma “Dağlıq Qarabağ respublikası”nın ortadan qalxması deməkdir.
Onlar ya savaş meydanında yox olacaqlar, ya da Azərbaycan torpaqlarından çıxacaqlar.
Şuşayla bərabər Xocalının alınması həm tarixi, həm də strateji hədəfdir.
- Yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərən, çox sayda qüvvə və hərbi texnika itirən, iqtisadiyyatı çöküş yaşayan Ermənistan müharibəni davam etdirmək gücündədirmi?
- Ermənistanın heç nəyi yoxdur. Pulu xaricdən, silahları xaricdən pulsuz gəlir.
Erməni anaları oğullarının başqalarının əməllərinə görə ölməsini istəmir. Döyüşəcək erməni kişisi tapılmadığına görə xaricdən muzdlu döyüşçülər gətirirlər.
Müharibədəki məğlubiyyət Paşinyan hakimiyyətinin sonunu gətirəcək. Paşinyan o qanlı əllərilə artıq kürsüdə otura bilməz. Dolayısı ilə, Ermənistanın savaşa davam etməsi mümkün deyil.
- “Bild” nəşrinin hərbi eksperti Yulian Röpke döyüşə qarşı müdafiə imkanı olmayan Ermənistana təslim olmağı tövsiyə edib.
- Təslim olmaları, qondarma “Dağlıq Qarabağ respublikası”nı ləğv edərək əsgərlərini geri çəkmələri, ağıllarını başlarına yığaraq Cənubi Qafqazda sülhə töhfə vermələri Ermənistanın xeyrinədir.
Əgər belə davam edərlərsə, yox olub gedəcəklər. Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarından əsgərlərini geri çəkməkdən başqa seçimi yoxdur. Ya çəkəcək, ya da kütləvi məhv olacaq.
- Paşinyanın durumunu necə qiymətləndirirsiniz?
- Paşinyanın etdikləri öz bildikləri deyil. Özündən əvvəlki sələflərinə bənzəyir. “Kukla” kimi sahiblərinin sözündən kənara çıxa bilmir. Siyasi və hərbi baxımdan tükənib. Bədəlini ölkədən qaçmaqla ödəyə bilməyəcək. Paşinyan hazırda Ermənistan xalqı tərəfindən nə zaman qovulacağını, əlini niyə qana buladığını və Parisin hansı küçəsində ömür boyu bu xəcalətlə necə yaşayacağını düşünür.
- Fransa Prezidenti Emmanuel Makron Suriyadan Azərbaycana 300 muzdlunun gətirildiyini iddia etmişdi.
- Azərbaycan dövləti və ordusunun buna ehtiyacı yoxdur. Uydurulmuş və öz sübutunu tapmamış bir durumdur. Əksinə, PKK/YPG terrorçularını, Suriya, Livan və Kanadadan muzdlu döyüşçüləri bölgəyə gətirən, terror törədən məhz Ermənistandır. Eyni zamanda, yunan Kiprindən olan general-leytenant İrəvanda terrorçulara təlim keçir.
- Gəncə olayından sonra ermənilər Bakını “İskəndər”lə vurmaqla təhdid edirlər.
- Bizdə bir deyim var: “hürən it dişləməz”.
Bakının vurulması Ermənistan dövlətinin sonu deməkdir. Qardaşları buna əsla yol verməz.
Eşq olsun Azərbaycan dövlətinə, Azərbaycan Ordusuna və xalqına. Nə xoş ki, bu millətin Mübariz İbrahimov, Polad Həşimov kimi ölkəsinin milli maraqları naminə torpaqları Vətən edən qəhrəman övladları var.
Çox şükür, Müstəqillik gününü Murov dağında, Suqovuşanda, Cəbrayılda, Füzulidə qeyd edirik. İnşallah, 30-cu ildönümü bütöv Azərbaycanda- Şuşa, Laçın və Xocalıda üçrəngli bayrağın kölgəsində qeyd edəcəyik.
Min yaşasın Azərbaycan dövləti!
Aytən Novruz
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO