27 il həsrət çəkən məşhurların Ağdam xəyalı: “Götürməyi unutdum, hələ də özümə bağışlamıram...”
Bizi izləyin

Xüsusi

27 il həsrət çəkən məşhurların Ağdam xəyalı: “Götürməyi unutdum, hələ də özümə bağışlamıram...”

Ağdamın azad olunması ilə 27 il əvvəl oradan məcburi şəkildə çıxarılan, odun-alovun içərisində həm də uşaqlıq illəri yanan ağdamlıların itirilmiş uşaqlıqları geri qayıtdı. O gənclər, yeniyetmələr 27 il Ağdamı xəyallarında, yuxularında yaşatdılar. Noyabrın 20-də isə uzun sürən nisgil sona çatdı, Qarabağın “Ağ Dam”ı əsl sahibinə qaytarıldı. İndi xarabalıqlara çevrilmiş şəhərin üfüqlərində uzun müddətdir qərib-qərib dolaşan altı mindən çox şəhidin ruhu şaddır.

Ağdamsızlığı illərdir ürəklərində yaşayan, dəhşətli günləri unutmayan, amma ümidlərini heç zaman üzməyən o torpağın yetişdirdiyi ziyalılar, jurnalistlər hislərini, Vətənlə bağlı planlarını Publika.az-la bölüşüblər.

Ağdamı yaradıcılığında “Ruhlar şəhəri” adlandıran, canlı müşahidələrini eyniadlı kitabda qeyd edən yazıçı-publisist Vahid Qazi deyib ki, doğma yurdumun azad olunma xəbərini eşidəndə ilk ağlıma bu fikir gəldi: “Dedim, bir də mənə heç kim “Məğlub xalqın yazarı niyə “Qazi” soyadını götürüb?” deyə sual verməyəcək! Həyat qəribədir, insana əvvəllər yaşatmadığı, yeni-yeni duyğular dadızdırmağı ilə gözəldir. Bu, təptəzə bir duyğu oldu. Hələ sonacan tuta, anlaya bilmirəm. Konqlomerat hisslərin məcmusu kimidir. Amma nədirsə, xoşdur, uzun müddət tərk etməsin, istəyirəm”.

Ağdamın salamat qalan tək tikilisinə- məscidinə əlimlə toxunmaq istəyirəm

“Ruhlar şəhəri”ndə “Mən Ağdamı yenidən tikəcəyimizə çox inanıram deyərək, “Mənimlə Ağdamı tikməyə gedərsənmi?” sualı ilə oxucuya müraciət edən yazıçı, ora getmək üçün tələsdiyini, planlar qurduğunu söyləyib:

“Elə indi getmək istəyirəm, Cıdır düzündəki daşlara, Ağdamın salamat qalan tək tikilisinə- məscidinə əlimlə toxunmaq istəyirəm. Yaşamağa minimum şərait yaradılsa, birdəfəlik qayıtmaq fikrim də var Ağdama. Yəqin bir iş tapılar mənə. Xanımım burada orta məktəb müəllimidir, deyir, Ağdamda, elə öz məktəbimizdə, 1 nömrəli məktəbdə işləyərəm. İsveç təhsil sisteminin təcrübəsindən də yararlanaram. O gün bacımla danışıram, piano müəllimidir, deyir, gəl gedək ata yurdunda bir koma qaralayaq, yaşayaq, işləyək, quraq. Yaradıcılığa Ağdamda davam etmək! Ağdamda yaşayanda bir neçə hekayə qaralamışdım 12 vərəqli məktəbli dəftərlərində. Onların əlyazmaları evimizin zirzəmisində qaldı. Başqa lazımsız şeyləri çıxarıb onları unutmağımı özümə bağışlamıram. Bakıda yazmağa başladığım “Çöl Qala” uzun müddət yarımçıq qaldı, İsveçdə yenidən qayıdıb bitirdim. Burada başladığım “Gəlmə” də xeyli vaxtdır yarım qalıb. Bəlkə növbəti geriyə köç onu bitirməyə kömək olar, Ağdamda bitirərəm. Sağlıq olsun”.

Sanki 17 yaşıma yenidən orada başlayacam

17 yaşında Ağdamı tərk etmək məcburiyyətində qalan siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev deyib ki, bu məcburi köçkün illərində Ağdamsız heç yaşamamışam, sanki adam öz evindən, öz torpağından kənarda səhrada sərgərdan qalıb: “Hər zaman axtarışda olursan, nə vaxt qayıdacağını düşünürsən. İndi mən elə bilirəm ki, o böyük səhranı keçmişəm, öz evimə çatmışam. Bu uzun yolu qət edib, öz yurduma çatmışam. Bu, böyük xoşbəxtlikdir. Bunu daxilən hiss etmək lazımdır. İnsan anadan olduğu torpağa, öz evinə, yurduna geri qayıdır. Bilmirəm necə deyim, sanki Tanrı ilə eyni qədər vəhdətə qovuşursan, Tanrının sənə verdiyi vəhdəti qəbul edirsən, içindəki o həqiqəti tapırsan. Fəlsəfədə bir söz var “vnimaniyaya çatmaq”, bax, ona çatmışam. Özümü sanki elə hesab edirəm ki, təzədən doğulmuşam, təzədən yaşayacam, 17 yaşıma geri dönürəm. Mən o hissləri bir də yaşayıram. Elə bil ki, 17 yaşıma yenidən orada başlayacam. Elə biləcəm ki, 17 yaşım var. Bu, çox böyük hisslərdir. Ağdam inanılmaz qələbədir. Ağdam mənim üçün elə bir şəhər, yurddur ki... İnsanın ən böyük arzusu nədir ki, ona çatanda xoşbəxt olur? Bax, mən bu saat o vəziyyətdəyəm”.

Z.Əliyev Ağdamda fəaliyyət göstərmək üçün artıq rəhbərliyə müraciət də edib: “Elmlər Akademiyasının Qarabağ filialı Bakıda yaradılıb. Çox sağ olsun, akademik İsa Həbibəyli bizim Qarabağ filialımızı yaratdılar. Artıq Qarabağ filialımız var və onun Ağdam bölməsi olacaq. Müraciət etmişəm ki, məni orada işlə təmin etsinlər. Əgər işlə təmin etməsələr də, mən qayıdıb orada iş tapıb, işləyəcəm. Fəhlə də işləyərəm. Gedərəm, məktəbdə dərs deyərəm, hansısa bir saytın Qarabağ bölgəsi üzə jurnalisti də işləyərəm. Çünki mənim savadım buna imkan verir. Amma istəyirəm ki, oğlum bu torpağı görsün, mənim bu torpaqlarda yaşamadığım xoş xatirələri yaşasın. Oğlum həmişə mənə sual verib ki, “ata, Ağdam haradadır? Məni niyə Ağdama aparmırsan”. 15 ildir mən o suallara cavab tapa bilmirdim. Artıq suallara cavab tapmışam ki, oğlum, Ağdam azaddır və sən orada yaşayacaqsan, oranın torpağı, təbiəti sənin olacaq. Çox sağ olsun Bakı, bizim paytaxtımızdır, amma hər kəs doğulduğu yerdə yaşasa, daha rahat olar.

Elə bilirəm ki, yuxudur

Şükür külünə,
şükür qayıdış gününə!
Sevincdən ağlımız çaşıb,
yüz min dəliynən gəlirik.
Bir “Uzundərə” havası çal,
çıx Bərdə yoluna -
Uzundərəynən gəlirik!...

Ağdamın qaytarılması xəbərindən sonra doğma yurda qayıdışını, sona çatan həsrəti misralara köçürən şair-publisist Qulu Ağsəs qələbəni həm də bu şeirlə əbədiləşdirib.

Doğma yurduna sonuncu səfərini 28 il öncə edən Q.Ağsəs uzun illərdir Ağdamın azad olunması xəbərini gözlədiyini bildirib: “28 ildir ki, görmürəm Ağdamı. Uzun illərdir ki, gözləyirdik. Ancaq Ağdamın qaytarılması xəbəri veriləndən gözləyə bilmirdim, səbirsizlənirdim. Hətta 19-u axşam Quzanlıda tanışlara zəng etdim ki, baxın, görün bizim ordumuz Ağdama girdimi? O dərəcədə səbirsizlənmişdim. Ağdam indi minalardan təmizlənir. Sonuncu qaytarılan kənd mənim doğulduğum Abdal-Gülablı kəndidir. Ermənilər oradan çıxmaq istəmirdi. Onlar hətta harada yaşadıqlarını da bilmirdilər. 27 ildir Ağdamda böyük vəhşilik törədilib. Baxanda çox yeri tanıya bilmədim. Çay evini, univermağı, kitabxananı, mədəniyyət evini, musiqi texnikumunu, Ağdam Dövlət Dram Teatrını tapa bilmirəm görüntülərdən. Mən oranı gözüyumulu tapacağımı deyirdim. Ancaq indi gözüaçıq, hətta eynəklə Ağdamı tanıya bilmədim. Bu, faciədir”.

Ağdamın azadlığa qovuşması xəbərini böyük sevinclə qarşıladığını deyən yazıçı, oranı gedib dirçəldəcəyi, quracağı günü səbirsizliklə gözləyir: “Ağdam qaytarılanda şeir də yazdım. Bütövlükdə Qarabağ oradan olanlardan daha çox onu qoruyan və işğaldan azad edən hərbçilərimizin, qazilərimizin və şəhidlərimizindir. Qarabağı bütün Azərbaycan xilas edib. Mənə yuxu kimi gəlir. Dünən oxuduğum məktəbin xarabalığını çəkib göndərmişdilər. Hələ də inana bilmirəm. Yenilməz ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə inanılmaz iş gördü. Çünki bu ordunun adı xalqdır. Bir millət, bir ordu olub torpaqlarımızı azad etdik. Qarabağla bağlı xüsusi yazılar olacaq. Bu günü gözləmişik ki, yazımızın ovqatı dəyişsin. Nə qədər nisgil, kədər, məğlub yazılar yazmaq olar?! Amma bundan sonra inanıram ki, Qarabağla bağlı yeni ədəbiyyat yaranacaq.

Mən oradan çıxdığımı heç güman etmirəm. Ürəyim həmişə Ağdamda olub. Böyük qayıdış başlasın, bir ayağımız orada olacaq. Qarabağla bağlı planlarım çoxdur. Bir sıra ədəbiyyat və mədəniyyət layihələrini Qarabağa daşımaq istəyirəm”.

Həyatımın bundan sonrasını Ağdamda keçirəcəm

Erməni işğalçılarının Ağdama hücumu nəticəsində oranı 12 yaşında ağrı-acı ilə tərk etmək məcburiyyətində qalan, ancaq o yerləri heç vaxt unutmayan, ümidlə yaşayan Qol.az saytının baş redaktoru Aydın Bağırov bildirib ki, Ağdamın itirilməsi ilə yeni və ağrılı həyatları başlayıb: “Ağdamın qaytarılması ilə sanki yenidən doğulduq. Daha firavan, güclü və bütöv Azərbaycanda yaşamağa başlamışıq. Mən Ağdama baxıram və çox məyus oluram ki, doğma yurdumuz darmadağın edilib, talanıb, pis vəziyyətdədir. Ancaq biz onların hamısını bərpa edib gözəl və qüdrətli Ağdam quracağıq. Əsas odur ki, mənəviyyatımız, kimliyimiz, cəsarət ruhumuz və qüdrətimiz işğal olunmamışdı. Onun nəticəsidir ki, ordumuz xalqın həmrəyliyi ilə torpaqlarımızı işğaldan azad etdi”.

A.Bağırovun Ağdamla bağlı planları da var. O, rəhbəri olduğu media qurumunun baş ofisini orada açacağı günü səbirsizliklə gözləyir: “Ağdama qayıdacağımız günü böyük həvəslə gözləyirəm. Hələ ki, ərazi təmizlənmədiyinə görə mülki vətəndaşların ora girməsinə icazə verilmir. Amma icazə verilən andan biz ora gedəcəyik. Orada planlarım çoxdur. Həyatımın bundan sonrasını Ağdamda keçirmək, fəaliyyət göstərmək istəyirəm. Rəhbərlik etdiyim Qol.az saytının ofisini də ora köçürəcəm və fəaliyyətimizi orada davam etdirəcəyik”.

Atamın evini yenidən inşa etdirəcəm

Millət vəkili Aqil Abbasın da Ağdamla bağlı planları çoxdur. O deyib ki, ən böyük arzusu ata evini yenidən tikdirməkdir: “Xəbəri alanda çox sevindim. Əminəm ki, tək ağdamlılar yox, bütün Azərbaycan buna sevinib. 30 ildir Qarabağdan, Ağdamdan yazıram. Qalan ömrümü də Ağdama, işğaldan azad olunan bölgələrimizə həsr edəcəm. Artıq bir film yazıb kinostudiyaya təqdim etmişəm”.

İndi bütün Azərbaycan ağdamlıların xoşbəxtliyinə şərikdir. Ağdam yalnız bu diyarın insanlarının deyil, xalqımızın hər bir övladının sevincidir. Bu sevinc, azadlıq tarixi təqvimə qızıl hərflərlə yazılacaq.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm