Xüsusi
İrəvan Türk Cümhuriyyəti HƏRƏKƏTƏ KEÇDİ: Ərdoğandan bizə CAVAB GƏLDİ Kİ...
Sosial şəbəkələrdə belə bir müzakirə açılmışdı ki, 44 günlük müharibədən sonra İrəvan Türk Cümhuriyyəti mühacir hökumətinin rəhbərliyi sanki “yoxa çıxıb”. İTC-nin heç bir fəaliyyət göstərməməsi ilə bağlı fikirlər səsləndirilirdi.
İrəvan Türk Cümhuriyyətinin Dövlət Şurasının sədri Paşa Həsənli (Paşa Oğuz -red.) ilə söhbətləşdik. 2021-ci il ərzində mühacir hökumətin hansı işlər görəcəyini soruşduq. Dövlət Şurasının sədri bu il üçün yeni “Yol xəritəsi”nin hazırlandığını, oradakı bir sıra işlərin il ərzində həyata keçiriləcəyini dedi.
Paşa Həsənlinin Publika.az-a müsahibəsini təqdim edirik:
- Paşa bəy, BMT-yə və bir sıra beynəlxalq təşkilatlara İrəvan Türk Cümhuriyyəti ilə bağlı müraciətlər ünvanlamışdınız. Cavab verən oldumu?
- Təkcə Birləşmiş Millətlər Təşkilatına yox, bir sıra beynəlxalq təşkilatlarla yanaşı, xarici dövlətlərə məktublar göndərilib. Bəzilərindən cavablar gəlib. “Məktublarınız qeydə alındı, nəzərə alınacaq, sizinlə əlaqə saxlanılacaq” kimi cavablar göndərilib. Hələlik bu cür reaksiyalardır. Görək axırı necə olur.
- Gələcək planlar nələrdir? Əhalinin siyahıyaalınması nə yerdədir?
- Hazırda əhalinin siyahıyaalınması prosesi davam edir. Sayt təsis olunub. Sənədləşmə işləri aparılıb. Sənədləşmə işləri ilə bağlı saytımız zənginləşdirilib. İndi orada sayt üzərindən siyahıyaalma gedir. Siyahıyaalma başa çatandan sonra onlara vətəndaşlıq veriləcək. Mərkəzi Seçki Komissiyası yaradılıb, siyahıyaalma əsasında parlament seçkiləri nəzərdə tutulub. Yəni, 2021-ci il üçün əsas planlara bunlar daxildir. Təbii ki, təbliğat, təşkilatlanma, yerli strukturlarla bağlı Türkiyə, Azərbaycan, Rusiya, Avropa və Güney Azərbaycanda əslən Qərbi Azərbaycan ərazisindən olanlarla bağlı da müəyyən planlar var. Bu barədə “Yol xəritəsi” də ümumi formada qəbul olunub. Bu, son iclasımızda baş verib. Yəqin ki, bir həftəyə qədər təkmilləşmiş variantı da hazır olacaq. Həmin “Yol xəritəsi”ndə bu il üçün görüləcək işlər öz əksini tapıb.
- Parlament seçkiləri necə keçiriləcək? Struktur necə olacaq? Neçə deputat təmsil olunacaq?
- Parlament seçkilərində neçə mandat uğrunda mübarizə aparılması məsələsi hələlik məlum deyil. Bu, ümumi siyahıyaalmadan və pasportların verilməsindən asılıdır. Vətəndaşların sayının nə qədər olması da burada önəmlidir. Birbaşa orada iştirak edənləri nəzərdə tuturam. Üstəlik, hansı əraziləri tam əhatə edəcəyik, hansıları yox, bu da önəmli nüansdır. Ümumi şəkildə bilirik ki, həmin ərazilərdən dağılmış, çıxmış insanların törəmələri 7 milyona yaxındır. Bu insanlar Türkiyədə, Azərbaycan Respublikasında, Güney Azərbaycanda, Rusiyada, Gürcüstanda yaşayırlar. Bu gün konkret olaraq İrəvan Türk Cümhuriyyətinin vətəndaşlığını qəbul edən, onun dövlət quruculuğunda bilavasitə vətəndaş kimi iştirak etmək istəyən, özünün, ata-anasının, babasının sənədlərini təqdim etməklə vətəndaşlıq alan insanlar nə qədər olacaq, bu da dəqiq deyil. Həmin insanların sayından asılı olaraq artıq parlamentdə deputatların sayı müəyyənləşəcək. Bu barədə hadisələri qabaqlamaq istəmirəm. Hər halda proses bitəndən sonra bu haqda danışa bilərik.
- Bəs struktur məsələsi necə olacaq?
- Bizdə Konstitusiya Komitəsi də yaranacaq. Həmin sayt vasitəsi ilə sorğu keçirəcəyik. Parlamentar, yoxsa prezident idarə üsullu respublika olması ilə bağlı geniş müzakirə aparılacaq. Bu barədə yekun qərar veriləndən sonra biləcəyik ki, dövlət quruluşumuz hansı şəkildədir. Hələ ki, parlament respublikası haqqında düşünülür. Hazırda bizdə əsas orqan Millət Şurasıdır. Amma bu, dəyişə bilər. Yəni, parlament bütün dünyada olduğu kimi təmsilçilər məclisi funksiyasını yerinə yetirəcək. Əgər prezident üsul idarəli respublika olsa, o zaman prezident seçkiləri də əlavə olunmalıdır. Parlamentdə hökumət təyin olunacaq. Baş nazir seçiləcək, nazirlər təyin ediləcək. Demək olar ki, klassik struktur nəzərdə tutulub. Əhalinin sorğusundan asılı olaraq ola bilər ki, heç prezident üsul idarəli respublikaya ehtiyac olmasın. Onu da insanlar özləri referendumda müəyyənləşdirəcəklər. Hazırda əsas məsələ siyahıyaalınma və pasportlaşmanı bitirməkdir. Yəni, həmin pasportlar əsasında həm referendumu, həm də seçkiləri keçirə bilək.
- Seçkilər yalnız onlayn formada keçiriləcək?
- Qarışıq keçirilməsi nəzərdə tutulur. Bizim əhalinin kompakt yaşadığı ərazilər var, yəni orada çoxdurlar. Onların pasportlaşması, seçkilərdə, səsvermədə iştirakı bilavasitə əyani şəkildə, ərazidə nəzərdə tutulub. Bizim nümayəndələrimiz Amerikadan tutmuş Avropaya, Çinə qədər hər yerdə var. Həmin şəxslər bizimlə daha çox “mail”, votsap və sairlə əlaqə saxlayırlar. Onların da faiz nisbəti, sayı kifayət qədər çoxdur. Bu baxımdan həmin şəxslər üçün onlayn səsvermə təşkil olunacaq. O cümlədən yerlərdə təşkil olunan seçkilərlə bağlı məlumatlar da dərhal, onlayn şəkildə sayta yerləşdiriləcək. Yəni, jurnalist gəlib monitor arxasında əyləşməklə səslərin verilmə prosesini və kimlərin sıralamada neçənci olduğunu saniyəbəsaniyə görəcək.
- Referendumdan sonra hökumət Türkiyədə, yoxsa Azərbaycanda təmsil olunacaq?
- Mərkəzi qərargah Türkiyədə, Ankaradadır. Amma Bakıdakı qərargah da mərkəzi qərargah hesab olunur. İki qərargah olacaq, həm Türkiyədə, həm də Azərbaycanda. Ağırlıq təbii ki, Azərbaycana verilir. Çünki əhalinin kompakt yaşadığı hissələr daha çox Azərbaycandadır. Hələlik əsas mərkəzi qərargah Ankaradadır. Burada bir məsələ də var, Azərbaycandakı qərbi azərbaycanlıların sıx yaşadığı yerləri, sayını demək olar ki, dəqiq bilirik. Bu barədə çoxlu əsərlər yazılıb. Həmin insanların çoxu da sağdır. Məsələ burasındadır ki, Şərqi Anadoluda “azərilər” adlanan hissəsinin də böyük əksəriyyəti vaxtilə Qərbi Azərbaycandan köçənlərdir. İğdır, Qars, Ərdahan, Ərzurum kimi ərazilərdə sıx şəkildə yaşayırlar. Bu baxımdan yekunda məlum olur ki, Anadoludakı qərbi azərbaycanlıların sayı Azərbaycandakı qərbi azərbaycanlıların sayından heç də az deyil. Ortada kifayət qədər yüksək rəqəm var. Ona görə də həmin hissəni bir az fəallaşdırmağı düşünürük. Qərbi Azərbaycanla bağlı ideya burada fəaldır. Oranı da daha güclü fəallaşdırmaq üçün Türkiyə cəmiyyəti mühüm rol oynayacaq. Ona görə də mərkəzi qərargahın Ankarada olmasını düşünürük. Daha doğrusu, bu barədə qərarımız da var.
- İrəvan Türk Cümhuriyyətinin tanınması üçün Azərbaycan və Türkiyə hökumətlərinə müraciət ünvanlamısınızmı?
- Bəli, məktub göndərmişik. Azərbaycan hökumətindən bununla bağlı hər hansı cavab gəlməyib. Türkiyədən, hörmətli Rəcəb Tayyib Ərdoğanın katibliyindən bizə cavab gəlib. Qeyd olunub ki, bu məsələni Türkiyə tərəfi nəzərdə saxlayır. Uyğun zamanda sizinlə əlaqəyə girib görüşmək fikrimiz var. Azərbaycanda yalnız parlamentdən məktub gəlmişdi. Bu da yay aylarına təsadüf edirdi. Qeyd olunmuşdu ki, indi yaydır, Milli Məclis tətildədir, prosesləri biz də müşahidə edirik, bəyənirik. Yazılmışdı ki, sessiya başlayanda, parlament açılanda bu mövzuya bir də qayıdacağıq. Amma bu vaxta qədər bizimlə əlaqə saxlanılmayıb. Türkiyənin müxtəlif strukturları bu məsələyə münasibət bildiriblər və əlaqə saxlamaqda maraqlı görünürlər.
Tural Turan
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO