Xüsusi
Hacəttəpə Xəstəxanasının həkimi vaksinlərlə bağlı bütün detalları açdı - ÖZƏL
Pandemiya ilə mübarizənin ən güclü silahı sayılan peyvəndlərin artıq ilkin mərhələdə tətbiqinə başlanılıb. Vaksin vurduranlar sırasında Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova da var.
Turanə xanım Publika.az-ın oxucuları üçün peyvəndlə bağlı bütün qaranlıq məqamlara aydınlıq gətirib.
- Doktor, vaksin vurduran ilk səhiyyə işçiləri sırasındasınız. Bizi məlumatlandırmağınızı istərdim.
- Mən və həmkarlarım tərəddüd etmədən "Sinovak" vaksininin ilk dozasını vurdurduq. Bəzilərimizdə ümumiyyətlə narahatlıq olmadı, bəzilərimizdə inyeksiya yerində ağrı, qızartı, əzələ-sümük ağrısı, çox az bir kəsimdə isə halsızlıq, baş ağrısı və yüngül qızdırma görüldü. Azərbaycanda da eyni vaksinin kütləvi istifadəsi planlaşdırılmaqdadır. Onu deyim ki, "Sinovak" vaksininə güvənə bilərik. Çünki illərdir istifadəsinə öyrəndiyimiz, bütün xassələrinə yaxşı bələd olduğumuz inaktiv metodla hazırlanıb, yəni hazırlanması üçün öldürülmüş virusdan istifadə edilib. Faza 1 və 2 çalışmalarının nəticələri "Lancet" kimi mötəbər tibbi dərgidə çap olunmuşdu və heç bir ciddi əlavə təsiri olmadığını bilirdik. Effektivliyi Braziliya araşdırmalarının nəticələrinə görə 50% olsa da, orta-ağır və ağır xəstəlikdən qoruma effekti 100%-dir. mRNT vaksinlərində bu faizlər 90-dan çox olduğu üçün vaksinlərdən gözləntimiz böyük olsa da, şəxsən mənim üçün ağır xəstəlikdən 100% qoruması çox ciddi göstəricidir. Xəstəliyə yoluxma ehtimalımız olsa da, yüngül keçirəcəyimiz dəqiqdir. Digər məsələ, mRNT vaksinlərindən fərqli olaraq inaktiv üsulla hazırlanmış "Sinovak"ın tərkibində allergik reaksiyalara səbəb ola biləcək polietilenqlikol yoxdur. Bütün bunları nəzərə alaraq biz səhiyyə işçiləri böyük həvəslə və səbirsizliklə vaksin etdirdik. İndi özümü həqiqətən daha yaxşı və güvəndə hiss edirəm. Bir il boyunca pandemiyanın ən ağır nəticələrini birinci əldən görən biri olaraq bu, mənim üçün çox önəmlidir.
- Bəzi mənbələr vaksinlər haqda çox ciddi ittihamlar irəli sürür. Hətta peyvənd olunandan sonra ölənlərin sayının axtarış sistemlərindən gizlədildiyini bildirirlər.
- Son zamanlar Avropada da peyvəndlərin istifadəsi çox ciddi müzakirələrə səbəb olur. Almaniya, Norveç və digər ölkələrdə ölüm sayı da qeydə alınır. Mən özüm Norveçdə olmuşam. Tibb sistemləri ilə yaxından tanışam. Belə ölkələrdə profilaktik tibb güclü inkişaf etdiyi üçün müxtəlif yan xəstəlikləri olan yaşlılar həyatlarına davam edir. Amma ümumi hesablama aparsaq, Norveçin yaşlı kontingentinin ölüm sayı gündəlik 400 nəfərdən çoxdur. Peyvənddən dünyasını dəyişənlərin çoxunun isə 80 yaşdan yuxarı insanlar olduğunu nəzərə alıb, yaş və yan xəstəliklər faktorunu göz önünə gətirməliyik. Bəli, peyvəndin yüngül əks təsirləri ola bilir. Bu da qızdırma, əzələ ağrısı formasında özünü göstərə bilər. Orqanizmin təsirini gücləndirmək üçün yaratdığı immun stress səbəbləri bədəni qıcıqlandıra bilər. Lakin ölüm səbəblərinin birbaşa peyvəndlərlə bağlı olmadığı da aşkarlanıb.
- Kimlərə peyvənd vurdurmaq qadağası qoyulacaq? Yaxud belə desək, ehtiyac duyulmayacaq?
- Amerika, Avropa, Türkiyə, ümumiyyətlə bütün dünyada vaksinlərin vurulması mərhələlərə bölündü. İlkin mərhələdə təbii ki, səhiyyə işçiləri və 65 yaşdan yuxarı əlavə xəstəlikləri olan insanlar peyvənd olunmalıdırlar. Çünki həssas qrupa daxildirlər. Artıq yoluxub sağalmış kəslər öncəliyimiz deyil. Amma bu o demək deyil ki, həmin şəxslərə ümumiyyətlə vaksin vurulmamalıdır. Onkoloji xəstələr hələlik sual altındadır. Ona görə yox ki, vaksin onlar üçün böyük təhlükə yarada bilər. Əsla! Sadəcə qəbul etdikləri ağır dərmanlar, kimyaterapiyalar orqanizmlərini kifayət qədər gücdən salır, immunitet zəifləyir. Odur ki, peyvənd lazımi nəticəni verməyə bilər. Hamilə, süd verən qadınlar, allergik insanlar üzərində də həmçinin sınaqlar aparılmayıb. Diabet, hipertoniya xəstələri isə ilk növbədə peyvənd olunmağa can atmalıdırlar ki, yoluxduqları təqdirdə xəstəliyi yüngül keçirsinlər. Hələlik uşaqlar üçün də məcburiyyət yoxdur. Xüsusən də 18 yaşdan aşağı vətəndaşlar vaksinasiyada prioritet deyil. Çünki bu yaş həddində yoluxma sayı az müşahidə olunub. Ümumiyyətlə isə gəlin, onu nəzərə alaq ki, ilkin mərhələdə peyvənd vurduran vətəndaşlar xəstəliyi yüngül keçirəcəklər və avtomatik olaraq yoluxma zənciri qırılacaq.
- Çox yaxşı məqama toxunduq. Bildiyim qədərilə peyvənd olunmayan insanlar virusa yoluxandan 2 ay sonra yenidən xəstəliklə üz-üzə qala bilirlər. Vətəndaş olaraq niyə vaksin vurdurmalıyam?
- Xəstəliyi yüngül keçirənlərin orqanizmində yaranan immunitet hər zaman qoruyucu olmaya bilər. Hətta anticisimlərin faizi aşağı olanda ikinci dəfə xəstəliyi daha ağır keçirə bilirlər. Bu təzadlı hal bir sıra xəstəliklərdə, o cümlədən COVID-19-da müşahidə olunur. Lakin vaksinin yaratdığı immunitet daha güclü və qalıcıdır. Ən az 6 ay müddətində güclü qoruyuculuğu var. Bu müddətdən sonra doza yenidən təkrarlana bilər. Hazırkı dövr üçün peyvənddən ən böyük gözləntimiz pandemiyanı aradan qaldırmaq və səhiyyənin yükünü azaltmaqdır.
- Bəs Turanə Rəsulova niyə peyvənd olundu?
- Bununla ilk növbədə xəstəlikdən qorunacam. Çünki əhali mərhələli şəkildə vaksin vurdurduqca, yoluxma zənciri qırılacaq. Hətta yoluxsam da xəstəliyi daha yüngül keçirəcəm. Reanimasiyaya düşməyin və ölüm halının qarşısını almış olacam.
- Vaksini həyatımızı bir anda pandemiyadan öncəki dövrünə qaytaracaq sehrli çubuğa bənzətmək nə dərəcədə doğrudur?
- Hazırda pandemiya dövrü olduğu üçün bir sıra vaksinlərə təcili icazə verildi. Etiraf edək ki, ətraflı müşahidəyə zaman olmadı. Tarixdən də görürük ki, peyvəndin ətraflı müşahidəsinə ən azı 1 il zaman sərf olunmalıdır. Belə qısa müddətdə vaksinin hazırlanıb, tətbiq olunması görünməmiş hal idi. Odur ki, qoruyuculuq dövrü haqda dəqiq məlumata sahib deyilik. Bildiyimiz odur ki, ən azı 6 ay orqanizmin yoluxma ehtimalı minimuma düşəcək. Vaxt tamam olanda isə ən yaxşı halda xəstəlik aradan qalxacaq, ən pis halda daha yüngül şəkildə yoluxub tez zamanda sağalacağıq. Xəstəliyin idarə olunması daha da asanlaşacaq. Odur ki, peyvənd koronavirus ilə mübarizədə ən güclü silahdır. Bədənə yeridilən vaksinin tərkibi öldürülmüş virus hüceyrələrindən ibarətdir. O, bir yerdə də qalır. Artmaq, çoxalıb yayılmaq, qanda dolaşmaq ehtimalı yoxdur. Diqqətli olaq, peyvənd vurdurmaq xəstəliyi keçirirsən demək deyil. Sadəcə anticisimlərlə qarşılaşmış bədənin immun reaksiyasını görürük. Qızdırma, əzələ, baş ağrısı, halsızlıq və s. Lakin bu o demək deyil ki, viruslar bədənə hücum edir. Dediyim kimi, viruslar ölü halda bədənə yeridilir. Sadəcə orqanizmimiz bədənə daxil olan yad cisimləri görür və ona qarşı immun cavab yaradır.
- Əhalinin ən böyük narahatlığı - hansı ölkənin istehsalı olan vaksinlərə etibar edək?
- Pandemiya ilə mübarizədə 200-dən çox vaksin faza çalışmalarına başlamışdı. Laboratoriya mərhələsini də keçmişdi. Hətta insanlar üzərində sınanmışdı. Lakin onlardan bir neçəsi effektiv təsir göstərdi. Bunlar ABŞ və Almaniyanın birgə istehsalı, İngiltərə, Rusiya və Çində istehsal olunanlardır. Lakin əsas məsələ peyvəndin hansı ölkənin istehsalı olması deyil. Faza çalışmalarının şəffaflığının ən azı bir mötəbər tibbi jurnalda dərc olunmasıdır. Ən şəffaf və daha çox insan üzərində sınaqdan keçirilən vaksin "Pfizer/BioNTtech", Türkiyə, İndoneziya və Braziliyada aparılan "Sinovak" idi. Qoruyuculuğunun güclü olduğu sübuta yetirildi. Ağır xəstələnmə halı görülmədi.
- Dünya səhiyyəsi vaksinin təsir gücünə inanırmı? Hansı proqnozlar var?
- Düşünürük ki, 2021-ci ildə pandemiya ilə vidalaşacağıq. Bəli, infeksiya qalacaq. Amma dediyim kimi, dünyanı bürüyən pandemiya səngiyib keçmişə çevriləcək. Lakin bu o demək deyil ki, vaksin vurduran kimi maskanı atıb, gigiyena şərtlərinə əməl etməyək. ÜST mütəxəssislərinin də bildirdiyi kimi, effektiv vaksinasiya başlayandan sonra 6 ay müddətində qorunmalıyıq ki, yoluxmanın qarşısını alaq. İnanıram ki, payıza doğru maskalardan qurtula biləcəyik.
- Önümüzdəki günlərdə vaksinin ikinci dozasını da qəbul edəcəksiniz. Ümumiyyətlə, ikinci dozaya gərək varmı?
- Bəzi vaksinlərdə ikinci dozaya ehtiyac duyulmur. Lakin mənim vurdurduğum, Azərbaycanda da tətbiq olunan "Sinovak" vaksininin ikinci dozası mütləqdir. Bu nə üçündür? İlk dozanı alan bədən virusu tanıyır və ona qarşı immuniteti formalaşır. Yaranan anticisim səviyyəsi pik həddə çatır. Sonra sürətlə düşməyə başlayır. Odur ki, qoruyuculuq da səngiməyə başlayır. Buna görə də ikinci dozanı qəbul etməklə immunitetin qoruyuculuğunu artırmış oluruq. Türkiyədə vaksinin birinci və ikinci dozası arasında 28 gün ara verilir. Vaxt tamam olanda mən də ikinci dozamı qəbul edəcəm. Ümid edirəm ki, hər kəs vətəndaş borcunu yerinə yetirib vaksin vurduracaq. Bununla da planetimiz pandemiya bəlasını geridə qoymuş olacaq.
Leyla Sarabi
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü
-
Hadisə14:42
Qəzada öldüyü deyilən azərbaycanlı sağ tapıldı - VİDEO
-
Nida Xəbər 14:15
İran prezidenti İlham Əliyevə zəng etdi
-
Dünya13:39
Vanqa və Nostradamusun 2025-ci il üçün kəhanətləri: Xəstəlik, müharibə, təbii fəlakət...
-
Nida Xəbər 13:28
Təyyarəmizi dron vurub? - AZAL prezidentindən AÇIQLAMA