Əhməd Cavadın nəticəsi SİRLƏRİ AÇDI: Bağırov tövsiyə edirmiş ki, Cavad ailəsinin...
Bizi izləyin

Xüsusi

Əhməd Cavadın nəticəsi SİRLƏRİ AÇDI: Bağırov tövsiyə edirmiş ki, Cavad ailəsinin...

Cinsi ayrı-seçkiliyə ürəyim yol vermir. Mənim üçün insan və yarıminsan bölgüsü var. Əziz Şükriyyə, Cavadın taleyinə yazılan, kökləri yerə bərk-bərk yapışıb, budaqları səmada rəqs edən QADIN, səni xatırlamaq gözəldir. Sevimli şairimiz Əhməd Cavadın sevimli həyat yoldaşı Şükriyyə xanımı nəticəsi Cavad Axundzadənin xatirələrində yad edəcəyik.

Publika.az-ın müsahibi Cavad Axundzadədir.

- Cavad bəy, mənə görə Şükriyyə xanım sonsuz əzmin, hüdudsuz fiziki və mənəvi gücün triumfudur. Onu sizin xatirələrinizdən tanımaq istərdim.

- Şükriyyə xanımla Əhməd Cavadın ikinci oğlu Aydın mənim babamdır. Mən Əhməd Cavadın adını daşıyıram. Bu adı mənə Şükriyyə nənəm verib. Ailəmiz Şükriyyə nənəmin evində onunla birgə yaşayıb. Xatırlayıram ki, sovet dövründə məktəbimizin direktoru erməni idi. Elə şagirdlər arasında da ermənilər az deyildi. Buna baxmayaraq, bizim ailənin üzvləri türkçü, milliyyətçi ruhlarını heç vaxt itirməyiblər. 90-cı illərin əvvəlləri milli oyanış hərəkatından sonra xalqımız öz kökünə qayıtmağa başladı. Ermənilər də kütləvi şəkildə Azərbaycandan qaçdılar. Yadımdadır, bir dəfə direktorun tədris üzrə müavini şagirdləri toplayıb məni təqdim etdi ki, baxın, bu oğlan Əhməd Cavadın nəvəsidir. Birdən-birə hamının mənə qarşı münasibətinin dəyişdiyini hiss etməyə başladım. Ömür boyu nənəmin mənə verdiyi bu yüksək adı doğrultmağa çalışmışam. Nə dərəcədə nail olmuşam, deyə bilmərəm. Şükriyyə nənəm mənə körpəlikdən Əhməd Cavadın şeirlərini sevdirib. Hamı Əhməd Cavad deyir, amma biz ailədə Cavad baba demişik. Ümumiyyətlə, Cavad babanın sevgisi ilə böyümüşük. Nənəm ömrünün son illərini Şəmkirdəki evində keçirdi. İmkan düşdükcə, yay tətillərində gedib onun yanında qalırdım. Həmişə ona can atırdım.

- Xüsusi bağınız vardı...

- Bəli. Ümumiyyətlə, onun kimi güclü qadının tərbiyəsini almaq hər kəsə nəsib olmur. Şükriyyə nənəm dünyasını dəyişəndə, 13 yaşım olsa da, birgə xatirələrimiz çoxdur. Hamıya məlumdur ki, Şükriyyə xanım çox ağır həyat yolu keçmişdi. Ömür boyu da haqsızlıqla mübarizə aparmışdı. Bu cəhətləri onu sınmaz, qürurlu şəxsiyyətə çevirmişdi. Heç unutmadığım bir xatirəmiz var. Həmişə bilmişəm ki, İosif Stalin, Mircəfər Bağırov bizim düşmənimiz, Cavad babamın qatilləridir. Nənəmin yaşı 90-ı keçmişdi. Soruşdum ki, nənə, Stalin kimdir? Haldan-hala düşdü, nəfəsi düyünləndi. Bir neçə dəfə eyni cümləni təkrarladı: - Onun adını çəkmə!

İnanın, güclə sakitləşdirdim. Həmin hadisə yadıma düşəndə, hələ də vicdan əzabı çəkirəm. Bildiyiniz kimi, nənəm Qazaxıstanın Akmola (ALJİR) düşərgəsinə sürgün olunmuşdu. ALJİR Stalin repressiyalarının qurbanı olmuş şəxslərin ailə üzvü olan qadınların məcburi saxlanıldığı islah əmək düşərgəsi idi. Bir gün düşərgədə çox dəhşətli hadisə ilə rastlaşır. Qamış toplamağa gedəndə görür ki, qarın içərisində itlər nəyisə didişdirir, yemi aralarında bölə bilmirlər. Bir az da yaxınlaşır ki, itlərin önündəki yeni doğulmuş körpə cəsədidir. Məlum olur ki, düşərgədəki qadınlardan birinin doğulan körpəsinin cəsədidir. ALJİR-dəki ağır həyat şəraitinə tab gətirmək nəinki yeni doğulmuş körpə, elə sürgün həyatı yaşayanlar üçün də qeyri-mümkün idi. Odur ki, uşaq bir neçə saat içərisində ölür. Nəzarətçilər də körpə bədəni lazımsız əşya kimi küçəyə tullayırlar. Bu hadisə nənəmi çox sarsıdır. Çünki özü də 5 övladından çox uzaqda idi. Namusunu qorumaq üçün paltarını nəcisə batırmağı, dəfələrlə işgəncənin qurbanı olmağı onun sinir sistemində sağalmayacaq yaralar açmışdı. Ümumiyyətlə, Cavad ailəsinin 5 övladının da taleyi çox acıdır.

- Valideynə ən çox ehtiyacın olan vaxtda pərən-pərən düşmək, ana qayğısından məhrum olmaq dəhşətdir.

- Doğrudur. Övladlarının hərəsi bir internata verilir. İkinci Dünya müharibəsi başlayanda böyük oğulları Niyazi və Aydın babam cəbhəyə yollanırlar. Vətən xaininin övladları olduqları üçün ən təhlükəli ərazilərdə xidmət edirlər.

- Kiçik oğulları isə əl körpəsi idi, eləmi?

- Bəli. Bildiyiniz kimi, Şükriyyə nənəm Şimali Acariyanın knyaz Bejanidze soyundan idi və Cavad babam onu qaçırmışdı. Bu gün Gürcüstanda yalnız Bejanidzelərin dəfn olduğu məzarlıq da var. Həmçinin həmin ərazidə yalnız nənəmin soyundan olan ailələr yaşayır. Nənəm doğulub böyüdüyü saraydan ayrılanda, Cavad babam ona deyir ki, mən sənə varlı yaşayacağımızı söz vermirəm. Amma ayağıpalçıqlı, ürəyigeniş insanlarla birgə çox xoşbəxt olacağıq. Kiçik oğulları Yılmazı da elə həmin böyük ürəkli kənd camaatı böyüdür, Şükriyyə nənəm sürgündən qayıdan günədək Əhməd Cavadın uşaqlarına sahib çıxırlar.

- Bir fərziyyəyə aydınlıq gətirməyinizi istərdim - Əhməd Cavadın həbsindən öncə Şükriyyə xanımla boşanma ərəfəsində olurlar. Lakin həyat yoldaşının ən ağır vəziyyətində xanımı bu qərarından vaz keçir ki, bu addımı atsam, Cavadın adına yaraşmaz. Nə dərəcədə həqiqət payı var?

- Repressiyanın başında duranlardan olan Mircəfər Bağırovla Əhməd Cavad gənclik illərində birgə çalışıb, dost olublar. Qusarın kənd məktəbində müəllim işləyiblər. Bağırov Şükriyyə nənəmin xörəklərini çox sevərmiş. Nənəm həmin vaxtlar hamilə idi. Hətta Bağırov tövsiyə edirmiş ki, Cavad ailəsinin dünyaya gələcək övladına knyaz soyuna layiqli ad verilsin. Amma elə həmin illərdən hər ikisinin mənsəbi məlum idi. Biri millətini, xalqını sevən ziyalı, digəri isə rejimin qulu və cəllad... Əhməd Cavadı həbs edəndə, Şükriyyə nənəmin önünə seçim qoyulur ki, rəsmi boşansan, sənə toxunmayacağıq. O isə cavab verir ki, mən Cavadın sevgisinə görə atama qarşı çıxmışam, indi ayrılmağımı gözləyirsiniz?! Mən bu imzanı atsam, Əhməd üçün güllədən də betər olacaq.

- Bəs Şükriyyə xanım atası ilə barışırmı?

- Əlbəttə. Elə ailə qurandan bir neçə il sonra Gəncədə görüşləri baş tutur və barışırlar.

- Cavad bəy, Şükriyyə xanım sürgündə keçirdiyi 8 il müddətində yaşadığı dəhşətdən sonra ona psixoloji yardım olundu?

- Bilirsiniz, həmin dövrdə psixoloq, psixiatr qəbuluna getmək indiki kimi tendensiya halını almamışdı. Həm də sovet rejimi individual insan taleyinə, mənəvi sarsıntılarına xüsusi dəyər vermirdi. İnsanları repressiyalara, kütləvi qırğınlara göndərən siyasi rejimdən bundan artığını gözləmək olmaz. Yeganə müsbət hal o idi ki, repressiyadan qayıdanlara eyni binada mənzillər verilmişdi. Elə mən də Şükriyyə nənəmin həmin mənzilində dünyaya gəlmişəm. Müxtəlif millətlərdən olan repressiya qurbanlarının bir binada yaşamaları, qonşu olmaları az da olsa yaralarına dərman idi. Olduqca mehriban idilər. Çünki sürgün müddətində bir-birinin hansı zülmlərə qatlaşdıqlarını ən yaxşı özləri bilirdilər.

- Bir növ ruhi kontuziya idi...

- Doğrudur. Ən çətini o idi ki, onlar bu acı ilə ömür boyu yaşayacaqdılar. Bir yandan da həyat yoldaşının faciəvi qətli daim ürəyini göynədəcəkdi. Ümumiyyətlə, tarixi mənbələrə görə, Əhməd Cavad 1937-ci il oktyabrın 12-dən 13-nə keçən gecə Bayıl həbsxanasında güllələnib. Lakin illər sonra arxiv materialları əldə etdim. Orada qeyd olunmuşdu ki, Cavad babam həmin tarixdən 1 gün öncə işgəncələrə dözməyərək dünyasını dəyişib. Sonra isə bir güllə ilə qətli rəsmiləşdiriblər. Çünki son nəfəsinədək Azərbaycanın müstəqilliyi üçün mübarizə aparıb. Hətta sovet hakimiyyəti qurulanda Türkiyəyə mühacirət etmək imkanı olur. Lakin babam vətənində qalmağı seçir.

- Şükriyyə xanım hansı dillərdə danışırdı?

- Türk, gürcü, rus, təbii ki, azərbaycanca mükəmməl danışırdı.

- Yəqin ki, ömründə bir dəfə də olsa, sevgili şairinin məzarını ziyarət etmək istərdi.

- Bildiyiniz kimi, Əhməd Cavadın məzarı yoxdur. 2 il öncə Lökbatanda kütləvi məzarlıq aşkar olundu. Ehtimal vardı ki, həmin məzarlıqda Mikayıl Müşfiq və Əhməd Cavadın da nəşi tapılsın. Lakin məsələ burasındadır ki, bu, adi məzarlıq deyil, qətlə yetirdikləri insanları üst-üstə toplayıb, qazdıqları dərin quyuda basdırıblar. Artıq sümüklər bir-birinə qarışıb. Bunun üçün böyük zəhmət tələb olunur. Bizdən də DNT analizi götürülüb. Ümidlə nəticəni gözləyirik.

- Əhməd Cavadın “Mayıs” şeirinin həyatımda xüsusi yeri var. Bəs siz hansı əsərini daha çox sevirsiniz?

- Mən daha çox “Göygöl” şeirini sevirəm. Babam elə həmin şeirinə görə həbs olunmuşdu. Yəqin bu günlərdə Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi “Ey əsgər” şeirini dinlədiniz. Əhməd Cavadın ən yaxşı əsərlərindəndir.

- Bir müddət şayiə gəzdi ki, himnimizin sözlərini Əhməd Cavad deyil, digər şair yazıb. Bu iddiaya münasibət bildirməyinizi istəyirəm.

- Ailəm adından deyə bilərəm ki, belə mövzulara diqqət yöməltmirik. Fakt odur ki, Azərbaycan himninin müəllifi Əhməd Cavaddır. Odur ki, deyilənlər bizi maraqlandırmır.

- İntiharların günbəgün artdığı dövrdə insan Şükriyyə xanımın acılarını tərəziyə qoyur. Axı elə sürgündə ikən həyatına qıyıb, acılardan qurtula bilərdi. Amma o, ən doğru yolu seçdi - həyatın özü il savaşdı...

- Sırf övladlarına qovuşmaq üçün heç bir canlının dözə bilməyəcəyi məşəqqətlərə qatlanmışdı sürgündə. Amma bu gün Qarabağ müharibəsindən sonra bir daha əmin oldum ki, vətən üçün igidlər böyüdən, övladlarını, həyat yoldaşlarını, qardaşlarını qurban verən hər bir Azərbaycan qadını mərdliyin, cəsarətin simvoludur. Vətənə layiq övlad dünyaya gətirən bütün xanımlarımızın önündə baş əyirəm.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm