“İkinci Döyüş” - Qarabağla bağlı ilkin razılaşma əldə edildi, Xankəndi və Ağdam... - - VİDEO
Bizi izləyin

Xüsusi

“İkinci Döyüş” - Qarabağla bağlı ilkin razılaşma əldə edildi, Xankəndi və Ağdam... - - VİDEO

Bütün dünyanın diqqət mərkəzində olan və siyasi platformada hər bir qarışı “xüsusi amansızlıqla” izlənən Qarabağ dövrünün növbəti mərhələsinə keçid edib. Etimoloji mənası “böyük, səfalı bağ” olan adına ilk dəfə 7-ci əsrdə rast gəlinən Qarabağın yenidən qurulması və bərpasında dünyanın ən nəhəng dövlətləri və şirkətlərinin marağı var.

8 noyabrda Şuşanın işğaldan azadlığını elan edərkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əziz Şuşa, biz səni dirçəldəcəyik!” sözləri indi bütün düşmən tapdağından azad edilən ərazilərə şamil edilir.

44 gün ərzində aparılan hərbi əməliyyatlarla ikinci nəfəsinə qovuşan Qarabağda növbəti – dirçəliş döyüşləri tam sürətlə başlayıb.

Publika.az “İkinci Döyüş” layihəsi çərçivəsində Qarabağ və ətraf ərazilərində infrastruktur, şəhərsalma, iqtisadiyyat, idman, mədəniyyət, media, sosial-məişət, demoqrafik vəziyyət, turizm, təhsil, kənd təsərrüfatı, məşğulluq və əhalinin psixoloji adaptasiyası daxil olmaqla, bir çox istiqamətdə görülə biləcək işlər barədə ekspert, mütəxəssis rəylərini işıqlandıracaq və məsələlərlə bağlı müvafiq dövlət qurumlarının fəaliyyətini oxuculara təqdim edəcək.

“İkinci Döyüş”ün ilk mərhələsi Qarabağda infrastrukturun bərpasında diqqət yetirilməsi vacib olan məqamları müəyyənləşdirməni ehtiva edir. Bu istiqamətdə bir neçə mütəxəssisin rəylərini öyrəndik.

Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru Elnur Azadov Qarabağda infrastrukturun sahmana salınması zamanı diqqət yetiriləcək məqamları sıra ilə vurğulayıb: “Qarabağın infrastrukturu ilə bağlı əhəmiyyətli mövzulardan biri azərbaycanlılarla ermənilərin birgə yaşayışı məsələsidir. Həm təhlükəsizlik, həm də bölgəyə nəzarət nəzərə alınmaqla infrastruktur salınmalıdır. Söhbət Xankəndi və onun ətraf ərazilərindən gedirsə, burada özəl mülkiyyətə xüsusi diqqət ayrılmalıdır. Həmin ərazidə hazırda mövcud olan əmlakların siyahısı tutulmalı, daha sonra həmin ərazilərə köçürüləcək azərbaycanlı əhali üçün eyni qaydada şərait yaradılmalıdır.

Qonşuluq prinsipinin necə tətbiq edilməsi də əhəmiyyətlidir. Xankəndidə 5 və 9 mərtəbəli yaşayış binalarının sayı həddən artıq çoxdur. Orada eyni binalarda azərbaycanlılarla ermənilərin birgə yaşama konseptinə baxılmalıdır.

Daha sonra əhali sıxlığının müşahidə olunduğu ərazilərdə təhlükəsizliyə nəzarət sual altında qala bilər. Güman ki, bu halda həmin yaşayış məntəqələrinin yaxınlığına azərbaycanlıların köçürülməsi üçün şərait yaradılmalıdır və onlar təhlükəsizliyin təmin olunması üçün ayrıca kvartallarda yaşamalı ola bilərlər.

Bundan başqa, SSRİ dağılandan sonra bölgədə yaşamaq hüququ verilən ermənilərin hüquqi status məsələlərinə baxılmalıdır. Statistikaya əsasən, 1991-ci ildə bölgədə 51 min erməni, 12 min azərbaycanlı yaşayıb. 30 il ərzində hər iki tərəfdən əhali artımı olub, orada yaşayan müəyyən nəsil isə artıq dünyadan köçüb.

Başqa bir məsələ isə Qarabağdan məcburi köçkün düşənlərin fiziki cəhətdən qayıdışda nə dərəcədə maraqlı olduqları ilə bağlıdır. Əksəriyyət hissəsi 30 ilə yaxın zaman ərzində özünə yeni sosial şərait, iş qurub, uşaqları, nəvələri yeni evlər alaraq köçüb. Söhbət təkcə Xankəndidən və ermənilərin kompakt yaşadığı digər ərazilərdən getmir, bütün Qarabağ ərazisindən gedir. Bu şəxslər üçün orada uyğun şərait yaradılmalıdır. Çünki məcburi köçkünlərin əksəriyyətinin sosial-məişət şəraiti, özəl mülkiyyəti olmasa da, qurduqları işləri, fərdi biznesləri mövcuddur.

Daha qəliz məsələ isə ermənilərlə eyni şəhərlərdə yaşamaqdır. Sözügedən ərazilərə məcburi köçkünlərin 100% qaytarılması təmin olunmalıdır ki, demoqrafik üstünlük və təhlükəsizliyi təmin etmək daha asan olsun”.

Ekspertin sözlərinə görə, məcburi köçkünlərin Qarabağda evlə təmin olunması zamanı mənzilləri kvadratmetrinə görə yox, ailə üzvlərinin sayına görə müəyyənləşdirmək daha məqbuldur: “3-4 nəfər üzvü olan ailənin Qarabağda vaxtilə yaşadığı 1-2 otaqlı evləri bərpa edib onlara qaytarmaq düzgün deyil. Çünki həmin ailə üzvləri özləri də yeni ailələr qurub və böyüyüblər. Çoxuşaqlı ailələrdə isə bu prinsip, ümumiyyətlə, mümkün deyil. Ədalətlilik prinsipinin təmini üçün evlə təmin olunma bütün şəxslərə şamil olunmalıdır. Belə çıxır ki, torpaqların işğalı zamanı bir qəsəbədə 100 ev olubsa, hazırda 500 evə ehtiyac var. Bu da şəhərlərin, kəndlərin, qəsəbələrin dəfələrlə böyüməsi deməkdir.

Burada, birinci növbədə, hökumət tərəfindən düzgün və hərtərəfli planlaşdırılma aparılmalıdır. Buna uyğun vətəndaşların üzərindən məcburi köçkün statusunu götürmək üçün kompensasiya prinsipləri müəyyənləşdirilməlidir.

Bütövlükdə, infrastruktur işlərinin aparılması üçün bərabərhüquqluluq prinsipi əsas götürülməli, hamıya eyni yanaşma tətbiq olunmalıdır. Bölgədə çoxmənzilli yaşayış binalarının inşası ərazi baxımından qazanclı ola bilər. Amma bəzi vətəndaşların binalarda, bəzilərinin həyət evlərində məskunlaşdırılması onlar tərəfindən nə dərəcədə maraqla qarşılana bilər? Bu məsələ də var.

Bir çox qarabağlı arzusundadır ki, başqa bölgədə evi-işi olsa da, öz dədə-baba yurdunda da evi olsun. Amma bu, dövlətin ayıracağı vəsait və qüvvə baxımından baha başa gələcək. Ola bilər ki, həmin şəxslərə dövlət tərəfindən müəyyən qədər kompensasiyanın verilməsi onların üzərindən məcburi köçkün statusunun götürülməsi üçün daha çox sərf edəcək.

Ailə üzvlərinin sayına görə mənzillə təmin olunma istiqaməti hökumətin planları ilə müəyyən dərəcədə ziddiyyət təşkil edir. Ona görə ki, hökumət belə olacağı təqdirdə daha böyük torpaq sahəsi ayırmalıdır, infrastruktura daha çox güc verilməlidir. Amma hər ailəyə onun köhnə evini bərpa edib qaytarmaq da doğru deyil. Çünki 30 il ərzində məcburi köçkün ailələri dəfələrlə böyüyüb. Bundan başqa, həmin evlərin bünövrəsi belə artıq yararsız vəziyyətdədir. Məsələn, Ağdamda belə evlər kifayət qədərdir. Həm də bu prinsip gələcəkdə ailə üzvləri arasında mübahisələrə və iddialara gətirib çıxaracaq”.

E.Azadov qeyd edib ki, Qarabağın infrastrukturunda aparılacaq yeniliklərlə bağlı ictimai rəyin fikri mütləq öyrənilməlidir: “İctimai sorğuların aparılması vacibdir. Dünya praktikasında sosial araşdırma institutları var ki, onlar lazım olduqda mütəxəssislərə də müraciət edirlər. Azərbaycandakı sosial tədqiqatlar mərkəzləri bu işlə məşğul ola bilərlər. Sadəcə burada planlaşdırılma düzgün aparılmalıdır. Təbii ki, xarici mütəxəssislərin cəlb edilməsi də uğurlu olar. Çünki sosial araşdırma aparmaq olduqca qəliz məsələdir. Burada yüzlərlə punktlar var. Onların da altından başqa istiqamətlər çıxır. Birinci növbədə, qanunvericilik, beynəlxalq hüquq və praktika əsas götürülməlidir”.

MBA konsaltinq və qiymətləndirmə şirkətinin baş direktoru, daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov bildirib ki, infrastrukturun bərpası zamanı, ilk növbədə, yerli coğrafi şərait və tarixi ənənələr nəzərə alınmalıdır: “Hər rayonun özünəməxsus xüsusiyyətləri, hər ərazinin sakinlərinin əmlak və torpaq sahələrinə yanaşmaları olub. Bütün bu tarixi ənənələri qorumaq lazımdır. Çünki insanın tarixi yaddaşı olur. Məsələn, Ağdam Ağdam kimi təsəvvürdə qalıb, Şuşa da elə Şuşa kimi. İndi biz Ağdamı başqa bir formada bərpa etsək, insanlar gedib orada yaşamağa çətinlik çəkəcək. Çünki Ağdam sakinlərinin yaddaşında şəhər əvvəl olduğu kimi yaşayır”.

N.İbrahimov infrastrukturun bərpası istiqamətində orada yaşayacaq sakinlərin məşğulluğunun təmini məsələsini ən vaciblərdən hesab edir: “Bu təmin olunmasa, məcburi köçkünlərin Qarabağa qayıdışı mürəkkəb olacaq. Məsələn, SSRİ dövründə hazırkı Sahil qəsəbəsinin ərazisi bomboş idi. Heç kim orada məskunlaşmaq istəmirdi. Amma elə ki, orada “Qaradağ” sement zavodu tikildi, onda böyük əhali axını başladı. Yəni harada məşğulluq varsa, orada yaşayış var. Təbii olaraq, dörd məşğulluq istiqaməti qabardılmalıdır: kənd təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı sənayesi, tikinti materialları və yeraltı təbii sərvətlərin emalı və əlbəttə ki, turizm”.

“Əmlak” Ekspert Mərkəzinin direktoru, daşınmaz əmlak üzrə mütəxəssis Ramil Osmanlı qeyd edib ki, Qarabağda təkcə infrastrukturun yox, eyni zamanda, şəhərsalma və kommunikasiyanın qurulmasında hansı metodologiyalardan istifadə olunması ilə bağlı Prezident İlham Əliyev çıxışlarında öz mövqeyini bildirib: “Təbii ki, burada dünya təcrübəsinin öyrənilməsi və tətbiqi, yerli mühit və mövcud coğrafi şərait nəzərə alınmaqla bu proseslər həyata keçiriləcək.

“Ağıllı şəhər”, “ağıllı kənd” (“Smart village”) layihələri bu gün aktualdır. Hətta bu istiqamətdə artıq bir neçə yaşayış məntəqəsinin adı çəkilir. Layihənin mahiyyəti ondan ibarətdir ki, burada əsas məqsəd vahid və idarəolunan infrastrukturun tətbiqidir. Gələcəkdə həm də xərclərə qənaət, əhalinin yaşayış imkanlarının beynəlxalq və yerli imkanlara uyğunlaşdırılması və sair müzakirə predmeti olacaq. Sözsüz, nəzərə almaq lazımdır ki, işğaldan azad olunan ərazilərdə coğrafi baxımdan infrastrukturun qurulması üçün kifayət qədər böyük vaxta və maliyyə resurslarına, böyük şirkətlərin təcrübəsinə ehtiyac var. Bu mənada Azərbaycan Türkiyə, İtaliya və bu kimi bir sıra ölkələrlə əməkdaşlığı nəzərdən keçirir. Məndə olan məlumatlara görə, hətta ilkin razılaşmalar da əldə olunub”.

Ekspert Qarabağın “yaşıl zona” tipində bərpası ideyasına da aydınlıq gətirib: “Qarabağ sənaye ərazisi deyil. Bölgədə hər hansı sənaye infrastrukturunun qurulmasından söhbət getmir. Amma gələcəkdə, sözsüz ki, kütləvi köçürülmədən sonra bu kimi obyektlərin qurulması aktual ola bilər. Mən düşünürəm ki, ekoloji baxımdan ciddi narahatlıq yoxdur. Çünki uzun illərdir həmin ərazilər faktiki olaraq istifadəsiz qalıb. Düşmən tərəf də işğala məruz qoyduğu bölgədən hər hansı formada istifadə etməyib. İstifadə olunan ərazilərin gələcəkdə quruculuğu məsələsində hökumət, sözsüz ki, ekoloji tarazlığın təmin olunmasını prioritet istiqamət kimi qəbul edəcək. Qarabağda böyük mədənçilik əraziləri mövcuddur. Orada işlərin təmini məsələləri mövcuddur. Amma bütün işlər ekoloji tarazlıq qorunmaqla həyata keçiriləcək.

Hazırda Qarabağın yaşıllaşdırılmasına ehtiyac yoxdur. Bəzi rayonları istisna etmək şərtilə deyə bilərik ki, Qarabağ kifayət qədər təmiz və meşəliklə zəngin ərazidir. Amma nəzərə almaq lazımdır ki, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlının bir hissəsində düşmənlər yaşıllıq zonalarını yararsız vəziyyətə gətirib. Məskunlaşma təmin olunduqdan sonra qısa zamanda bunlar da bərpa ediləcək”.

R.Osmanlı Qarabağda infrastrukturun bərpası zamanı şəhərsalmada diqqət yetiriləcək məqamları vurğulayıb: “Cənab Prezident də bu məqama xüsusi diqqət çəkdi ki, bəzi dövlət qurumları işğaldan azad olunmuş rayonların daha iç bölgələrində öz mərkəzlərini yaratmaq niyyətindədir. Amma hökumət şəhərsalma zamanı problemlərin yaranmaması üçün müəyyən nüanslara nəzarət etməlidir. İlkin mərhələdə bizi belə problemin gözləyəcəyini düşünmürəm. Çünki hazırda Qarabağa nə qədər məcburi köçkünün qayıdacağını dəqiq şəkildə bilmirik. Amma sıxlıq kimi problemlərin yaranacağı təqdirdə, “ağıllı şəhər”, “ağıllı kənd”, eyni zamanda çoxmənzilli binalardan istifadə kimi Türkiyə modellərindən istifadəyə üz tuta bilərik. Bu da təsərrüfat və insan sayından asılıdır. Nəzərə almalıyıq ki, həmin ərazilərdə hələ ki, torpaq islahatları həyata keçirilməyib. Təsərrüfat üçün konkret ərazilər müəyyənləşdirilməyib, adambaşına düşən yaşayış sahəsinin ölçüləri müəyyən deyil”.

Ekspert Qarabağda yenidənqurmanın ölkənin əmlak bazarına təsirini də proqnozlaşdırıb: “Yeni regionda yeni daşınmaz əmlak bazarı formalaşır. Bu, olduqca təqdirəlayiq haldır. Uzun illərdir ki, Azərbaycan böyük bir ərazini iqtisadi baxımdan itirmişdi.

Bir çox ekspert düşünür ki, əhalinin geridönüşü paytaxtda yükü azaldacaq və bu da daşınmaz əmlakda qiymət azalmasına aparacaq. Amma mən belə düşünmürəm. Çünki nəzərə almaq lazımdır ki, bu proqram məhdud dövrü əhatə edəcək. Hökumət “Böyük qayıdış”a 15-20 il zaman sərf etmək niyyətində deyil. Belə olan halda, 3-5 il ərzində infrastruktur və şəhərsalmaya ciddi məbləğlər cəlb olunacaq. Bu o deməkdir ki, Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitliyin təmin olunmasına, məşğulluq səviyyəsinin, orta aylıq əməkhaqqı məbləğinin, ümumi daxili məhsulun həcminin artımına təsir göstərəcək. Çünki büdcə xərcləri artacaq, işsizliyin aradan qaldırılması istiqamətində proqramlar icra olunacaq və sair. Bu da bazara qısa müddətdə maliyyə axınlarının yaranmasına gətirib çıxaracaq. Azərbaycanın daşınmaz əmlak bazarının tutumu o qədər də geniş olmadığına görə, qısa müddət ərzində külli miqdarda vəsait axını bu bazarda aktivliyi artıra və qiymət artımına gətirib çıxara bilər”.

Zümrüd Kərimova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm