Koronavirusla mübarizədə dünya öncüllərindən olan Azərbaycan - MÜHÜM MƏQAMLAR
Bizi izləyin

Xüsusi

Koronavirusla mübarizədə dünya öncüllərindən olan Azərbaycan - MÜHÜM MƏQAMLAR

COVID-19-la mübarizədə ölkəmizin bu günə qədər gördüyü işləri geriyə reto-spektiv olaraq incələdiyimiz zaman görür ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada elan edildikdən sonra bir çox ölkələrin reaksiyası geciksə də, Azərbaycan önləyici tədbirlərə vaxtında başladı. İlk reaksiya verən, dövlət səviyyəsində preventiv tədbirləri ilk başlayan ölkələrdən biri kimi tarixə düşdü. Bununla birlikdə gələcəkdə baş verə biləcək böyük dalğaların ehtimalı nəzərə alınaraq laboratoriyaların texniki imkanları, həm də insan rerusrları zamanında 10 dəfə artırıldı.

Publika.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, tibb üzrə elmlər doktoru, ürək-damar cərrahı Rəşad Mahmudov deyib. Son bir ildə Azərbaycanın koronavirusla mübarizədə gördüyü işlərdən danışan həkim sözlərinə belə davam edib:

Vaksin yoluxmanın qarşısını almaq üçün həyata keçirilən bir üsul deyil

“Koronavirus mübarizəsində istifadə olunan modul tipli xəstəxanaların, yataq çarpayılarının bu istiqamətdə artırılması, lazım olan avadanlıqların və təbii təchizatın, eləcə də dərman ləvazimatlarının ölkəyə zamanında gətirilməsi bu yolda atılan addımların bir neçəsidir. Dünyada bu problemin gətirəcəyi zərərləri nəzərə alaraq həmrəylik və qonşuluq münasibətlərini ortaya qoyduq, hələ keçin ilin əvvələrində İran İslam Respublikasına ilk yardım edən ölkələrdən biri olduq. Bununla da Azərbaycan beynəlxalq hadisəyə öz münasibətini nümayiş etdirdi. Ümumdünya Səhiyyə Təşkilatının da tövsiyələrinə uyğun olaraq iqtisadi cəhətdən zəif olan 30-a yaxın ölkəyə ilk yardım edən ölkələrdən biri də Azərbaycan oldu.

Azərbaycan dövlət rəhbərliyi Qoşulmama Hərəkatının sədri qismində dünyanı pandemiya ilə mübarizədə həm ÜST, həm də BMT nəzdində həmrəyliyə çağıran təşəbbüskar ölkə kimi çıxış etdi. Bu problemlə mübarizədə dünyadakı həmrəyliyin artırılmasına ehtiyac olan məqamları dilə gətirdi. Eləcə də İlham Əliyev BMT Baş Assambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmiş dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasında çıxışı zamanı bildirdi ki, koronavirusla mübarizədə beynəlxalq ictimaiyyətin birgə səylərinə ehtiyac var. Beynəlxalq səviyyədə də gördüyümüz işlərlə nümunəvi addım və izlər buraxdıq.

Bundan əlavə, koronavirus müalicəsində və problemin həllində qızıl açar rolunu oynayan vaksinasiya Azərbaycanda demək olar ki, Avropanın qabaqcıl ölkələri ilə eyni dönəmdə başladı. Eləcə də Cənubi Qafqazda ilk peyvəndlənmə işləri Azərbaycanda həyata keçirildi. Aidiyyəti qurumların və ölkəmizin cəmiyyəti düşünərək ortaya qoyduğu addımlar bu günə qədər koronavirus mübarizəsində öz effektini verir. İtkilərin daha az olması vaxtında verilmiş qərarların nəticəsidir. Həm tibbi, həm də iqtisadi və sosial baxımdan dövlətimiz bütün gücünü səfərbər etdi. İnanırıq ki, bundan sonrakı dönəmdə də cəmiyyət və dövlət arasında olan həmrəylik bu problemlərin həllində və yeni-yeni uğurların əldə olunmasında imkan yaradacaq”.

Rəşad Mahmudov qeyd edib ki, Azərbaycan peyvənd olunmuş əhalinin faizinə görə MBD regionunda liderdir: “Azərbaycanın bu məsələdə lider olması vaksinasiyanın sadəcə erkən başlaması ilə bağlı deyil, həm də cəmiyyətdə ilk bir ay ərzində olan tərəddüdlərin və psixoloji məqamların ortadan qalxmasına nail ola bildik. Cəmiyyətin böyük əksəriyyəti bu gün peyvəndləmənin vacibliyini və onun gətirdiyi üstünlükləri dərk edərək peyvəndləmədə aktiv iştirak edirlər. Cəmiyyətin az faizi vaksinasiya olsa da, inanırıq ki, bir il ərzində 70 faizə qədəri peyvəndləmədən keçərək gələcəyə daha qorxusuz, daha təhlükəsiz və daha inamla addım atacaq. Vaksinasiya pandemiya bəlasından qısa müddətdə qurtulmağımıza şərait yaradacaq.

Vaksin olan şəxsin bədənində təqribən ay yarım sonra koronavirusa qarşı immunitet yaranır. Qazanılmış anticismlər gələcəkdə xəstəliyə yoluxsaq da, onu ağırlaşmasının qarşısını alır. Bu, həm tibbi nöqteyi-nəzərdən faydalıdır, həm də bizi psixoloji olaraq rahatladaraq cəmiyyət və gündəlik həyatda daha rahat davranmağımıza imkan verir. Vaksinasiya pandemiyadan dolayı məhdudlaşdırdığımız sosial və mədəni fəaliyyətimizin genişləndirməyə kömək edəcək.
Vaksinasiyanın ikinci üstünlüyü ondan ibarətdir ki, vaksin pasportları ilə qarşımızda yaşıl işıq yanacaq, dünya ölkələrinə daha rahat şəkildə səyahət edə biləcəyik. Vaksin pasportlarının verilməsi ilə yanaşı, cəmiyyətin böyük bir hissəsinin peyvəndləmədən keçməsi istənilən dalğa qarşısında dövlətləri daha sərt məhdudiyyətlər tətbiq etməyə və karantin tədbirlərini sərtləşdirilməyə məcbur etməyəcək. Daha qorxusuz addımlar atmasına səbəb olacaq. Odur ki, insanlarımız vaksinin nə qədər vacib olduğunu anlamalıdır. Vaksin yoluxmanın qarşısını almaq üçün həyata keçirilən bir üsul deyil, vaksinasiya ağırlaşmanın qarşısını alaraq bizi həyati təhlükədən və ölümdən qoruyur. Fürsətdən istifadə edərək hər kəsi vaksinasiyada aktiv iştirak etməyə dəvət edirəm”.

Onların artıq karantin şəraitində saxlanmasına ehtiyac qalmır

İnfeksionist Mərad Əliyev qeyd edib ki, SMS icazəsi yenidən qüvvəyə minərsə, vaksin olunan şəxslərdən bundan azad oluna bilər: “Azərbaycan vaksinasiyaya erkən başlayan ölkələrdəndir. Lakin bəzi səbəblərdən ləngimələr də oldu, sonradan sifariş edilən vaksinlər gec gəldi. Bu səbəbdən də peyvəndlənmə işləri bir qədər zəiflədi. Amma ümumilikdə ölkəmizin apardığı tədbirləri çox yüksək qiymətləndirir. Pandemiya əleyhinə verilən bütün qərarlar operativ oldu. Həm qapanmalar, həm də yumşaldılmalara vaxtında gedildi. Vaksini sifariş verən və alan ilk ölkələrdən biri olduq. İlk aylarda dərman və maska çatışmazlığı olsa da, bu problemlər də qısa müddətdə öz həllini tapdı.

Vaksin olunmuş şəxslərə SMS icazəsi tətbiq olunmaya bilər. Bu təcrübə Türkiyə və digər Avropa ölkələrində də var. Həqiqətən birinci və ikinci doza vaksin almış şəxslərə sərbəstlik verilə bilər. Onların artıq karantin şəraitində saxlanmasına ehtiyac qalmır. Çünki onlarda nə yoluxdurma riski, nə də yoluxma riski yoxdur. Mən vəziyyəti tibbi baxımdan qiymətləndirirəm, hüquqi baxımdan bunu yəqin ki, Operativ Qərargah müəyyənləşdirəcək”.

Bu bəladan özümüzü xilas edə bilməyəcəyik

Terapevt Elmira Eminovanın sözlərinə görə, ÜST ölkəmizdə koronavirusla mübarizədə görülən işlərə yüksək qiymət verir: “Çətin pandemiya dövründə ölkəmizin 29 ölkəyə humanitar yardım göndərməsi, eləcə də Ümumdünya Səhiyyə Təşkilatına fərdi qaydada bir neçə dəfə ianə verməsi bir daha göstərdi ki, Azərbaycan uğurlu siyasəti ilə bütün dünyaya nümunədir. Azərbaycan Cənubi Qafqazda ilk olaraq vaksinasiya işlərinə start verdi”.

Terapevt bildirib ki, ilk vaksinasiya olan həkimlərdəndir: “COVID-li xəstələrlə işləyirik, müayinəyə gələndə aşkar olur ki, xəstə koronavirusa yoluxub. Odur ki, həkimlərin vaksin olunması mütləqdir. Vaksin vurdurduqdan sonra heç bir əks təsirini görmədim, sadəcə qolum ağrayıb. Hər kəsi vaksinasiyaya səsləyirəm. Çünki vaksinasiya aparılmasa, biz bu bəladan özümüzü xilas edə bilməyəcəyik. Düşünürəm ki, Azərbaycanın peyvəndlənməyə ilk başlayan ölkələrdən olması kömək edəcək ki, epidemiyaya daha tez qalib gələk”.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm