Pandemiya ilə mübarizədə Azərbaycanın rolu
Bizi izləyin

Xüsusi

Pandemiya ilə mübarizədə Azərbaycanın rolu

Millət vəkili Məlahət İbrahimqızı Azərbaycanın pandemiyaya qarşı qlobal səyləri səfərbər edən ilk ölkələrdən biri olduğundan və problemin həllində dövlət başçısının gördüyü işlərdən danışıb.

Publika.az millət vəkili ilə müsahibəni təqdim edir:

- Peyvəndlərin dünyada ədalətsiz şəkildə bölünməsinin aradan qaldırılması istiqamətində hansı işlər görülüb?

- 7 aprel Ümumdünya Sağlamlıq Günü ilə bağlı dünən Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq səviyyədə videokonfransı keçirildi. Artıq bir ildir ki, bütün dünya qlobal təhlükə ilə mübarizə aparır. Dünənki konfransda da Azərbaycan Prezidenti pandemiyaya qarşı dövlətin gördüyü işlər haqqında məlumat verdi. Eyni zamanda, beynəlxalq səviyyədə görülən işləri diqqətə çatdırdı.

2020-ci ilin aprelində Türk Şurasının üzvlərinin dövlət başçılarının iştirakı ilə görüşü baş tutmuşdu. 2020-ci ilin dekabrında isə Qoşulmama Hərəkatının sədri kimi İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirildi. Hər iki konfransda cənab İlham Əliyev peyvənd problemlərini gündəmə çıxardı.

Azərbaycan yoxsul və imkanları zəif olan 30-dan çox ölkəyə koronavirusla bağlı müəyyən maliyyə dəstəyi göstərib, həmçinin ÜST-yə 10 milyon dollar ianə köçürülüb. Bütün bunlarla bağlı möhtərəm Prezidentimiz dünyada peyvəndlərin ədalətsiz şəkildə paylanmasını tənqid etdi. Həqiqətən də acınacaqlı haldır ki, həmişə bərabərlikdən, demokratiyadan, insan hüquq və azadlıqlarından danışan dünyanın inkişaf etmiş ölkələri pandemiya ilə mübarizədə bu prinsiplərinə əməl etmir. Yoxsul ölkələr hələ də peyvənd əldə edə bilməyib. Kanada kimi ölkələr isə 5 dəfə artıq peyvənd alıb. Bu, dünyada irqi ayrıseçkiliyin, bərabərsizliyin tüğyan etdiyini göstərir. İnkişaf etmiş ölkələr yoxsul dövlətlərin düşdüyü durumu düşünmür. Prezident İlham Əliyev dünənki çıxışında onu da bildirdi ki, əgər dünyanın daha sağlam olması üçün mübarizə aparırıqsa, daha inkişaf etmiş olmasını istəyiriksə, bu yolda bütün ölkələr öz güclərini səfərbər etməlidir.

Dünya ölkələri BMT-nin 2030-cu il gündəliyinə qoşulubsa, beynəlxalq öhdəlik və məsuliyyətlər götürübsə, onda bu ədalətsizliyə son qoyulmalıdır. Keçən ay BMT-nin İnsan Hüquqları Şurasına İlham Əliyevin təşəbbüsü ilə müraciət daxil oldu. Ölkə başçısının koronavirusla mübarizədə ölkələrin peyvəndlərlə ədalətli, bərabər, əlçatan və vaxtında təmin olunması haqqında göndərdiyi xüsusi qətnaməsi BMT İnsan Hüquqları Şurasında qəbul olundu. O, dünənki çıxışında beynəlxalq təşkilatları tənqid etdi, eyni zamanda ÜST-də vahid həmrəylik və əməkdaşlıq modelinin olmadığına dair öz iradlarını bildirdi.

Beynəlxalq təşkilatların qlobal əməkdaşlıq səylərinin səfərbər olması ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının vahid mexanizmi və yol xəritəsi yoxdur. Bu gün hər bir ölkədə fərqli qaydalar tətbiq olunmamalıdır. ÜST-nin tanınmış alim və ekspertlərindən ibarət şuraları və komissiyaları var. Pandemiya ilə mübarizə aparırıqsa, peyvənd həm yoxsul, həm də inkişaf etmiş ölkələrə eyni dərəcədə paylanmalıdır. Bu virus sərhəd tanımır. Bu gün dünyada ən sürətlə gedən proseslərdən biri də miqrasiya problemidir. Miqrasiyanın belə sürətlə getdiyi bir mühitdə koronavirusun yayılma ehtimalı daha çox olacaq. Odur ki, qlobal təhlükəyə qalib gəlmək üçün cənab Prezidentimiz dünənki çıxışında səylərin bir araya gəlməsinin vacibliyini xüsusi qeyd etdi. Dövlət başçımız mötəbər təşkilatçıların lideri kimi vaksinin ədalətsiz şəkildə paylanmasının qəbulolunmaz olduğunu vurğuladı.

- Azərbaycanın pandemiya ilə mübarizə işlərini necə qiymətləndirirsiniz?

- Möhtərəm Prezidentimiz hər bir Azərbaycan vətəndaşının sağlamlığının və həyatının dövlətimiz üçün nə qədər önəmli olduğunu dəfələrlə vurğulayıb və ölkənin bütün resurslarını bu istiqamətə yönəldib. Azərbaycan səhiyyə sistemində çox böyük işlər görülüb, bu ildən də ölkəmizdə icbari tibbi sığorta tətbiq olunacaq. Vətəndaşların vaksinlə təmin olunmasında ciddi problemlərimiz yoxdur. Azərbaycan COVAX proqramına qoşuldu, hətta peyvənd istehsal olunmazdan əvvəl pulu ödənilmişdi. Əhalinin peyvəndlərlə yüksək səviyyədə təmin olunması mövzusunda zərrə qədər şübhəmiz yoxdur. Azərbaycanda vaksinasiya demək olar ki, Avropa ölkələri ilə eyni vaxtda başladı.

- Vaksin olunmuş şəxslər hansı üstünlükləri qazanacaq?

- Çox sevindirici haldır ki, Azərbaycan koronavirusdan ən az əziyyət çəkən ölkələrdəndir. Dövlətimiz maksimum dərəcədə hər bir vətəndaşın sağlamlığının keşiyində dayanır. Bütün mübarizə tədbirləri vaxtında və kompleks şəkildə yerinə yetirildi. Dünyada vaksinasiya təxminən dekabr ayının sonuna təsadüf edirdi, Azərbaycanda isə yanvarın 18-də başladı. Vaksinasiya Azərbaycanda uğurla həyata keçirilir və bu günə qədər peyvəndlə bağlı heç kimdə sıxıntı olmayıb. Aparılan təhlillər onu göstərir ki, peyvənd xəstəliyin ağırlaşmasının və ölümün qarşısını alır. Bu, vaksinin gətirdiyi əsas üstünlüklərdir.

Digər məqam odur ki, yenidən sərt rejimə keçməyə məcbur olsaq, SMS-icazə sistemi vaksinasiya olunmuş vətəndaşlara şamil olunmayacaq. Ölkədən çıxmaq və s. kimi məhdudiyyətlərdən də azad oluna biləcəklər.

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm