Xüsusi
Dövlətin adı ona görə Azərbaycan Cümhuriyyəti adlandırıldı ki... - MÜSAHİBƏ
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 103 ili tamam olur. 1918-ci ilin 28 mayında yaradılan və cəmi 23 ay fəaliyyət göstərən dövlətimizin fədailərinin hansı işlər gördüyünə yenidən nəzər salmaq istədik.
Həmsöhbətimiz isə cümhuriyyət dövrümüzün araşdırmaçısı, jurnalist Nəsiman Yaqubludur. Onunla cümhriyyətin 23 səhifəlik salnaməsini "CÜMƏ SÖHBƏTİ"ndə müzakirə etdik.
Nəsiman Yaqublunun Publika.az-a müsahibəsini təqdim edirik:
- Nəsiman müəllim, 1918-ci ilin yazında qurulan cümhuriyyətlə tarixdə qurduğumuz digər dövlətlərin fərqi nədə idi?
- Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tariximizin qızıl səhifələrini təşkil edir. 1918-ci ilin may ayının 28-də cümhuriyyətin elan edilməsi yeni məzmunlu, yeni formalı dövlətin əsasını qoyduq. O zamana qədər də biz tarixdə dövlətlər qurmuşduq. Şirvanşahlar, Ağqoyunlular, Qaraqoyunlular, Səfəviləri buna misal gətirə bilərik. Amma bu dövlətlərin hamısı sülalələrə, tayfalara, nəsillərə əsaslanıb. Fəqət, 1918-ci ildə qurulan cümhuriyyətimiz hüquqi prinsiplərə əsaslanıb. Bu cümhuriyyət demokratik əsaslara söykəndi. Milli, mənəvi dəyərlərə söykənən və layiq bir cümhuriyyətə çevrildilər. O dövrdə Avropa ölkələri də bu cür dövlətlər qururdular. Ona görə də bizim cümhuriyyət qurmağımızın özü böyük hadisə idi.
- Nəyə görə bu dövlətin idarə forması cümhuriyyət adlandırıldı?
- Məmmədəmin Rəsulzadə hələ 1917-ci ildə “Açıq söz” qəzetində yayımlanan “Cümhruiyyət” məqaləsində yazırdı ki, iki cür cümhuriyyət var. Biri var cümhuriyyəti-ənam, yəni bütün xalqın cümhuriyyəti, hökuməti, respublikası... bir də var, cümhuriyyəti-xas; yəni, bir qrup imtiyazlı adamın cümhuriyyəti... Rəsulzadə deyirdi ki, bizə cümhuriyyəti-ənam lazımdır. Yəni, bizə bütün xalqın cümhuriyyəti gərəkdir. Ona görə də 1918-ci ildə qəbul edilən Azərbaycanın İstiqlal Bəyannaməsində bir cümlə ayrıca yazılıb. Orada qeyd olunur ki, bu cümhuriyyət, bu dövlət xalq cümhuriyyəti formasında öz təşəkkülünü tapır. Yəni, xalq cümhuriyyətidir. “Xalq” sözü ona görə işlədilib ki, bu, cümhuriyyətin xalqa məxsusluğunu bildirsin, bir qrup adama yox. Ona görə də bu dövlət cümhuriyyət adlandırıldı.
- Bəs dövlətin adının “Azərbaycan” adlandırılması nəyə hesablanmışdı?
- Bu dövlətin adını Azərbaycan qoymaqla Məmməd Əmin Rəsulzadə və silahdaşları çox böyük gediş etdilər. Arazın o tayında, güneydə yaşayan soydaşlarımızın da bu dövlətə, bu topluma, bu xalqa aidliyini göstərdilər. Ona görə də bu dövlətin adı Azərbaycan adlananda Arazın o tayında, İranda nəşr edilən qəzetlər Məmməd Əmin Rəsulzadənin əleyhinə tənqidi məqalələr yazdılar. Yazırdılar ki, nə üçün bu dövlətin adını Azərbaycan qoymusunuz?! Deyirdilər ki, Azərbaycan onlara məxsusdur. Çünki güneydə Azərbaycan adlı ostanlıq var idi. Orada da Azərbaycan türkləri yaşayırdı. Yəni, Rəsulzadə və onun əqidədaşları dövlətin adını Azərbaycan qoymaqla həm də böyük siyasi gediş etdilər. Əslində hər iki Azərbaycanın birləşdirilməsi ideyasının kökü Məmməd Əmin Rəsulzadə ilə bağlıdır. Bu məsələdə ikinci bir adamın adı ola bilməz. Ən azından ortalıqda Azərbaycan adlı dövlət var. Kim inanmırsa, gedib tarixi faktları oxusun. Nəhayət, bu Azərbaycan Cümhuriyyəti parlamentli respublika oldu.
- “Parlamenti respublika” sözünü nə üçün xüsusi vurğulayırsınız?
- Çünki həmin dövrdə parlamentarizm mədəniyyət sistemi Şərq xalqları üçün o qədər də qəbul edilməmişdi. Ona görə ki, adətən Şərqdə bir nəfəri hökumətin, dövlətin başçısı qoyurdular. Sülalələr, monarxiyalar dövləti idarə edirdilər. Bizə qardaş olan Türkiyə ərazisindəki Osmanlı dövləti də 600-700 il ərzində hakimiyyətdə idilər. Heç orada da cümhuriyyət idarəçiliyi yox idi. Orada cümhuriyyət idarəçiliyi bizdən beş il sonra – 1923-cü ildə yaradılıb. Bəli, bizim parlament mədəniyyətini yaratmağımız çox böyük hadisə idi.
- Nəyə görə?
- Ona görə ki, biz Türkiyənin tərkibində yaşamışdıq. Rusiyada ilk dəfə parlament idarəçiliyinə 1906-cı ildə keçdilər. Yəni, Rusiya Avropa ölkələri ilə müqayisədə çox geridə qalmışdı. Əgər İngiltərədə, digər Avropa ölkələrində parlament 12, 13, 14-cü əsrlərdən formalaşmağa başlamışdısa, bu Rusiyada 1906-cı ildə yarandı. Yəni, bizim parlamentariya təcrübəmiz yox idi. Amma buna baxmayaraq, bizim cümhuriyyət qurucularımızın yüksək savadı, yüksək biliyi imkan verdi ki, onlar çox yüksək səviyyəli bir parlament yaratsınlar. Azərbaycan Cümhuriyyətinin parlamenti 1918-cu ilin dekabrın 7-dən 1920-ci ilin aprelin 27-ə qədər fəaliyyət göstərdi. Bu da təxminən 17 ay edir. 17 ay ərzində 270 qanun layihəsi müzakirəyə çıxarıldı. Onun 230-u qəbul edildi.
- Bu qanunların ən önəmliləri hansılar idi?
- Azərbaycan vətəndaşlığı, Azərbaycanın ordu sistemi, mətbuatla bağlı qanunlar... 1918-ci ilin noyabr ayının 9-da mətbuat üzərindəki senzura ləğv edildi. Azad mətbuat yaradıldı. Bir qədər keçdikdən sonra mətbuat nizamnaməsi haqqında qanun qəbul olundu. Yəni, demək istəyirəm ki, cümhuriyyətin hansı bir dövrünə diqqət yetirsək, sadəcə, qeyri-adi hadisələrlə rastlaşarıq. Vətənimiz, millətimiz üçün vacib olan qərarların qəbul edilməsi və yaxud fəaliyyətin göstərilməsi... Nəhayət, 1920-ci ilin yanvar ayının 11-də Azərbaycan Cümhuriyyətinin dünya dövlətləri tərəfindən tanınması çox böyük hadisə idi. Çünki 1920-ci ilin 11 yanvarında Azərbaycan dünya ölkələri tərəfindən de-fakto tanındı. Beləliklə dünya dövlətləri cərgəsinə daxil oldu. O vaxta qədər Azərbaycan adlı dövlət tanınmırdı və qəbul edilmirdi. Planlaşdırılırdı ki, yaxın aylarda Azərbaycan Cümhuriyyətini həm də de-yure tanısınlar. Ancaq Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildi və buna imkan verilmədi. Azərbaycan Cümhuriyyətini yada salarkən sonra onu da demək istəyirəm ki, bu dövləti quran böyük şəxsiyyətləri də yada salmalıyıq. Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Xəlil bəy Xasməmmədov, Xosrov bəy Sultanov, Həsən bəy Ağayev, Xudadad bəy Rəfibəyli elə şəxsiyyətlərdəndir ki, bu cümhuriyyətinin qurulmasında çox böyük, önəmli rol oynadılar. Bu ideologiyanın yaradıcısı Məmməd Əmin Rəsulzadə olub.
Tural Turan
-
MDB20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş
-
Sosial17:40
“Qara qutu"nun incələnməsinə başlanıldı
-
Sosial17:10
Əli Əsədov daha bir qərar imzaladı
-
Dünya16:10
Məşhur türk astroloq 2 həftə əvvəl görün nəyə işarə edib: bu ölkənin adını açıqlayıb - FOTO
-
Yaxın Şərq15:57
İsrail bu telekanalın maşınını vurdu: 5 jurnalist öldü