“Azərbaycan mənim üçün möhtəşəm ölkədir” - Məşhur ictimai xadimlə MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

“Azərbaycan mənim üçün möhtəşəm ölkədir” - Məşhur ictimai xadimlə MÜSAHİBƏ

Norveçin paytaxtı Oslonun “Aker Brygge” bulvarında dünya şöhrətli Norveç alimi və səyyahı Tur Heyerdal ilə Ümummilli lider Heydər Əliyev arasında olan dostluq münasibətlərinə, eləcə də ölkələrimiz arasında mədəni münasibətlərin inkişafına həsr olunmuş “Tur Heyerdalın Azərbaycana aparan addımları ilə milli mirasımızın mənşəyini kəşf et” adlı sərgi davam etməkdədir.

Publika.az xəbər verir ki, tədbir Norveçdə fəaliyyət göstərən CAN təşkilatının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə gerçəkləşir.

Sərgi haqda dəyərli fikirlərini bölüşənlər sırasında Norveçin Pakistan əsilli tanınmış ictimai xadimi Aamir Şeyx də var.

Həmsöhbətimiz Azərbaycanın dostu cənab Şeyxdir.

- Cənab Şeyx, sizi oxucularımızla tanış edəkmi?

- Əlbəttə. 2004-cü ildə “Norveçin sülh naminə dialoqu” fondunu qurmuşam. 1995-2011-ci illər ərzində Oslo parlamentinin üzvü olmuşam. Konservativ partiyanın etnik diskriminasiya ilə mübarizədə məsləhətçisi vəzifəsini də tutmuşam. 2003-cü ildən Norveçin “14 Avqust Komitəsi”nin sədriyəm.

- Norveçin kral ailəsi ilə bir neçə dəfə görüşdüyünüz, hətta krala mükafat təqdim etdiyiniz haqda məlumatım var.

- Ümumiyyətlə, düşünürəm ki, dünya Norveç kral ailəsinin humanistliyindən çox şey öyrənməlidir. Zati-aliləri Norveç kralı ilə bir neçə dəfə görüşmək imkanım olub. Hətta ona qurduğu mədəni körpülərə görə təqdirnamə də təqdim etmişəm. Norveç kralı ölkəsinin hər bir vətəndaşının kralıdır. Kral ölkəsində məskunlaşan hər kəsə eyni sevgi və qayğı ilə yanaşır. Düşünürəm ki, dünya liderləri ondan çox şey öyrənməlidirlər.

- Sərgi ilə bağlı düşüncələrinizi bölüşməyinizi istərdim...

- Öncə Norveçlə Azərbaycan arasında münasibətlərin inkişafındakı səylərinə görə Şervin Nəcəfpura təşəkkür etmək istəyirəm. Zənnimcə, bu sərgini xüsusi edən təkcə unikallığı və gözəlliyi deyil, eyni zamanda Yer üzündə yaşayan hər kəsin bərabər hüquqa malik olmasını ehtiva etməsidir. Bəli, mən böyük fəxrlə özümü Azərbaycanın dostu adlandırıram.

Azərbaycanda yaşayan müxtəlif keçmişi, taleyi olan insanlar marağımı çəkdi. Ölkəniz sülhün, multikulturallığın vətənidir. Bu isə dünyaya verə biləcəyiniz ən gözəl mesajdır.

- Sərgidə görmək istəyib, tapmadığınız məqamlar oldumu?

- Azərbaycanın özünəxas etnik, mədəni elementlərini görmək istərdim. Arzulayıram ki, növbəti sərgilərdə Norveç və Azərbaycan rəssamları bu məsələ üzərində birgə çalışsınlar. Ümid edək ki, növbəti sərgiyədək pandemiya da bitəcək. Elə sərgi də həmin dövrə təsadüf etsə, ikiqat bayram olacaq. Mən də öz təcrübəmlə yardım etməyə daim hazıram.

Bu, həm də Norveçlə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsi üçün böyük addım olacaq. Ümumiyyətlə, iki ölkə arasında əlaqələrin inkişafı üçün bu tip sərgiləri ziyarət etmək olduqca önəmlidir.

- Azərbaycanın əziz dostu, cənab Şeyx, ölkəmizə növbəti səfərinizin vaxtını bilmək istərdim...

- Pandemiya bitər-bitməz Azərbaycana növbəti səfərimi planlaşdıracağam. Azərbaycan mənim üçün möhtəşəm ölkədir. İlk səfərim Şervin Nəcəfpurun dəvəti ilə baş tutmuşdu. Norveçin keçmiş baş naziri ilə birgə gəlmişdik. Növbəti səfərimi səbirsizliklə gözləyirəm.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm