Əgər Zəngəzur dəhlizi reallaşmazsa... - Türk general BÜTÜN DETALLARI AÇDI
Bizi izləyin

Xüsusi

Əgər Zəngəzur dəhlizi reallaşmazsa... - Türk general BÜTÜN DETALLARI AÇDI

Türkiyənin Azərbaycandakı Səfirliyinin keçmiş hərbi attaşesi, istefada olan general-mayor Yücel Karauz Publika.az-a müsahibə verib.

Y.Karauz Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfərini şərh edib. General-mayor həmçinin Şuşada imzalanan tarixi Şuşa Bəyannaməsinin detallarına diqqət çəkib. Y.Karauz bu sənədin regionda yaradacağı yeni reallıqlardan danışıb.

Onunla müsahibəni təqdim edirik:

- 15 iyun tarixində dünya Şuşaya kilidləndi, tarixi anlar yaşandı. Rəcəb Tayyib Ərdoğan Şuşaya, Qarabağa səfər edən ilk xarici ölkə lideridir. Bunun əhəmiyyəti nədən ibarətdir?

- 15 iyunda Üzeyir Hacıbəylinin, Əhməd Cavadın, Ümummilli lider Heydər Əliyevin, Mustafa Kamal Atatürkün ruhları Şuşada idi. Ali Baş Komandan İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bu şəxslərin ruhunu şad etdi və Türkiyə-Azərbaycan qardaşlığının ən uca zirvədə olduğunu bir daha nümayiş etdirərək adlarını tarixə qızıl hərflərlə yazdırdılar.

Türiyə-Azərbaycan münasibətlərində bir prinsip var. Hər iki dövlətdən birində ölkə lideri, naziri seçildiyi zaman ilk rəsmi səfəri Ankaraya və ya Bakıya edirlər. Azərbaycan öz tarixi torpaqlarını işğaldan azad etdikdən sonra Şuşaya ilk xarici ölkə lideri olaraq Rəcəb Tayyib Ərdoğanın səfər etməsi tarixi perspektivə və qardaşlığa söykənir. Təbii olaraq, Şuşada xarici dövlət bayrağını ilk olaraq konsulluqla birlikdə asacaq olan Türkiyə dövləti və bu dövlətin lideri Ərdoğan olacaq. Dolayısı ilə bu, həm tarixin, həm də bugünümüzün gerçəkliyidir.

- Həm Prezident İlham Əliyev, həm də Rəcəb Tayyib Ərdoğan qədim şəhərimiz olan Şuşadan Ermənistana, eyni zamanda bütün dünyaya hansı mühüm mesajları verdi?

- Hər iki prezident başda Ermənistan olmaqla bölgə ölkələrinə, İran və Rusiyaya, türk dövlətlərinə və bütün dünyaya dostluq, qardaşlıq, birlik və həmrəylik mesajı verdi. Şuşa Bəyannaməsi bir deyil, iki dövlətin tək dövlət halında ifadəsinin təzahürüdür. Bu, sülh və sülhsevər bir birlikdir. Hansısa ölkənin ərazi bütövlüyü ilə bağlı və ya hər hansı bir ölkəyə qarşı deyil. Bu, həm bölgə ölkələrinə, həm digər türk dövlətlərinə, həm də Ermənistanı vasitəçi kimi istifadə edən dövlətlərə siz də bu sülh və təhlükəsizlikdən faydalanın, gəlin, siz də bu sülhə qatqı qatın deməkdir. Artıq statusa son qoyulub, status Şuşadır. Şuşada Cıdır düzündə bir il öncə sərxoş vəziyyətdə rəqs edən Paşinyana Azərbaycanın gücünü, qüdrətini göstərən və ərazi bütövlüyünün birlikdə, bərabər şəkildə təminatı mesajı verildi və bu mesaj bütün dünyaya verilmiş sayılır.

- Ərdoğan bildirdi ki, hazırda arxa fonda görünən bina, əslində, erməni zülmünün təəssüf ki, bu şah əsərləri nə hala gətirdiyinin ifadəsidir. Arxa fon olaraq erməni vandalizminin bariz nümunəsi - dağıdılmış tikili seçilmişdi. Bununla dünyaya hansı mesaj verildi?

- Ermənistan tarixdən bəri, həm XIX, həm də XX əsrdə harada olmalarından asılı olmayaraq, terror və terror faəliyyətləri ilə xatırlanan bir ölkədir. Ermənilər Osmanlı imperiyası dönəmində də Anadoluda çox böyük təxribatlar, terror əməlləri həyata keçirib. Həm də XIX əsrdən başlayaraq Qafqazda, qədim Azərbaycan torpaqlarında, Bakıda, Sumqayıtda, Salyanda, Qubada terror fəaliyyətlərini davam etdiriblər və soyqırımı həyata keçiriblər. Ermənistan 1988-ci ildən başlayan Birinci Qarabağ savaşında, eyni zamanda 28 il davam edən işğal dönəmində və Vətən müharibəsi dövründə çirkin siyasət yürütdü. İkinci Qarabağ müharibəsindən sonra minalanmış ərazilərin xəritəsini verməyərək təbiətə, ekologiyaya, mədəniyyətə, tarixə və Azərbaycanın ərazi bütövlüyünə qarşı törətmiş olduğu cinayətlərin nümunəsini, vandalizmi nümayiş etdirdilər. Şuşadakı qeyd etdiyiniz o yıxılmış bina da erməni vandalizminin tarixdən bəri gələn bir nümunəsidir.

- Şuşada tarixi Şuşa Bəyannaməsi imzalandı. Bu sənədin əsas hədəfləri və gözləntilər nələrdir?

- Bu sənəd Türkiyə ilə Azərbaycan arasında 1992-ci ildən etibarən hər sahədə hissə-hissə əldə olunan razılaşmaları - hərb, iqtisadiyyat, tarix, mədəniyyət, media, təhsil sahəsində əldə olunan razılaşmaların hər birini ehtiva edir. Dünyadakı iki yüzdən çox dövlət arasında heç bir iki ölkəyə nəsib olmayan müttəfiqlik anlamında olan anlaşma əldə olunub. Bunun nəticəsi olaraq Bakının təhlükəsizliyinin Ankaradan, Ankaranın təhlükəsizliyinin isə Bakıdan keçdiyi bir daha təsdiq olunur. 2010-cu ildə əldə olunan hərbi sazişdən sonra Şuşada tarixi Bəyannamə imzalandı. Daha sonra Zəngəzur dəhlizi, enerji təhlükəsizliyi, logistika, çatdırılma, müdafiə sənayesində ortaq istehsal, hərbi təhsil və təlim fəaliyyətlərinin davam etdirilməsi, ortaq təhlükəsizlik platformalarında davamlı toplantı keçirilərək təhdidlərin, gözləntilərin ortaq müzakirəsi fürsəti yaradılıb.

- 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyə 100 il sonra – 2021-ci ildə Şuşa Bəyannaməsi ilə Qarabağın təhlükəsizliyinin qarantı oldu. Bununla Türkiyə ümumilikdə Azərbaycanın təhlükəsizliyinin zəmanətçisinə çevrildi. Bu baxımdan Qarabağın təhlükəsizliyi ilə bağlı hansı addımlar atıla bilər?

- Qars sazişi Naxçıvanın qarantı olmuşdu, Şuşa Bəyannaməsi Azərbaycanın azad edilən torpaqlarının, Qarabağın Azərbaycan torpağı olduğunu bir daha təsdiq etdi. Eyni zamanda bu, Azərbaycan və Türkiyənin ərazi bütövlüyünün üçüncü ölkələrin həyata keçirəcəyi təcavüzkar fəaliyyətlərə qarşı irəli sürüləcək bir sənəddir.

- İlk dəfə sənəddə Zəngəzur dəhlizi ifadəsi işlədildi. Bunun tarixi və siyasi əhəmiyyəti nədən ibarətdir?

- Zəngəzur dəhlizi ilə bağlı proses 10 noyabr sazişi ilə açılması gözlənilən bir situasiyadır. Əgər bu dəhliz açılmazsa, 10 noyabr bəyannaməsində göstərildiyi kimi və Moskvada üç ölkə liderinin üçtərəflı bəyanatında olduğu kimi sülh anlaşmasının olması müzakirə predmeti deyil. Bu səbəbdən də Zəngəzur dəhlizi sülhün olmazsa olmazıdır. Bu məsələ reallaşmazsa, sülh də yoxdur.

- Rəcəb Tayyib Ərdoğan bildirdi ki, pilotsuz uçuş aparatları ( İHA) burada ciddi işlər gördü və qeyd etdi ki, müdafiə sənayesi sahəsindəki əlaqələrimiz bundan sonra daha fərqli şəkildə inkişaf edəcək. Azərbaycanda PUA istehsal mərkəzinin açılacağı gözləniləndir. Bu, hər iki tərəfə nə qazandıracaq?

- Artıq Türkiyə və Azərbaycanın ortaq məhsulu olan yeni brendlər yaradılacaq. Bunlar “Bayraktar” silahlı pilotsuz uçuş aparatlarını, ASELSAN-ın rabitə məhsullarını özündə ehtiva edə bilər. Həmçinin Türkiyə və Azərbaycanın ortaq məhsulları artıq dünya bazarına Bakıdakı və ya Azərbaycanda uyğun olan digər yerlərdəki zavodlar vasitəsilə istehsal olunaraq çıxarılacaq. Bu da hər iki ölkənin müdafiə sahəsini daha da gücləndirəcək.

- Bu Bəyannamə hazırda rus sülhməramlılarının nəzarətində olan rayonlarımızın gələcək aqibətini necə dəyişəcək? Həmin torpaqlardan erməni silahlılarının çıxarılması necə ola bilər?

- Sülh sazişi imzalandığı zaman bunun uzun müddət davam edəcəyini qeyd etmişik. Çünki bu münaqişədə birdən çox tərəf var. Dolayısı ilə Xocalı, Xankəndi və digər ərazilərdəki erməni silahlı qüvvələrinin çıxarılması, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və Azərbaycan pasportu ilə məsələnin həll edilməsi üçün bəlkə bir müddət zaman lazım olacaq. Amma nəticədə 10 noyabr sazişi də buna hədəflənib. Şuşada Türkiyə baş konsulluğunun açılması, Türkiyə bayrağının orada dalğalanması, Şuşa Bəyannaməsindəki bütün bəndlər həm rus sülhməramlılarının fəaliyyətini, həm də Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində türklərlə rusların bərabər çalışmasını təmin edir. Eyni zamanda bu bəyannamə ilə 10 noyabr razılaşmasında qeyd olunan bəndlərin bir-bir reallaşmasını təmin edəcək.

- Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlıq daha da möhkəmləndirilir. Bu baxımdan gələcəkdə Türkiyəyə silah embarqosu tətbiq olunarsa, Türkiyə Azərbaycan vasitəsilə silah satışını həyata keçirə bilərmi?

- Bu bərabər ortaq hərbi müdafiə sənaye fəaliyyətlərinin Azərbaycanda həyata keçirilməsi proqram təminatı, süni intellekt, rabitə və silahlı PUA-ların istehsal edilməsi təbii ki, üçüncü ölkələrə çıxarılması baxımından vacibdir. Eyni zamanda Türkiyəyə qarşı tətbiq oluna biləcək silah embarqosu və hansısa digər hallarda Azərbaycanda istehsal olunacaq marka və brendlər çərçivəsində müdafiə sənayesi məhsullarının satışı daha əlçatan olacaq.

- Şuşaya edilən səfər təkcə siyasi səfər deyildi. Eyni zamanda hər iki ölkənin başçısı ailə üzvləri ilə birlikdə səmimi münasibət nümayiş etdirdi. Orada İlham Əliyev tərəfindən Rəcəb Tayyib Ərdoğana “Zəfər” adlı Qarabağ atı və “Xarıbülbül” kompozisiyası hədiyyə edildi. Bunun simvolik əhəmiyyəti nədir?

- Şuşanın simvolu Xarıbülbül, Qarabağın simvolu isə Qarabağ atıdır. Tarixdə də liderlər bir-birlərinə müstəqilliklərinin və güclərinin simvolu olaraq hədiyyələr verirdilər. İlham Əliyevin Ərdoğana Şuşanın simvolu olan “Xarıbülbül” kompozisiyasını və Qarabağın simvolu “Zəfər” adlı Qarabağ atını hədiyyə etməsinin xüsusi simvolik əhəmiyyəti var. Bu, onu göstərir ki, Azərbaycanın ərazi bütövlüyü qazandığı zəfərlə təmin olunub və bu hədiyyələr də mövcud reallığın simvoludur.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm