Azərbaycanla bağlı Makrona müraciət edən fransız iş adamı: Qarabağın əsl sahibinin...
Bizi izləyin

Xüsusi

Azərbaycanla bağlı Makrona müraciət edən fransız iş adamı: Qarabağın əsl sahibinin...

Bu günlərdə Azərbaycanda fəaliyyət göstərmiş iş adamı Martin O'Ryan Fransa Prezidenti Emmanuel Makrona açıq məktub ünvanlayıb, videomüraciət yayımladı. Azərbaycana sülh və əmin-amanlıq arzulayan gənc iş adamı tarixin bir sıra önəmli faktlarını qərəzsiz dilə gətirdi.

Publika.az Fransa prezidentinə meydan oxuyan Martin O'Ryanla müsahibəni təqdim edir.

- Əziz Martin, ölkəmiz haqda qərəzsiz fikirləriniz üçün sizə təşəkkür edirəm. Azərbaycanla ilk tanışlığınız nə vaxt olub?

- Bəlkə də 4-5 yaşında idim. Dəqiq xatırlamıram. Atamın patefonu vardı. Hər gün bu möcüzəli qutuda müxtəlif xalqların musiqilərini, mahnılarını dinləyirdik. Bir gün atamın vallarını səliqəyə salanda, üzərində gözəl mənzərə olan plastinka gördüm. Atam dedi, bu, erməni dilində olan “Qarabağ” mahnısıdır. Mənim də körpə yaddaşıma Qarabağ Ermənistanla bağlı olan ərazi kimi yazıldı. Bilirsiniz, mən bu gün həqiqəti dərk edirəm, tarixi oxuyub, azərbaycanlıları tanıdıqca Qarabağın əsl sahibinin siz olduğunuza şübhə etmirəm.

- Amma gəlin, etiraf edək ki, sizin Azərbaycanda yaşayıb, xalqımızla tanış olmaq imkanınız var. Minlərlə fransız, yaxud avropalı bu şansdan məhrumdur.

- Məsələnin bir tərəfi də odur ki, azərbaycanlılarla ermənilər arasında davranış fərqi var. Bəli, xalqınız öz düşmənini tanıyır, amma bunu ictimai şəkildə mənasız bağırtı ilə etmir. Çünki özünüzə əminsiniz. Hansı azərbaycanlıya yaxınlaşsan, erməninin kim olduğunu soruşsan, təmkinlə “düşmənimiz, işğalçı xalq” deyəcək. Amma ermənilərdə durum fərqlidir. İnsan adətən yalan danışanda səsinin tonuna aqressiya qatır. Fransada hansı erməni ilə ünsiyyət qurub, azərbaycanlılar haqda fikirlərini bilməyə cəhd etsəniz, min cür yalanla azərbaycanlıları vəhşi, ermənilərə əzab verən millət kimi tanıdacaqlar. Həmçinin də Paşinyan. Onun nitqindən, davranışlarından özünə güvənsizlik, təcrübəsizlik sezilir. Prezident İlham Əliyev isə əksinə. Onun dil bilikləri, ünsiyyət bacarığı, apardığı uğurlu siyasət göz önündədir. Şərh etməyə ehtiyac yoxdur.

- Dəyərlərimizə xüsusi həssaslıqla yanaşırsınız…

- Bir neçə ildir Azərbaycanda yaşayıram. Dilinizi öyrənməyə çalışıram, mətbəxinizə, musiqinizə çox bağlanmışam. Bütün önəmli tarixlərinizi, bayramlarınızı, matəm günlərinizi qeyd edirəm. Bu günlərdə general Polad Həşimovla birgə şəhid olan hərbçilərin anım günü idi. Çalışıram, belə vacib məqamları unutmayım. Bilirsiniz, anam ispandır. Hələ kiçik ikən ailəsi ilə birgə İspaniyadan Fransaya köçürlər. Kasib ailə olduqları üçün Fransada yeni həyata başlamaq da çətin olur. Sonra atamla tanış olub evlənir. Doğrudur, həyatının böyük hissəsini ölkəsindən uzaqda yaşayır. Amma qəlbən ispandır, bunu heç nə və heç kim dəyişə bilməz. Odur ki, Qarabağdan illər öncə məcburi köçkün düşən azərbaycanlıların bu günədək yaşadığı əskikliyi, kədəri anlaya bilirəm.

- Xüsusən də ispanlarla azərbaycanlılar günəş insanlarıdır.

- Doğrudur. Həm temperament, həm də ailə dəyərlərinə bağlılıq, zahiri bənzərlik çoxdur.

- Ümumiyyətlə, fransızlarla azərbaycanlıları müqayisə etməyinizi istərdim.

- Azərbaycanlılar üçün ailə, övlad hər şeydən üstündür. Azərbaycanlı dostlarımı müşahidə edirəm. Bəzən ailələrinə görə çox uğurlu karyeralarından, iş səyahətindən vaz keçə bilirlər. Qədim dəyərlərinə sonsuz hörmət bəsləyirlər. Bəzi şeylər mənim üçün təəccüblü gəlir. Çünki fransızlar üçün hər şeydən öndə öz prinsipləri, uğurları gəlir. Düşünürəm ki, bu baxımdan mən də fransızam.

- Martin, həm müharibə, həm də tarixi qələbəmiz dövründə Azərbaycanda olmusunuz. Bütün prosesi yaxından izləmək imkanınız olub. Təəssüratınızı bilmək istərdim.

- İllərdir yaşadığı evinə, öz şəhərinə həsrət yaşayan insanların geri qayıdacağını düşünəndə sevinirəm. Xalqınız tarixin yanlışını düzəltdi. Elə özüm də Qarabağa səfər etməyi səbirsizliklə gözləyirəm.

Leyla Sarabi

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm