Xüsusi
Xətainin və Dümanın gecələdiyi kənd: İnsanların axın etdiyi ləmdən REPORTAJ - FOTO/VİDEO
Sizə bir ləmdən - dörd tərəfi açıq tikilidən, yay evindən danışacağam. Son günlər “Ulduz” filminin bütün dünyaya tanıtdığı bu qədim tikilinin uçmaq təhlükəsi ilə üzləşməsi ilə əlaqədar xəbərlər yayılmaqdadır. Elə məsələni yerində araşdırmaq üçün üz tutduq Astaranın Ərçivan kəndinə...
İçəri daxil olanda elə birinci gözümüzə dəyən ləm olur. Bu tərəflərdə yüz-yüz əlli il əvvəl ən məşhur tikililərdən olub. Ev yiyəsi Əsədulla Musayev bizi qarşılayır. Xoşgəldin – deyir. Sonra ləmə doğru yaxınlaşıram. Divrarına lövhə vurulub. İnvertar nömrəsi 4091 olan bu tarixi tikili Mədəniyyət Nazirliyi tərəfindən qorunur. Ev sahibi söyləyir ki, hər gün evlərinə turistlər gəlir. Səbəbi isə 1963-cü ildə bir neçə səhnəsi məhz bu həyətdə və ləmin üst hissəsində çəkilən “Ulduz” filmidir.
Tarixi tikilinin 1906-cı ildə tikildiyi göstərilir.
Ləm qırmızı kərpicdəndir. Bir dəfə xeyli əvvəllər yüngülcə təmir olunub. Amma yenə də qəzalı vəziyyətdədir. Əsədulla müəllim kitabxanaçı işləyib. Savadlı adamdır. Nizamidən, Füzulidən, Sədidən ağız dolusu danışır. Şeirlərindən sitatlar gətirir. Bir az xoş-beş etdikdən sonra ləm haqqında məlumat almağa çalışıram.
Ev yiyəsi Mədəniyyət Nazirliyinin əvvəlki rəhbərliyinə dəfələrlə ləmin qəzalı vəziyyətdə olması ilə bağlı məktubla, ərizə ilə müraciət etdiyini vurğulayır. Amma məktublar cavabsız və ləmin qəzalı durumu qalır, elə indiyə kimi: “Amma sonra Qarabağ müharibəsi başladı. İndi dövlətimizin başqa işləri var. Ölkəmiz müharibədən çıxıb. Qələbə çalımışıq. Ermənilər isə 30 il ərzində, işğal dövründə xeyli sayda abidələrimizi məhv edib. İndi Mədəniyyət Nazirliyinin işi çoxdur”.
El arasında Allahverən adı ilə tanınan Əsədulla müəllim deyir ki, ermənilər Qarabağda o qədər abidələrimizi dağıdıblar ki, bu ləmin qəzalı vəziyyətdə olmasını dilə gətirməkdən utanır:
“İndi dövlət onların bərpasına diqqət göstərir. Bu ləm gözləyə bilər, amma əsas həmin dağıdılmış abidələrin bərpasıdır. Ermənilər tərəfindən dağıdılmış abidələrimizin bərpası üçün xeyli vəsait və xeyli zaman lazımdır. Bu ləmin yenidən bərpasına da vaxt lazımdır. Mənə elə gəlir ki, bunu da Allahın köməkliyi ilə bərpa edərlər”.
Ev sahibi ilə 58 il əvvələ qayıdırıq. Ulduz filminin çəkildiyi dövrə... Tarixi tikili haqqında daha ətraflı məlumat əldə etmək istəyirik:
“Bu ləmin yaşı 100-dən yuxarıdır. 115 yaşının olduğu göstərilir. Hələ bunun dəqiq verilib-verilmədiyi də bəlli deyil. Amma məncə, daha çoxdur. Astarada, Ərçivanda ən çox turist cəlb edən yerdir. Çünki kino çəkilən yer deyiləndə hər kəsdə gəlib görmək, baxmaq marağı oyanır. “Ulduz” kinosu çəkiləndə də yadımdadır. O zaman 11 yaşım var idi. Kino heyəti burada çox qaldı. Bir müddət çəkilişlər getdi. Bir səhnəni çəkmək üçün bəlkə də ləmin yuxarısında yüz dəfə gedib-gəlirdilər. Rejissor kadrı bəyənənə kimi... Hansı səhnə rejissorun xoşuna gəlsə həmin kadrları saxlayırdılar. Aktyorların burda səhnə aparmağı hamısı yadımdadır. O buzov “çarlstonu” oynayanda mən də buzova daş atırdım. Ayağını tərpədirdi. Bunu rejissor demişdi deyə eləmişdim. Film çəkiləndən sonra məşhurlaşdı. Rayonumuza gələn turitlər gəlib xatirə şəkilləri çəkirlər. Mən də tarixi haqqında məlumat verirəm. Çalışıram gələcək nəslə ötürmək üçün qoruyub saxlayam da...”.
Həmsöhbətim deyir ki, cənub bölgəsi adət-ənənəsi, mətbəxi ilə yanaşı, arxitekturası ilə də seçilir. Bu tarixi ləm də bu arxitekturanın bir elementidir:
"Əvvəllər bura yay evi kimi istifadə edilirdi. 18-19-cu əsrlərdən qalan bu tikililərə, ən çox Lənkəran, Astara və Masallı rayonları ərazisində rast gəlinir. Vaxtilə, təkcə Astaranın Ərçivan qəsəbəsində 50-yə yaxın ləm olub. Zaman keçdikcə, təbii fəlakətlərin təsirindən və yaxud da baxımsızlıqdan bu tikililərin çoxu dağılıb. Sizə bir maraqlı əhvalatı da danışım. Deməli, Bunu atamın babası tikib. Təxminən 19-əsrin əvvəlində inşa olunub. Özü də Fərman Kərimzadə “Xudafərin körpüsü”nü yazanda məhz burada, bu ləmdə gecələyib. Şah İsmayıl Xətai Ərçivan səfəri vaxtı buraya gəlib, o da Ərçivanda, bu kənddə gecələyib. Kitabda öz əksini tapır. 19-cu əsrdə Aleksandr Düma Qafqaz səfəri zamanı bura da səfər edib. 1 gecə də burada qalıb. Mənim atam danışardı bunları. Ona da atası danışıb".
Ləmin ikinci mərtəbəsinə qalxıram. Pilləkənlər qorxuludur. Bu saat sınıb töküləcək deyə ehtiyat edirsən. Arakəsmələrin taxta fiqurları da zədələnib. Yuxarıda sərilmiş soğanlar gözə dəyir. Ev yiyəsi hazırda ləmə yük yığır. İndi yatmaq və sərinləmək üçün də istifadə edilmir. Çünki qəzalı durumdadır. Tavanlarda da zədələnmələr gözə dəyir. Taxtaları ya mıx yerindən boşalıb, ya da çürüyüb. Bütün bunlara baxmayaraq, ev sahibi hər gün ləmi onlarla turistin ziyarət etdiyini söyləyir.
Ümid edirik ki, yaxın vaxtlarda bu tarixi tikilinin yenidən bərpası üçün vəsait ayrılacaq və bu tarixi tikili gələcək illərdə də zamana yoldaşlıq edəcək...
Tural Turan
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var