Xüsusi
Hacəttəpə Xəstəxanasının həkimi: Reanimasiyada yatan xəstələrin 95%-i…
Türkiyənin Hacəttəpə Universiteti Xəstəxanasının Anesteziologiya və Reanimasiya şöbəsinin həkimi Turanə Rəsulova hesab edir ki, dördüncü dalğanın nə zaman bitəcəyini proqnozlaşdırmaq mümkün deyil. Bir dalğanın başa çatdığını və hansı gücdə olduğunu yalnız geriyə dönüb baxanda, retrospektiv araşdıranda görmək mümkün olur.
Publika.az-a müsahibəsində uşaqların vaksinasiyasına da toxunan həkim bildirib ki, məktəblərin açılması zəruri addımdır.
Anticisimlərdən daha asan qaçmağına səbəb olur
- Həm ölkəmizdə, həm də Türkiyədə yoluxma sayı kəskin şəkildə artmağa davam edir. Üstəlik ölənlər arasında gənclər də var. Doktor, epidemioloji vəziyyəti niyə stabil saxlamaq mümkün deyil?
- Bunun səbəbi Delta variantıdır. Bildiyimiz kimi, Hindistanda ortaya çıxan delta variantı qısa müddət ərzində bütün dünya ölkələrinə yayıldı. Bu variantın yoluxuculuğu bir öncə ortaya çıxan İngilis mutasiyasından 40-60% daha yüksəkdir. İngiltərədə qeydə alındığı ilk həftə ərzində xəstələnmə sayında 79% artım görülmüşdü. Delta variantında cüt mutasiya baş verib, bu onun yoluxuculuğunu artırmaqla yanaşı anticisimlərdən daha asan qaçmağına səbəb olur. Biontech-Pfizer vaksininin Delta variantına təsiri haqqında əldə olunan elmi nəticələr göstərir ki, ilk dozadan sonra Delta variantından qoruyuculuq cəmi 36%, ikinci dozadan sonra isə 88%-dir. Yəni tək doza vaksin yetərli deyil. Gənc yaş qrupunun daha çox yoluxmağının səbəbi də bu yaş qrupunda daha az insanın 2 doza vaksin olunmağı və ya heç vaksinasiya olunmamasıdır. Rusiyada aparılan araşdırmalar da göstərmişdi ki, Delta variantına ən çox yoluxan yaş qrupu 20-39 yaş aralığıdır.
Orijinal Vuhan virusu və İngiltərə mutasiyası ilə virusa yoluxmaq üçün 15 dəqiqə xəstə biri ilə təmasda olmaq lazım idisə, Delta variantı ilə bu müddət 1 dəqiqəyə qədər azalıb.
İbtidai siniflərdə şagirdlərdən müəllimlərə virusun yoluxma ehtimalı çox azdır
- Belə bir vəziyyətdə məktəblərin və təhsil ocaqlarının açılması doğru qərardır?
- Bilirsiniz, təhsil ocaqları mütləq açılmalıdır. Bu, əslində bütün dünyanın müzakirə etdiyi mövzudur. Artıq uzun müddətdir ki, ibtidai siniflər, orta məktəblər üz-üzə təhsildən məhrum qalıb. Bu gün problem nə qədər qlobal olsa da, təhsil çox önəmlidir və pandemiya səbəbindən bağlanan təhsil sistemi ilə bütün gələcəyimizi təhlükə altına atırıq. Dünya ölkələrinin təcrübələrinə baxsaq, görərik ki, inkişaf etmiş ölkələrin hədəfi təhsili dayandırmaq yerinə, davam etdirmək üçün gərəkli şərtləri təmin etmək və həll yolları tapmaqdır.
Bu yaxınlarda “Journal of Global Health” elmi jurnalında 24 klinik çalışmanın daxil edildiyi bir metaanaliz yayımlanıb. Bu çalışmaların hər biri məktəblərdəki yoluxmanı araşdırıb və gəlinən nəticələr çox önəmlidir. Elmi araşdırmalar nəticəsində məlum olur ki, ibtidai siniflərdə şagirdlərdən müəllimlərə virusun yoluxma ehtimalı çox azdır. Burdan çıxara biləcəyimiz nəticə odur ki, tək müəllimlər deyil, bütün məktəb personalı peyvənd olunmalıdır. Bir haşiyəyə də çıxmaq istəyirəm ki, müəllimlərin və təhsil işçilərinin son peyvənd dozasının üstündən 6 ay keçibsə, peyvəndin qoruyuculuğunun bərpası üçün 3-cü doza vurulmalıdır. Dünyaya baxsaq, Nyu-York şəhərində tibb sektorunda çalışan hər kəsin peyvəndlənməsinə mütləqiyyət gətirilib.
Qeyd etdiyim metaanalizdən çıxan digər maraqlı nəticələr də var. Belə ki, elmi araşdırmaların nəticəsinə görə, ibtidai sinif deyil, amma yuxarı sinif şagirdləri arasında yoluxma müəllimlərin yoluxmasından 30% daha çoxdur. Bunun da səbəbləri arasında yeniyetməlik yaşındakı şagirdlərin maska, məsafə qaydalarına yetərincə riayət etməməsi ola bilər.
Havalandırma düzgün aparıldığı təqdirdə yoluxma riski 14 dəfə azalır
Gələk peyvənddən başqa hansı tədbirlər görülə bilər məsələsinə - sinif otaqlarının havalandırılması çox önəmlidir. Havalandırma düzgün aparıldığı təqdirdə yoluxma riski 14 dəfə azalır. Hazırda dünya sinif otaqlarının havalandırma sisteminə HEPA filtrlərin taxılmasının önəmindən danışır. HEPA filtrlərlə risk 30 dəfəyə qədər azalır.
Digər önəmli məsələ, maskalardan düzgün və mütəmadi istifadədir. Bütün məktəb şagirdləri maskadan davamlı istifadəyə təşviq edilməli, sinifdəki uşaq sayı azaldılmalı, müəllimlər ən xırda tənəffüs yolu və ya digər klinik şikayəti olduğu halda PCR test verməlidir.
Bütün bu şərtləri təmin etdiyimiz halda məktəblərin açılması və təhsilin tam sürətilə davam etməsi mümkün olacaq. Şagirdlərin, özəlliklə də ibtidai sinif şagirdlərinin psixo-mental inkişafının axsamamağı üçün bu yaşda təhsilin davamiyyəti çox önəmlidir.
- Pandemiyanın ən məsum qurbanları uşaqlardır. Onların vaksinasiyasının başlanması valideynləri xüsusilə narahat edir. Bu barədə nə deyə bilərsiniz?
- Avropa ölkələrinin bir çoxunda və Amerikada 12 yaş üstünün vaksinasiyasına başlanılıb. Bu, çox yaxşı bir addımdır. Türkiyədə hələlik 12 yaşdan yuxarı xroniki xəstəliyi olan uşaqlar vaksinasiya olunur. Bu da 15-20 faizə yaxın uşaq deməkdir. Hesab edirəm ki, Azərbaycanda da 12 yaşdan yuxarı uşaqların vaksinasiyasına başlasaq, məktəblərdəki yoluxmanı bir xeyli azaltmış olarıq.
- Sizcə, dördüncü dalğa nə zaman başa çatacaq?
- Bilirsiniz hazırda dünya “mu” variantı ilə bağlı SOS siqnalı çalır. Delta variantı ilə olan təcrübələrimiz, həm vaksinasiyanın nə qədər önəmli olduğunu, həm də pandemiya ilə mübarizədə dünyanın sinxron davranmalı olduğunu ortaya qoydu. Yəni, bir ölkənin əhalisinin 80%-i vaksinasiya olunsa belə, Hindistanda, Kolumbiyada və ya Afrika ölkələrində vaksinasiya istənilən səviyyəyə gəlmədiyi müddətdə yeni variantlar yaranıb təkrar-təkrar dalğalara səbəb olacaq. 4-cü dalğa nə zaman başa çatacaq bilmirəm. Məncə, bunu heç kim bilmir. Bir dalğanın başa çatdığını və hansı gücdə olduğunu yalnız geriyə dönüb baxanda, retrospektiv araşdıranda görürük. İndi bu dalğanın öhdəsindən gəlməyimizin, yeni variantların yaranmasını önləməyimizin və yoluxsaq da reanimasiyalıq olmadan, itkisiz xəstəliyi adlatmağımızın yeganə yolu - vaksinasiya, maska, məsafə və gigiyenadır.
Epidemioloji vəziyyət daha da kəskinləşə bilər
- Payız və qış aylarında vəziyyət hansı tempdə inkişaf edəcək?
- Payız və qış aylarında epidemioloji vəziyyət daha da kəskinləşə bilər. Bunun səbəbi yay tətilinin bitirib hamının kütləvi işə başlaması, havalar sərinlədiyi üçün havalandırmanın daha az olacağı qapalı məkanlara toplanmağımız və mövsümün gətirdiyi digər virus infeksiyalarıdır. Amma digər suallarda da vurğuladığım kimi, vaksinasiyanın sürəti mənzərəni müəyyənləşdirəcək.
- Vaksin olunmuş xəstələr virusa yoluxduğu zaman xəstəliyi həqiqətən də yüngül keçirir?
- Vaksin olunmuşlarla olunmamışlar arasında aparılan son elmi araşdırmaya görə, vaksinasiya olunan 102000 şəxsdən sadəcə 100-ü xəstəliyə yoluxub və cəmi 1-i dünyasını dəyişib. 102000 nəfərdə 1 ölüm. Yoluxanların da, dünyasını dəyişənlərin də böyük əksəriyyəti vaksinasiya olunmayanlardır, reanimasiyada yatan xəstələrin 95%-i vaksinasiya olunmayanlardır. Bu 100 xəstədən 95-inin vaksin olunmaması deməkdir.
- Ümumiyyətlə, vaksin vurduranla, vaksin vurdurmayanların müalicə protokolları arasında fərq varmı?
- Virusla mübarizə üçün əlimizdə xüsusilə bu virus əleyhinə hazırlanmış bir dərman yoxdur. Olsaydı, zatən pandemiya olmazdı. Xəstələr simptomlarına görə və ÜST-ün tövsiyələriylə hazırlanmış protokollar əsasında müalicə olunur.
Buna çatan toplumlar rahat nəfəs ala biləcək
- Kütləvi immunitet yaranması ilə pandemiya sona çata bilər, yoxsa bu prosesin illərlə davam etməsi ehtimalı da var?
- Kütləvi immunitetin yaranması, əhalinin 80%-dən çoxunun vaksinasiya olunmağı tünelin ucundakı işıqdır. Buna çatan toplumlar rahat nəfəs ala biləcək. Amma onu da unutmamalıyıq ki, bu, qlobal bir bəladır və dünya ölkələrinin hər birində bu səviyyəyə çatılmasa, virusun sürətlə yayıldığı toplumlarda yeni variantlar üzə çıxa və yeni-yeni dalğalara səbəb ola bilər. Azərbaycan dövlət olaraq COVAX-ı ilk dəstəkləyən ölkələrdən olub. Bizim ölkəmiz qlobal mübarizəyə də töhfə verir. Bu sevindiricidir.
- Turanə xanım, pandemiyanın gətirdiyi problemlərdən biri də odur ki, xəstələr həkim nəzarəti olmadan dərman qəbul etməklə vəziyyəti daha da pisləşdirirlər. Azərbaycanda insanlar həkimə getmək yerinə öz-özünü hansısa dərmanlarla müalicə etməyə öyrəşib. Koronovirus xəstələri hansı halda dərman qəbul etməlidir?
- Həkim nəzarəti olmadan dərman qəbul etmək toplumun bəlasıdır həqiqətən. Bu xasiyyətimiz səbəbindən antibiotiklərə dözümlü bakteriyalar inkişaf edir, həkimə gedib çatanda həkim heç nə edə bilmir, qalır çarəsiz, çünki hər cür antibiotikdən düzgün olmayan şəkildə qəbul edib, tibbin əlindəki bütün silahlar faydasız qalır. Qonşuya, qohuma yazılan resepti tətbiq etmək öz əlinlə özünə ölüm hökmü yazmağa bərabərdir. Xəstəliyin fazaları var, həkim müalicəni ona görə təyin edir. Reanimasiyada xəstəyə yazılan dərmanları evdə qəbul etsəniz, sonra daha pis vəziyyətə düşəcəksiniz. Apteklərdə reseptsiz antibiotik verilməsi də ayrı bir dərddir, amma bu başqa söhbətin mövzusudur. Qorunmaq xəstələnməkdən daha önəmlidir, xəstələnib yüngül keçirmək də eləcə. Odur ki, vaksinasiya olunun lütfən.
Aytən Məftun
-
Nida Xəbər 19:05
Qazaxın azad olunan dörd kəndi belə qorunur - Foto
-
Magazin218:55
Bu məşhurların fəxri adları əllərindən alındı
-
İdman18:25
Türkiyə klubunun baş məşqçisi öldürüldü
-
Dünya16:54
Türkiyəli müəllimdən Azərbaycanla bağlı təsirli addım: Bayrağımızı... - VİDEO
-
Rəsmi xronika16:22
Prezident bu nazirə ali xüsusi rütbə verdi
-
Hadisə16:18
Bu şəxs Azərbaycandan məcburi çıxarılacaq: görün nə edib
-
Hadisə15:47
Bakıda MTN-də işləmiş qadını aldadıb 15 min manat aldılar
-
Magazin115:06
"Ailəli qadınların etdiklərini eşidəndə..." - VİDEO