General Aydəmirovdan SAVAŞ ANONSU: Sabahkı döyüşlərə hazırlaşmaq üçün... - MÜSAHİBƏ (VİDEO)
Bizi izləyin

Xüsusi

General Aydəmirovdan SAVAŞ ANONSU: Sabahkı döyüşlərə hazırlaşmaq üçün... - MÜSAHİBƏ (VİDEO)

Video əlavə olunub.

xxx

Azərbaycan Ordusu tarixdə ilk dəfə olaraq işğaldan azad olunan ərazilərdə - Laçında Türkiyə Ordusu ilə birgə hərbi təlimlərə başlayıb. Ordumuzun bu təlimləri İrəvanı da qorxuya salıb. İrəvandan etiraf ediblər ki, Laçındakı təlimlər Ermənistanda narahatlıq yaradıb. Bundan başqa, Naxçıvanda da Türkiyə Ordusu ilə birgə təlimlərə start verilib.

Bəs bütün bunlar nədən xəbər verir? Ard-arda sıralanan təlimlərdən anti-terror əməliyyatları qoxusu gəlirmi? 10 noyabr razılaşmasını tam şəkildə yerinə yetirməkdən hər vəchlə boyun qaçıran Ermənistanı Azərbaycan yenidən sülhə məcburetmə əməliyyatı ilə diz çökdürə bilərmi? İkinci “Dəmir yumruq” əməliyyatına ehtiyac duyulacaqmı?

Bütün bu suallara cavab tapmaq üçün Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirovun fikirlərini öyrənməyə çalışdıq. General Publika.az-a müsahibəsində söylədi ki, hər an anti-terror əməliyyatları ola bilər.

- Cənab general, ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə - Laçında Türkiyə ilə birgə hərbi təlimlər keçirdik. Sizcə, bu, Qarabağda başlama ehtimalı irəli sürülən hərbi əməliyyatların işartısı ola bilərmi?

- İlk növbədə onu deyim ki, Ermənistan Azərbaycan Ordusunun gücünü gördü. Nəinki ermənilər, hətta dünyanın iri dövlətləri də bizim gücümüzə bələd oldular. Başda Ali Baş Komandan olmaqla Azərbaycan sərkərdələrinin, komandirlərimizin hərb məharətinə, bacarıqlarına şahidlik etdilər. Orduda kifayət qədər yeniliklər var. Günü-gündən güclənən nizami, istənilən əmr və tapşırıqları yerinə yetirə bilən orduya malikik. Ali Baş Komandanın orduya rəhbərlik etməsi, onun təminat və təchizatını hər zaman diqqətdə saxlaması burada ən önəmli amildir. Bir millət, iki dövlət olan Türkiyə və Azərbaycan Ordusunun mütəmadi, birgə keçirdiyi təlimlər də bu məsələdə müstəsna rol oynayır. Yaddan çıxarmayaq ki, Türkiyə Silahlı Qüvvələri NATO ordusunda ən nizam-intizamlı ordulardan biridir. Eləcə də dünyanın ən elit 10 ordusu sırasındadır. Eyni zamanda böyük tarixi-hərbi ənənələrə malikdir. Ona görə də bütün bunlar çox əhəmiyyətlidir. Fikir verdinizsə, həm Quru Qoşunlarında, həm Hərbi Hava Qüvvələrində, həm də Hərbi Dəniz Qüvvələrində təlimlər keçirildi. Yəni burada həm təcrübə mübadilələri aparılır, həm də döyüşlərdə qazanılan yeni döyüş və taktiki üsulları, strateji, taktiki səviyyədə məsələlər bölüşülür. Bu kimi nüanslar birgə araşdırılır və birgə sınaqdan keçirilir. Bundan başqa, İkinci Qarabağ müharibəsində “Dəmir yumruq” əməliyyatlarında Azərbaycan Ordusunun qazandığı yeni nailiyyətlər müzakirə edilir və təlimlərdə praktikadan keçirilir. Taktiki cəhətdən tətbiq olunur.

- Təlimlərin əsas məqsədi haqqında da fikirlərinizi öyrənmək istərdik.

- Bizim ordumuz yeni, müasir silahlar alacaq. Onların tətbiqi baxımından da bu əməliyyatlar önəmlidir. Ona görə də Laçındakı birgə hərbi təlimlərin əsas məqsədi birinci növbədə odur ki, həm ermənilər, həm də iri xarici dövlətlər görsünlər ki, Azərbaycan və Türkiyə hərbi təlimləri birgə keçirir. Yəni bunlar bir millət və iki ordudur. Onların təlimləri həmişə bir yerdə keçiriləcək. Ən çətin şəraitdə də bu iki ordu birgə fəaliyyət göstərəcək. Yəni iri dövlətlər bu və ya digər məsələlərə müdaxilə etməsinlər, ermənilər də sülh müqaviləsinə qol çəksinlər. Məhz bunun nəticəsidir ki, Ermənistanın baş naziri Nikol Paşinyan bildirdi ki, sülh müqaviləsinə hazırdırlar. O, bu mühiti Ermənistanda da formalaşdırır.

- Bəs Ermənistan təxribatlar törətsə, vəziyyət necə olacaq?

- Ermənistanın Azərbaycan Ordusuna qalib gəlmək şansı ümumiyyətlə yoxdur. Əgər Ermənistan hansısa təxribat törətsə, ikinci dəfə Azərbaycan Ordusunu qıcıqlandırsalar, müəyyən məsələlərin müzakirəsindən yayınsalar, 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyannamədən irəli gələn məsələləri icra etməsələr, ordumuz Ermənistan silahlı birləşmələrini darmadağın etmək, Ermənistan dövlətini tam fiaskoya uğratmaq üçün hər zaman əməliyyat başlada bilər. İstefada, ehtiyatda, sırada olan hər bir hərbçi hər an buna hazır olmalıdır.

- Laçından sonra Naxçıvanda da hərbi təlimlərin keçirilməsi nədən xəbər verir?

- Mən həmişə demişəm ki, Azərbaycan Ordusunun Naxçıvanda dislokasiya olunan ümumqoşun birlikləri, hissələri təkcə Ermənistan ordusuna deyil, bütün Ermənistan üçün elə bir təhlükə yarada bilər ki, ümumilikdə o dövlət məhv ola bilər. Onlar fikirləşməlidirlər ki, əgər hansısa hərəkətləri ilə bizi hərbi əməliyyatlara təhrik etsələr, döyüşlər yenidən başlasa, Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu birinci “Dəmir yumruq” əməliyyatındakı kimi sakit durmayacaq. Onlar artıq Ermənistana da zərbələr endirəcək, Ermənistanın, onun ordusunun yox edilməsində çox mühüm rol oynayacaq. Çünki Naxçıvanda dislokasiya olunmuş hərbi birləşmələr buna tam şəkildə hazırdır. Hər bir maddi-texniki təminatları var. Oradakı bütün hərbi təlimlər hər zaman yüksək səviyyədə keçirilir. Təlimlər üçün bir manata da qənaət olunmur. Hər zaman təlimlərdə tər tökən ordu döyüşdə hər şeyin öhdəsindən gəlməyə qadirdir.

- Ermənistandan bildirildi ki, Laçındakı təlimlərə görə İrəvan narahatlıq keçirir. Azərbaycan öz torpaqlarında hərbi təlimləri gerçəkləşdirir. İrəvan bundan niyə narahat olmalıdır ki?

- Çünki Ermənistanın bu cür imkanları yoxdur. İndi orada tam anarxiya hökm sürür. Azərbaycan Ordusu Qarabağın tam göbəyində, ortasında da təlimlər keçirir. Ermənistan isə bu təlimlərdən qorxur. Ona görə gecələr də yata bilmirlər. Hələ ki, bu, Qarabağ ərazisindəki ilk təlimlərdir. Döyüşlərdən sonra Azərbaycan Ordusu daha genişmiqyaslı və müxtəlif təlimlər keçirəcək. Ona görə ki, işğaldan azad edilən ərazilərdə qoşunların fəaliyyəti üçün taktiki gedişlər etmək, sabahkı döyüşlərə hazırlaşmaq üçün orada müəyyən təlimlər keçirilməlidir. Eyni zamanda Müdafiə Nazirliyinin qoşun hissələri sərhəddə dayanan Dövlət Sərhəd Xidmətinin bütün bölmələrini himayə etməlidir.

- Bu, nə deməkdir?

- Bu o deməkdir ki, əgər sabah ermənilər dövlət sərhədində hər hansı basqın, təxribat törədərsə, sərhədçilər, çevik qüvvələrlə Müdafiə Nazirliyinin arxada dayanan qüvvələri müəyyən edilən döyüş tapşırıqlarına uyğun hərəkətə keçəcəklər. Yəni hansı komanda hansı bölgəyə çıxacaq, hansı həmləni dəf edəcəklər... Bu uzlaşmanı aparmaq üçün hərbi təlimlərin keçirilməsi çox vacibdir.

- Son həftələr Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri gah Şuşa, gah Kəlbəcər, gah da Xocavənd istiqamətində tez-tez atəşkəsi pozurlar. Bu cür təxribatlar silsilə xarakter daşısa, Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlaya bilərmi?

- Əgər Qarabağın dağlıq hissəsində yerləşən qanunsuz silahlı birləşmələr – Ermənistanın da orada bölmələri hələ ki, qalır – orada xırda bir atışmaya cəhd etsələr, Azərbaycan Ordusu həmin an oraya keçə və həmin nöqtələri susdura bilər. Çünki rusiyalı sülhməramlılara da həm bizim komandanlıq, həm də Ali Baş Komandan tərəfindən xəbərdarlıq olunub ki, siz orada oturmusunuz, sizin ətrafınızda - Azərbaycanın ortasında, Qarabağda atışmalar olur, buna yol vermək olmaz. Təxribatlar da elə ermənilərin əllərini qaldırıb diz çökdükləri yerdə olur. Buna yol verilməməlidir. Azərbaycan öz ərazisində, Qarabağın ətrafında hər an anti-terror əməliyyatı keçirib onların yerinə yetirmədiyi, uzatdığı məsələləri özü həll edəcək. Necə ki, BMT-nin qətnamələri 30 il ərzində yerinə yetirilmədi, Azərbaycan məcbur olub bu qətnamələrin icrasını təkbaşına yerinə yetirdi. Bu məsələni də Azərbaycan yerinə yetirmək hüququna, gücünə və iradəsinə malikdir.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm