Bakı azad olunanda Nuru Paşa hansı qoçuları mükafatlandırmışdı? - 103 il sonra...
Bizi izləyin

Xüsusi

Bakı azad olunanda Nuru Paşa hansı qoçuları mükafatlandırmışdı? - 103 il sonra...

Publika.az tarix elmləri doktoru, professor Solmaz Tohidi ilə müsahibənin ikinci hissəsini təqdim edir:

Müsahibənin birinci hissəsini buradan oxuya bilərsiniz.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

- Solmaz xanım, deyəsən, ingilis general İrandan Bakıya gələndə ermənilər onu çox təəccübləndirmişdilər.

- Bəli, avqustun 4-də İrandakı ingilis silahlı qüvvələrinin komandanı general Denstervilin başçılığı ilə Bakıya daxil olan ingilis qoşunları burada qarşılaşdıqları vəziyyətdən heyrətə gəlmişdilər. Demək olar ki, əsasən ermənilərdən ibarət olan qoşunlar tamamilə qeyri-mütəşəkkil idi. Əmrlərə tabe olmurdu. Heç bir zabitin öz əmrlərində təkid etməyə cürəti çatmırdı. İngilis zabitləri “cəbhənin böyük ərazilərini boş buraxaraq həmin zaman hansı mitinqdəsə siyasi nitqlər dinləyən və ya rəfiqələri ilə şəhərdə çay içən Bakı müdafiəçilərinin qəribə hərbi etikasına mat qalmışdılar. Lakin “Bakının şanlı müdafiəçiləri” öz döyüş postlarını yalnız mitinqlərə və ya rəfiqələrinə görə boş buraxıb getmirdilər. Onlar bütöv dəstələrlə cəbhə xəttinin yaxınlaşdığı Bakı kəndlərinə - Ramana, Balaxanı, Əhmədli, Biləcəri, Binəqədi və digər yerlər - basqınlar törətmək, müsəlman əhalisini qətlə yetirmək, qarət etməklə məşğul olurdular. Erməni əsgərlərinin Bakı kəndlərinin sakinləri – silahsız və müdafiəsiz azərbaycanlılar qarşısında “qəhrəmanlıqlarına” dair saysız-hesabsız faktlar general Denstervilin bu şəhadəti ilə “tamamlanır”. İngilis general yazırdı ki, yerli qoşunlar – əksər hallarda ermənilər səngərlərin qazılması ilə çox az məşğul olurdular və onlar buna məcbur edildikdə belə cavab verirdilər ki, biz nə üçün səngər qazmalıyıq? Biz ümumiyyətlə səngər qazmaq istəmirik, bu, qorxaqların işidir, biz isə döyüşmək istəyirik. Onlar zəncirvari qaydada qayaların arxasında düzülür və oradan havaya atəş açırdılar. Onlar bu manevri adətən türklər hücuma keçmək barəsində heç düşünmədikləri və ən yaxın türk əsgərinin bizdən üç min yard məsafədə olduğu vaxtlarda edirdilər. Bir dəfə türklər öz mövqelərindən çıxdılar və günün günorta çağı açıq dərə ilə hərəkət etməyə başladılar. Erməni batalyonuna komandanlıq edən zabitlərimdən biri öz adamlarına səngərlərdən çıxmağı və əks-hücuma keçməyi əmr etdi. Qoşunlar hərəkət etməkdən imtina etdilər və onların nümayəndəsi qışqırdı: “Necə yəni oraya gedin? Axı orada türklər var!” Bununla belə, ingilis qüvvələrinin Bakıya girməsi və şəhərin müdafiəsinə qoşulması ilə cəbhədə vəziyyət ciddi surətdə dəyişdi.

- İngilislər nəsə edə bildilər ki?

- İngilis komandanlığı yeni hökumətin Bakıdan çıxmağa imkan vermədiyi bolşevik Petrovun hərbi qüvvələrinin əhəmiyyətli dəstəyi ilə avqustun 5-də hücuma keçən türk ordusunun qarşısını ala bildi. Lakin ertəsi gün şəhərin “müdafiəçiləri” türk qoşunları üzərinə hücum etsələr də, üstünlük qazanmaq cəhdləri baş tutmadığından, yenidən müdafiə mövqeyinə keçdilər. Bundan sonra Bakı şəhəri rus-erməni-ingilis hərbi qüvvələrinin nəzarəti və Qafqaz İslam Ordusunun mühasirəsində daha 40 gün yaşadı.

- Bakı uğrunda döyüşlər o zaman siyasi müstəvilərdə, dəyirmi masalarda da müzakirə olunurdumu?

- Bəli, əlbəttə! Bakının azad edilməsi məsələsi yalnız hərb meydanlarında deyil, həm də daha geniş dairələrdə - regionda maraqları olan qüdrətli dövlətlərin siyasəti ilə həll olunurdu. Azərbaycan torpaqlarını işğaldan azad edəcək türk qoşunlarının rəsmi Osmanlı ordu birləşmələri olmadığını göstərmək üçün Qafqaz İslam Ordusu adlandırıldığı qeyd edilmişdi. Lakin bu ordunun ilk dəstələrinin may ayının sonlarında Gəncədə apardığı əməliyyatların doğurduğu əks-səda ən əvvəl Bakıdakı bolşevik hakimiyyətində ciddi narahatlıq yaratdı və Moskva dərhal vəziyyətdən xəbərdar edildi. Hadisələrin gedişini və türk ordusunun hərəkətini diqqətlə izləyən Sovet Rusiyası xarici işlər naziri Çiçerin Osmanlı hökumətinin Moskvadakı səfiri Qalib Kamala nota təqdim edərək Sovetlərin Brest-Litovsk müqaviləsi ilə Qars, Ərdahan və Batumu Osmanlı dövlətinə verdiyini, lakin bundan sonra türklərə heç bir ərazilərin güzəştə gedilməyəcəyini bildirdi. Notada türk hərbi qüvvələrinin Gümrünü ələ keçirməsi, bununla kifayətlənməyərək Azərbaycanın daxilində Bakıya doğru irəliləməsi Sovetlər üçün onsuz da ağır olan Brest-Litovsk müqaviləsinin kobud şəkildə pozulması kimi qiymətləndirilir və hərbi hərəkatın təcili sürətdə dayandırılması tələb edilirdi.

- Çiçerinin Osmanlı dövlətinə qarşı başqa addımları da oldumu?

- Çiçerin həmçinin Bakı neftində gözü olan Almaniyanı müttəfiqi Osmanlı dövlətinə qarşı qaldırmaq üçün də bir sıra addımlar atdı. Almaniyanın İstanbuldakı səfiri Bernsdorff, Tələt paşa, Ənvər paşa, xarici işlər naziri Nəsimi bəy ilə aparılan görüş və yazışmalarda bu məsələ tam kəskinliyi ilə qoyuldu. Türkiyə rəsmiləri Qafqazdakı hərbi əməliyyatları Nuru Paşanın heç kimdən əmr almadan girişdiyi şəxsi təşəbbüsü və Azərbaycandakı türk könüllüləri ilə birgə başladığı fəaliyyəti kimi qələmə verərək, Osmanlı dövləti ilə heç bir əlaqəsi olmadığını bildirir və müttəfiqi Almaniyanı da bu qənaətdə inandırmağa çalışırdı. Təsadüfi deyil ki, Qafqaz İslam Ordusu Komandanlığına göndərdiyi açıq əmrdə Ənvər paşa Gəncədəki hərbi hərəkatın dərhal dayandırılmasını tələb edir, Şərq Orduları Qrupu komandanı Xəlil paşa və Qafqaz İslam Ordusu komandanı Nuru Paşaya göndərdiyi gizli və şəxsi əmrlərdə isə Bakının düşmən tapdağından ən qısa müddətdə qurtarılması üçün çox sürətli hərəkət edilməsini tapşırırdı.

- Bəs ingilislər Bakı itiriləcəyi halda alternativ addım kimi nələri düşünürdü? O dövrün nəşrləri bu barədə nə yazır?

- Azərbaycandakı hadisələri diqqətlə izləyən İngiltərə də neft Bakısının bolşeviklər ilə Osmanlı dövləti və Almaniyanın maraqlarının toqquşduğu meydana çevrildiyini və onların birinin əlinə keçəcəyi təqdirdə, ingilislərin əleyhinə olan nəticələrə gətirib çıxaracağını düşünürdü. Bakı türklərin və bilavasitə almanların əlinə keçəcəyi halda neftin borularla Batum limanına çatdırılmasının mümkün olacağı, bundan da Almaniya iqtisadiyyatının müharibə şəraitində böyük bir qazanc əldə edəcəyi şübhəsiz idi. Bundan başqa, ingilislərin ehtimalına görə, Osmanlı dövləti pantürkist əməlləri üçün mühüm mövqe əldə edəcək, Bakıdan İran və Türküstana, ordan da Əfqanıstana keçərək Hindistandakı ingilis müstəmləkə idarəçiliyi üçün böyük bir təhlükə yaradacaqdı. Beləliklə, ilk növbədə, Bakının türklərin əlinə keçməsinin qarşısını almaq lazım idi. Bu məqsədlə İngiltərə özünün İraqdakı hərbi qüvvələrindən bir hissəsini Fars körfəzindən Xəzər dənizi sahillərinə gətirdi. Daha sonra, bolşeviklərin hakimiyyətini qəbul etmədikləri halda, türk qoşunlarının qarşısının alınması zərurəti qarşısında rus polkovniki Biçeraxovun kazak dəstələrini Bakıdakı bolşevik hərbi qüvvələrinə dəstək olmaq üçün göndərdi. Bakı komissarları hakimiyyətdən getdikdən sonra isə general Denstervilin komandanlığı altında ingilis qoşunları 1918-ci il 5 və 17 avqust tarixlərində özləri Bakıda peyda oldular.

- Qafqaz İslam Ordusunun Bakıya yaxınlaşdığını görən bolşeviklər hansı addımları atdılar? Moskvadan yardım istənildimi?

- İslam Qafqaz Ordusu işğal altında olan Azərbaycan bölgələrini azad edə-edə Bakıya yaxınlaşdıqca bolşevik komissarlarından Moskvaya geniş hərbi yardım göndərmək barədə tələblərin sayı günü-gündən artırdı. Özü vətəndaş müharibəsi, xaos və qıtlıq burulğanında boğulan, digər tərəfdən həmin günlər Saritsında qalxan anti-bolşevik üsyanı səbəbindən Bakı komissarlarına ciddi hərbi kömək göstərmək imkanından məhrum olan Sovet Rusiyası Osmanlı hökumətinə təzyiq üçün başqa vasitəyə əl atdı. Bakını istənilən halda öz əlində saxlamağa çalışan Rusiya avqust ayının əvvəllərində Almaniya ilə danışıqlara başladı və 27 avqust tarixində bu iki dövlət arasında “Brest-Litovsk Müqaviləsinə əlavə” adlı bir saziş imzalandı. Bu sazişə əsasən, Almaniya Kür çayına qədər olan Azərbaycan torpaqlarının Sovetlərin tərkibində qalmasına yardım etməli, bunun müqabilində isə Bakı neftinin yarısına sahib olmalı idi. Bu müqavilə Bakı ətrafında yaşanan gərginliyi daha da dərinləşdirdi və ən əvvəl Azərbaycan hökumətinin, xüsusilə Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə dövlətlərarası konfransda iştirak etmək üçün iyun ayının 24-dən İstanbulda olan nümayəndə heyətinin ciddi narahatlığına səbəb oldu.

- İstanbuldan Bakı və Azərbaycanın səsi eşidilirdi? Rəsulzadəyə görə mənzərə necə idi?

- İstanbula gəldiyi gündən geniş diplomatik fəaliyyətə başlayan Rəsulzadə Osmanlı dövlətinin başçıları, bir çox ölkələrin səfirləri ilə görüşərək Azərbaycan üçün taleyüklü məsələlərin, xüsusilə Bakının azad edilməsi ilə bağlı problemlərin həlli ilə məşğul olurdu. Türkiyə rəsmiləri ilə görüşləri zamanı Rəsulzadə Azərbaycana yeni ordu hissələrinin və hərbi-sursatın göndərilməsi zərurətini əsaslandırmağa və razılıq almağa müvəffəq olmuşdu. Məhəmməd Əmin bəyin Bakıya ünvanlandırdığı məktublardakı bu sətirlər - “Mən bir daha Tələt Paşa və Ənvər Paşa ilə görüşdüm. Sual çox qaranlıq idi, indi hər şey keçdi, onlar mənə ümid verdilər” – bu razılıqların o qədər də asan başa gəlmədiyini göstərirdi. Beynəlxalq aləmdəki durumu və siyasi ab-havanı İstanbuldan daha yaxşı izləyən Rəsulzadə baş nazir Xoyskiyə göndərdiyi məktubda yazırdı ki, siyasi mənzərə tamamilə dəyişib. Vilsonun prinsipləri əsasında sülh təklif edilib. Konfrans İstanbulda baş tutmayacaq. Ermənilər Qarabağı tələb edirlər. Avropada mütləq gecikmədən təbliğat lazımdır. Bunu Rəsulzadə yazırdı. Təbii ki, belə bir şəraitdə Bakı məsələsi ən ciddi, azərbaycanlılar üçün isə təhlükəli şəkil alırdı. Bakının Azərbaycandan ayrılması istiqamətində ən müxtəlif fərziyələr və planlar irəli sürülürdü. Xüsusilə Tiflis ictimaiyyəti arasında erməni qəzetləri və sosialist vərəqələrində geniş təbliğ edilən “Bakı “sərbəst şəhər” (volnıy qorod) olsun” şüarı israrlı surətdə Avropa siyasi cəmiyyəti arasında yayılırdı. Bu təxribat dolu xəbəri İstanbuldakı Tiflis nümayəndəliyindən alan Rəsulzadə alman səfiri Berneffoltla görüşərək Almaniyanın Bakı ilə bağlı mövqeyinə aydınlıq gətirdikdən sonra Bakıya göndərdiyi məktubda “Bakı məsələsinin əhəmiyyət kəsb etdiyini və almanların bolşevikləri tam narazı salmaq istəmədiklərini” vurğulayaraq yazırdı: “Nəyin bahasına olursa-olsun Bakı tezliklə tutulmalıdır. Biz hamını baş vermiş fakt qarşısında qoymalıyıq. Bakıya doğru hərəkət mütləq Azərbaycan naminə olmalıdır, onu Azərbaycan hökuməti tutmalıdır”. Almaniya ilə Sovet Rusiyası arasında bağlanmış yeni sazişin Bakıya aid maddələri Rəsulzadənin ehtimallarını təsdiqlədi. Bu sazişə etiraz olaraq Rəsulzadə Azərbaycan hökuməti adından Almaniyanın İstanbuldakı səlahiyyətli nümayəndəsi qraf Valdburqa nota təqdim etdi. Notada Azərbaycan xalqının rus inqilabından sonra irəli sürülən “hər millətin öz müqəddəratını özünün təyin etməsi hüququndan” yararlanaraq və Dördlər İttifaqı dövlətlərinin dostluq duyğularına istinad edərək əsrlərdən bəri altında əyildiyi rus boyunduruğunu üstündən atıb istiqlalını elan etdiyi” bildirilir, bu halda adı çəkilən müqaviləyə əsasən Bakı şəhərinin rus hakimiyyəti altında qalmasına Almaniyanın yardım etməsindən Azərbaycan hökumətinin son dərəcə təəccübü və təəssüfü ifadə edilirdi. Notada Bakının Azərbaycan ərazisində, Azərbaycan xalqının tarixində tutduğu yer, mədəni, iqtisadi, siyasi, milli bağlılığa dair konkret faktlar gətirilərək onun Azərbaycanın ayrılmaz bir parçası olduğu əsaslandırılır və bəyan edilirdi ki, bütün bu səbəblərdən, məmləkətin istiqlalını təmin etməkdən heç vaxt əl çəkməyən Azərbaycan xalqı Bakını azad etmək arzusundan heç bir şəkildə geri çəkilməyəcək. Bu məsələ Azərbaycan üçün sadəcə bir ərazi mövzusu deyil, ölüm-dirim məsələsi şəklini alıb. Elə bu cür də qeyd olunurdu…

- Solmaz xanım, bəs Türkiyədən Qafqaz İslam Ordusuna göndərilən əlavə kömək Bakıya yetişdi? Bakıya hücum əmri nə zaman verildi?

- Qafqaz İslan Ordusunun komandanlığı Türkiyədən gözlədiyi əlavə hərbi qüvvələr sentyabrın 9-da Bakıya yetişən kimi hücuma hazırlaşmaq qərarını verdi. Nuru Paşa Bakı yürüşündə daha yaxından iştirak etmək üçün sentyabrın 8-də Gəncədən Bakıya yollandı və 10-da Puta stansiyasındakı mövqelərə çatdı. Şərq Orduları Qrupunun komandanı Xəlil Paşa da Bakı hücumunda şəxsən iştirak etmək üçün Bakıya gəldi. Bakı neftinə sahib olmaqdan hələ də ümidlərini üzməyən və “müvəffəqiyyətləri öz adlarına çıxmaq istəyən” almanlar şəhərin azad edilməsində iştirak etmək üçün Tiflisdə olan bir alman batalyonunun Qafqaz İslam Ordusuna qoşulmasına nə qədər cəhd etsələr də, Nuru Paşa buna icazə vermədi. Ənvər Paşa da bu məsələdə qətiyyətli mövqe tutaraq alman hərbi qüvvələrinin Azərbaycana girməyinə imkan verilməməsi, “əgər zorla qüvvə göndərməyə təşəbbüs göstərərlərsə, bu halda dəmir yolu körpüsünün dağıdılması və hər halda keçmələrinə mane olunması” haqda Xəlil Paşaya əmrlər göndərdi. Almanların icazə gözləmədən Bakıya göndərdikləri batalyonun yolu Gürcüstan sərhədindəki dəmir yolunun dağıdılması, teleqraf xətlərinin isə kəsilməsi ilə bağlandı. Beləliklə, Bakını türk və Azərbaycan qoşunları azad etməli idi və sentyabrın 14-də gecə saat 2-də başlanması nəzərdə tutulan hücum qarşısında təxminən 8 minə qədər türk əsgər və zabiti, 7 min azərbaycanlı nizami-milis qüvvələri Bakı cəbhəsində hazır vəziyyətə gətirildi.

- Şanlı ordu Bakıya hansı istiqamətlərdən daxil oldu?

- Təyin olunan vaxt, hələ gecənin qaranlığında qərargahdan “irəli” əmri gələn kimi Bakını üzük qaşı kimi mühasirəyə almış qoşunlar Heybət-Bakı dəmir yolu və Şubanı-Bakı yolu istiqamətlərindən hərəkət etdilər. Artıq gecə saat 3-də düşmənin birinci müdafiə xətti yarıldı. “Hava təzə işıqlanmağa başlamışdı ki, piyadanın özünəməxsus qışqırıqları - Allah, Allah qışqıraraq qumbara və süngü hücumuna başlanıldı. Qurd qapısı təpələri tərəfindən hücuma keçməyə hazırlaşan düşmən birləşmələri güclü top atəşinə tutularaq qarşısı alındı. Komandirləri başda olmaqla bu cəbhə xəttindən qaçan düşmənə Bayıl ətrafında daha bir ağır zərbə vuruldu. Sallaqxana və Salyan kazarmalarındakı topçu batareyaları da türk toplarının atəşləri ilə susduruldu. Qərb Cəbhəsində nizamı pozulmuş rus, erməni və ingilislərdən ibarət birləşmiş qüvvələr sahilə yığılıb limandakı gəmilərə minməyə çalışsalar da, sahilə tuşlanan top atəşləri altında buna müvəffəq olmadılar. Azərbaycanlılardan ibarət olan hərbi hissələr Sabunçu, Hövsan və Əhmədli istiqamətlərində hərəkət edərək bu mövqeləri ələ keçirdilər. Hücumun ilk saatlarında türk qoşunlarının düşmənin müdafiə xətlərini surətlə ələ keçirməsi general Denstervili heyrətə gətirmişdi. Hələ sentyabrın 12-də türk ordusundan qaçaraq ingilislərə sığınan ərəb əsilli bir əsgərdən Bakıya ediləcək əsl hücumun ayın 14-də Qərb cəbhəsindən başlayacağını bilsə də, cəbhədəki bütün üstünlüklərin öz tərəflərində olduğunu düşünən, lakin buna baxmayaraq hücumun ilk anlarında darmadağın olan hərbi qüvvələrin artıq nə isə edə biləcəyinə ümidi qalmayan ingilis generalı belə vəziyyətdə geri çəkilmək və düşmənin hərəkət sürətini azaldaraq, hərbi birləşmələri yenidən nizamlamaq qərarını verdi. Nəticədə 14 saat fasiləsiz davam edən, dəyişkən uğurlar və böyük itkilərlə müşayiət olunan ağır, üzüntülü və qanlı döyüşlər demək olar ki, şəhərin 1 kilometrliyinə çatmış türk qoşunlarının tam üstünlüyü ilə gündüz saat 4-də hər iki tərəfdən dayandırıldı. Türk ordusu tərəfindən bu qərar yalnız döyüşçülərin yorğunluğu ilə deyil, həm də bəzi mövqelərdə Bakının kənar məhəllələrinə çıxmış hərbi hissələrə küçə döyüşlərində tələfat verməmək məqsədilə şərtlənirdi. Yaranmış vəziyyətdə Qafqaz Ordusu qarşısında müqavimət göstərməyin artıq faydasız olduğu qənaətinə gələn general Denstervil həmin axşam öz qoşunlarını cəbhədən çıxardı və hərbi sursatları ilə birlikdə gəmilərə yüklənərək gecənin qaranlığında Ənzəli istiqamətində Bakını tərk etdi. Türklərin hələ şəhərə girmədiyi halda ingilis qoşunlarının qaçmasını xəyanət kimi qiymətləndirən Sentrokaspi hökumətinin bu gəmiləri topa tutaraq geri qaytarmaq cəhdləri boşa çıxdı. İngilislərin geri çəkilməsindən xəbər tutan Biçeraxova tabe qüvvələr də öz gəmilərinə yığılaraq Mahaçqalaya yola düşdülər. İngilislər çıxıb getdikdən sonra “xristian” Bakısı heç yarım gün də davam gətirə bilmədi.

- Bəs erməni və rus birləşmələrinin müqaviməti nə zaman qırıldı?

- Bakının ətrafında saat 15:00-a qədər davam edən döyüşlərdə erməni və rus birləşmələrinin müqaviməti tamam qırıldı. Birləşmiş düşmən qüvvələrinin qərb cəbhəsinin erməni komandiri İranın Bakıdakı konsulu Said-ol Vazere ilə birlikdə İran və ağ bayraqlarla türk batalyonu qərargahına gələrək şəhərin təslim olacağını bildirdi. Lakin sentyabrın 15-də artıq səhər saat 9-da Azərbaycan ordusu arasıkəsilməz atəş səsləri altında Bakıya daxil oldu. Türk qoşunları şəhərə girməyərək onun yaxınlığında dayandılar. Bakının azad edilməsi bütün Azərbaycan xalqında görünməmiş bir ruh yüksəkliyi yaratmışdı. Xüsusilə mart hadisələrindən sonra daima qorxu, təlaş içində, ölüm və talan təhlükəsi altında yaşayan, qətl və qarətlərə məruz qalan, son aylar şəhərdən, axşamlar isə hətta evdən çıxmağa icazəsi olmayan Bakının müsəlman əhalisi neçə aydan bəri gözlədikləri bu qurtuluş günündə küçələrə, evlərin damlarına, balkonlara axışdı. Məscidlərin minarələrindən gələn azan səsi ətrafa yayılırdı. Müsavatçıların dəstəsi Əhməd Cavadın qalibiyyət ruhlu “Bismillah” şeirini ucadan oxuyaraq Bakı küçələrindən keçdilər.

“Ey Bakı, sən qorxma, gəldin, gələli

Səninçin atıldıq daim irəli!

Sağ qalanlar annələrə təsəlli,

Şəhidlərin ruhu gülər, Bismillah!”

“Müsavat” partiyasının üzvlərinin qalibiyyət yürüşü etməkdə tam haqları var idi. Belə ki, liderləri Rəsulzadədən başlayaraq partiyanın ən sıravi üzvləri bu günü reallaşdırmaq üçün mümkün olan hər işi görmüşdülər. Müsavatçılar türk ordusu qərargahlarını xəritələr, planlar, ən müxtəlif xarakterli məlumatlarla təmin etmək, gizli tapşırıqları yerinə yetirməklə yanaşı, silahlı milis dəstələri şəklində Bakı uğrunda döyüşlərdə iştirak etmişdilər. Bakının “80 minlik müsəlman əhalisinin türk qoşunları ilə sıx rabitə saxladığı” general Denstervil tərəfindən də təsdiq edilirdi. İngilis qoşunlarının qərargahı, Denstervil özü də daxil olmaqla yüksək rütbəli zabitlərin yaşadığı və keçdikləri yerlər türklər tərəfindən elə bir riyazi dəqiqliklə atəşə tutulurdu ki, müşahidəçinin ingilislərin cəmi yüz addımlığında olmasına şübhə qalmırdı. Bütün səylərinə baxmayaraq, ingilislər türk artilleriyası ilə Bakının hansı nöqtəsindən telefon əlaqəsi aparıldığını müəyyən edə bilməmişdi. Bakının alınması ərəfəsində erməni əsgərləri 18 yaşlı gənci göyərçin uçurmaqla türklərə işarə verməkdə ittiham edərək valideynlərinin gözü qarşısında güllələmişdi. Mart hadisələri başlanandan öz aralarında barışıq elan etmiş Bakı qoçularının silahlı dəstələri də Bakının müsəlman müdafiəçiləri arasında vuruşmuşdular. Türk qoşunları ilə təmasda olmuşdular. Hətta onlardan bir neçəsi göstərdikləri şücaətə görə şəxsən Nuru Paşa tərəfindən mükafatlandırılmışdı. İndi bu əhalinin hansı hisslərlə küçələrə çıxdığını təsəvvür etmək çətin deyil.

- Qələbədən ruhlanan Bakı əhalisi ermənilərdən intiqamını aldımı?

- Bilirsiniz, mart faciələrini törədən, sonrakı aylarda isə müsəlman əhalisini daim təzyiq altında saxlayan və bu siyasəti dəstəkləyən Bakının qeyri-müsəlman, xüsusilə erməni əhalisi arasında hansı əhval-ruhiyyənin hökm sürdüyü məlum idi. Hələ İslam Ordusu Bakı ətrafı təpələrdən şəhəri top atəşinə tutduğu günlər Bakının “müdafiəsinə” inanmayan erməni-rus əhalisi limanlara, vağzallara axışaraq şəhəri tərk etməyə başlamışdı. İngilislər gedəndən sonra isə sentyabrın 15-də səhər tezdən şəhərdə əsl xaos başladı. Ən əvvəl general Baqratuninin komandanlığı altında erməni qoşunları, əsasən zabitlər döyüşlərin sonunu gözləmədən gəmilərlə Ənzəliyə qaçdılar. Bununla yanaşı, şəhər özü, xüsusilə də onun ətraf kəndləri komandirləri tərəfindən atılmış, qaçmağa macal tapmamış minlərlə erməni əsgərləri ilə dolu idi və onlar can verən yaralı vəhşi heyvan kimi yoluna çıxan hər kəsi öldürür, hər şeyi talan edirdilər. Yaranmış şəraitdə, Bakının azad edildiyi ilk günlərdə şəhərdə hökm sürən tam sərbəstlik şəraitində qanlı mart faciələrini yaşamış, sonrakı aylarda daima əzilmiş və təhqir edilmiş yerli müsəlman əhalisinin bir hissəsi şəhərdə olan azsaylı türk əsgərləri ilə birlikdə öz intiqam və qisas yanğısını söndürmək üçün şəhərin erməni məhəllələrinə hücum etdilər. Lakin üç gündən sonra Bakıya daxil olan Azərbaycan hökuməti qırğınlara son qoydu. Paytaxta gəldiyinin ertəsi günü baş nazir Xoyski tərəfindən imzalanmış və əhaliyə elan edilmiş bəyanatda Azərbaycanda yaşayan bütün vətəndaşların, millətindən və dini etiqadından asılı olmayaraq, eyni hüquqlara malik olduğu, hökumətin bütün vətəndaşların həyatını, əmlakını və hüquqlarını eyni səviyyədə qoruyacağı bildirilir, qarətçi, qatil və ümumiyyətlə nizam-intizamı, ictimai qaydaları pozan şəxslərin, ölüm hökmü də daxil olmaqla, hərbi dövrün bütün sərt qanunları üzrə cəzalandırılacaqları bəyan edilirdi. Beləliklə, faciəli mart hadisələrindən beş ay sonra, çox ağır və mürəkkəb siyasi şəraitdə, inanılmaz səy və böyük iradə sayəsində, öz siyasi, təşkilati, diplomatik istedadlarının bütün gücünü tətbiq edərək, Azərbaycan milli elitasının görkəmli nümayəndələri, “Müsavat” partiyasının rəhbərləri, Azərbaycanın silahlı qüvvələri ilə birlikdə və türk qoşunlarının – türk hərbi komandanlarının rəhbərlik etdikləri Qafqaz İslam Ordusunun qətiyyətli dəstəyi ilə 15 sentyabr 1918-ci il tarixdə Bakını rus-erməni-ingilis qüvvələrindən azad etdilər.

- Deyəsən həmin gün Qurban bayramı idi?

- Bəli, Bakının işğaldan qurtardığı gün Qurban bayramına təsadüf etmişdi və xalq hər iki bayram şərəfinə qurbanlar kəsirdi. Azərbaycan mətbuatı Bakının qurtuluşunu tərənnüm edən yazılar, şeirlər, türk komandanlığına ünvanlanmış təşəkkür məktubları, Azərbaycan hökumətinin ünvanına gələn təbrik teleqramları dərc edirdi. Sentyabrın 27-də türk komandanlığı bu böyük qələbə münasibətilə təntənəli şam məclisi verdi və Qafqaz İslam Ordusunun yüksək rütbəli zabit heyətini mərasimdə iştirak edən Azərbaycanın dövlət xadimlərinə, nüfuzlu şəxsiyyətlərinə təqdim etdi. Təbrik və təşəkkür nitqləri bir-birini əvəz edən məclisdən sonra onun iştirakçıları minarələri top və pulemyot mərmiləri ilə dağıdılmış Təzəpir məscidinə gedərək cümə namazı qıldılar. Şəhər sakinlərinin da axınla qoşulduğu namazda Bakı döyüşlərində həlak olan şəhidlərin ruhuna mövlud oxundu. Bakının azad olunması uğrunda Gəncə vuruşlarından başlayaraq Qafqaz İslam Ordusunun 1142 nəfər zabit və əsgəri şəhid olmuşdu. Azərbaycan milisinin verdiyi qurbanlar bu rəqəmə daxil deyildi. Bakının azad edilməsi həm şəhərin, həm də ümumilikdə Azərbaycan dövlətçiliyinin tarixində son dərəcə mühüm hadisə idi. O cümlədən müstəqil Azərbaycan dövlətçiliyinin qurulması uğrunda milli qüvvələrin mübarizəsində bütöv bir dövrün qalibiyyətlə başa çatdığının və yeni dövrün başlanğıcının tərənnümü oldu. Bu, həqiqətən böyük tarixi hadisənin Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən geniş və çox təntənəli qeyd edilən birinci ildönümündə “Azərbaycan” qəzetinin yazdığı kimi: “Əgər 28 may tarixini biz müstəqilliyimizin rəsmi elan edilməsi günü hesab ediriksə, 15 sentyabr gününü - Azərbaycan qoşunlarının və hökumətinin Bakıya daxil olduğu günü müstəqilliyin faktiki qazanılması və dövlətçiliyin əsaslarının yaradılması günü sayırıq”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm