“Əsrin müqaviləsi” hansı şəraitdə imzalandı? – Dövrün maliyyə naziri DANIŞDI
Bizi izləyin

Xüsusi

“Əsrin müqaviləsi” hansı şəraitdə imzalandı? – Dövrün maliyyə naziri DANIŞDI

Bu gün Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir salnamənin, “Əsrin müqaviləsi”nin imzalanmasından 27 il ötür. 1994-cü il sentyabrın 20-də Bakıda “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi” haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilə ölkəmizin təkcə iqtisadi həyatına müsbət təsirini göstərmədi, həm də siyasi müstəvidə gücümüzün artmasının başlanğıcını qoydu.

Dönəmin maliyyə naziri Fikrət Yusifov Publika.az-a müsahibəsində “Əsrin müqaviləsi”nin hansı şəraitdə imzalanmasından, ondan sonrakı mərhələdə görülən işlərdən və bu sazişin əhəmiyyətindən danışıb.

Keçmiş maliyyə naziri ilə müsahibəni təqdim edirik:

- Fikrət müəllim, 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi” imzalananda siz maliyyə naziri idiniz. Bir çox uğurlarımızın özülü, bünövrəsi olan bu müqavilə hansı siyasi-ictimai və iqtisadi şəraitdə imzalanmışdı?

- O dönəm çox çətin bir dövr idi. Doğrudur, Azərbaycan hələ bir neçə il əvvəl, “Əsrin müqaviləsi” imzalanana qədər öz müstəqilliyini qazanmışdı. Ancaq dönəmin özü çox çətin və keşməkeşli dövr kimi xarakterizə olunmalıdır. Azərbaycanda ictimai-siyasi vəziyyət çox ağır və gərgin idi. Ölkədə tez-tez dövlət çevrilişinə cəhdlər baş verirdi. Ölkə fövqəladə fəaliyyət rejimində idi. Təbii ki, belə bir vəziyyətdə dünyanın ən aparıcı neft şirkətlərinin milyardlarla dollar kapital yatırmaqla bu cür müqavilənin imzalanmasına razılıq verməsi doğrudan da böyük hadisədir. Bu, həmin dövrdə ölkəyə başçılıq etmiş Ulu öndərin siyasi iradəsinin qələbəsi idi. “Əsrin müqaviləsi”nin imzalanmasını bir növ ölkədəki duruma yox, onun şəxsinə dünyaca məşhur neft şirkətlərinin güvəni hesab etmək olar. Həmin neft şirkətləri məhz Ulu öndərin iradəsinə inanırdılar və güvənirdilər. Məhz onun siyasi iradəsini, fenomenliyini görüb, ona inanıb bu qədər kapitalın Azərbaycana yatırılmasına “hə” dedilər. Yəni adətən bir ölkədə hansısa məqsədə və layihəyə vəsait yatırarkən investorlar yüz dəfə ölçüb bir dəfə biçirlər. Əgər sərmayə yatırmaq istədikləri ölkəyə qarşı müəyyən qədər inamsızlıq varsa, hansısa səbəblərdən – ictimai-siyasi durumun normal olmaması, ölkənin münaqişə vəziyyətində olması onları fikirlərindən daşındıra bilir. Adətən sabitliyin olmadığı bir yerə kapital yatırılmır.

Həmin dövrdə Ermənistanla münaqişə vəziyyətində idik. Qarabağda müharibə gedirdi. Ölkə daxilində çəkişmələr var idi. Hərbi çevriliş cəhdləri olurdu. Məhz belə bir zamanda Azərbaycana bu qədər böyük bir kapitalın yatırılması Ulu öndərin siyasi iradəsinin qələbəsi idi. Bu, Azərbaycanın həyatını dəyişdirəcək bir layihə idi və dəyişdirdi də...

- Müqavilənin imzalanmasından cəmi 11 ay əvvəl hakimiyyətə gəlmişdi. Bu qədər qısa müddətdə Ulu öndər neft şirkətlərinin rəhbərlərini investisiya yatırmağa necə inandırdı? Danışıqlarda siz də iştirak edirdinizmi?

- Həmin dövrdə baş tutan danışıqlarda mən bilavasitə iştirak etməmişəm. Həmin proseslərin iştirakçısı olmamışam. Gərək prosesin içində olasan ki, kimlərin “hə”, kimlərin “yox” dediyini görəsən. Mən onları görməmişəm. Ona görə də bu hissəni şərh edə bilmirəm. Ola bilsin ki, danışıqlar zamanı kimsə narazılıq edib, kiminsə fikirləri ümumi fikirlərlə haçalanıb. Bu da təbiidir. Ola bilməz ki, bir layihə reallaşdırılarkən hamının fikri birbəbir üst-üstə düşsün. Bu da normal bir haldır. Amma bütövlükdə həqiqət ondan ibarətdir ki, bu layihə gerçəkləşdirildi. Azərbaycanda neft yataqlarının istismarı ilə bağlı söhbətlər hələ sovetlər birliyi dağılandan sonra başlamışdı. Xarici kapital Azərbaycana gəlmək niyyətində idi. Xarici investorlar neft yataqlarını istismar etmək, neft çıxarmaq üçün istəklərini ifadə edirdilər. Hətta cəbhə dövründə də bu danışıqlar gedirdi. Sadəcə olaraq Heydər Əliyev hakimiyyətə gələndən sonra bu danışıqlar sürətlə aparıldı və qısa müddət sonra yekunlaşdırıldı. Ardınca da “Əsrin müqaviləsi” imzalandı.

- Bu saziş imzalananda neftin qiyməti 11-14 dollar arasında dəyişirdi. Belə bir şəraitdə “Əsrin müqaviləsi”nin bizə böyük kapital gətirəcəyinə ümid var idimi?

- Neftin qiymətlərinin o səviyyəsində iri neft şirkətləri – “BP”, “AMACO”, Amerikanın nəhəng neft şirkətləri bu sektora kapital yatırırdılarsa, deməli, onlar hər kəsdən gözəl bilirdilər ki, perspektivdə nə olacaq. Bunu bilməsələr, proqnozlaşdırmasalar, onlar 1 dollar da yatırım etməzdilər. Dünya dağılsa da, bu baş verməzdi. Onlar yaxşı bilirdilər ki, neftin qiymətlərinin həmin dönəmdəki səviyyəsi müvəqqəti haldır. Onlar yaxşı başa düşürdülər ki, neftin qiymətləri qalxacaq. Təbii ki, yanılmadılar. İllər keçəndən sonra neftin qiymətlərinin hansı pik hədlərə gəlib çıxdığının şahidi olduq. “Əsrin müqaviləsi” həm bu müqaviləni imzalayan şirkətlərə, həm də Azərbaycana on milyardlarla dollar qazanc gətirdi. Təbii ki, bizim hakimiyyətimiz, Ulu öndərimiz də bunları bilirdi. Ona görə də bu layihələrə gedildi. Nəticə etibarı ilə Azərbaycan böyük gəlirlər qazanaraq demək olar ki, öz həyatında dönüş etdi.

- “Əsrin müqaviləsi”ndən ilk gəlirləri nə zaman əldə etməyə başladıq? Təxminən neçənci illər idi?

- Təxminən 2007-2008-ci illərdən neftin satışından ölkə büdcəsinə - Neft Fonduna gəlirlər daxil olmağa başladı. Həmin müddətə qədər bir sıra texniki işlər həyata keçirildi. Bu, elə-belə məsələ deyildi. İxracla bağlı işlər görüldü. Kəmərlərin çəkilməsi gerçəkləşdi. Yatırımı edənlər də düşünürdülər ki, bu, bir, beş ilin işi deyil.

- Bu müqavilənin ölkənin maliyyə sisteminə təsiri hansı formada baş verdi?

- Mən 1999-cu ilin iyul ayında vəzifədən getdim. Bu sazişin ölkənin maliyyə sisteminə müsbət təsirləri 7-8 il sonra başladı.

- Ekspertlərin fikrincə, “Əsrin müqaviləsi” sayəsində bu gün Azərbaycan beynəlxalq və iri regional layihələrə ev sahibliyi, hətta bəzi hallarda donorluq edir. Gələcəkdə bizi hansı layihələr gözləyə bilər?

- Qazın ixracı ilə bağlı Cənub Qaz Dəhlizi reallaşdı. Bu, böyük bir layihədir. Əvvəla, bu regionda Azərbaycanın iştirakı olmadan böyük layihələrin reallaşdırılması mümkün deyil. O baxımdan hesab edirəm ki, ölkəmiz gələcəkdə də iri beynəlxalq layihələrin iştirakçısı olacaq. Bu, birmənalı şəkildə bu cür təsbitlənib. İllərin təcrübəsi də bunu göstərir. Cənub Qaz Dəhlizi kimi çox mürəkkəb, çoxşaxəli və bir xeyli iştirakçını öz ətrafında cəmləməyi bacaran layihə də bunu sübut etdi. Bundan sonra belə qlobal layihələrin iştirakçısı olacağıq. Məsələn, Böyük İpək Yolunun çəkilməsi, Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizinin açılması, Ələtdə Xəzərin ən böyük ticarət limanının tikilməsi bu qəbildən olan qlobal layihələrdir. Ölkəmizin maliyyə durumu imkan verir ki, Azərbaycan bu cür qlobal layihələri reallaşdırsın. Bakı-Tbilisi-Qars dəmir yolunun çəkilməsi də buraya daxildir. Azərbaycan gələcəkdə də bir çox layihələrin icrasında öz sözünü demək iqtidarında olan bir ölkədir. Bu gün Ermənistan Gorus-Qafan magistralına alternativ yol çəkmək üçün baş sındırır. İlkin məlumatlara görə, həmin yolun çəkilməsi üçün bir milyard dollar vəsait lazımdır. Amma Ermənistanın cəmi büdcəsi 3,5 milyard dollardır. Bir milyard dollar da onlar üçün çox böyük bir puldur. Məsələn, Azərbaycan üçün belə bir yolu çəkib, Neft Fondundan ona 1 milyard dollar ayırmaq problem deyil. Hətta 5 milyard dollar ayırıb Azərbaycan üçün istənilən taleyüklü məsələni reallaşdıra bilər. Bizim gücümüz budur.

- Fikrət müəllim, 44 günlük müharibənin əsas təminatçısı kimi 27 il əvvəl imzalanan “Əsrin müqaviləsi”ni göstərmək olarmı?

- “Əsrin müqaviləsi” 1994-cü ildən sonrakı bütün qələbələrimizin bünövrəsini qoydu. Bu məsələ təkcə “Əsrin müqaviləsi” ilə bitmədi. Ondan sonra biz başqa müqavilələr də imzaladıq. Neft yataqlarının istismarı ilə bağlı başqa müqavilələrə də qol çəkdik. Sadəcə olaraq “Əsrin müqaviləsi” başlanğıc nöqtə idi. 20 sentyabr 1994-cü ildə atılan bu addım həm də bir dönüş addımı idi. Bu, böyük layihə, həm də neft-qaz sektorunda inqilabın başlanğıcı idi.

- Bəs neft sektorunun qeyri-neft sektoruna faydaları yetərincə oldumu?

- Bir iqtisadçı, bir maliyyəçi kimi soruşursunuzsa, neft sektorundan gələn pulların qeyri-neft sektoruna yönləndirilməsi və burada nəticələrin hasil edilməsi baxımından işləri qənaətbəxş hesab etmirəm. Çünki bu gün neft sektoru ilə qeyri-neft sektoru arasında böyük, uzun bir xətt var. Bu gün illər öncə olduğu kimi, ixracımızın 90 faizlik payı yenə də neft sektorunun payına düşür. Yəni bu rəqəm dəyişilməlidir. Bunun üçün qeyri-neft sektoru sürətlə inkişaf etməlidir. Sürətli inkişaf üçün qeyri-neft sektoruna yatırımlar olmalıdır. Dəfələrlə demişəm ki, Neft Fonduna yığılan pulların 8-10 milyard dollarını qeyri-neft sektorundakı yüzlərlə layihələrə xərcləmək lazımdır. Amma bunu ağıllı şəkildə etməliyik. Bunlar xüsusi dövlət proqramı çərçivəsində gerçəkləşməlidir. Yerlərdə kiçik və orta müəssisələr açılmalıdır. Bizim insanlarımız yaradıcıdırlar. Obrazlı desək, daşdan su çıxarmağı bacarırlar. Amma onların vəsaitləri yoxdur. Ağılları, iş görmək qabiliyyətləri var, ancaq vəsait tapmaqda çətinlik çəkirlər. Ona görə də dövlət neft pullarının bir qismi ilə sahibkarın, iş adamının əlindən tutmalıdır. Azərbaycanın bütün regionlarında minlərlə müəssisə yaradılmalıdır. Yerli xüsusiyyətlər və şəraitlər nəzərə alınmalıdır. Dövlət bu müəssisələrin yaradılmasında sahibkarla birgə iştirak etməlidir. Payçı olmalıdır. Zaman-zaman o müəssisə işlədikcə, qazanc gətirdikcə, dövlət qoyduğu vəsaiti götürə-götürə geri çəkilməlidir. Sonda həmin müəssisə sahibkara qalmalıdır. Bu, bizim kəşfimiz deyil, artıq dünyanın getdiyi yoldur. Ona görə də bu məsələlərə yeni baxışlar sərgiləməliyik.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm