Azərbaycan bu 3 amilə görə qələbə qazandı: 44 günün uğur DETALLARI
Bizi izləyin

Xüsusi

Azərbaycan bu 3 amilə görə qələbə qazandı: 44 günün uğur DETALLARI

Müharibənin qələbə ilə başa çatmasını şərtləndirən 3 əsas amil var idi. Prezident, onun simasında dövlət. Ordu, ordunun simasında əsgər və zabitlərimiz. Xalq, xalqın da simasında Azərbaycan xalqı. Bu 3 böyük tandemin birləşməsi, həmrəyliyi sayəsində biz qələbəyə imzamızı atdıq. Müharibədə sadəcə tankların, silahların dili ilə deyil, eyni zamanda ideologiyamızla qalib gəldik.

Bu sözləri Publika.az-a müsahibəsində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva deyib.

- Jalə xanım, Azərbaycan Ordusunun 27 sentyabr 2020-ci ildə bütün cəbhə boyu genişmiqyaslı əks-hücum əməliyyatına başlamasına səbəb nə oldu?

- Əslində, Vətən müharibəsinin başlaması labüd idi. Ölkə rəhbəri dəfələrlə ötən illər ərzində söyləyirdi ki, danışıqlar masası ətrafında bütün çarələr tükənənə qədər biz danışıqlar prosesini davam etdirəcəyik. Lakin bu o demək deyil ki, biz müharibəyə hazır deyilik və müharibə aparmaq qüdrətimiz yoxdur. Bizim bu qüvvəmiz və imkanımız var. Sadəcə, biz şəhid qanlarının axıdılmasını, hər iki tərəfdən itkilərin olmasını istəmirik. Buna görə də Qarabağ məsələsini danışıqlar yolu ilə həll etməyə çalışırıq. Lakin görünən o oldu ki, bu illər ərzində danışıqlar masası ətrafında bütün çarələr tükəndi və həqiqətən bu danışıqlar dalana dirəndi. Bilərəkdən ikili standartlarla hərəkət edən ölkələrin təcavüzkar və təcavüzə uğrayan iki ölkəyə fərq qoymadan Ermənistana və Azərbaycana bəyanatlar vermələri, bölgəyə növbətçi səfərləri və bu səfərlərin nəticəsiz qalması, ən nəhayətində də Ermənistan tərəfinin, onun ordusunun və rəhbərliyinin Azərbaycana qarşı ard-arda təxribatlar həyata keçirməsi müharibəni şərtləndirirdi. İstər Aprel döyüşləri zamanı, istərsə də 2020-ci ilin iyul ayında Tovuz istiqamətində təxribat törədildi, daha sonra Azərbaycan ərazisinə erməni diversantları göndərildi və s. Bütün bunlar Azərbaycanın öz torpaqları uğrunda haqlı mübarizəsini davam etdirərək Vətən müharibəsinə başlamasına rəvac verdi. Bütün dünya bilir ki, Azərbaycan öz torpaqlarını azad etmək, bu torpaqlarda öz vətəndaşını qorumaq üçün hərbi əməliyyatlara başladı, səfərbərlik elan etdi və müharibə başlandı.

- Qələbəmizi hansı amillər şərtləndirdi? Möhtəşəm zəfərə nail olmağımızda nələr mühüm rol oynadı?

- Biz hər kəsin gözü önündə 44 gün ərzində bu gün artıq dünyanın hərbi ekspertlərinin etiraf etdikləri kimi, sözün əsl mənasında həmin günə qədər mövcud olmayan bir strategiya ilə müharibəni apardıq və qalib gəldik. Bu qələbənin əldə olunmasında müzəffər Ali Baş Komandanın rolu, iradəsi şəksizdir, şübhəsizdir. Biz bu böyük qələbəmizi Ordumuza, igid hərbçilərimizə, ölkə rəhbərimizə, xilaskar Prezidentimizə borcluyuq. Təsadüfü deyil ki, xalqımız bu hadisələrdən sonra ölkə başçısına xilaskar, müzəffər Ali Baş Komandan adlarını verdi. Eyni zamanda biz həm də qüdrətli, güclü ordumuza minnətdarıq. Müharibədə verdiyimiz şəhidlərə, axıdılan şəhid qanlarına minnətdarıq. Biz onlara borcluyuq, ehtiramla onların müqəddəs ruhları qarşısında baş əyirik. Öz sağlamlığından keçən, gələcəyini qurban verməyə hazır olan qazilərimizə, həmçinin xalqımıza minnətdarıq. Müharibənin qələbə ilə başa çatmasını şərtləndirən 3 əsas amil var idi. Prezident, onun simasında dövlət. Ordu, ordunun simasında əsgər və zabitlərimiz. Xalq, xalqın da simasında Azərbaycan xalqı. Bu 3 böyük tandemin birləşməsi, həmrəyliyi sayəsində biz qələbəyə imzamızı atdıq. Müharibədə sadəcə tankların, silahların dili ilə deyil, eyni zamanda ideologiyamızla qalib gəldik. 44 gün ərzində ölkə rəhbəri dünyanın onlarla nüfuzlu mediası qarşısına çıxdı və onlara fərqli-fərqli, demək olar ki, hər gün müsahibələr verdi. Bu müsahibələrin hər birinin arxasında Azərbaycanın bütövlüyü, qüdrəti, dəmir yumruğu dururdu. İdeoloji müharibədə də biz qalib gəldik. Qüvvələr nisbəti də eyni deyildi. Ermənistan ordusu artıq döyüşə gəncləri deyil, yeniyetmələri, uşaqları cəlb etməyə başlamışdı. Hətta ermənilər qadınları döyüşə səfərbər edirdilər. Bütün bunlar qarşı tərəfin başıpozuqluğu, müharibəyə hazır olmadan müharibəni başlatmaq niyyətinin çox mənasız olduğunu ortaya qoydu. Bütün dünya Azərbaycanla Ermənistanın bir-biri ilə heç zaman müqayisə edilməyəcək dərəcədə qüvvələr nisbətinin fərqli olduğunun həm ordu, həm büdcə, hərbi hazırlıq baxımından, həm də insanların həmrəyliyi baxımından bir daha şahidi oldu.

- Müharibə dövründə informasiya müstəvisində dövlət başçısının fəaliyyətinə toxundunuz. Bu cəbhədə savaşı necə qiymətləndirirsiniz? Dünyaya lazımi mesajı ötürə bildikmi?

- Ölkə rəhbərinin ard-arda dünya mediasının qarşısına çıxaraq müsahibələr verməsi demək olar ki, müharibənin hər dəqiqəsi haqqında təfsilatlı şərhlər verməsi müharibənin uğurla başa çatmasına səbəb oldu. İlk gündən etibarən düzgün istiqamət götürülmüşdü, Azərbaycan vətəndaşı müharibəyə hazırlıq vəziyyətində idi. Buna da ölkə rəhbərinin çağırışları, xalqına, dünyaya durmadan etdiyi müraciətlər sayəsində nail olmaq mümkün olmuşdu. Həmin günlərdə təpədən dırnağa, böyükdən kiçiyə, qocadan gəncə hər bir kəs döyüş meydanına atılmağa hazır idi. Kimliyindən asılı olmayaraq hər kəs Qarabağa can atırdı. Hətta həmin günlərdə Azərbaycanda mövcud olan 52 siyasi partiyadan 51-nin Prezidentə, xalqa müraciət etməsi, dövlətin və xalqın yanında olmaq əzmini nümayiş etdirməsi qələbəni şərtləndirən cəhətlərdən biri idi. Biz necə bir ölkə, necə xalq və necə dövlət olduğumuzu və necələrin hər birinin arxasında gücümüzün, qüvvəmizin, həmrəylimizin, bərabərliyimizin durduğunu bütün dünyaya nümayiş etdirə bildik. Ölkə Prezidentinin həmin günlərdə ard-arda verdiyi açıqlamalar, xalqa etdiyi müraciətlər, hər an, hər dəqiqə əsgərinin, ordusunun yanında olduğunu ifadə etməsi hərbçilərimizə böyük ruh yüksəkliyi verirdi. Hər kəs özünü bir döyüşçü, əsgər kimi görürdü. Bütün bunların sayəsində Azərbaycanın həyata keçirdiyi düzgün taktika və strategiya nəticəsində biz böyük zəfərimizi, qələbəmizi əldə etdik.

- Müharibə başa çatan kimi Azərbaycan quruculuq işlərinə başladı...

- Biz böyük zəfər əldə etmişik, bu gün böyük quruculuq işləri ilə məşğuluq. Hətta kapitulyasiya aktının imzalandığı gündən cəmi 6 gün sonra biz Şuşaya Zəfər yolu çəkməyə başladıq, Füzuliyə yol çəkdik, infrastrukturu yenilədik. Təpədən dırnağa Qarabağımızı yenidən qurmağa başladıq. Biz böyük quruculuq işləri görməklə bərabər, eyni zamanda ideologiyamızı da hər kəsə nümayiş etdirdik. Bütün dünya gördü və bildi ki, Azərbaycanın heç bir zaman heç kəsin torpağında gözü olmayıb, Azərbaycan öz torpağında öz xalqını, öz insanını bu illər ərzində qorumağa çalışıb. Əzəli torpaqlarını xilas etmək istəyib. Biz buna nail olduq, əzəli torpaqlarımızı əbədi olaraq özümüzünkü etdik. Artıq bütün dünya bunu anlamalıdır. Bu günə qədər haqqımızı, ədalətimizi görmək istəməyənlər artıq dərk etməlidirlər ki, Qarabağ Vətən adlandırdığımız Azərbaycanımızın ayrılmaz parçasıdır. Bu gün biz artıq Qarabağın incisi sayılan, mədəniyyət beşiyimiz Şuşadayıq. Şuşada böyük beynəlxalq festivallara hazırlıqlar gedir, ard-arda mədəni tədbirlər keçirilir. "Xarıbülbül" festivalı, Vaqif Poeziya Günləri keçirildi. Aradan ötən 30 illik uzun müddətdən sonra Şuşa qapılarını ədəbiyyatsevərlərin, sənətsevərlərin üzünə açdı. Bu tədbirləri biz sadəcə mədəniyyət tədbirləri olaraq dəyərləndirib qiymətləndirməməliyik. Bu tədbirlərin, iqtisadiyyat, mədəniyyət, ədəbiyyat sahəsində atılan bütün uğurlu addımların hər birinin arxasında güclü ölkə dayanır. Bütün bunların arxasında yenilməz siyasət dayanır. Bunu bütün dünya qəbul etməli və eşitməlidir. Azərbaycanın sadəcə bölgədə deyil, dünyada da böyük nüfuz sahibi olaraq daha da uca zirvələrə yüksəldiyini bütün dünya görür və anlayır. Düşünürük ki, həmin ölkələr bundan sonra da Azərbaycanla münasibələtlərini məhz Azərbaycan reallığı, dövlətimizin qüdrəti baxımından qurmağa çalışacaq.

- Zəfər yolu ilə doğma Şuşamıza getmək qürurvericidir.

- Biz Vaqif Poeziya Günlərində iştirak etmək üçün Şuşaya bizi zəfərə aparan Zəfər Yolu ilə getdik. Bu yolla irəlilədikcə zəfərin möhtəşəmliyini sanki bir daha hiss etdik. Şuşa lövhəsinin vurulduğu dağın ətəyinə çatdığımız zaman duyğularımız ən zirvə nöqtəsində idi. Şuşanın özündən qələbəmiz daha açıq aydın görünürdü. Erməni vandalları tərəfindən doğma Şuşamızın bərbad vəziyyətə salınmış, təbii ki, bunu təəssüflə, kövrəkliklə qeyd edirəm, küçələrində, məhəllələrində gəzib soydaşlarımızı, balaca uşaqları gördükcə bu qələbənin mahiyyətinin dərinliyini daha dərindən anlayırdıq. Qarabağımıza yeni sima bəxş edən zəhmətkeşlərimizi, əmək insanlarımızı, polislərimizi, əsgərlərimizi gördükcə daha dərindən anlayırdıq ki, biz qayıtmışıq, biz qələbə çalmışıq və artıq bu, inkaredilməz faktdır. Və bütün dünya bu reallığı qəbul etmək məcburiyyətindədir. İllərin həqiqətinə dayanan reallıqdır bu. Vaqif Poeziya Günləri də həmin reallıqlardan biridir. Şuşada Vaqif məqbərəsinin yenidən açılışını sadəcə mədəniyyətimizin bir qələbəsi, yeni səhifəsi kimi dəyərəndirməməliyik. Bunun arxasında güc, potensial, qüdrətli büdcə, dəmir yumruq var. Bir tərəfdən pandemiya ilə mübarizə aparan, bir tərəfdən də müharibədən yeni çıxan ölkə olmağımıza baxmayaraq, biz işğaldan azad edilmiş torpaqlarda quruculuq işlərinə başladıq, mədəniyyətimizin arxasında iqtisadi potensialımızın dayandığını nümayiş etdirdik. İstər "Xarıbülbül" festivalı, istər Vaqif Poeziya Günləri, istərsə də bundan sonra keçiriləcək mədəni tədbirlər, həmçinin 7 may tarixində Şuşanın Prezident tərəfindən mədəniyyət paytaxtı elan edilməsi dünyaya bir mesajdır. Şuşa bizimdir, Şuşa Qarabağdır, Şuşa bundan sonra da hər zaman mədəniyyətin beşiyi zirvəsində olacaq. Şuşada keçirilən və keçiriləcək bütün mədəni tədbirlərin arxasında güclü, xoşbəxt Azərbaycan layihəsi var. Bunu bütün dünya bilməli və qəbul etməlidir! Biz Qarabağda əbədi olaraq qalacağıq, quracağıq, yaşayacağıq öz Vətənimizdə! Qarabağımızda!

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm