Xüsusi
Məni qayadan aşağı atdı, 4 gün sonra... – Suqovuşan fatehi ilə MÜSAHİBƏ
44 günlük Vətən müharibəsinin başlamasının bir ili tamam oldu. Yenidən 44 gün sayırıq və şəhidlərimizi, qazilərimizi, bizi qələbəyə aparan yolun hər bir anını, detalını xatırlamaq istəyirik.
O, işğaldan azad edilmiş ərazilərimizə bayrağımızı sancan yeganə sağ bayraqdardır. Budəfəki həmsöhbətimiz Suqovuşan fatehi, Vətən müharibəsi qazisi İlkin Fərzəliyevdir. “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunan İlkin Fərzəliyevin Publika.az-a müsahibəsini təqdim edirik:
- İlkin bəy, 44 günlük Vətən müharibəsinə hansı istiqamətdəki döyüşlərlə başladınız?
- Biz döyüşlərə Tərtər istiqamətindən, 482 deyilən yerdən başladıq. Ora “alınmaz yer” adlandırılırdı. Çünki ermənilər oraya çox böyük qüvvə yığmışdılar. Həmin yüksəkliyin alınmasında biz 11 şəhid və 6 yaralı verdik. Yekunda 17 itkimiz oldu. Onun ardınca Talış, Ağuçuq, 831, 1249, 1313 və Qaranlıqmeşə nöqtələri düşməndən azad edildi. Oktyabrın 2-də biz artıq Suqovuşan üzərində dayanmışdıq.
- Saat təxminən neçə olardı?
- Səhərə yaxın idi. Hardasa saat altıya dörd-beş dəqiqə qalırdı. Əmr gəldi ki, Suqovuşana girilməlidir. Biz Suqovuşana daxil olanda bu ərazinin önəmini, nə qədər məsuliyyətli strateji nötqə olmasını hamı başa düşürdü. Yəni oraya giriş vardı, çıxış yox idi. Gediş ola bilərdi, qayıtmaq yox idi, çünki qarşıda səni nə gözləyir, sonumuzun necə olacağını heç kim bilmirdi. Anlayırdıq ki, mənfur düşmənlə üz-üzəyik. Ona görə ki, bunlar heç vaxt hiylələrini yerə qoymayıblar.
- Bayrağımızı Suqovuşana sancarkən separatçıların əsgi parçasını təpiklə vurmusunuz. Xalq sizi bu hərəkətinizlə daha çox sevdi. Sonra da xəbər yayıldı ki, guya şəhadətə ucalmısınız...
- Bəli... Məni hamı bayrağımızı Suqovuşana asan şəxs kimi tanıyır. Təbii ki, bu, həm şərəfli, həm də məsuliyyətli bir vəzifə idi. Döyüş başlamazdan əvvəl bayraq məndə idi, 4 gün meşə ilə gedəndən sonra Suqovuşana çatdıq. Komandir bildirmişdi ki, 4 nəfər aşağı düşüb bayrağı asmalıdır. Komandirə o dəqiqə dedim ki, mənim üstümdə bayraq var. Dedi ki, düş, as. 3 döyüşçü yoldaşım da mənimlə idi. Ermənilər bizi görsə də, bayrağımızı Suqovuşana asdıq. Çox sevinirəm və qürur hissi keçirirəm ki, bir sıra yaşayış məntəqələrinin və strateji yüksəkliklərin azad edilməsində mənim də payım var. Suqovuşandan sonra 951 adlı yüksəklik var idi. Həmin hadisə də Suqovuşana bayrağımızı sancmağımızdan sonra olmuşdu. Cənab Ali Baş Komandan xalqımıza Suqovuşanın müjdəsini verdi. Bundan sonra Ağdərə istiqamətində irəliləməyimizlə bağlı əmr gəldi. Həmin yüksəkliyin adı qeyd etdiyim 951 yüksəkliyi idi. Həmin əməliyyat zamanı sağ istiqamətdən düzünə tuşlama ilə tankın fuqas mərmisi bizi hədəf aldı.
- Siz həmin vaxt yaralandınız?
- Bəli, həmin atış zamanı mərminin təzyiq dalğası sürətli oldu və mən qayadan düşdüm. İndi düşünürəm ki, ayaqda olsaydım, bəlkə digər yoldaşlarımı da xilas edərdim. Suqovuşan və həmin istiqamətdəki digər əməliyyatlar bizə çox baha başa gəldi. Çünki biz həmin döyüşlərdə çoxlu sayda qardaşlarımızı, döyüşçü yoldaşlarımızı itirdik. Mən də həmin 951 yüksəkliyində yaralandım. Döyüş yoldaşım, komandirim kapitan Qarayev Coşqun var idi. Bildiyim qədər, hazırda xidmətini davam etdirmir, o da qazidir. Bildiyim qədər, məni yaralı halda döyüş meydanından o çıxarıb. Sol qolumdan yaralanmışdım, ümumiyyətlə, sol tərəfim pis gündə idi. Bir də kəllə-beyin travması almışdım.
- Bəs sonra nə oldu?
- Sonra bizi Gəncə hospitalına apardılar. Orada dörd gün müalicə aldım. Dörd gün qaldıqdan sonra öz xahişimlə, ərizəmlə hospitaldan yoldaşlarımın yanına qayıtdım. Ora qayıdanda artıq oktyabrın 15-i idi. Oktyabrın 16-a planlaşdırılmış əməliyyatda iştirak etdim. Həmin əməliyyatda kiçik bir hadisə də olmuşdu. Bunu bir çoxları bilir. Qruplarımızdan biri mühasirədə qalmışdı. Həmin qrupun mühasirədən çıxmasında birbaşa iştirak etdim.
- Cəbhə yoldaşlarınızla əlaqə saxlayırsınızmı?
- İndi həmin qardaşlarımızdan bəziləri ilə əlaqəm var. Bəziləri çox uzaqdadır. Döyüş yoldaşlarımızdan birinin gələn ay xeyir işidir, toyuna çağırıb. Adamın inanmağı gəlmir. Çünki həmin qardaşımız yaralanmışdı, bağırsaqları çöldə idi. Qarnını qəlpə aparmışdı. Bütün bunları sizə danışdıqca həmin anlar yenidən gözümün önündə canlanır. Nə qədər acı olsa da, bir o qədər fərəhlidir. Bizim yanımızdan ayrılan, Vətən uğrunda canından, ailəsindən keçmiş üç min şəhid qardaşımız var. Onların qanı yerdə qalmadı. Torpaqlarımız qayıtdı. Şəhidlər bizə haqlarını halal etsinlər. Bütün şəhid ailələrinin qarşısında baş əyirəm. Var olsunlar! Möhkəm olsunlar! Biz dözümlü xalqıq... Eyni zamanda cənab Ali Baş Komandanın verdiyi istənilən döyüş tapşırığına, istənilən əmrinə daima hazırıq. Daim yeni əmrləri gözləyirik.
- Keçən il bu vaxtlar torpaqlarımızın azad olunacağı ilə bağlı əmr veriləcəyini gözləyirdinizmi?
- Doğrusunu desəm, keçən il bu vaxt ağlımıza da gəlməzdi ki, 30 il gözlədiyimiz əmr gələcək və biz torpaqlarımızı azad edəcəyik. Hamı Ali Baş Komandanın əmrini gözləyirdi. Nəhayət, bu əmr gəldi və torpaqlarımız işğaldan azad olundu. Düşmən hücumunun, təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusuna əmr verildi. Həmin vaxt bütün Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi. Hər kəs səfərbər olmuşdu.
Tural Turan
-
Rəsmi xronika15:30
İlham Əliyev onlara yüksək vəzifə verdi
-
Sosial14:55
Müdafiə Nazirliyində xidməti müşavirə keçirildi
-
ABŞ13:40
Qlobal maliyyə sistemi risk altındadır: dolların taleyi necə olacaq?
-
Sosial12:40
Əli Əsədov yeni qərar imzaladı
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO