Vətən müharibəsində qələbəmizi şərtləndirən AMİLLƏR - MÜSAHİBƏ
Bizi izləyin

Xüsusi

Vətən müharibəsində qələbəmizi şərtləndirən AMİLLƏR - MÜSAHİBƏ

Bir neçə gün sonra Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazanılan qələbin birinci ildönümünü qeyd edəcək. Təbii ki, bu müharibənin qələbə ilə yekunlaşmasının bir sıra səbəbləri var. Qələbəmizi şərtləndirən məqamları Milli Məclisin deputatı Cavid Osmanovla müzakirə etdik.

Deputat Cavid Osmanov Publika.az-a müsahibəsində bildirdi ki, əsas səbəblərdən biri heç şübhəsiz ki, xalq-iqtidar-ordu birliyidir:

- Cavid müəllim, 30 illik savaşa gedən yol 44 günlük zəfərlə tamamlandı. Bəs bu zəfər yoluna qədər Azərbaycan dövləti hansı mərhələlərdən keçdi?

- Bu günlər Azərbaycan xalqı öz tarixinin ən şanlı günlərini yaşayır. Ötən il sentyabrın 27-də başlyan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən parlaq qələbəsini qazandı. 30 il düşmən tapdağında qalan torpaqlarımızı erməni vandallarından azad etdi. Bununla da həm tarixi ədalət, həm də ərazi bütövlüyümüz bərpa olundu. Əlbəttə, Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq qələbəsini səciyyələndirən bir sıra məqamlar var. Birincisi, onu xüsusi qeyd etmək lazımdır ki, bir neçə il ərzində Prezident İlham Əliyev Azərbaycanın müstəqil iqtisadiyyatını qurmağı bacardı. İqtisadiyyatımız gücləndikcə, ölkəmiz qüdrətləndikcə, ölkə başçısı cənab İlham Əliyev bütün bunlarla paralel olaraq güclü ordu quruculuğunu həyata keçirdi. Azərbaycan Silahlı Qüvvələri dünyanın ən aparıcı orduları siyahısına daxil edildi. Ordumuzda müasir texnologiyalar tətbiq olundu. Əsgər və zabitlərimiz həmin müasir texnologiyalara yiyələnməyi bacardılar. Eyni zamanda, bütün bunlarla yanaşı, Azərbaycan Silahlı Qüvvələrində vətən sevgisi, ideoloji hazırlıq işləri çox uğurla gerçəkləşdirildi.

- Beynəlxalq arenada qələbəmizin təminatına hansı hüquqi bazalar yarada bildik?

- Bütün bunlarla yanaşı, ölkə prezidentinin rəhbərliyi ilə məhz beynəlxalq sistemlər müstəvisində də bir sıra uğurlar qazanıldı. Azərbaycanın haqqlı olması ilə bağlı bir sıra beynəlxalq təşkilatlar tərəfindən qətnamələr qəbul edildi. Beləliklə, bu istiqamətdə də yetərli hüquqi baza formalaşdırıldı. Digər tərəfdən, Prezident İlham Əliyev bütün mümkün platformalarda, ölkəmizdə və xaricdə keçirilən bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqlı olduğunu, Ermənistanın isə işğalçılıq siyasəti yürütdüyünü, xalqımıza qarşı soyqırımlar törətdiyini bütün dünyaya çatdırırdı. Azərbaycanın dövlət başçısı hər zaman Azərbaycan xalqının milli maraqlarını hər bir məsələdən üstün tutub. Prezidentimiz hər zaman vurğulayırdı ki, əgər münaqişə sülh və danışıqlar yolu ilə öz həllini tapmasa, hərbi gücdən istifadə istisna deyil. Əlbəttə, məsələnin həlli ilə bağlı beynəlxalq riyakarlıqlar da var idi. Bəzi beynəlxalq təşkilatlar, o cümlədən, ATƏT-in Minsk qrupu ancaq məsələnin dondurulmasına istiqamətlənmiş fəaliyyət göstərirdilər. Ermənistan da bu kimi nüanslara arxalanaraq özünün işğalçılıq siyasətini yürüdürdü. Eyni zamanda, Prezident İlham Əliyev Ermənistanı bir sıra beynəlxalq layihələrdən təcrid etdi. Ölkəmizin başçısı Ermənistanı dalan bir ölkəyə çevirməyi bacardı.

- Xalq-iqtidar-ordu birliyi bu qələbədə hansı rolu oynadı?

- Bununla yanaşı, Azərbaycan xalqı öz liderinə güvənirdi, inanırdı. Xalqımız hər zaman Prezident İlham Əliyevin qətiyyətli, prinsipial mövqeyini dəstəkləyib. Xalq öz prezidentinin ətrafında sıx birləşmişdi. Bu, indi də belədir. Beləliklə, ötən ilin sentyabr ayının 27-də başlanan Vətən müharibəsində məhz Azərbaycan Prezidentinin qurduğu düzgün strategiya nəticəsində ölkəmiz tarixi qələbəyə nail ola bildi. 44 günlük Vətən Müharibəsində Azərbaycanın əsgər və zabitləri misli görünməmiş qəhrəmanlıq nümayiş etdirdilər. Onlar düşmənin belini elə döyüş meydanında qıraraq noyabrın 10-da Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdilər. Müharibə dövründə hər gün hər bir döyüş əməliyyatı müzəffər Ali Baş Komandan tərəfindən təsdiq olunurdu, daha sonra həmin əməliyyatlar uğurla yerinə yetirilirdi. Düşmənin 30 il ərzində işğal etdiyi ərazilərdə müdafiə istehkamları qurmasına, çoxlu sayda hərbi texnika və canlı qüvvə yerləşdirməsinə, bir çox yerlərdən silah-sursat almasına baxmayaraq, ordumuz böyük dəyanət nümayiş etdirərək 44 gün ərzində hər gün irəlilədi. Bir addım da geri çəkilmədi. Müzəffər ordumuz Ermənistanın silahlı qüvvələrini darmadağın etdi. Qəhrəman əsgər və zabitlərimiz Ermənistanın “məğlubedilməz ordu” mifini tamamilə darmadağın etdi.

- İnformasiya savaşında nəticələrimizi ürəkaçan hesab etmək olarmı?

- 44 gün ərzində Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu informasiya savaşında da qalib gəldi. Bu informasiya savaşı müharibə günlərində də uğurla gerçəkləşdirildi. Azərbaycan Prezidenti həmin dövrdə dünyanın aparıcı media orqanlarına 30-a yaxın müsahibə verdi. Hətta həmin müsahibələrin suallarının içərisində ittiham xarakterli suallar da var idi. Bütün bunlara baxmayaraq, ölkə başçısı qətiyyətlilik, prinsipiallıq nümayiş etdirərək onları tutarlı faktlara söykənən cavablarla susdurdu. Prezident cənab İlham Əliyev Azərbaycanın haqq səsini də 44 gün ərzində bütün dünyaya çatdırmağı bacardı.

- Bəs diplomatik müstəvidə mənzərə necə idi?

- Heç şübhəsiz ki, diplomatik müstəvidə də Azərbaycan çox qətiyyətli qələbə qazandı. 44 günlük Vətən müharibəsində Azərbaycanın dostu olan ölkələr də üzə çıxdı. Bu, savaş, ölüm-qalım müharibəsi idi. Prezidentin rəhbərliyi altında Azərbaycan bu yola çıxmış oldu. Biz cəmisi 44 gün ərzində bu yolu parlaq bir qələbə ilə başa vurduq. Əlbəttə, Azərbaycan xalqının birliyi qələbəmizin ideloji təməli idi. Hər bir azərbaycanlı, o cümlədən, dünya azərbaycanlıları dəmir yumruq kimi müzəffər Ali Baş Komandanımızın ətrafında birləşdilər. Onlar ordumuzun arxasında dayandılar. Bu, ən vacib məqamlardan idi. Xalqımız bir daha öz ordusuna, öz Ali Baş Komandanına nə qədər güvəndiyini bütün dünyaya nümayiş etdirdi. Bütün dünya gördü ki, Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib. Bunun nəticəsində xalqımızın qarşısında dayanan ən böyük problem 44 gün ərzində öz həllini tapdı.

- Siyasi partiyaların birliyinin nə kimi önəmi oldu?

- Bəli, burada ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaları da vurğulamaq lazımdır. Onlar birgə bəyanat imzalayaraq, Azərbaycanın Ali Baş Komandanının və ordumuzun ətrafında sıx birləşdiyini nümayiş etdirdilər. Bir daha bütün dünya gördü ki, söhbət Azərbaycan xalqının milli maraqlarından gedirsə, bütövlükdə Azərbaycan xalqı birdir, birlik nümayiş etdirir, bu birlik indi də dünya ölkələri üçün bir nümunədir. Əlbəttə, Vətən müharibəsindəki tarixi naliyyətimiz bütövlükdə Azərbaycan xalqının böyük ruh mənbəyidir. Əsgərlərimiz, zabitlərimiz canı, qanı bahasına savaşa çıxdılar. Bu müharibədə şəhidlərimiz, qazilərimiz də oldu. Hər birimiz şəhidlərimizin əziz və əbədi xatirəsi qarşısında baş əyirik. Qazilərimizin, yaralılarımızın tezliklə sağalmasını diləyirik. Bu istiqamətdə də dövlətimiz müstəsna işlər görür. Qazilərimizin öz sağlamlıqlarına qovuşması, şəhid ailələrinin üzvlərinin dövlət qayğısı ilə əhatə olunması, müharibədə əlillik dərəcəsi almış qazilərimizin qayğı ilə əhatə olunması dövlətin ən prioritet sahələrindən birinə çevrilib.

- Cəmi 1 il keçib, amma azad olunan ərazilərimizdə yenidənqurma işləri göz qamaşdırır...

- Bəli, 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan öz gücünü, qüdrətini bütün dünyaya göstərməyə bu gün də davam edir. Çünki müharibə bitəndən dərhal sonra işğaldan azad olunan ərazilərimizdə, tarixi torpaqlarımızda – Qarabağda, Şərqi Zəngəzurda böyük yenidənqurma və bərpa işləri aparılır. Bu da Azərbaycan dövlətinin qarşısında duran ən prioritet vəzifələrdən biridir. Heç şübhəsiz ki, 44 günlük Vətən müharibəsindəki qələbəmiz Azərbaycan tarixində əldə olunan ən böyük zəfərdir. Bu zəfər bizim ən böyük şanlı naliyyətimizdir. Bir daha qeyd etməliyik ki, bunu Prezident İlham Əliyevin qətiyyəti, prinsipiallığı, düzgün qurduğu strategiya, bütün təzyiqlərə sinə gərmək bacarığı, xalqın öz prezidentinin ətrafında sıx birləşməsi nəticəsində əldə etdik.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm