Oksana Rəsulova həyat yoldaşından danışdı: Deməzdim ki, Şəhriyarla aramızda...
Bizi izləyin

Xüsusi

Oksana Rəsulova həyat yoldaşından danışdı: Deməzdim ki, Şəhriyarla aramızda...

Aktrisa-rəqqasə Oksana Rəsulova izləyicilərini yaxın aylarda tarixi və müharibə mövzusunda filmlərlə təəccübləndirəcək.

Bu barədə aktrisa Publika.az-a müsahibəsində deyib.

Son günlərdə daha çox şəxsi həyatı ilə gündəmə gələn Oksana Rəsulova hesab edir ki, yaradıcılıq durğunluğu sevmir. Oxucuları yaradıcılıq planları ilə agah edən sənətçi şəxsi həyatı barədə də suallarımıza cavab verib.

İstənilən halda bu yolda iddialıyıq!

Əziyyət çəkdiyim işlərin bəhrəsini görürəm, tamaşaçı qarşısına sanballı, keyfiyyətli, müsbət mesajlarla dolu olan layihələrlə çıxırıq. Təbii ki, daha böyük arzularım var. Xüsusilə tarixi filmlərə tamaşaçılarımızın ac olduğunu hesab edirəm, illərdir ki, bizdə tarixi filmlər lentə alınmır. Bundan başqa, Qarabağ müharibəsi mövzusunda gözəl, bədii tammetrajlı filmin çəkilməsi nəzərdə tutulub. Hazırda bu 2 layihə üzərində çox ciddi çalışırıq. Adət-ənənələrimizi qorumaqla “Netflix”ə uyğun olan bir layihə ilə tamaşaçı qarşısına çıxmaq istəyirik. Hesab edirəm ki, Azərbaycan mədəniyyətinin özünəməxsusluğu və Şərq çalarları Avropa izləyicisinin diqqətini çəkə biləcək. Bunun üçün film ən gözəl vasitədir. Filmlərimizin “Netflix” platformasına çıxması üçün hər şeydən əvvəl yaxşı görüntü, maraqlı ssenari və təbii ki, güclü aktyor oyunu tələb olunur. Azərbaycanın əhalisi bir çox ölkədən az olduğu üçün “Netflix” filmlərimizlə maraqlanmır. İstənilən halda bu yolda iddialıyıq.

Nə gözəl ki, artıq bir neçə filmimiz “Sarayevo” festivalında yer qazanıb. Rüfət Həsənovun “Daxildəki ada” filmi isə “Oskar” mükafatına namizədlər siyahısına daxil edilib. Bu xəbər məni çox sevindirdi, sanki öz filmim namizəd olub. O aktyorların yerində olmaq istərdim, olmasam da, çox sevindim, çünki bu, bizim məhsulumuzdur.

Adi bir filmdə deyil, tarixi layihələrdə məmnuniyyətlə çəkilərdim

Hər hansı filmdən sonra yazılan rəylərdən özümə nəticə çıxarıram ki, burada yaxşı oynayıram, ya pis. Komediya oynamaq daha çətindir, izləyicini gülmədən güldürməlisən. Dram da sevirəm, amma fəlsəfi yüklü melodram mənə daha yaxındır.

Bu yaxınlarda Dubayda keçirilən “Pakistan International Screen Awards” festivalına, daha sonra İstanbulda keçirilən “Dədə Qorqud” Türk Dünyası Beynəlxalq Film Festivalına qatıldıq. Tədbirdə mükafat almadım, məni qonaq kimi çağırmışdılar. Hər 2 festivalda kino dünyasının dəyərli simaları ilə tanış oldum. Xüsusilə çox şadam ki, “Dədə Qorqud” festivalında oldum. Türkiyənin mədəniyyət naziri tədbirdə bildirdi ki, festival 2022-ci ildə öz qonaqlarını Özbəkistanda, 2023-cü ildə isə Şuşa şəhərində qarşılayacaq. Qazaxıstan, Özbəkistan və Qırğızıstanın bir çox rejissor, aktyor, ssenarist və film prodüserləri ilə yaradıcı söhbətlərimiz oldu.

Türkiyə istehsalı olan hər hansı bir layihədə rol almaq istərdim. Amma adi bir filmdə deyil, tarixi layihələrdə məmnuniyyətlə çəkilərdim. Festivallar bizim üçün bu yolu açır, platforma yaradır ki, türk dövlətlərinin ortaq istehsalı ilə bir film ortaya çıxsın. Düşünürəm ki, bu mənada şanslarımız çoxdur.

Şəhriyarla aramızda qısqanclıq yoxdur

Şəhriyarla aramızda qısqanclıq yoxdur, yaradıcılıqda bu, özünü göstərmir. Bir-birimizin yaradıcı azadlığımızı boğmuruq, çünki çox güvənirik. Məsələn, “Son nəfəs” serialının ikinci mövsümündə baş rola Şəhriyar Əbilov təsdiqləndi. O, orada çox gənc və istedadlı aktrisamız Aydan Həsənzadə ilə tərəf müqabili olacaq. Gördüm ki, Şəhriyarın obrazı və siması yerinə düşür. Odur ki, qısqanclıq iş prosesinə mane olmur.

Hər bir qadın üçün həqiqi xoşbəxtlik ana olmaqdır. Əsas odur ki, ana olduqdan sonra yanında səni başa düşən, anlayan və səni olduğun kimi qəbul edən bir insan olsun. Mübahisələr qaçılmazdır, olsun, amma etibar və xəyanət üstündə olmasın. Əgər bir-birinizi yaxşı tanıyırsınızsa, problem olmayacaq. Etibar və xəyanət sarıdan çox əziyyət çəkmişəm. Şükürlər olsun ki, Şəhriyarla münasibətlərimiz qaydasındadır. Deməzdim ki, Şəhriyarla aramızda böyük bir sevgi var, biz çox yaxşı dostuq. Osman doğulduqdan sonra isə bir-birimizə daha çox yaxın olduq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm