Məşhur azərbaycanlı həkimdən SENSASİON MÜSAHİBƏ: Çörəyi və bu qidaları yeməyin, yoxsa...
Bizi izləyin

Xüsusi

Məşhur azərbaycanlı həkimdən SENSASİON MÜSAHİBƏ: Çörəyi və bu qidaları yeməyin, yoxsa...

Həkim-terapevt, diyetoloq Fuad Məcidovun sözlərinə görə, dolma və digər ət yeməklərini qatıqla yemək olmaz. Bu, bədəndə ciddi dəmir defistinə səbəb ola bilər.

Publika.az həkimlə müsahibəni təqdim edir.

- Arıqlamaq istəyən insan nədən başlamalıdır?

- Arıqlamaq istəyən insan ilk növbədə köhnə vərdişləri bağlayıb özü üçün yeni həyat tərzi yaratmalıdır. Ümumiyyətlə, arıqlamağın 5 əsas əvəzolunmaz qanunları var:

Birincisi, gündəlik içilən suyun miqdarını artırın.

İkincisi, təzə və lifli meyvə-tərəvəzlərdən istifadə edin.

Üçüncüsü, hər gün heç olmasa, 1 saat hərəkətdə olun, məşqlər edin. Bu hərəkətlər mütləq təmiz havada, bol oksigenli mühitdə edilməlidir. Niyə? Müəyyən olunub ki, oksigenli mühitdə bədənimiz oksigenin təsiri ilə detoks olunur, nəinki qapalı mühitdə.

Dördüncüsü, yuxuya mütləq nəzarət edin. Vaxtında yatıb, vaxtında da durun. Araşdırmalar göstərir ki, yuxu rejiminə əməl edən insanlar yuxuda arıqlayır. Bu, leptin - doyma hormonu hesabına baş verir. Gec yatan insanlarda gerlin - "canavar hormonu" sintez olunur. Biz bu hormon hesabına kökəlirik. Bu insanlar gec saatlarda soyuducunun qapısını açıb əlinə keçəni içəri ötürür.

Beşincisi, stress, əsəb, depresiyya və fobiyalardan mümkün qədər uzaq qalın.

Arıqlamaq istəyən insanlar sadaladığım bu 5 əsas qaydanı özünə aşılamalıdır. Özündə yeni qidalanma mədəniyyəti formalaşdırmalıdır.

Artıq çəki beyin toxumalarını və hüceyrələrini məhv edir

- Azərbaycanda piylənmə ən çox hansı yaş qrupları arasında müşahidə olunur?

- Əvvəllər piylənməyə daha yetkin yaşlarda rast gəlinirdi. Qidalanma, ətraf mühit və yaşam tərzi, geni dəyişdirilmiş qidaların istehsalı və s. ilə bağlı olaraq artıq 6-7 yaşlı uşaqlarda da piylənmə gedir. Şəxsi təcrübəmdə rast gəlirəm ki, bu uşaqlar öz normal çəkilərindən qat-qat yuxarıdır. Belə uşaqlar böyüdükcə artıq çəkidən daha çox əziyyət çəkməyə başlayırlar. Hamı bilir ki, artıq çəki bütün xəstəliklərin başında durur. Bu da yeniyetmələr arasında şəkərli diabet və insulin dirəncinin artmasına, bağırsaq problemlərinin və oynaq xəstəliklərinin yaranmasına, onurğa və ürək-qan damar xəstəliklərinə, baş ağrılarına, allergiyaya və qlütenlə əlaqədar olaraq allergik fonda dəyişikliklərə, hətta xərçəngə səbəb ola bilir. Ən azından bu risk faktorlarının artmasına gətirib çıxarır.

Yarımfabrikat yeməklər, oturaq həyat tərzi və valideynlərin uşaqları idmandan uzaq tutması, dərslərlə yükləməsi köklüyə gətirib çıxaran səbəblərdən biridir. Valideynlər bilməlidir ki, uşağı nə qədər oxutsalar da, əgər o, artıq çəkilidirsə, onların məntiqi də bir o qədər aşağı olacaq. Bunu amerikalı alimlər sübut edib. Artıq çəki beyin toxumalarını və hüceyrələrini degenerativ və destruktiv dəyişikliklərə məruz qoyur, beyni cılızlaşdırır, məntiqi və İQ-nü aşağı salır. Amma arıq uşaqlarda aktivlik və qavrama qabiliyyəti çox yaxşı olur. Bu uşaqlarda məntiq güclü inkişaf etdiyinə görə dərslərində də, gündəlik həyatlarında da, idmanda da uğurlu olurlar.

- Son illərdə orucla arıqlamaq, intervallı aclıq pəhrizləri xüsusilə dəbdədir.

- Oruc Allahın bizə buyurduğu dini ayinlərdən biridir, biz bunu sevə-sevə edirik. Amma insanlar bilməlidir ki, oruc çəki vermək prosesi deyil. Oruc nəfsimizin və mənəviyyatımızın tərbiyəsidir. Sağlamlıqdan danışırıqsa, sadəcə 1 ay oruc tutub arıqlamaqla iş bitməz. Qidalanmamıza daim nəzarət etməliyik ki, sağlam olaq.

- Çörəyin zərərləri haqqında çox sərt çıxışlarınız olur. Doktor, hansı səbəblərə görə biz çörəyi rasiondan çıxarmalıyıq?

- "Keçmiş köklər proqramı"mda xəstələrə hər şey yeməyə icazə verilir, kabab da, buğlama da, bozbaş da, xaş da. Amma çörəksiz! Çörəyi kəsin, çörək qlütendir. Bəzən irad bildirirlər ki, çörək nemətdir, niyə onu qadağan edirsən. Çörəklə işim yoxdur, əzizlərim, indi çörəklər cilalanmış undan hazırlanır, buğdanın tərkibində olan liflər yox olur. Bəli, bu çörək bizim üçün zərərlidir. Tərkibində qlüten var, qlüten isə allergiya verən xüsusi proteinli maddədir. Fikir versəniz, görərsiniz ki, 6-7 yaşlı uşaqlarda allergik fon artıb, yaddaş pozulub, əsəbilik, stress artıb. Bu, undan hazırlanan məhsulların hesabına baş verir. Həmvətənlərimə məsləhət görürəm ki, diqqətli olsunlar. Ən azından ağ çörək yeməsinlər.

Ağ undan hazırlanan çörək bizi nə tox tutur, nə də fayda verir

- Çörəyi nə ilə əvəz edə bilərik?

- Qarğıdalı unundan hazırlanan qlütensiz çörəklər ola bilər. Qlütensiz un alıb evdə özünüz də bişirə bilərsiniz. Kişilər gün ərzində bu çörəkdən 150-200 qram, qadınlar isə 85-100 qram yeyə bilər. Çünki qadın, kişi orqanizmi və metabolizmi fərqlidir.

Və ya köhnə dəyirmanlardan üyüdülmüş və tam təmizlənməmiş kəpəkli un ala bilərsiniz. Bu unun tərkibi lif və minerallarla zəngindir. Ağ undan hazırlanan çörək bizi nə tox tutur, nə də fayda verir. Gərək iki böyük ağ çörək yeyəsən ki, doya biləsən. Bu da qanda şəkərin miqdarını qaldırır, ürək və beynin işini pozur.

Düyü yeyib yatmaq zərərlidir

- Milli mətbəximiz sağlam qidalanma tərzinə nə dərəcədə uyğun gəlir?

- Heç uyğun gəlmir. Plov bişirirlər, qarasına nə desəniz, əlavə edirlər. Heç olmasa az miqdarda yeyin, onu çox yeyəndə nəfəs almaq olmur. Düyü elə bir nemətdir ki, yeyəndən sonra adamı yuxu tutur. Bütün qan toplanır və savaşa hazırlaşır, hipoksiya gedir və oksigen çatışmazlığından insan istər-istəməz yuxulayır. Üstəlik, düyü yeyib yatmaq çox zərərlidir, şəkər, bağırsaqlarda qəbzlik kimi problemlərin yaranmasına gətirib çıxarır.

Plov da tək yeyilmir, üstündə protein - ət, toyuq və s. olur. Plovu tərəvəzlərlə birlikdə hazırlamağa çalışın. Karbohidratla protein bir-biri ilə toqquşanda düz gəlmir.

- Doktor, hansı məhsulları bir-biri ilə birləşdirmək olmaz?

- Yağla karbohidrat, proteinlə karbohidrat və ya yağla protein birlikdə yeyilməz. Güclü və gümrah olmaq üçün protein bizə əlbəttə ki, lazımdır. Amma o proteini yağda qızartmamalısınız, öz yağında bişməlidir. Doymuş və doymamış yağlar var. Ətin, toyuğun, hinduşkanın, balığın, qozun və fındığın tərkibində olan gözlə görmədiyimiz yağlar var.

Bundan başqa, proteinlə qatığı birlikdə yemək olmaz. Yarpaq dolmasını qatıqla yemək ən böyük səhvimizdir. Qatıqla dolma yeyilməz! Üstəlik, bu dolmanı çörəklə birlikdə yeyirsinizsə, bu, 45-50 yaşdan sonra mədə xərçənginin yaranması üçün əlverişli şərait yaradır. Səbəbi odur ki, qatıq ətdə olan dəmirin sovrulmasının qarşısını alır. Türklər dolmanı qatıq və ya düyü ilə hazırlayır və heç qatıqla da yemirlər. Bizim dolmalarımızın hamısı ətlədir. Dəmirin sovrulmaması metabolizmin bir nömrəli düşmənidir. Bu, mədə-bağırsaq problemlərinin yaranmasına və gələcəkdə çox ciddi sıxıntılara gətirib çıxara bilər. Nəinki qatıq, ət yeməkləri ilə birlikdə ayran da içməyin.

- Süd haqqında da fikirlər birmənalı deyil.

- İngilis alimlərinin apardığı təcrübəyə əsasən, 50 yaşdan yuxarı insanlar gündə 2 stəkandan çox süd içməməlidir. Bu, gələcəkdə prostat vəzi xərçənginin yaranması üçün əlverişli şərait yaradır. Qadınlarda isə 35-40 yaşdan sonra çox süd içmək süd vəzi xərçəngi riskinin yaranması üçün zəmin hazırlayır. Bir sözlə, yaşlandıqca südü azaltmaq lazımdır.

Pendir, qatıq, kəsmik və kefir bura daxil deyil. Qadınlara sümük əriməsinin qarşısını almaq üçün hər gün pendir yeməyi tövsiyə edirəm. Amma bunları ətlə yeməyin.

- Əməliyyatla arıqlamaq nə dərəcədə sağlam və təhlükəsiz üsuldur?

- Pis baxıram, əməliyyatdan sonra reanimasiya vəziyyətində müraciət edən xəstələrim var ki, dəhşətli şəkildə peşman olublar. Son zamanlarda botoks üsulu çıxıb, mədəyə vurub kiçildirlər. Bu da çox böyük xəstəliklərin yaranması üçün şərait yaradır. Odur ki, bacardıqca mədə əməliyyatlarından qaçın.

Mədə əməliyyatları həddən artıq piylənmədən əziyyət çəkən insanlara tətbiq olunmalıdır. Bu da birdəfəlik əməliyyat deyil, normal həkim bilir ki, bu xəstəni terapevt, diyetoloq və endokrinoloqla birlikdə müalicə etmək lazımdır.

- Zəncəfil və yaşıl çay da son illərin sağlamlıq trendləri arasında böyük yer tutur.

- Çox gözəldir, qoy içsinlər. İçində nə olduğunu bilmədiyimiz hazır paket çaylardansa, zəncəfili limon və mixəklə dəmləmək daha faydalıdır.

Aytən Məftun

Foto: Ceyhun Rəhimov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm