Xüsusi
Mən bunu Azərbaycanın tarixi qələbəsi hesab edirəm - “Cümə söhbəti”
Dekabrın 15-də Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığının (ŞT) 6-cı Zirvə Görüşündə Şərq Tərəfdaşlığı ölkələri və Avropa İttifaqına üzv ölkələr birgə bəyannamə imzaladılar. Sənəddə qeyd olunur ki, Avropa İttifaqı ŞT-nin bütün tərəfdaş ölkələrinin müstəqilliyi, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünə öz dəstəyini ifadə edir. Eyni zamanda Şərq Tərəfdaşlığı regionunda mehriban qonşuluq münasibətlərinə, etimad quruculuğu tədbirlərinə, regional əməkdaşlığa, nəqliyyat əlaqələrinin gücləndirilməsinə dəstək ifadə olundu.
Milli Məclisin deputatı Elşad Mirbəşir Publika.az-ın “Cümə söhbəti”ndə bildirib ki, birgə bəyannamə Azərbaycanın tarixi qələbəsidir:
- Elşad bəy, Şərq Tərəfdaşlığının 6-cı Zirvə Görüşündə qəbul edilən birgə bəyannaməni Azərbaycanın milli maraqları baxımından nə dərəcədə uğurlu saymaq olar?
- Ümumiyyətlə, qəbul olunan birgə bəyannamədə diqqəti cəlb edən başlıca məqam ondan ibarətdir ki, Azərbaycan üçün prioritet olan, ölkəmizin dəstəklədiyi bütün nüanslar həmin sənəddə yer alıb. Məlum sənədlə tanış olarkən bəzən adamda elə təsəvvür yaranır ki, həmin bəyannamə hazırlanarkən post-münaqişə mərhələsində Azərbaycanın haqlı, ədalətli mövqeyi və ölkəmizin təşəbbüslərinə ciddi şəkildə istinad edilib. Mən həmin nüanslara daha detallı şəkildə toxunmaq istəyirəm.
- Söhbət hansı nüanslardan gedir?
- Məsələn, bəyannamədə qeyd olunur ki, Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suverenliyi dəstəklənir. Azərbaycanın da təşəbbüsləri hər zaman bundan ibarət olub. Yəni rəsmi Bakı həmişə bəyan edib ki, dövlət sərhədləri toxunulmazdır. Dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır. Biz torpaqlarımızı 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad etdik. Bundan sonrakı mərhələdə dövlətlərin ərazi bütövlüyünün, yəni beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyümüzün, sərhədlərimizin toxunulmazlığının dəstəklənməsi hesab edirəm ki, Azərbaycan üçün çox mühüm siyasi dividenddir. Çünki Azərbaycan 2 mart 1992-ci ildə Birləşmiş Millətlər Təşkilatına SSRİ dövründən qalmış sərhədləri ilə daxil olub. Ancaq Ermənistan həmin sərhədləri pozaraq Azərbaycan ərazilərinin 20 faizə qədərini 30 il müddətində işğal altında saxlayıb. Yəni bu, dolayısı ilə Azərbaycanın özünün formlaşdırmış olduğu indiki mövqelərinin dəstəklənməsidir. Hesab edirəm ki, bu nüansların bəyannamədə əks olunması 44 günlük Vətən müharibəsində qazanılmış hərbi qələbəyə bərabər siyasi bir qələbədir. Bunu mən diplomatik bir qələbə kimi səciyyələndirərdim.
- Bu sənədin imzalanması Ermənistan üçün nə deməkdir?
- Eyni zamanda qəbul edilən birgə bəyannamə Ermənistan üçün “soyuq duş” effekti verməlidir. Vacib deyil ki, həmin sənəddə Ermənistanın adı çəkilsin və ya orada İrəvanın ünvanına hansısa məqam yer alsın. Amma birgə bəyannamə dolayısı ilə Ermənistana da bir xəbərdarlıqdır. Çünki Cənubi Qafqaz regionunda Azərbaycan ərazilərinə hər zaman iddialarla çıxış edən dövlət məhz Ermənistandır. Məsələnin diqqətçəkən ikinci, çox vacib bir tərəfi ondan ibarətdir ki, dinc qonşuluq münasibətləri, əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyi ayrıca bir məqam kimi bəyannamədə yer alıb. Gəlin, diqqət yetirək; Bu gün yeni əməkdaşlıq platforması ilə çıxış edən əsas ölkə kimdir – təbii ki, Azərbaycandır. Yəni 44 günlük Vətən müharibəsindən sonra da Azərbaycan region ölkələri üçün yeni əməkdaşlıq platforması təqdim etdi. Eyni zamanda bu əməkdaşlıq platforması region ölkələrinin dinc, yanaşı, mehriban qonşuluq münasibətlərinin təmin olunmasını şərtləndirəcək. Baxın, Avropa İttifaqı Şərq Tərəfdaşlığı Sammitinin yekun bəyanatında dəstəklənən bu məqamlar mahiyyət etibarı ilə Azərbaycanın maraqlarına tam şəkildə uyğundur. Sanki Azərbaycanın təşəbbüslərinin həmin sənəddə öz əksini tapmasıdır. Konstruktiv, bütün tərəflərin maraqlarına cavab verən əməkdaşlıq olacaqsa, təbii ki, mehriban qonşuluq münasibətlərinin də olması mümkündür. Dinc, yanaşı mövcudolma da şərtləndirilmiş olacaq. Bu baxımdan bir çox məqamları da qeyd etmək olar.
- Bu bəyanat milli maraqlarımıza cavab verirmi?
- Bu bəyanat ölkəmizin milli maraqlarına tam şəkildə uyğundur. Hesab edirəm ki, bəyannamə bundan sonrakı mərhələdə Cənubi Qafqazda təhlükəsizliyin yaradılması istiqamətində əlavə dəstəkçi siyasi element rolunda çıxış edəcək. Ayrıca olaraq, Azərbaycan Respublikası Şərq Tərəfdaşlığı ölkələrindən biri olmaqla həm də bir daha özünün iradəsini nümayiş etdirdi.
- Söhbət hansı iradə nümayişindən gedir?
- Bildiyimiz kimi, bəyanatın 11-ci maddəsində Belarusdakı daxili vəziyyətə toxunulur. Azərbaycan bununla bağlı ayrıca mövqeyini ifadə etdi. Avropa İttifaqının prezidenti Şarl Mişel də 11-ci maddə ilə bağlı Azərbaycan Respublikasının mövqeyinin olduğunu bildirdi. Bu, Azərbaycanın təsirli, ciddi roluna dəlalət edir. Ayrıca olaraq, Azərbaycanın öz müttəfiqlərinə, dost ölkələrə münasibətdə hər zaman nə dərəcədə etibarlı, həssas olduğunun göstəricisidir. Yəni Azərbaycan bu mənada örnək kimi qəbul olunmalıdır. Orada göstərilir ki, universal insan hüquqları dəyərlərinə, humanist məsələlərə münasibətdə ikili standartlarla yanaşma, siyasiləşmə Azərbaycan tərəfindən qəbul edilmir. Ölkəmizin mövqeyi bundan ibarətdir. Yəni heç bir halda dövlətlərin daxili işlərinə qarışmaq olmaz. Biz hər zaman qeyd etmişik ki, dövlətlərin daxili işlərinə qarışmırıq. Bizim də daxili işlərimizə kimlərinsə qarışmasına yol vermirik. Ümumiyyətlə, hesab edirəm ki, Azərbaycan üçün strateji məqamların demək olar ki, hamısı Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələrinin Sammitinin yekun bəyanatında öz ifadəsini tapıb. Əlavə olaraq onu da qeyd edim ki, nəqliyyat kommunikasiya xətlərinin açılmasının vacibliyi də xüsusi qeyd olunub. Azərbaycan bu istiqamətdə nəinki təşəbbüslər irəli sürür, artıq bu istiqamətdə ölkəmizin atmış olduğu addımlar mövcuddur. Torpaqlarımız işğaldan azad olunduqdan sonra ölkəmiz həmin ərazilərdə aktiv tikinti-quruculuq işləri həyata keçirməklə yanaşı, eyni zamanda çoxşaxəli nəqliyyat-kommunikasiya infrastrukturu da yaratmaqdadır. Bu istiqamətdə ciddi nəticələr də mövcuddur. Ayrıca olaraq, Zəngəzur dəhlizinin yaradılması təşəbbüsü də məhz Azərbaycan tərəfindən irəli sürülüb. Bu istiqamətdə Azərbaycan öz iradəsini nümayiş etdirməkdədir. Qeyd etmək istəyirəm ki, bəyanatda Azərbaycanın maraqlarına toxunan, bugünkü güc mövqeyinə təsir edəcək heç bir məqam yer almayıb. Mən bunu Azərbaycanın tarixi, diplomatik qələbəsi hesab edirəm.
Tural Turan
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO