Brilliant Dadaşova: Üç notdan ibarət musiqi savadı olmayan bəzi yazıq müğənniciklər...
Bizi izləyin

Xüsusi

Brilliant Dadaşova: Üç notdan ibarət musiqi savadı olmayan bəzi yazıq müğənniciklər...

Ölkənin böyük maraqla izlənən ən böyük musiqi yarışması - “Səs Azərbaycan”nın münsifi, Xalq artisti Brilliant Dadaşova proqram barədə fikirlərini Publika.az-la bölüşüb. İctimai TV-nin efirində yayımlanan dünyaca məşhur “Səs” yarışmasının əhəmiyyətindən danışan sənətkar müsahibəsində bildirib ki, iştirakçılar arasında seçim etmək və kimisə uzaqlaşdırmaq çətin olsa da, ən ədalətli qərarı verməyə çalışır və yarışmanı tərk edən gənclərə mümkün qədər dəstək olur.

Brilliant Dadaşova eyni zamanda verilişdə münsiflər arasında yaranan fikir ayrılıqlarına toxunub və qeyd edib ki, mətbuatda müzakirələrə səbəb olan Nazilə Əliyevanın ifası əslində xüsusi olaraq yarışma üçün rok üslubunda aranjeman olunmuşdu.

Nə vaxt başlayıb, nə vaxt bitdiyini belə eşitməmişdim

- Brilliant xanım, “Səs Azərbaycan” müsabiqəsinin çəkilişləri necə gedir? İştirakçılar, verilişin keyfiyyəti və reytinqi gözləniləntilərinizi doğrulda bilir?

- Əlbəttə ki, bu nəhəng layihədir. Burada böyük bir yaradıcı heyət ordusu çalışır. Adətən bir müğənninin televiziya çəkilişinə saatlarla vaxt tələb olunur. Burda isə 200-dən çox mahnı aranjeman edilib notlar - partitura yazılır - məşq, tamaşaçı və s. Orkestr rəhbəri - Anar Keytrman gəncdir, amma gözləmədiyim dərəcədə professional musiqiçidir.

İndiki reytinqlər əladır, tamaşaçı maraqlanır baxır, hətta bu yaxında bir türk blogerin “Səs Azərbaycan”dan bəhs etdiyi və məhz bizim layihənin fanı olduğunu etiraf etdiyi bir videonu mənə göndərdilər. Bir başqa tərəfdən mənə gələn zənglərdən, bloger və jurnalistlərin səhv fikir və yazısından belə bizim layihənin reytinqli olduğu aydın görünür. Yadımda ikən qeyd edim ki, böyüklərdən ibarət səs layihəsi Azərbaycanda olub, sözün düzü, mən nə vaxt başlayıb, nə vaxt bitdiyini belə eşitməmişdim. Ətrafımdakı musiqisevərlər də bu barədə az bilirlər. İndi isə layihəmiz baxılır, hətta xırda detallar səhv-doğru geniş müzakirələrə səbəb olur.

- Ümumilikdə bu yarışmanın keçirilməsinin əhəmiyyətini necə qiymətləndirirsiniz? Bu yarışma musiqi dünyasına nə qazandırır?

- Bu müsabiqənin Azərbaycanda da keçirilməsi çox gözəl göstəricidir. İfaçılarımız dünya ilə eyni nəbzdə hərəkət etməyə çalışırlar. Niyə də olmasın? “O səs Türkiyə”, Moskvada “Qolos” layihəsi və dünyanın dörd tərəfində bu layihə var və baxılır. Hollandların layihəsidir, səslənmə - işıq - dekorasiya, hətta qırmızı oturacaqlar da gördüyünüz kimi, hər yerdə eynidir. Bilməyənlər bilsin ki, Azərbaycanda İctimai televiziya heç kimi təkrarlamır - özünü heç kimə oxşatmağa çalışmır, sadəcə bu səs layihəsi bütün dünyada eyni standart formata uyğun təbliğ olunur. Biz də fürsətdən istifadə edib öz milli mahnılarımızı da bu layihədə gözəl formada təqdim etməyə çalışırıq. Həm də iştirakçıların bacarığını - Azərbaycan gəncinin bütün dillərdə və müxtəlif tərzdə oxuya bilmə mədəniyyətini nümayiş etdiririk.

Musiqiyə baxışım - fikrim heç vaxt standartlara uyğun olmayıb

- Bəzən münsiflərin fikirləri üst-üstə düşmür. Bu, sənətçilər arasında gərginliyə səbəb olurmu?

- Şəxsən mənim musiqiyə baxışım - fikrim heç vaxt standartlara uyğun olmayıb. Xarakterim etibarilə həyat tərzim disiplin üstündə qurulsa da, həm musiqidə çərçivə mənim üçün yolverilməzdir, həm də musiqiyə yad notların lazımsız elementlərin əlavə edilməsinə göz yumub susa bilmərəm. Ələlxüsus orada mən münsif qismində iştirak edirəmsə... Layihəyə iki-üç aydır başlamışıq - görürəm ki, Azərbaycan bəstəkarların və xalq musiqimizi qorumaq borcumuzdur deyə-deyə artıq oradakı kolleqalarım da musiqi seçimində bizim mahnılara üstünlük verməyə başlayıblar. Layihə yeni başlayanda seçimlərdə tez-tez yanımda oturan Muradika deyirdim ki, bu nədir? “Səs Azərbaycan” deyil? Hər gələn yarışmaçı xarici mahnılar ifa edir. Əlbəttə etsinlər, dediyim kimi, dünya musiqisini də rahatlıqla ifa edə bilmə potensialımızı göstərsinlər, amma əndazəni aşmamaq şərtiylə. Yəni bizim öz musiqimiz yetim qalmasın.

Söz düşmüşkən, komandamdan olan Nazilə Əliyevanın oxuduğu mahnı ROK stilində aranjeman edilib rok stilində də ifa olunmuşdu. Orada mən roku sevmirəm dediyim an - Murad Arif bildirdi ki, bu mahnının ilk ifaçısı mahnını özü pop stilində ifa edib və mahnı Qremmi mükafatına layiq görülüb. Əlbəttə, bunu musiqiçilər arasında bilməyən yoxdur, çünki çox tanınmış populyar mahnıdır. Amma bizim layihədə musiqiçilərimiz həmin mahnını Nazilə Əliyeva üçün rok üslubunda aranjeman etmişdilər! Gülməli o oldu ki, mənim şəxsiyyətimə, musiqi biliyimə kölgə salmaq istəyən - üç notdan ibarət musiqi savadı olmayan - ömür boyu özfəaliyyət səviyyəsində oxuyan bəzi yazıq müğənniciklər Muradikin sözündən sonra bu fürsəti qaçırmayıb, sifarişli yazılarla özlərini gülünc vəziyyətə saldılar. Çünki istənilən savadlı musiqiçiyə Nazilə Əliyevanın oxuduğu tərzi dinlətsən, o dəqiqə deyəcək ki, mahnı bizim layihədə rok üslubunda təqdim olunub. Amma gördüyünüz kimi, kor-kor gör-gör yazdırdılar ki, guya Brilliant Dadaşova roku popla səhv saldı. Olsun. Reytinq elə bu deməkdir. Olanı da, olmayanı da müzakirə edirlərsə deməli maraq var və bu bizə stimul verir.

Xalq artisti adına görə cüzi də olsa bizə aylıq maaş ödənilir

- Son statusunuzda qeyd etmisiniz ki, iştirakçılar arasında seçim etmək sizin üçün çətindir. Qərar verərkən ədalət hissinə, ya mərhəmətinizə söykənirsiniz?

- 35 ildir səhnədəyəm - sənətə gəldiyim gündən dövlət televiziya radiosunun estrada simfonik orkestrinin solisti olaraq çalışmışam, qastrol səfərlərində, rayon və kəndlərimizdə keçirilən tədbirlərdə, bayram konsertlərində iştirak etmişəm, ölkəmizin ictimai mədəni həyatındakı fəaliyyətimə görə dövlətdən aylıq maaş almışam. Sonra televiziya solistlərinə ödənilən maaş dayandırıldı, amma Xalq artisti adına görə cüzi də olsa bizə aylıq maaş ödənilir. Müstəqilliyimizdən sonra açılan çoxsaylı özəl televiziya və radio proqramlarında, konsertlərdə, müəllif verilişlərində hər zaman təmənnasız çıxış etmişəm - baxmayaraq ki, hər səhnəyə çıxmaq - mahnılar geyimlər - gözəllik salonları - işçilər və sairə xərclər böyük vəsait tələb edir. Çox şükür ki, toydan, məclisdən pul qazana bilmişəm, qazandığım vəsaitin də çox hissəsini televiziya proqramlarına, mahılara, aranjemanlara, studiyalara və kliplərə xərcləmək imkanım olub. Eşq olsun ictimai televiziyamıza - indi ilk dəfədir ki, televiziya layihəsindən mənə maddi vəsait təklif olundu və mən zəhmətimə görə, İctimai TV-dən qonorar aldım... İşin bu tərəfi çox gözəl, amma “Səs Azərbaycan”a gələn yarışmaçıların ümid dolu baxışları, bu gözəl layihədə qalmaq arzusu, əksəriyyətinin tanınıb sənətiylə, səsiylə pul qazanmaq, ailəsinin sosial tələbatlarını təmin etmək istəyi və bütün bunları onların baxışlarında görərək hər dəfə hansınısa yarışmadan uzağlaşdırmaq mənim həssas xasiyyətimə çox ağır yük oldu... Keçən çəkilişlərdə iştirakçıları uzaqlaşdırırkən dözməyib ağladım. Əslində münsifin işi elə bundan ibarətdir - qulaq asıb seçim etmək və hamını uzaqlaşdırıb sonuna cəmi bir nəfəri saxlamaq. Yaxşı ki, indiyə kimi heç bir münsifin etmədiyi bir çıxış yolu ağlıma gəldi. Bundan sonra bütün televiziya proqramlarına yarışmaçılarımla birlikdə çıxacağam. Artıq bir neçə televiziya proqramlarına öz komandamdakı solistlərlə çəkildim - özümə təsəllim də elə bu oldu.

- İlin yekununda vaxt ayırıb belə geniş müsahibə verdiyiniz üçün təşəkkür edirəm, əziz Brilliant xanım. 2022-ci ilin sizə bol sevinc, sağlamlıq və daha böyük peşə uğurları gətirməsi diləyilə sağollaşıram.

- Təşəkkür edirəm, qoy 2022-ci il bütün Azərbaycan üçün uğurlu keçsin!

Aytən Məftun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm