Xüsusi
Burada 1000 manata avtomobil ala bilərsiniz, 2 manata isə... - MARAQLI FAKTLAR - FOTO
Budəfəki həmsöhbətim Litvada yaşayan soydaşımız Nicat Ağayevdir. O, Litvada həm təhsil alır, həm də işləyir. Şirvan şəhərində doğulub. Universiteti də burada bitirib. Nicat Ağayev Azərbaycanı Litvada fəal şəkildə təmsil edənlərdəndir. Hətta 44 günlük Vətən müharibəsi dönəmində paytaxt Vilnüsdə “Qarabağ Azərbaycandır!”, “Pray for Ganja”, “Barda” plakatları ilə təkbaşına aksiyalar keçirib, Azərbaycan həqiqətlərini Litva ictimaiyyətinin diqqətinə çatdırıb.
Publika.az Litvada yaşayan soydaşımız Nicat Ağayevlə müsahibəni təqdim edir.
- Nicat, Litva təəssüratlarınızı bizimlə bölüşə bilərsinizmi? Oraya nə üçün getmisiniz? Eşitdiyimizə görə, Litvada ucuz avtomobillər çoxdur...
- Mən Avropada bir il könüllü oldum. Litvanın Mariampol şəhərindəki məktəblərin birində informatika müəllimi işləyirdim. Şagirdlərə videomontaj və fotomontaj dərsləri keçirdim. Həmin müddətdə Mariampol şəhərində qalırdım. Orada istər-istəməz ucuz qiymətə təklif olunan avtomobillərin içərisinə düşdüm. Mariampol bir növ Litvanın maşın bazarıdır. İnsanlar daha çox maşınların alışı və satışı ilə məşğuldur. Ora Avropanın ən ucuz maşın bazarıdır. Hətta bir-dörd motor, 2006-cı il buraxılışlı “Opel”i 500 avroya almaq mümkündür. Yəni, benzil, dizel fərqi yoxdur. Hətta 800-1000 avroya iki-beş, bir-beş motorlu normal avtomobillər almaq mümkündür. Söhbət 2004-2005 istehsallı avtomobillərdən gedir. İnsanlar satdıqları maşınlara araşdırmadan, öz ehtiyaclarına uyğun qiymət qoyurlar. Eyni “mood”da olan avtomobili 800 avroya da ala bilərsən, 1000 avroya da... yəni, hərə öz kefinə uyğun qiymətlər qoyur (gülür). Mən də bir-dörd motor avtomobil almışam. “Renault”dur, 600 avroya razılaşdıq. 300 avroluq da xərcim çıxdı. 2010-cu ilin “Renault”u 1200 avrodur.
- Avropada qiymətlər necədir?
- Avropada qiymətlər çox ucuzdur. Orada LIDL adında mağazalar şəbəkəsi var. Təsəvvür edin ki, 10 ədəd yumurtanın qiyməti 70 sentdir. Toyuq ətinin qiyməti də ucuzdur. 4 köftənin qiyməti 35 sentdir. Avropanın hər yerində LIDL məhsullarının qiymətləri eynidir. Hər şey sənin yaşayış lüksündən asılıdır. Məsələn, baton çörəklər 19 sentdən başlayır. Amma adam var ki, 59 sentlik baton çörəyi alır. Mən ikisini də alıb yoxlamışam. İkisinin də dadı eynidir. Orada yaşayış imkanları sənin necə yaşamaq istəyinə daha çox bağlıdır. Bizim bir qız dostumuz var, o, heç zaman 19 sentlik çörək almır. Eyni şeyin daha bahalısına, brendlərə üstünlük verir. Litvada “Kliver” adlı bir şirkət var, onların heç yerdə emblemi, reklamı yoxdur. Ona görə də qiymətləri çox ucuzdur. 19 sentlik çörək həmin “Kliver”indir. Loqolarına rəng xərcləmirlər. Sellofanları, qabları sadədir. Ona görə də qiymətləri sadədir. Kasıblar da orada brend malların keyfiyyətində məhsullar istehlak edə bilirlər.
- Litvada yaşamaq bahalıdır?
- Ucuzdur. Hətta Azərbaycanda işləyərək Litvada ailə saxlamaq olar. Litvada uşaqlar üçün idman komplekslərinin qiyməti aylıq 4 avrodur. Bizim pulla 8 manat. Ona yemək, müəllim xidmətləri, idman alətləri və s. daxildir. Uşaq 1 ay gedir və ayda cəmi 4 avro ödəniş edilir. Həmin kompleksin içərisində saunalar, 12 cür hamam da var. Tələbələr üçün saunalar 1,5 avrodur, yəni 3 manatdır. Böyüklər, tələbə olmayanlar üçün saatı 3 avrodur. Halbuki Azərbaycanda saunaya gedəndə adama 30-40 manatımız çıxır. Amma “LIDL-Litva”da qiymətlər ucuzdur. Hətta pensiyaçılar üçün 80 faizə qədər endirimlər var. Nəqliyyat sistemlərində tələbə kartınız varsa, 50 faizlik endirimdən istifadə edə bilərsiniz. Yaşlılar üçün endirim 80 faizdir. Hətta müəyyən yaşdan sonra pulsuzdur.
src="/storage/files/upload/1ac3d7d70793ffc7d036766e1d74a37284cf00c4.jpg" style="width: 593px; height: 395.333px;" class="fr-fic fr-dib fr-fil">
- Burada son dövrlər oğurluqların sayı artıb. Orada da oğurluqlar çoxdurmu?
- Azərbaycanda olarkən mənim işlədiyim kafeyə bir nəfər oğurluğa girmişdi. İçkili biri idi. Qolunu kəsmişdi və çıxıb getmişdi. Ağlı başında olan adam Litvada oğurluq etməz. Mənim işlədiyim kafenin yerləşdiyi səmtdə cəmi 3000 nəfər əhali yaşayır. Orada çoxlu qaraçılar var, hansı ki, oğurluğu da çox onlar edir.
- Litvada iş adamlarımız varmı?
- Azərbaycanlı iş adamları var, amma çoxu bir-biri ilə sıx əlaqəli deyil.
src="/storage/files/upload/686693f6b2b465f832f6bf8bf987a4ca058e22c7.jpg" style="width: 592px; height: 443.578px;" class="fr-fic fr-dib fr-fil">
- 44 günlük müharibə dövründə Litvada idiniz? Orada bizimkilərin ab-havası necə idi?
- Təxminən müharibənin ortalarında Litvada idim və təşəbbüs irəli sürdüm ki, “Qarabağ Azərbaycandır!” şüarı ilə bir yürüş gerçəkləşdirək. Heç kimdən səs çıxmadı deyə, təkbaşıma paytaxt Vilnüsdə “Qarabağ Azərbaycandır!”, “Pray for Ganja”, “Barda” plakatları ilə “McDonald's”ın qarşısında və mərkəzi küçələrdə yürüş təşkil etdim.
- Orada ölkəmizin təbliğatını necə aparırsınız?
- Bir il Kalvarija gimnastikasında video və fotodizayn dərsləri keçmişəm. Bu müddətdə vətənimizi layiqincə təmsil etmişəm. Ölkəmiz haqqında suallara pozitiv cavablar verirdim. Ermənistan-Azərbaycan problemləri, Qarabağ döyüşləri, ermənilərin azərbaycanlılara qarşı soyqırımıları, erməni vəhşilikləri haqqında litvalı tələbələri məlumatlandırmışam. Hansı ki, litvalılar xalq olaraq azərbaycanlılara qarşı müsbət fikirdədir. Yaşlı nəsil demək olar ki, Ermənistan-Azərbaycan məsələsində tamamilə Azərbaycanın tərəfindədir. Çünki 80-ci illərin sonlarındakı milli azadlıq mübarizəmiz litvalılarla oxşardır.
src="/storage/files/upload/d43636fc34818674d8ecdaee116f02a8588b445c.jpg" style="width: 598px; height: 528.233px;" class="fr-fic fr-dib fr-fil">
- Litvada erməni diasporu güclüdürmü?
- Bəli, Litvada erməni diasporu güclüdür. Məsələn, kiçik şəhər var - Mariampol, orada “Armenia” adlı kafeləri də var. Hətta ən turistik şəhərlərdə “Yerevan” adlı kafeləri mövcuddur. Onu da deyim ki, bizim milli kababımıza Litvada “Armenski şaşlık” deyirlər.
- Litvada milli mətbəximizdən ibarət kafe və restoranlar varmı?
- Xüsusi olaraq sırf bizim mətbəx yoxdur, ən azından orada olduğum müddətdə görməmişəm. Amma bizim kafenin adı “Eurazija” idi. Yəni Avropa və Azərbaycan idi. Sonra həmin kafenin adını dəyişdik. “Baku” elədik, çünki düz yanımızda “Yerevan” kafesi var idi.
- Baltik sahillərində təhsilin səviyyəsi necədir?
- Litvadakı dövlət universitetlərində, xüsusən də mənim təhsil aldığım universitetdə - “Alytaus kolegija”da təhsil yüksək səviyyədə deyil. Buna baxmayaraq, rüşvət deyilən şey də yoxdur.
- Litvalıların yeməklərini yemək olurmu?
- Litvalıların yerli yeməkləri dəhşətli dərəcədə azdır. Ən məşhurları isə “çepelini”, bir də çəhrayı rəngdə suplardır - “saltibarsciai” adlanır. Həmin yemək çox dadlıdır. Dadı bizim atlamaya bir az oxşayır, amma onun içində çuğundur olur.
Açığını desəm, litvalıların dostluq bağları yox dərəcəsindədir. Qohumlarına da istiqanlı deyillər. Cümə günü axşamdan başlayaraq bazar ertəsi səhər işə gedənə qədər bu insanlar sərxoş olurlar. Ölənə qədər içirlər (gülür). Özü də oğlan-qız fərq etmir. Orada içməyən və siqaret çəkməyən çox az adam var. Ata ilə övlad bir evdə qalmır. Bəxtəbəxt bir yerdə kafeyə gəlsələr də, hesablarını ayrı-ayrı ödəyirlər. Atalar da, oğullar da bu qədər soyuqdur. Deməli, işçimizin sevgilisi vəfat etmişdi. Oğlanın anası dostları ilə yasa gəldi, başsağlığı mərasimini suşi, pizza və spirtli içkilərlə qeyd edib getdilər.
- Litvada əsasən hansı sahələr daha yaxşı inkişaf edib?
- Ölkənin əsas inkişaf edən şəhərləri Kaunas və Vilnüsdür. Sənaye və iş imkanları, gəzinti üçün Klaypeda şəhəri daha çox inkişaf edib. Mənə görə ən gözəl şəhər Nidadır. Ağ qumları ilə məşhurdur. Düz Baltik dənizinin sahilində yerləşir. Ekosistemi olan şəhər hesab olunur. Rəngli və özünəxas memarlığı ilə diqqət çəkən evləri var.
Konkret deyə bilməyəcəm ki, Litvada daha çox nələr inkişaf edib. Çünki mükəmməl bir sistem var və həqiqətən də qurulan sistem düzgün işləyir. Amma əkinçilik bir az yayğındır.
- Başınıza gələn ən maraqlı hadisə...
- “Otostop” çəkirdim, avtomobilə əl edib saxlatdım. Birdən bir “Opel” saxladı. Sürücü qayıtdı ki, Sumqayıta gedirsən? Bir anlıq çaşıb qaldım. Sonra gülüşdük...
- Litvalı qızlarla ünsiyyət qurmaq asandırmı?
- Yox (gülür)... nəinki qızlar, elə oğlanlarla da dil tapmaq çox çətindir. Səbəbi odur ki, dostluq bağları yoxdur. İnsanları daha yaxına buraxa bilmirlər. Buna öyrəşə bilməyiblər, yəni, bizim kimi istiqanlı və qonaqsevər deyillər. Amma litvalı qızlar çox müasir geyinən, uzun saçlı, sırğa taxan oğlanlara maraq göstərmir. Daha çox sadə saç düzümlü və belə demək mümkünsə, “maço” kişiləri sevirlər. Hətta başıma gələn bir hadisəni danışım; Deməli, bağçanın kənarında oturub uşaqların oynamasına baxırdım, qız dostum gəlib dedi ki, çox baxma, müəllimlər səni pedofil zənn edə bilərlər. Onun bu sözlərinə də çox heyrətlənmişdim. Məsələn, Litvada bir yad uşağı öpmək və ya ona toxunmaq, hətta balaca uşağa diqqətlə baxmaq pis qarşılana bilər.
- Yəni, istiqanlı deyillər...
- Situasiyaya görə dəyişir. İçəndən sonra litvalıları tanımaq olmur (gülür). Dost, qardaş olurlar. Qucaqlaşmaq, öpüşmək... Amma ayıq olanda salam belə vermirlər. Təbii ki, hər kəs belə deyil, insandan insana dəyişir. Yəni, görünüşə görə çox şeylər dəyişir. Qısa saçı olan oğlanın üstünlükləri deyə bilərəm ki, daha çoxdur (gülür).
- Nicat, bəs, gənclərin əyləncəsi, məşğuliyyətləri nələrdir?
- Litvada insanların əsas əyləncəsi basketboldur. Tennisə də maraq böyükdür. Amma daha çox basketbolu sevirlər. Bir qədər futbola maraq var, yəni, hobbiləri sırasına daxildir. Di gəl ki, futbol orada bizdəki kimi məşhur deyil.
- Yəqin ki, orada erkən nikahlar olmur bizdəki kimi... Gənclər ali təhsilə meyllidir? Ən populyar sahə hansıdır?
- Yox, orada da da erkən nikahlar var. Məsələn, bizim yaşda olanlar, yəni 25-30 yaşlı əyalət insanlarının, rayonlarda yaşayanların 3-4, 5-6, hətta 7-8 qardaş-bacıları var. Bu cür çoxuşaqlı ailələr sovet dövrünün sonlarına təsadüf edənlərdir. Amma indi bu tendensiya təmiz dəyişib. Azuşaqlı ailələr daha çox üstünlük təşkil etməkdədir, üstəlik, nikah məsələsi belə demək mümkünsə, dəbdə deyil. Hamı biri və bir neçəsi ilə yaşayır, amma ortada nikah yoxdur. Çoxları belədir. Səbəbi də odur ki, boşanma prosesi vaxt aparır. Əlavə prosedurlar tələb edir deyə, cütlüklər nikaha girmirlər. Eyni zamanda, oxuyanları, ali təhsil almaq istəyənləri gündüzlər çıraqla gəzib tapa bilərsiniz. Gənclərin böyük əksəriyyəti məktəbi bitirdikdən sonra peşə məktəblərinə gedir. Universitet oxuyan və ya kollecdə təhsil alanların sayı dəhşətli dərəcədə azdır. Cavanların çoxu başqa ölkələrdədir və Litvanı, ölkənin imkanlarını sevmirlər.
- Siz litva dilini bilirsinizmi?
- Çox az. Hətta dəhşətli dərəcədə az bilirəm. Ancaq sifarişlə bağlı sözləri öyrənmişəm (gülür). İnsanlarla ünsiyyəti ilk olaraq litva dilində, yaşlı nəsillə rusca, gənclərlə daha çox ingiliscə ünsiyyət qururam.
- Şuşanın azad olunması xəbərini harada eşitdiniz və qürbətdə hansı hissləri keçirdiniz?
- 44 günlük müharibə dövründə qələbə əhval-ruhiyyəsi ilə yanaşı, stress də yaşayırdıq. Çünki internetin qısıtlanmasından dolayı, ailələrimizlə danışa bilmirdik. Amma qələbə sevincini eşidəndə sevincdən uçurduq. Şuşa alınan gün azərbaycanlı dostlarımla Kaunas şəhərində toplaşdıq və gözəl şəkildə qeyd etdik. Açığı, Şuşa alınanda keçirdiyim hissləri sözlərlə ifadə edə bilmirdim. Çünki Ülkər adlı qızla eyni məkanda oturub ancaq xəbərləri oxuyurduq və Prezident çıxış edəndə özümüzdən asılı olmayan sevinc göz yaşları içində idik. O günə kimi nə qədər qohum, nə qədər tələbə və əsgər yoldaşlarım şəhid olmuşdu. Qarışıq hisslər içərisində idik.
Tural Turan
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək